Alternative content

13:41 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
23:54 12.09.2018
Sentyabrın 12-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikası Prokurorluğunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda Azərbaycan Respublikası Milli Məclisinin, Ədliyyə və Daxili İşlər nazirliklərinin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Baş Prokurorluğun idarə və şöbə rəisləri, digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan baş prokurorun müavini Namiq Əsgərov Azərbaycan Respublikası Prokurorluğunun yaranma tarixi, onun inkişafının əsas mərhələləri, qazandığı uğurlar, qanunçuluğun və dövlətçiliyin qorunmasında səmərəli fəaliyyəti və bütövlükdə respublikamızda hüquqi dövlətin qurulmasında və hüquq sisteminin möhkəmləndirilməsində artan rolu barədə ətraflı məlumat verib.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyini bəyan etdiyi "İstiqlal Bəyannaməsi”ndə müəyyən olunmuş prinsiplərə sadiq qalmaqla konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü və müstəqilliyini qoruyub saxlamaq, insan hüquq və azadlıqlarını dolğun təmin edən demokratik dövlət yaratmaq, hakimiyyətin üç qolunu - qanunvericilik, icra və məhkəmə orqanlarını formalaşdırmaq məqsədilə mühüm qanun və qərarlar qəbul edib. Milli tələblərə və demokratik prinsiplərə cavab verən hakimiyyətin əsasını təşkil edən dövlət orqanları yaradılıb, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edilməklə fəaliyyətə başlayıb.

Qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə referendumla qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının təsisatlarını, dövlətin və idarəetmənin hüquqi əsaslarını, hüquq sisteminin bünövrəsini formalaşdırıb. Əsas Qanunda Azərbaycan Respublikası Prokurorluğuna xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu dövlət təsisatının yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilib. Prokurorluğun məhkəmə hakimiyyətinə aid edilməsi onun dövlət idarəetmə mexanizmində roluna və iştirakına dair məsələlərə Konstitusiya səviyyəsində aydınlıq gətirməklə yanaşı, müasir prokurorluq orqanlarının Azərbaycan Xalq Cümhuriyyətinin prokurorluq qurumunun hüquqi varisi olmasını təsdiqləyib.

Tədbirdə xüsusi vurğulanıb ki, ulu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 1998-ci il 17 iyul tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa edib və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirib. Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.

Baş Prokurorluğun idarə rəisləri Nazir Bayramov, Natiq Hüseynov, Elşən Abbasov, Nazim Rəcəbov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan İsayev tədbirdə prokurorluğun tarixi, prokurorluğun hüquqi statusu ilə bağlı elmi-nəzəri baxışlar və təcrübədə tətbiq olunan modelləri, prokurorluq orqanlarının cinayət mühakimə icraatında və ondan kənarda vəzifə və səlahiyyətləri, milli prokurorluğun ölkənin inkişaf strategiyasına uyğun olaraq institusional baxımdan təkmilləşdirilməsi istiqamətləri barədə danışıblar. Həmçinin prokurorluğun Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhkəmə orqanlarının tərkibində fəaliyyəti, müasir dövrdə qanunvericilik aktlarının layihələrinin hazırlanması və bu sahədə normayaradıcı prosesin yüksək tələblər səviyyəsində həyata keçirilməsi, eləcə də milli dövlətçiliyin möhkəmləndirilməsində prokurorluq orqanlarının rolu, korrupsiyaya qarşı mübarizənin prokurorluğun prioritet fəaliyyət istiqaməti və prokurorluğun kadr tərkibinin müasirləşdirilməsi mövzularında çıxışlar ediblər.

Konfransda çıxış edən Milli Məclisin deputatı Çingiz Qənizadə, vətəndaş cəmiyyəti institutunun rəhbərləri Rauf Zeyni, Əliməmməd Nuriyev, Ədliyyə Nazirliyinin nümayəndəsi Elçin Xələfov prokurorluğun son 100 il ərzində keçdiyi və dövlət səviyyəsində yüksək dəyərləndirilən inkişaf yolu və həyata keçirilən islahatlar barədə məlumat veriblər. Çıxışlarda Azərbaycan Respublikası Prokurorluğu orqanlarında qanunçuluq prinsiplərinin daim ön plana çəkildiyi, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığı və onun nüfuzunun yüksəldiyi xüsusi vurğulanıb. Dövlətin bu mühüm təsisatının cəmiyyətin və ölkənin maraqlarının qorunmasında, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadığı müsbət qiymətləndirilib və bu istiqamətdə işlərin eyni intensivliklə davam etdiriləcəyinə inam ifadə olunub.

Baş prokurorun müavini konfransa yekun vuraraq onun Azərbaycan Prokurorluğunun 100 illik yubileyinə həsr edilmiş mühüm tədbirlərdən biri olduğunu, səmərəli, canlı müzakirələr və faydalı fikir mübadiləsi şəraitində keçdiyini bildirib.