Alternative content

09:18 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Azərbaycanda səfərdədir
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Azərbaycanda səfərdədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:35 12.09.2018

Ölkəmizdə səfərdə olan Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birolun rəhbərlik etdiyi nümayəndə heyəti səfər proqramı üzrə sentyabrın 12-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl” abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında gələcək əməkdaşlıq imkanları və ölkəmizin enerji sektoru üzrə hədəflərinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Pərviz Şahbazov Fatih Birolu qədim neft diyarı Bakıda görməkdən məmnunluğunu ifadə edib, bu səfərin Beynəlxalq Enerji Agentliyi ilə əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib. O, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə neft-qaz layihələri ilə davamlı dəstək verdiyini, Cənub Qaz Dəhlizinin reallaşması ilə Avropada qaz təchizatının mənbə və marşrutlarının şaxələnməsinin, xüsusilə Cənub-Şərqi Avropanın qaz bazarında artan tələbatın ödənilməsinin təmin ediləcəyini deyib. Nazir Xəzərdən təbii qazın birbaşa Avropaya nəqlini mümkünləşdirən bu nəhəng infrastrukturun inşasının ölkədə digər qaz yataqlarının işlənməsinə, həmçinin başqa ölkələrin də qazının bu dəhliz vasitəsilə ixracına imkanlar yaratdığını vurğulayıb.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol isə deyib ki, qlobal enerji təhlükəsizliyində Azərbaycan mühüm rol oynayır. Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı strateji maraqlarına cavab verən layihə kimi qəbul olunur.

Söhbət zamanı F.Birol ölkəmizin bərpaolunan enerji mənbələri sahəsində planları ilə maraqlanıb. Müvafiq layihələr üzrə əməkdaşlıq niyyətini və tövsiyələrini diqqətə çatdırıb.

Elektroenergetika sektorunda həyata keçirilən islahatlar barədə ətraflı məlumat verən nazir P.Şahbazov bildirib ki, enerji səmərəliyinə, bərpaolunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payının artmasına nail olmaq, özəl sektorun bu sahədə iştirakını təmin etmək və elektrik enerjisi bazarını formalaşdırmaq əsas prioritetlərdəndir. Bu istiqamətdə hazırlanmış yeni qanunvericilik bazası əlverişli mühitin yaradılmasına, bərpaolunan enerjinin enerji istehlakında çəkisinin artmasına və nəticədə ölkəmizin daha çox karbohidrogen ixracına yol açacaq.

Sonra F.Birolun "Qlobal enerji perspektivləri və onların Azərbaycan üçün nəticələri” mövzusunda təqdimatı dinlənilib. Agentliyin dünya neft və qaz bazarının inkişaf tendensiyalarına dair təhlilləri və proqnozlarına dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, qarşıdakı illərdə neft, qaz və neft-kimya məhsullarına qlobal tələbat artmaqda davam edəcək. Azərbaycanın enerji ölkəsi kimi inkişafında neft-qaz resursları əhəmiyyətli mövqeyini qoruyub saxlayacaq. Enerjiyə tələbatın ödənilməsində ölkəmiz vacib rol oynayacaq. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan Avropanın qaz və şaxələndirmə ehtiyacının azalmasına mühüm təsir göstərəcək. Upstream sektorunda yeni layihələrə başlanılması üçün investisiyalara zərurət yaranacağı, neft-kimya, bərpaolunan enerji sahəsində Azərbaycanın böyük potensialının olduğu və bu imkanların reallaşdırılması üçün Beynəlxalq Enerji Agentliyinin dəstəyi qeyd edilib.