Alternative content

13:24 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 15 ilə 250 milyard dollar sərmayə, 44,3 milyard valyuta ehtiyatı
15 ilə 250 milyard dollar sərmayə, 44,3 milyard valyuta ehtiyatı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 12.09.2018


İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında Azərbaycan MDB-də ən rəqabətədavamlı iqtisadiyyat qurub


Ötən həftə ABŞ-ın Beynəlxalq Anlaşma üçün İşgüzar Şurasının (BCIU) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə Bakıda təşkil olunan "Azərbaycan Rəqabətlilik Forumu 2018”də ölkəmizin son illərdə qazandığı nailiyyətlər və iqtisadi yüksəliş müzakirə mövzusu olub.
Forumda qeyd edilib ki, Prezident İlham Əliyevin uzaqgörən iqtisadi siyasəti sayəsində Azərbaycanda əlverişli biznes mühiti yaradılıb, investisiyaların cəlb olunması üçün çox mühüm qərarlar qəbul edilib, ciddi addımlar atılıb, həmçinin aqrar sektorda yüksəliş bəzi ölkələr üçün nümunə olub.


Möhkəm təməl üzərində qurulan inkişaf strategiyası


Son illərdə Prezident İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi göstərişlər, tapşırıqlar Azərbaycan iqtisadiyyatının daha da şaxələnməsini təmin edib, eləcə də xarici investisiyaların ölkəmizə cəlb edilməsi üçün möhkəm təməl yaradıb. Dövlət başçısının yeni iqtisadi konsepsiyasına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülüb.
Yeni "Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması, "Cənub qaz dəhlizi”nin açılışı ilə ölkəmizə milyardlarla dollar həcmində yeni sərmayələr yatırılacaq.
Cənab İlham Əliyev bu uğurları dəyərləndirərkən vurğulayıb ki, Azərbaycan dövlətinin hər bir sahə üzrə konkret proqramları, planları, eyni zamanda güclü siyasi iradəsi, böyük maliyyə resursları var: "Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq”.
Bir zamanlar kredit alan, enerji idxal edən Azərbaycanın 15 il ərzində kredit verən və enerji ixrac edən dövlətə çevrilməsi həqiqətən tarixi nailiyyətdir. İlham Əliyevin söylədiyi kimi, son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb.


Əlverişli investisiya mühiti xarici sərmayələrin həcmini hər il artırır


Forumda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov son illərdə Azərbaycanda yaradılan investisiya mühiti, ölkəmizin iqtisadiyyatına yatırılan daxili və xarici sərmayələrin həcmi, eləcə də respublikamızın xarici investisiyaları barədə ətraflı məlumat verib. Bəlli olub ki, 2003-2017-ci illərdə ölkə iqtisadiyyatına bütün mənbələrdən 236 milyard dollar dəyərində investisiya yatırılıb. Bunun 118 milyard dolları, yəni 50 faizi xarici investisiyaların payına düşür. Ölkənin valyuta ehtiyatları isə 24 dəfə artaraq 44,3 milyard dollara yüksəlib.
Bu il də Azərbaycan iqtisadiyyatına həm yerli, həm də xarici investisiyalar yatırılıb. Avqust ayında Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev iki ölkənin iş adamlarının iştirak etdiyi biznes forumunda son 15 il ərzində Azərbaycana 250 milyard dollar həcmində sərmayə qoyulduğunu açıqlamışdı. Azərbaycan hər nəfərə düşən xarici investisiya həcminə görə regionda lider dövlətdir. Respublikamız həmçinin bu dövr ərzində investisiya ixrac edən ölkəyə çevrilib. Xaricə yönəldilmiş birbaşa investisiyaların həcmi 19 milyard dollardan çox olub.


İqtisadiyyatda yüksək inkişaf templəri


Həyata keçirilən kompleks tədbirlər nəticəsində son 15 ildə Azərbaycan iqtisadiyyatında yüksək inkişaf templəri müşahidə edilib. Bu dövrdə ümumi daxili məhsul real ifadədə 3,6 dəfə artıb. Qeyri-neft sektorunun son 15 ildə orta illik artım tempi 8,1 faiz olub.
Dövlət başçısının daim diqqət mərkəzində saxladığı qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm işlər görülüb və 2015-ci ildən etibarən ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Yeni iqtisadi şəraitə uyğun həyata keçirilən rasional makroiqtisadi siyasət, aparılan dərin islahatlar nəticəsində ölkə iqtisadiyyatındakı durğunluq qısa müddətə aradan qalxıb. 2017-ci ildə qeyri-neft sektorunda 2,7 faizlik iqtisadi artım müşahidə edilib.
Baş nazirin birinci müavini qeyd edib ki, məşğulluqda qeyri-neft sektorunun payı 2003-cü ildə 68 faiz idisə, 2018-ci ildə 73 faizə çatıb. Bu müddətdə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı isə 5 dəfə artıb.


Yerli və xarici investorlara göstərilən dövlət dəstəyi


Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslərin və sahibkarların gəlirinin 50 faizi vergidən azad edilib. Yəni onlar əmlak və torpaq vergisindən, idxal etdikləri texnika, texnoloji avadanlıq, qurğular üzrə ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad olunub. Yeni salınan sənaye parkları və məhəllələrində aqroparklar və texnoparklarda nəinki yerli biznes, eləcə də xarici sərmayələr üçün əlverişli biznes mühiti yaradılıb. Bundan həm də xarici investorlar yararlanıblar. Qanunvericilik beynəlxalq tələblərə uyğunlaşdırılıb, ölkədə biznes fəaliyyəti asanlaşdırılıb, miqrasiya ilə bağlı köklü islahatlar aparılıb. Bu da dövlətin sahibkarlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Dövlət başçısının 2016-cı il 13 iyul tarixli sərəncamı ilə sahibkarlıq sahəsində son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə komissiya yaradılmasının və müvafiq tədbirlər planının təsdiqlənməsinin böyük əhəmiyyətə malik olduğunu deyən Yaqub Eyyubov vurğulayıb ki, hazırda komissiya Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində sistemli işlər görür.


Bənzərsiz logistik zəncir yaradan ölkə


Son 15 ildə Azərbaycan həmçinin beynəlxalq logistika mərkəzinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlaması, Ələt Azad İqtisadi Zonasının yaradılması istiqamətində işlərin sürətləndirilməsi ilə ölkəmiz bənzərsiz logistik zəncir yaradır. Bu gün uzaq Çindən konteynerlərə vurulan mallar Xəzər dənizindən keçməklə Azərbaycan vasitəsilə Avropaya çatdırılır. Bu da respublikamızın regionda həm də logistik mərkəzə çevrildiyini bir daha təsdiqləyir.
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində aparılan işlər də göz önündədir. Azərbaycan xarici sərmayə cəlb etməklə, həm də Avrasiyanın enerji və nəqliyyat xəritəsinin yenidən formalaşmasında yaxından iştirak edir. Ölkəmizin bu uğurlarını dəyərləndirərkən cənab İlham Əliyev deyib ki, Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir. Beynəlxalq bazarlara və okeana çıxışı olmayan Azərbaycan Avrasiyanın nəqliyyat qovşağına çevrilib.
Əlbəttə ki, belə şaxələndirilmiş infrastruktur ölkədə ixracyönümlü və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişaf etməsinə real zəmin yaradır.


Davamlı enerji təminatı təhlükəsizliyin mühüm amilidir


Bu gün müasir dünyada və beynəlxalq münasibətlər sistemində enerji amilinin rolu böyükdür. Yəni davamlı enerji təminatı enerji təhlükəsizliyinin mühüm amilinə çevrilib.
Son 15 ildə Azərbaycanın neft-qaz sektoruna müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi üçün təqribən 95 milyard dollar həcmində investisiya cəlb edilib. Ötən il 2 milyardıncı ton neftin hasilatı da bir daha Azərbaycanın neft-qaz ölkəsi olduğunu dünyaya nümayiş etdirdi.
"Cənub qaz dəhlizi”nin və onun bir seqmenti olan TANAP-ın açılışı istiqamətində görülmüş işlər xüsusi əhəmiyyət daşıyır. Bu layihə Xəzər regionunun qaz təchizatı infrastrukturunu Avropa ilə birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək, enerji mənbə və marşrutlarının şaxələndirilməsində Azərbaycanın rolunu daha da artıracaq.


Azad İqtisadi Zona 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərəcək


Baş nazirin birinci müavini forumda xarici tərəfdaşları Azərbaycan iqtisadiyyatına investisiya qoymağa dəvət edib və qeyd edib ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi mötəbər beynəlxalq maliyyə təşkilatları qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatında artım proqnozlaşdırırlar.
"Azərbaycanda ortamüddətli dövrdə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı şübhəsizdir. Xarici investorlar da ölkəmizə investisiya yatırmaqla qazanclı çıxacaqlar”, - deyə Yaqub Eyyubov vurğulayıb.
Ələt qəsəbəsində yaradılacaq Azad İqtisadi Zona ölkəmizin tranzit imkanlarının daha da genişlənməsi istiqamətində mühüm rol oynayacaq. Ələt AİZ-in beynəlxalq yük daşınma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqində, "Made in Azerbaijan” brendinin dünya üzrə tanınmasında da müstəsna əhəmiyyəti var. Yeni limanın da daxil olduğu AİZ ilkin mərhələdə 400 ha, daha sonra isə 1000 ha ərazini əhatə edəcək. Burada qeyri-neft sektoru üzrə əlavə dəyər yaradan istehsal və xidmətlərin, o cümlədən istehsal sahələri qurmaq, malların regional distribütorluğunu həyata keçirmək və məhsulu yaxın bazarlara ixrac etmək üçün əlverişli şəraitin yaradılması planlaşdırılıb. Ümumilikdə AİZ-in regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi nəzərdə tutulub.
Əlavə edək ki, bu zonanın digər azad iqtisadi zonalardan əsas fərqi bu mərkəzlə bağlı ayrıca bir qanunun qəbul edilməsidir. AİZ-in fəaliyyəti ayrıca bir qanunla tənzimlənəcək ki, bu da zonadaxili bütün məsələlərin qanunvericilik çərçivəsində həll edilməsinə imkan verəcək. Nəticə etibarilə bu, investorların hüquqlarının qorunmasına təminat verməklə bu sahəyə daha çox investisiyanın cəlb edilməsinə şərait yaradacaq.


Azərbaycan MDB-də ən rəqabətədavamlı iqtisadiyyat qurub


Prezident İlham Əliyevin iqtisadi islahatlar kursu ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün geniş imkanlar açır. Əlverişli biznes mühiti və infrastruktur, makroiqtisadi sabitlik, dövlət dəstəyi, yeni iqtisadi artım ünvanlarının müəyyənləşməsi, iqtisadiyyatın proqnozlaşdırılma səviyyəsinin artması, həmçinin bazarlara yaxınlıq xarici sərmayənin cəlbi üçün münbit zəmindir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı isə qeyd edib ki, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzərində şaxələnmiş nəqliyyat-logistika infrastrukturu ölkəmizin inteqrasiyasına yeni imkanlar açır. Azərbaycan MDB-də ən rəqabətədavamlı iqtisadiyyat qurub.
Onun fikrincə, "Azərbaycan Rəqabətlilik Forumu 2018” hökumət və ABŞ biznes dairələri arasında davamlı iqtisadi inkişafı təmin edəcək sərmayə qoyuluşunun artırılması üçün yeni imkanlar açır. Ağ evin təşəbbüsü kimi qurulan Beynəlxalq Anlaşma üçün İşgüzar Şura bir çoxu "Fortune 500”ə daxil olan 200 üzv şirkətə malikdir. Belə bir qurumun "Azərbaycan Rəqabətlilik Forumu”nu dəstəkləməsi ölkəmizin biznes mühitinə və iqtisadi siyasətə olan böyük etimadının göstəricisidir.
Bütün bunlar Azərbaycanın son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf etdiyini təsdiqləyən faktorlardır. 15 il ərzində iqtisadiyyat, yəni ümumi daxili məhsulun 3,2 dəfə artması isə dünya miqyasında rekord hesab olunur.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”