Alternative content

00:31 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tariximizə qayğı və məsuliyyətlə yanaşaq
Tariximizə qayğı və məsuliyyətlə yanaşaq
ANA SƏHİFƏ / SİYASƏT
00:31 12.09.2018

"Azərbaycan”ın elektron arxivi oxuculara təqdim olunur


Bəzən insan həyatında elə məqamlar olur ki, yaşadığı həqiqəti həmin insandan başqa heç kim bilmir və hətta onu özü ilə həyatdan aparır. İctimai xarakter daşıyan hadisələrdəki həqiqətlər isə tarixin səhifələrində gizlənir. Onu aşkar etmək hərdən uzun illər tələb edir.
Elə məqamlar da var ki, dövlətçilik baxımından son dərəcə əhəmiyyətlidir, həmişə aktualdır, onları xalqın və dövlətin gələcəyi naminə unutmaq, saxtalaşdırmaq olmaz. Çünki tarixin qisası ağır olur, tarix unutqanlığı sevmir. Məşhur rus tarixçisi Kluçevskinin dediyi kimi, tarix müəllim deyil, ancaq bilməyəndə ağır cəzalandırır.
Qürur və iftixarla yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti - Müsəlman Şərqinin ilk demokratik respublikasının yaranmasından 100 il ötdü. Dünyanın ən sülhpərvər, ən demokratik dövlətini XX əsrdə məhz Azərbaycan xalqı yaratdı və yaşatdı desək, yanılmarıq. Xalqımızın həm "ağ”, həm də "qara” tarixini özündə qoruyub saxlayan bu zaman kəsiyinin yalnız 29 ili müstəqillik tariximizdir. Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərləri təmin edərək xalqımızın əsrlərdən bəri formalaşmış dövlətçilik ənənələrini bərpa etmiş oldu. Bu dəyərlər sırasında mətbuat da yer almışdı. Cümhuriyyətin rəsmi mətbu orqanı olan "Azərbaycan” qəzeti bir neçə ay sonra işıq üzü gördü. İlk vaxtlar həftədə iki dəfə nəşr olunan "siyasi, elmi və iqtisadi türk qəzetəsi” kimi "Azərbaycan”ın birinci nömrəsi Gəncə şəhərində 15 sentyabr 1918-ci ildə buraxıldı. Qəzetin bu nömrəsi iki dildə: Azərbaycan və rus dillərində, 4 səhifə həcmində (2 səhifəsi Azərbaycan dilində əski əlifbada, 2 səhifəsi rus dilində) idi. Bu, o dövr üçün çox mühüm hadisə kimi dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Ardıcıl 4 nömrəsi Gəncədə çıxdı. Qəzetin 5-ci nömrəsi 3 oktyabr 1918-ci ildə Bakıda - cümhuriyyətin paytaxtında buraxıldı. "Azərbaycan”ın 1918-1919-cu illərdə 358, 1920-ci ildə isə 85 nömrəsi işıq üzü görüb.
23 aylıq müstəqillik dövründən sonra Azərbaycanda işğalçı sovet hakimiyyəti quruldu. Bununla da müstəqilliyin bütün simvolları kimi, "Azərbaycan” qəzeti də sözün əsl mənasında işğal edildi. Qəzet redaksiyasının maddi-texniki bazasında "Kommunist” qəzeti fəaliyyətə başladı. Bu qəzet işğalçı hakimiyyətin mətbu orqanı olduğundan istər siyasi, istərsə də ideolojı varislik hüququ qazana bilməzdi və bilmədi də... Axı işğalçı ilə əks əqidə və məslək sahibləri necə bir-birinin varisi ola bilər?!
1991-ci il yanvarın 1-dən etibarən Azərbaycan SSR Ali Sovetinin rəsmi orqanı və dövlət qəzeti kimi "Həyat” fəaliyyətə başladı. Qəzetin ilk nömrəsinin birinci səhifəsində Azərbaycan SSR-in prezidentinin, Ali Sovetin və Nazirlər Soveti sədrlərinin qəzetə təbrik məktubları dərc olunub. Məktublarda deyilirdi: "Azərbaycanın ilk dövlət mətbu orqanının nəşrə başlaması münasibətilə "Həyat” qəzetinin yaradıcı kollektivini və oxucularını səmimi qəlbdən təbrik edirəm. Qəzetin nəşrə başlaması respublikamızın dövlət suverenliyinə və iqtisadi müstəqilliyinə nail olmaq yolunda atılan ilk mühüm addımlardan biridir”.
"Həyat” qəzetinin Ali Sovetin orqanı və dövlət qəzeti kimi 440 nömrəsi işıq üzü görüb. 22 sentyabr 1992-ci il tarixdə qəzetin bu statusda son nömrəsi buraxılıb. Bir məqamı qeyd edək ki, hələ sovet hakimiyyətinin laxladığı bir dövrdə Azərbaycanda Qarabağa Xalq Yardımı Komitəsi yaradılmışdı. Komitənin mətbu nəşri kimi "Azərbaycan” adı altında 1989-cu ildən yeni qəzet çıxmağa başladı. Onun 156 nömrəsi işıq üzü gördü. Bu qəzetin son, yəni 156-cı nömrəsi 10 sentyabr 1992-ci ildə dərc olunub.
23 sentyabr 1992-ci ildən isə Azərbaycan Respublikası Ali Sovetinin orqanı kimi "Azərbaycan” qəzeti "Həyat” qəzetinin redaksiyasının bazasında fəaliyyətə başlayıb. Qəzetin ilk nömrəsi 444-cü nömrə ilə qeydə alınıb. Məlumat üçün qeyd edək ki, cümhuriyyət dövründə "Azərbaycan” qəzetinin cəmi 443 nömrəsi çıxmışdı.
"Azərbaycan”ın 444-cü nömrəsinin birinci səhifəsində "Baş redaktordan” rubrikası altında "72 illik ayrılıqdan sonra” başlıqlı məqalə dərc edilmişdi. Məqalədə yazılırdı: "Düz 72 illik fasilədən sonra "Azərbaycan” qəzeti yenidən nəşrə başlayır”.
Yalnız 72 ildən sonra - 1992-ci il sentyabrın 23-də Azərbaycan Respublikası Ali Sovetinin mətbu orqanı - rəsmi dövlət qəzeti kimi fəaliyyətini bərpa edən "Azərbaycan” qəzetinin bugünədək 7930 nömrəsi buraxılıb. Bu rəqəmin içində cümhuriyyət dövrünün 443 nömrəsi də var. Beləliklə, 443 nömrə 1918-1920-ci illərə, 7487 nömrə isə 1992-2018-ci illərə aiddir. Tarixi fakt kimi qeyd edək ki, 1992-ci ildə "Azərbaycan” qəzetinin ilk nömrəsinin loqosu Qarabağa Xalq Yardımı Komitəsinin buraxdığı qəzetin loqosu ilə eyni olub. 2 oktyabr 1992-ci il tarixdən həmin loqo da dəyişdirilərək yenisi ilə əvəz edilib.
"Azərbaycan” qəzetinin 1918-1919-cu illərdə 358, 1920-ci ildə 85, 1992-ci ildə 70, 1993-cü ildə 254, 1994-cü ildə 253, 1995-ci ildə 252, 1996-cı ildə 252, 1997-ci ildə 288, 1998-ci ildə 304, 1999-cu ildə 300, 2000-ci ildə 301, 2001-ci ildə 299, 2002-ci ildə 301, 2003-cü ildə 302, 2004-cü ildə 304, 2005-ci ildə 304, 2006-cı ildə 295, 2007-ci ildə 295, 2008-ci ildə 292, 2009-cu ildə 292, 2010-cu ildə 289, 2011-ci ildə 291, 2012-ci ildə 294, 2013-cü ildə 291, 2014-cü ildə 288, 2015-ci ildə 290, 2016-cı ildə 292, 2017-ci ildə isə 291 nömrəsi işıq üzü görüb.
"Azərbaycan” qəzetinin elektron arxivinin yaradılması prosesinə 2002-ci ildə başlanılmış, bu istiqamətdə müəyyən tədbirlər görülmüşdür. Belə ki, qəzet nömrələri QuarkXPress proqramında elektronlaşdırılmış və PDF formatında arxivləşdirilmişdir. 1992-2002-ci illəri əhatə edən 2804 nömrənin arxivləşməsində isə müəyyən çətinliklər olsa da, bu proses 2018-ci ilin birinci yarısında tam yekunlaşdırıldı. Həmin dövr ərzində dərc olunan nömrələrin elektronlaşdırılması prosesi foto və skan vasitəsilə həyata keçirilib. Bu, ilk növbədə orijinallığı qorumaq məqsədi daşıyır. Azərbaycanda mövcud arxiv və kitabxanalarla qarşılıqlı əməkdaşlıq çərçivəsində artıq bu iş uğurla başa çatdırılıb. Beləliklə, müasir dövrün "Azərbaycan” qəzeti bu gün (1992-2018-ci illəri əhatə edən 7930 nömrə) tam elektronlaşdırılıb. Məlumat üçün qeyd olunmalıdır ki, 2003-cü ildən bugünədək mövcud arxivdən istifadə edərkən oxucularımız PDF formatında olan qəzet materialını Word faylına çevirməklə ondan asanlıqla istifadə edə bilərlər. 2003-cü ilədək olan arxivdən isə oxucularımızın yalnız foto kimi istifadə etmək imkanları var.
Qəzetin hələ 90 illik yubileyi ərəfəsində cümhuriyyət dövrü nömrələrinin də arxivləşməsi prosesinə başlanmış, hətta müəyyən nömrələr tədqiqatçılar tərəfindən transliterasiya olunaraq qəzet səhifələrində dərc edilmişdi. Lakin elektron arxivin tam təmini mümkün olmamışdı.
Redaksiyamızın təşəbbüsü ilə bu proses 100 illik ərəfəsində yenidən gündəmə gətirilmiş, arxivlərlə, kitabxanalarla əməkdaşlıq çərçivəsində "Azərbaycan” qəzetinin arxivinin bütöv şəkildə tapılıb qaydaya salınması qarşıya məqsəd qoyulmuşdu.
Bu niyyətlə Azərbaycanın mərkəzi arxiv və kitabxanalarında apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, cümhuriyyət dövründə dərc edilmiş 443 nömrə tam halda heç bir yerdə yoxdur. "Azərbaycan” qəzeti redaksiyasının təşəbbüsü ilə müxtəlif mənbələrdən əldə etdiyimiz cümhuriyyət dövrünə aid bəzi nömrələrin elektron variantı Milli Kitabxanaya və Siyasi Sənədlər Arxivinə təqdim edildi. Qeyd etmək vacibdir ki, cümhuriyyət dövrünün mövcud nömrələrinin elektronlaşdırılması yalnız Milli Kitabxanada mütəşəkkil aparılıb. Bu istiqamətdə biz Milli Kitabxana ilə qarşılıqlı informasiya mübadiləsi aparmışıq və bu proses uğurla davam etməkdədir.
Etiraf edək ki, "Azərbaycan” qəzeti redaksiyasının öz təşəbbüsü ilə əldə etdiyi bəzi nüsxələrin elektron variantlarının arxivlərdə və kitabxanalarda olmaması bir qədər təəccüblü görünür. Həmin nüsxələrin tədqiqatçıların şəxsi arxivində olduğu halda ümumi arxivlərdə yoxluğu belə bir qənaətə gəlməyə əsas verir ki, bu nömrələrin müəyyən qismi ya gizli şəkildə arxivlərdən çıxarılıb, ya da tədqiqatçılara hədiyyə edilib (?!). Məqsədimiz kimlərisə ittiham etmək və ya günahlandırmaq deyil! Sadəcə düşünürük ki, bu məsələ dövlətimiz və yaxın tariximizlə bağlı olduğu üçün ona daha həssas və məsuliyyətlə yanaşılmalı idi.
"Azərbaycan” qəzeti olaraq biz bu prosesə töhfə verə biləcək hər bir təşkilatı - istər arxiv, istər kitabxana, istər qeyri-hökumət təşkilatı, istərsə də ayrı-ayrı tədqiqatçıları, adi vətəndaşları - bir sözlə, hamını əməkdaşlığa dəvət edirik. Düşünürük ki, şanlı cümhuriyyət tariximizin ayrılmaz hissəsi olan "Azərbaycan” qəzetinin bütün nömrələrinin tam şəkildə arxivləşməsi zəruridir və bu arxiv ayrı-ayrı şəxslərdə deyil, məhz dövlətin müəyyən etdiyi etibarlı əllərdə, bütün oxucuların, tədqiqatçıların istifadə edə biləcəyi məkanlarda - arxivlərdə və kitabxanalarda saxlanılmalıdır!
Bir vacib məqam da diqqətdən yayınmamalıdır. Məlum olduğu kimi, Azərbaycan SSR Ali Sovetinin rəsmi orqanı kimi 1 yanvar 1991-ci il tarixdə "Həyat” qəzeti fəaliyyətə başlamışdır. Həmin qəzetin son nömrəsi 22 sentyabr 1992-ci ildə çıxmışdır. "Azərbaycan” qəzeti də müstəqillik dövründə məhz 23 sentyabr 1992-ci ildə - 72 ildən sonra ilk dəfə işıq üzü görmüşdür. "Həyat” qəzetinin redaksiyasında və həmin qəzetin redaksiya heyəti tərəfindən "Azərbaycan” qəzetinin ilk nömrəsi buraxılmışdır. Tarix sanki təkrar olunmuşdur.
Belə ki, 1918 -ci ildə cümhuriyyət elan edildikdən bir neçə ay sonra "Azərbaycan” qəzeti fəaliyyətə başlamışdır. 1991-ci il oktyabrın 18-də isə - Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsindən təxminən bir il sonra - "Azərbaycan” qəzeti fəaliyyətini yenidən bərpa etmişdir. Bu uğursuz tarixi təkrarı aradan qaldırmaq üçün, düşünürük ki, "Həyat” qəzetinə də varislik hüququ verilməlidir. Çünki məhz rəsmi dövlət qəzeti kimi həmin qəzetin səhifələrində 1991-ci ildə müstəqilliyin elan edilməsi prosesi işıqlandırılmışdır. Belə ki, "Həyat” qəzeti artıq Azərbaycan Respublikası Ali Sovetinin mətbu orqanı kimi fəaliyyətə başlamışdı. Dünən həmin qəzet Azərbaycan SSR Ali Sovetinin rəsmi orqanı idisə, bu gün artıq müstəqil Azərbaycan Respublikasının Ali Sovetinə məxsus idi. Qeyd edək ki, "Həyat” qəzetinin 1991-ci ildə 254, 1992-ci ildə isə 186 nömrəsi işıq üzü görmüşdür (cəmi 440).
Hazırda "Azərbaycan” qəzeti redaksiyasında il ərzində gündəlik nömrələr toplanaraq 5 nüsxədə cildlənir. Elektron arxiv isə PDF formatında katiblikdə yığılaraq əldə olunmuş razılığa əsasən respublikamızın aparıcı arxiv və kitabxanalarına təqdim olunur. M.F.Axundzadə adına Milli Kitabxana, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, Prezident Kitabxanası, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası ilə "Tariximizi birlikdə qoruyaq” layihəsi çərçivəsində qarşılıqlı əməkdaşlıq şəraitində informasiya mübadiləsi aparılır. 2017-ci ildə ilk dəfə olaraq "Azərbaycan” qəzeti redaksiyası 1993-2017-ci illəri əhatə edən (24 illik) həm elektron, həm də qəzet cildliklərini, eləcə də Gəncə şəhərində dərc olunmuş "Azərbaycan” qəzetinin ilk dörd nömrəsinin elektron variantını AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun arxivinə təqdim etmişdir. Redaksiya rəhbərliyinin təşəbbüsü ilə gerçəkləşən bu layihənin əsas məqsədi müstəqilliyimizin simvollarından biri olan "Azərbaycan” qəzetinin arxivinin mühüm mənbə kimi tədqiqatçıların istifadəsinə verməkdir. 2003-2017-ci illəri əhatə edən 4410 nömrənin həm elektron arxivi, həm də qəzet nüsxələri Mərkəzi Elmi Kitabxanaya və Siyasi Sənədlər Arxivinə təqdim edilmişdir.
İctimai həyatda baş verən mühüm hadisələr haqqında informasiyaları hər birimiz internet mediadan hər saat, hər dəqiqə əldə edə bilirik. Bu, demək olar ki, əksəriyyətimizin gündəlik tələbatına çevrilib. Bu cür xəbərlərin böyük çoxluğunun birgünlük ömrü olur, elə gündəlik hava proqnozu kimi. İnformasiya bolluğu şəraitində xəbər, yaxud yazıların arxivlənərək saxlanılması əlavə xərc və avadanlıq tələb edir. Həmin materialların hər bir oxucunun istifadə edə biləcəyi formada saxlanılması isə texniki cəhətdən, ümumiyyətlə, mümkün deyil. Ən sanballı internet resurslarının arxivləri ən yaxşı halda 7-8 ili əhatə edir. Elələri də var ki, onlarda heç ötən ilin arxivi yoxdur. Çap mediası bu baxımdan daha çox üstünlüyə malikdir. İctimai-siyasi qəzet dövrünün tarixini yazır və tədqiqatçılar üçün ən mühüm mənbədir. Dövlətçilik tarixi də məhz rəsmi qəzetlərin səhifələrində əks olunur. Bu baxımdan həqiqəti yazmaq üçün dövri nəşrlərdən etibarlı mənbə ola bilməz. Müstəqillik tariximizi də "Azərbaycan”sız təsəvvür etmək mümkün deyil! Məhz buna görə də çap mediası həmişə olduğu kimi, bu gün də aktual və əvəzedilməzdir.
"Azərbaycan” qəzeti mətbuatımızın flaqmanı - rəsmi dövlət qəzeti kimi daim dövlətçiliyə sadiqdir. Milli-mənəvi dəyərlərin qorunmasında, vətənpərvərlik və hərbi-vətənpərvərlik hislərinin təbliğində müstəsna rol oynayır, cəmiyyətimizi narahat edən müxtəlif məsələlərdə obyektiv mövqe tutaraq oxucuya düzgün və dəqiq informasiya çatdırır. Bu mövqe 100 il öncə qoyulmuş möhkəm əsasdan, müqəddəs niyyətdən qaynaqlanır! Müstəqilliyimizin həmyaşıdı, tərənnümçüsü olan "Azərbaycan” böyük Azərbaycanla çiyin-çiyinə addımlayır, bu gün də onun müstəqillik tarixini yazır, üzərinə qoyulan vəzifənin məsuliyyətini dərk edərək xalqımıza, dövlətimizə layiqincə və peşəkarlıqla xidmət edir.

Elçin VƏLİYEV,
"Azərbaycan” qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru