Alternative content

22:26 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Yeni əsrin müqaviləsi” əlavə bonus və gəlirlər gətirir
“Yeni əsrin müqaviləsi” əlavə bonus və gəlirlər gətirir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 12.09.2018


AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanmasından bir il keçir


24 il əvvəl Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanmışdır və o, sonralar "Əsrin müqaviləsi” adını almışdır.
O zaman ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə "Əsrin müqaviləsi”nin qarşıdakı inkişaf yolunun, nəhəng işlərin başlanğıcı olduğunu demişdi. Zaman göstərdi ki, bu, həqiqətən də gələcək əsrlərə hesablanmış bir sazişdir. Bir il əvvəl - 2017-ci il sentyabrın 14-də AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması deyilənləri bir daha təsdiq etmişdir.
1994-cü ildə AÇG-nin tammiqyaslı işlənməsi üçün saziş 30 il müddətinə imzalanmışdı. Dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması vaxtilə başlanan möhtəşəm işlərə mane olmaq istəyənlərə - xaricdəki əleyhdarlarımıza və daxildə aranı qarışdıran, "sapı özümüzdən olan baltalara” tutarlı cavabdır.
Onlar "Azərbaycanda neft yoxdur, olmayacaq” deyirdilər. Gələcəkdə nefti nəql edəcək infrastrukturun qurulmasına hər vəchlə mane olmağa can atırdılar. Azərbaycanda neft olub və var. Yeni müqavilə isə göstərdi ki, hələ bundan sonra da olacaq!
Xəzərin ölkəmizə məxsus sektorunda, sahildən təxminən 120 kilometr şərqdə yerləşən AÇG yataqları dünyanın ən zəngin neft mənbələrindəndir. "Çıraq”dan artıq 21 ildir neft hasil olunur. 2005-ci ildən "Azəri” yatağı da neft verməyə başlayıb ("Azəri”nin özü üç hissədən - "Mərkəzi Azəri”, "Qərbi Azəri” və "Şərqi Azəri” yataqlarından ibarətdir ki, bu da təbiətin Azərbaycana bir töhfəsidir). "Günəşli”nin dayaz hissəsi sovet dönəmindən Azərbaycan neftçiləri tərəfindən istismar olunur. Dərinsulu hissəsinin işlənməsi isə "Əsrin müqaviləsi”nin tərkibinə daxildir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il sentyabrın 1-dək AÇG layihəsinin reallaşması çərçivəsində 135 milyard 142 milyon dollardan çox gəlir əldə edib. AÇG üzrə HPBS-dən əldə olunan bilavasitə gəlirlərə Azərbaycan Respublikasına bonus ödənişləri, mənfəət neftindən pay, vergilər, təmənnasız səmt qazı, SOCAR-ın mövcud infrastrukturunun (gəmilər, qazma qurğuları, tikinti-quraşdırma sahələri və s.) modernləşdirilməsi, icarə haqları, məşğulluq fonduna, sosial və digər fondlara ödənişlər daxildir.
"Əsrin müqaviləsi”nin imzalanmasından keçən 24 il tarix üçün böyük zaman kəsiyi deyil. Bununla belə, həmin qısa dövr ərzində Azərbaycan bir sıra qlobal layihələr həyata keçirmiş, böyük uğurlara imza atmışdır. Bakıdan 55 kilometr cənubda Səngəçal terminalı - dünyanın ən böyük neft-qaz terminalı tikilmişdir. Bakıdan Supsaya uzanan Qərb İxrac Boru Kəməri, üç ölkənin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkilmişdir. İndi Azərbaycan Bakıdan Avropayadək uzun məsafə qət edən, Xəzərdən başlayıb Adriatik dənizindən keçən "Cənub qaz dəhlizi” yaradır ki, onun da dörd seqmentindən üçü artıq istifadəyə verilib.
Azərbaycanın götürdüyü xətt düzgün, inkişafı davamlıdır. Özü də hər sahədə! Prezident İlham Əliyevin yeni müqavilənin imzalanmasında dediyi kimi: "Bizim çox böyük maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, "Əsrin kontraktı”nın uzadılması və "Şahdəniz” layihəsinin, "Cənub qaz dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək”.
Beləliklə, AÇG-dən növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişləndirilməsinə daha bir təkan verəcək. Çünki AÇG potensialı böyük olan yataqlar blokudur. Onun əsrin ortasınadək ölkəmizə gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. 2050-ci ilədək bu yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar ARDNF-ə 3,6 milyard dollar bonus ödəyəcəklər. Yeni müqavilənin şərtləri Azərbaycanın və SOCAR-ın son illərdə artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir. Yəni, ölkəmizin yaratdığı tərəfdaşlıq formatını yeni müstəviyə qaldırır.
Tərəfdaşlıqdan söz düşmüşkən, yeni sazişdə AÇG-nin tərəfdaşları dəyişməyib. BP ( Böyük Britaniya) layihənin operatoru olaraq qalır. SOCAR (Azərbaycan) layihədə AzAÇG şirkəti ilə təmsil olunur. Digərləri "Şevron” (ABŞ), "İnpeks” (Yaponiya), "Statoyl” (Norveç), "EksonMobil” (ABŞ), TP (Türkiyə), "İtoçu” (Yaponiya) və OVL (Hindistan) şirkətləridir. Sazişin bir hissəsi olaraq SOCAR-ın layihədəki iştirak payı əvvəlki 11,65 faizdən 25 faizə çatdırılıb.
Ölkəmizdə neft gəlirlərindən düzgün və məqsədyönlü şəkildə istifadə olunur. Azərbaycan Dövlət Neft Fondu dünyadakı ən şəffaf neft fondlarındandır. Ulu öndər Heydər Əliyev düzgün və uzaqgörən siyasət həyata keçirərək neftdən əldə olunan gəlirləri xalqın ən ümdə problemlərinin qısa müddətdə həllinə yönəltmişdir. Bu uğurlu xətt indi Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir və günün tələbləri baxımından daha da inkişaf etdirilir. Azərbaycan nefti, əsasən AÇG nefti hesabına ölkədə yeni müasir yollar və möhtəşəm körpülər salınıb. Qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr tikilib. Bütün sahələrdə yeni infrastruktur qurulub. Yeni müqavilənin imzalanması mərasimindəki nitqində dövlət başçısı bu barədə də geniş danışmışdır: "Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır”.
Azərbaycan neft kapitalını insan kapitalına çevirə bilmişdir. Həyata keçirilən qlobal layihələrin, konkret olaraq AÇG üzrə imzalanan yeni sazişin də bu möhtəşəm işlərə böyük töhfəsi olacaq. 2018-ci il yanvarın 29-da ARDNF-ə yeni sazişə uyğun olaraq 450 milyon dollar həcmində ilk bonus ödənişi bunun əyani təsdiqidir.

Flora SADIQLI,
"Azərbaycan”