12 Sentyabr 2018 00:20
1026
Elm və texnika
A- A+

Fantastikanı reallığa çevirən robotlaşma



Bakı 38 illik fasilədən sonra yenidən robotlaşdırma və avtomatlaşdırma beynəlxalq konfransına evsahibliyi edəcək


Sentyabrın 13-də paytaxtın "Boulevard Hotel”ində Avtomatik Nəzarət üzrə Ümumdünya Təşkilatının (IFAC - International Federation of Automatic Control) Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə XVIII IFAC beynəlxalq konfransı keçiriləcək. Tədbirdə 37 ölkədən elm adamları ilə yanaşı, IFAC-in prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgöver də iştirak edəcəklər.
Məlumat üçün qeyd edək ki, IFAC 1957-ci ildə Parisdə təsis edilmiş, 1978-ci ildən Avstriya hökumətinin dəvəti və dəstəyi ilə bu ölkənin Laksenburg şəhərində fəaliyyətini davam etdirir.
49 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə müxtəlif təşkilatları özündə birləşdirən IFAC robotlaşdırma, avtomatlaşdırma və nəzarət mexanizmləri üzrə nüfuzlu təşkilat hesab olunur. IFAC-in nəzdindəki TECIS texniki komitəsi fəaliyyətə başladığı 1983-cü ildən dünyanın bir çox ölkəsində 17 beynəlxalq konfrans kecirmiş bu komitənin 35 illik yubileyi də Azərbaycan paytaxtında qeyd ediləcək.
38 illik fasilədən sonra belə bir tədbirin Bakıda ikinci dəfə keçirilməsi dövlətimizin elmin inkişafına verdiyi dəyərlə, ölkə iqtisadiyyatında müasir texnologiyalara artan xüsusi maraqla, həmçinin gənc alimlərimizin müasir dünya təcrübəsi ilə sıx təmasda olması ilə bağlıdır. Konfrans robotlaşdırma və avtomatlaşdırma sahəsində maraq doğuran ciddi suallara cavab axtarmağa cəhd edəcək, mürəkkəb mövzuların dərinliyinə gedəcək, elmin inkişafına təkan verən yeni və fantastik ideyaları ortaya çıxaracaq. Eyni zamanda, gənc alimlər robotlaşdırmada Azərbaycanın da missiya və vəzifələrinə aydınlıq gətirəcək, öz ideya və təkliflərini müzakirəyə çıxaracaqlar.
Biz tarixən bəşər övladını yaradıcı intellektual qüvvə kimi qəbul etmişik. Milyon illər boyu davam edən inkişaf mərhələlərində mağarada yaşayan insan dəyişib inkişaf edərək kosmosu fəth edən, ağır işləri mexanikləşdirib robotlara tapşıran daha mükəmməl varlığa çevrilmişdir. Artıq buna təəccüblənən də yoxdur. Belə ki, bu gün səhiyyədə, maliyyə sistemlərində, sənayedə, hətta əyləncələrdə belə robotlar geniş tətbiq edilir. Artıq "əl” funksiyasını yerinə yetirən mexaniki robotlardan fərqli olaraq, süni intellektə malik humanoid robotlar yaradılır. Robotlaşdırmanın geniş tətbiqi dünya iqtisadiyyatının simasını dəyişmək üzrədir. Buna sevinənlər də, bundan ehtiyat edib həyəcan təbili vuranlar da kifayət qədərdir. Lakin reallıqlar ondan ibarətdir ki, dünyanın inkişaf etmiş dövlətləri bu yenilikləri çəkinmədən tətbiq edir və irəli sıçrayırlar.
Bu baxımdan konfrans Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Maraqlısı odur ki, IFAC-in konfansının ölkəmizdə keçirilməsi təşəbbüsü azərbaycanlı alimlərə məxsusdur. Bu təşəbbüslə Azərbaycan Robotika və Avtomatlaşdırma İctimai Birliyi (ARAS) çıxış etmişdir. ARAS Vyana Texnologiyalar Universitetinin doktorantı, gənc alim Bahadur İbrahimov tərəfindən təsis edilmiş, 3 illik yoxlama və namizədlik mərhələsini uğurla başa vurduqdan sonra bu ilin iyulunda IFAC üzvlüyünə qəbul edilmişdir. Konfransın Bakıda keçirilməsi Azərbaycan dövləti tərəfindən bəyənilmiş və gənc alimlərə ciddi dəstək verilmişdir. Belə nüfuzlu təşkilata üzv olmaq alimlərimizə beynəlxalq konqreslərdə iştirak etmək, dünyada gedən robotlaşdırma proseslərinin mərkəzində olmaq imkanı yaradır. Təşkilatın rəhbəri Bahadur İbrahimov müasir dünyada gedən robotlaşdırma və avtomatlaşdırma prosesləri haqqında qısaca məlumat verdi:
- Müasir dünyada elmin, iqtisadiyyatın əksər sahələrinə robotlaşdırma uğurla tətbiq edilir. Robotlaşdırılmış cərrahiyyə sürətlə inkişaf edir, həkimlər əməliyyatın ən ağır hissələrini çəkinmədən robotlara etibar edirlər. Kibertexnologiyalar insanın əlini, ayağını bərpa etməyə imkan verir. Protez qoyulduqdan sonra iki ayağını itirən alpinist həsrətini çəkdiyi zirvələri daha sürətlə fəth edir, səhnəyə çıxıb süni ayaqla oynayan balerinanın rəqsi heç nəyi sezməyən publikanın alqışları ilə qarşılanır. Ayağın kəsilən yerində qalan sinirlər vasitəsi ilə beyindən idarəetmə komandaları protezdəki prosessora ötürülür və hərəkətlər səlis icra edilir. Dünənin ümidsiz əlili həyata qayıdır, protez ayağı ilə toxunmanı, istini, soyuğu və təzyiqi hiss edir. Bu gün kibertexnologiyalar vasitəsi ilə korların gözünə nur gəlir və onlar görürlər. Kibertexnologiyalar və robotlaşdırma ən fantastik əfsanələri belə həqiqətə çevirmək gücünə qadirdir. Kosmik robotlar fəzanın öyrənilməsində istiyə və soyuğa, havasızlığa məhəl qoymadan mürəkkəb əməliyyatları yerinə yetirirlər.
Təhlükəsizlik tədbirlərində, yanğınların söndürülməsində robotların əvəzi yoxdur. Hərbi bazalarda robotlardan düşməni aldatmaq, yerdəyişmələri imitasiya etmək üçün istifadə olunur. Bundan başqa, robotların döyüş və kəşfiyyat modelləri mövcuddur. Yəni bu kəşflərin heç biri artıq dünya üçün yenilik deyil.
Məhz bu baxımdan Bakıda belə beynəlxalq konfransın keçirilməsi ölkə iqtisadiyyatının müxtəlif sahələrini inkişaf etdirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə əsas məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahələrində yeni tədqiqatların nəticələrini təqdim etmək, ideya-təcrübə mübadiləsi aparmaq üçün iqtisadiyyatın və elmin müxtəlif sahələrində alimləri, mütəxəssisləri bir araya gətirərək eyni mövzuya rəngarəng sinergetik yanaşmaları ortaya qoymaqdır. Avtomatik idarəetmə texnikalarına, tibbidə, sosial həyatda, iqtisadiyyatın müxtəlif sahələrində robotlaşdırma mövzularına toxunulacaq, müxtəlif diskussiyalar aparılacaq. "Kiçik və orta sahibkarlıq üzrə avtomatlaşdırma”, "Mexatronik sistemlər və robotlar”, "Bio-tibbi sistemlər”, "Avtomatlaşdırma və nəzarət mexanizmləri”, "Humanoid robotlar” kimi maraqlı mövzularda sessiyalar keçiriləcək, alimlərin ən yeni nailiyyətləri iştirakçıların müzakirəsinə təqdim ediləcək.
Müasir zavod və müəssisələrdə avtomatlaşdırılmış sənaye robotları qaynaq işlərini, səthlərin rənglənməsini, yüksək dəqiqlik tələb edən eyni tipli hərəkətləri asanlıqla icra edir və insandan fərqli olaraq, demək olar ki, səhv buraxmır, yorulmur və yüksək məhsuldarılığa malikdirlər. Artıq əyləncə, ünsiyyət üçün yaradılan humanoid robotlar şeir oxuyur, aktyorluq edir, mövzuya uyğun üzünün ifadəsini dəyişir. Çinin humanoid robotları isə lətifə danışmaqdan savayı, zarafatlaşırlar da. Zarafat bir yana qalsın, amma azərbaycanlı sahibkarların kənd təsərrüfatında, iqtisadiyyatın müxtəlif sahələrində tətbiq edilməsi mümkün olan yeni texnologiyalara maraqları daha çoxdur. Bu baxımdan konfransın təşkilatçılarına 37 ölkədən təqdim edilən 370-dən çox müəllifin 200 məqaləsi xüsusi əhəmiyyət kəsb edir. ABŞ, Avstrialiya, Avstriya, Almaniya, İsveçrə, Rusiya, Türkiyə, Küveyt, Hindistan, Macarısrtan, İtaliya, Fransa, İrlandiya və İngiltərə kimi dövlətlərin alimləri tədbirdə iştirak edəcəklər. Azərbaycanlı alimlər də 50-yə yaxın məqalə təqdim ediblər.
Konfransda robotlaşdırma sahəsində böyük nailiyyətləri olan alimlər iştirak edir. Təşkilatçılardan biri Vyana Texnologiya Universitetinin professoru Peter Kopacek robotlaşdırma və avtomatik idarəetmə üzrə 6 kitabın, 300-dən çox elmi məqalənin müəllifidir. Həmyerlimiz Bahadur İbrahimov Vyana Texnologiya Universitetində robotika sahəsi üzrə fəsəfə doktoru elmi dərəcəsi alıb, hazırda post-doktorantura araşdırmalarına və bir sıra startup quruculuğuna rəhbərlik edir.
Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya (IFAC), IFAC TC 9.5 Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik təşkilatı və Boulevard hotel konfransın təşkilatçılarıdır. Azərbaycan Respublikasının Xarici İşlər və Təhsil nazirlikləri, xarici ölkələrdəki səfirliklərimiz, Azərbaycan Milli Elmlər Akademiyası, aparıcı ali məktəblər (ADA, Bakı Ali Neft Məktəbi və s.), beynəlxalq səviyyədə isə Avstriya QHT-ləri və universitetləri də tədbirə dəstək verən təşkilatların sırasındadır.

Bahadur İMANQULİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video