12 Sentyabr 2018 00:17
470
CƏMİYYƏT
A- A+

Ölüm sevinməsin qoy


Şəhidlik zirvəsinə yüksələn Fərman Əsədli heç vaxt unudulmayacaq


Yaşasaydı 28 yaşı tamam olacaqdı. Lakin şəhidliyi canından üstün tutdu. Bu zirvəyə ucalmaq üçün düşmənin gözünə dik baxdı. Fürsət gözləyirdi ki, igid övladlarımızın qisasını alsın. Belə bir fürsət 2016-cı ilin aprel ayında düşdü. Fərman Əsədli yeznəsi ilə birlikdə könüllü olaraq cəbhə bölgəsinə getdi...

Fərman Əsədli 1990-cı il sentyabrın 10-da Gəncədə anadan olmuşdu. 2007-ci ildə Samux rayonunun Sərkar kənd orta məktəbini bitirmişdi. Elə həmin il Gəncə Dövlət Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsinə daxil olmuş, 2011-ci ildə ali təhsilini başa vurmuşdu. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdu. Hərbi xidməti başa vurduqdan sonra sevib seçdiyi Validə ilə ailə həyatı qurdu. Bu evlilikdən bir qız övladları dünyaya gəldi. Keçmiş hərbçi, indi təqaüddə olan atası Elcin Əsədli oğlunun bu xoşbəxtliyinə sevinir, boş vaxtlarını nəvəsi ilə keçirirdi. Heç ağlına da gətirmirdi ki, nə vaxtsa sinəsinə oğul dağı çəkiləcək. Bu 2016-cı il aprelin 2-də oldu.

Fərman bacısının həyat yoldaşı Sadiq Əliyevlə birlikdə istirahət etmək üçün hazırlıq işləri görmüşdülər. Belə qərara gəlmişdilər ki, təbiətin qoynunda ailəvi dincəlsinlər. Bir qədər də bazarlıq etmişdilər. Lakin qəflətən eşitdikləri xəbər onları bu istəkdən yayındırdı. Aprelin 2-də eşitdilər ki, ermənilər cəbhəboyu təxribat törədərək ərazilərimizə soxulmaq istəyirlər. Fərman yeznəsinə zəng edib vəziyyəti söylədi. Onlar görüşüb birlikdə cəbhə bölgəsinə getməyi qərara aldılar. Vədələşib səhər saat 10 radələrində cəbhədə qulluq edən hərbçilərimizə dəstək olmaq üçün birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsinə yola düşdülər. Yolüstü əsgərlər üçün bir qədər ərzaq da aldılar. Qəsəbəyə az qalmış şiddətli döyüşlərin getdiyinin şahidi oldular. Qəsəbə erməni təcavüzkarları tərəfindən ağır artilleriya atəşinə tutulmuşdu. Onlar hərbçilərimizə dəstək olmaq üçün gəldiklərini bildirəndə, hərbçilər köməyə ehtiyac olmadığını söylədilər və ərazinin təhlükəli olduğunu bildirdilər. Fərman da, yeznəsi Sadiq də əsgərlərimizə - "xalq sizinlədir” deyərək döyüş bölgəsindən bir qədər uzaqlaşdılar.

Qeyd edək ki, həmin vaxt Azərbaycanın neçə-neçə mərd oğlu da ordumuza dayaq olmaq üçün əraziyə toplaşmışdılar. Fərmanla Sadiq mülki vətəndaşları oradan uzaqlaşdırmağa başlayanda düşmən artilleriyası mövqelərimizi atəşə tutdu. Fərman cəld özünəməxsus "Niva” markalı maşınına minərək mülki vətəndaşların yanına sürdü və onların təhlükəsizliyini təmin etməyə başladı. Yol kənarında "QAZ-3308” markalı hərbi yük avtomaşınının dayandığını görüb səbəbini soruşanda avtomobilin akkumulyatorunun sıradan çıxdığını söylədilər. Biləndə ki, avtomaşında döyüşdə şəhid olmuş əsgərlərimizin cənazələri var, cəld Sadiqlə birlikdə "Niva”sındakı akkumulyatoru çıxararaq hərbi avtomobilə tərəf qaçıb maşını işə salaraq Tərtər şəhərinə tərəf sürür. Avtomaşını "N” saylı hərbi hissəyə təhvil verdikdən sonra Fərmanla Sadiq yenidən döyüş bölgəsinə qayıdırlar. Elə bu vaxt düşmənin atdığı mərmilərdən birinin partlaması nəticəsində əsgərimizin yaralandığını görürlər. Fərman Sadiqlə birlikdə onu döyüş bölgəsindən çıxararaq həkimlərə təhvil verir. Beləcə var qüvvələri ilə işləyən hər iki gənc axşama yaxın əsgərlərimizlə sağollaşıb Gəncəyə qayıtmaq üçün yola çıxırlar. Yolda kapitan Mübariz Rəhimovla rastlaşan hər iki gənc onun xahişi ilə hərbçini hərbi mövqeyə aparırlar. Kəndə çatanda düşmənin atdığı "D-30” top mərmisi "Niva”nın yaxınlığında partlayaraq qabaq oturacaqda əyləşən Fərmanı və Sadiq Əliyevi yaralayır, kapitan Mübariz Rəhimova isə heç nə olmur. Yaralıları təcili olaraq Tərtər Rayon Xəstəxanasına çatdırsalar da Fərman Əsədlinin həyatını xilas etmək mümkün olmur.

Qarşımda bir videogörüntü var. Ona baxmaq o qədər də asan deyil. Görüntüdə Fərmanın qızı Lalə rəqs edə-edə deyir: - Atam vətən uğrunda şəhid olub. Bizim kimi uşaqların xoşbəxt həyatı üçün canından keçib. Mən bununla fəxr edirəm. Ancaq bir arzum var. Qoy heç bir uşaq atasız, anasız böyüməsin.

Sentyabrın 10-da Fərmanın 28 yaşı tamam oldu. Sağlığında olduğu kimi indi də dostları, qohumları, yaxınları bir araya toplaşıb ünvanına xoş sözlər söylədilər. Atası Elçin müəllimi heç vaxt oğul niskili çəkməyə qoymayan dostları Fərmanın növbəti doğum günündə də onun igidliyindən, vətən təəssübü çəkməsindən və bu yolda şəhid olaraq ən uca zirvəyə yüksəlməsindən danışdılar. Dedilər ki, keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin isə hamısı yaddaqalan olmur. Elə günlər var ki, onlar unudulub gedir, elələri də var ki, yaddaşlara əbədi həkk olur. Elə Fərman Əsədli kimi. Gənc yaşında müqəddəs torpaqlarımızın qeyrətini çəkərək şəhid olan bu gənc əbədiyyətə qovuşaraq özünə ölümsüzlük qazandırdı.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video