12 Sentyabr 2018 00:16
286
SİYASƏT
A- A+

İdlib humanitar fəlakət astanasında


Əyalətdə əsrin faciəsi yaşana bilər


Suriyanın İdlib əyaləti ətrafında yaranmış vəziyyət dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bəşşar Əsəd rejimi və onun müttəfiqləri - Rusiya və İran bölgəni nəzarət altına almaqda israrlıdırlar. Bu məqsədlə lazımi hərbi hazırlıq işləri görülmüşdür. Əyalət şərq, cənub və qərb tərəfdən mühasirəyə alınmışdır. Suriya ordusu, Rusiya və İran qoşunları İdlibə həlledici zərbə endirmək üçün əmr gözləyir. Rusiya İdlibdə hərbi əməliyyata dəstək vermək üçün Aralıq dənizinin Suriya sahillərində 10 hərbi gəmidən ibarət qrup formalaşdırmışdır.
Türkiyə ilə həmsərhəd olan İdlib Suriyanın qərbində Bəşşar Əsəd rejiminin nəzarət etmədiyi yeganə iri bölgədir. Əyalət 2015-ci ilin mayında hökumət qoşunları ilə şiddətli döyüşlərdən sonra terrorçu qruplaşmaların əlinə keçmişdir. O vaxtdan bəri burada əsas söz sahibi "Cəbhə ən-Nüsrə”dir. Bölgədə həmçinin "əl-Qaidə”yə yaxın müxtəlif ekstremist qruplar, eləcə də mötədil silahlı müxalif dəstələr səngərlənmişdir. Digər tərəfdən, Suriya hökumət qoşunlarının Hələb, Dərəa, Quneytrə və Şərqi Qutədə keçirdiyi hərbi əməliyyatlar zamanı silahlı müxalif qrupların, eləcə də mülki şəxslərin İdlibə köçməsinə imkan verilmişdir. Beləcə Bəşşar Əsəd rejimini qəbul etməyən silahlı qruplaşmalar İdlibdə cəmləşmişdir. Rəsmi Dəməşq və onun müttəfiqləri terrorçularla mötədil silahlı müxalifət arasında fərq qoymur, onların hamısını "qanunsuz silahlı birləşmələr” kimi qiymətləndirirlər. Başqa sözlə, məqsəd İdlibdə terrorizmin yox, "qanunsuz silahlı birləşmələr”in, nəticə etibarilə hər hansı müxalifətin kökünü kəsməkdir.
İdlib problemini həll etmək üçün Suriyada barışığa zəmanət verən üç ölkə - Türkiyə, Rusiya və İran 2017-ci ilin mayında Astana prosesi çərçivəsində əyaləti gərginliyin azaldılması zonası elan etmişdir. Zonaya İdliblə yanaşı, Latakiya əyalətinin şimal rayonları, Hələb əyalətinin qərb rayonları və Həma əyalətinin şimal rayonları daxil edildi. Gərginliyin azaldılması zonasına nəzarət Türkiyəyə verildi. O vaxtdan bəri Türkiyə Silahlı Qüvvələri İdlibdə 12 müşahidə məntəqəsi yaratmışdır. Türkiyəli hərbçilər əyalətdə atəşkəsi təmin etməyə müvəffəq olmuşlar.
Lakin çox keçmədi ki, Suriya rejiminin, Rusiya və İranın İdlibə münasibətdə mövqeyi dəyişdi. Ötən ilin dekabr ayından etibarən Suriya hökumət qoşunları müttəfiqlərinin dəstəyi ilə İdlibə fasilələrlə həmlə edib terrorçu qrupların nəzarət etdiyi bir sıra mövqeləri ələ keçirdi. Keçən ay rəsmi Moskva birmənalı şəkildə bəyan etdi ki, İdlib terrorçulardan təmizlənməlidir. Türkiyə rəsmilərinin rusiyalı həmkarları ilə əyalətdə barışığın qorunub saxlanması naminə apardığı danışıqlar nəticəsiz qaldı. Sentyabrın 7-də Tehranda keçirilmiş İran-Rusiya-Türkiyə üçtərəfli sammitində də görüş iştirakçılarının mövqeləri dəyişmədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə yaranmış vəziyyətin son dərəcə təhlükəli olduğunu vurğulayaraq bildirdi ki, Ankara əyalətdə kütləvi qan axıdılmasının əleyhinədir. O qeyd etdi ki, İdlib kimi bir bölgədə terrorizmlə effektiv mübarizə aparmaq üçün vaxt və səbr tələb edən müxtəlif metodlardan istifadə etmək lazımdır. İdlibdə elə bir həll yolu axtarıb tapmaq vacibdir ki, tərəflər narahatlıq keçirməsin. Ərdoğan nəzərə çarpdırdı ki, Türkiyə 3,5 milyon suriyalı qaçqına evsahibliyi edir, amma İdlibdə başlayacaq hərbi əməliyyat nəticəsində yenidən yüz minlərlə qaçqını qəbul etmək iqtidarında deyil. O belə bir məqamı da qeyd etdi ki, Türkiyə Suriyanın siyasi, ərazi və sosial bütövlüyü tamamilə bərpa edilənədək bu ölkədə hərbi mövcudluğunu qoruyub saxlamaq niyyətindədir.
Rusiya Prezidenti Vladimir Putin problemə münasibət bildirərkən bəyan etdi ki, hazırkı mərhələdə əsas vəzifə terrorçuları İdlibdən qovub çıxarmaqdır, çünki silahlıların mövcudluğu Suriya vətəndaşlarının və bütövlükdə region sakinlərinin təhlükəsizliyinə birbaşa təhdiddir. Onun fikrincə, mülki əhalini müdafiə etmək bəhanəsi ilə terrorçuları zərbə altından çıxarmaq, həmçinin Bəşşar Əsəd rejiminin qüvvələrinə ziyan vurmaq cəhdi yolverilməzdir. Putin əlavə etmişdir ki, Suriya hakimiyyət orqanlarının zəhərli maddələr tətbiq edəcəyi barədə yayılan şayiələr məhz buna xidmət edir.
Tehran sammitində İdlibin dinc əhalisinin təhlükəsizliyinin təmin edilməsi məsələsinə elə bir xüsusi diqqət yetirilmədi. İran Prezidenti Həsən Ruhani qeyd etdi ki, terrorçular mülki əhaliyə ziyan vururlar və ona görə də silahlıların mövcudluğuna son qoyulmalıdır. Dinc sakinlərə gəlincə, İran lideri hesab edir ki, "İdlibdə mülki şəxslərə vurulacaq zərəri minimallaşdırmaq üçün tədbirlər görməliyik”. Rusiya Prezidenti İdlib sakinlərinin təhlükəsizliyinin təmin edilməsi əvəzinə, gələcəkdə suriyalı qaçqın və köçkünlərin vətənə qaytarılması məsələsini qabartdı. O məlumat verdi ki, Rusiyanın iştirakı ilə bu istiqamətdə konkret iş aparılır. Putin əlavə etdi ki, Suriyada bir milyonadək qaçqının yerləşdirilməsi üçün şərait yaradılıb.
Göründüyü kimi, İdlibin mülki əhalisinin təhlükəsizliyi Bəşşar Əsəd rejimi və onun müttəfiqləri üçün elə bir əhəmiyyət kəsb etmir. Odur ki, əyalətdə hərbi əməliyyatın başlayacağı təqdirdə mülki əhalinin böyük bir fəlakətlə üz-üzə qalacağı şübhə doğurmur. Əvvəla, dinc sakinlərin təhlükəsizliyinə konkret zəmanət verən yoxdur. Digər tərəfdən, Suriya münaqişəsinin gedişi göstərir ki, terrorizmlə mübarizə bəhanəsi ilə mülki əhalinin kütləvi şəkildə məhv edilməsi, üstəlik, etnik-dini təmizləmə prosesi gedir.
İdlibdə 3 milyon nəfərdən çox adam yaşayır. Onların əksəriyyəti Suriyanın müxtəlif bölgələrindən köçkün düşmüş şəxslərdir. Məcburi köçkünlər indi ayaq üstədirlər, daha təhlükəsiz yerə getmək üçün Bəşşar Əsəd ordusunun hücumunu gözləyirlər.
BMT-nin məlumatına görə, hərbi qarşıdurma başlayandan bəri ölkədə 400 min nəfərdən çox adam həlak olmuşdur. Onların mütləq əksəriyyəti dinc sakinlərdir. Bəşşar Əsəd rejiminin və onun müttəfiqlərinin, eləcə də ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın həyata keçirdiyi hərbi əməliyyatlar zamanı mülki əhalinin təhlükəsizliyinə məhəl qoyulmamış, uğur kütləvi bombardmanlar hesabına əldə edilmişdir. Eyni metodun İdlibdə də tətbiq olunacağı istisna edilmir. Yəni əyalətin qan gölünə çevrilməyəcəyinə zəmanət yoxdur.
Bu arada Bəşşar Əsəd rejiminin və onun müttəfiqlərinin İdlibə hava hücumları və top atışları ağrılı bəhrəsini verməkdədir. BMT-nin məlumatına görə, sentyabrın 1-dən 9-dək İdlibdə və Həma əyalətinin bəzi rayonlarında 30 mindən çox sakin ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdır. Beynəlxalq təşkilat xəbərdarlıq edir ki, İdlibdə vəziyyət XXI əsrin ən ağır humanitar fəlakətinə çevrilə bilər.

Allahverdi MEHDİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video