Alternative content

11:26 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir ömürlük intizar...
Bir ömürlük intizar...
ANA SƏHİFƏ / SİYASƏT
00:48 11.09.2018


"Azərbaycan”dan başlayıb, mühacirətdə bitən istiqlalçı taleyi


Dənizin üzü dönəndə, dalğalarını şahə qaldırıb tufan qoparanda evlərində intizarın soyuq nəfəsi dolaşırdı. Hələ yaxşı dərk etməsə də, anası Fatma xanımın, özündən altı yaş böyük qardaşı Həsənbalanın baxışlarında görüb tanıdığı o qüssə, təşviş, həyəcanqarışıq intizarı balaca Mirzə Bala da duya bilirdi...
Gözlərini dənizin bərəkətinə dikmişdilər. O da bəzən öz səxavətini, bütün balıqçılar kimi Əlibala kişidən əsirgəyirdi. Hər dəfə köhnə balıqçı qayığından evə əliboş dönəndə, gözlərini uşaqlarının nəzərlərindən yayındırır, günahkarmış kimi onlara baxmağa üzü gəlmirdi. Onda Əlibala kişiyə elə gəlirdi ki, bütün dünyanın ən ağır yükünü onun çiyinlərinə yükləyiblər...
XX əsrin əvvəlləri idi. Günü-gündən çətin gəlirdi. Əlibala kişi dolanışıq dərdindən ailəsini götürüb Zirədən Bakıya köçməli oldu. Çəmbərəkəndin yuxarı məhəlləsində qurduğu evə heç isinişməmiş əcəl qapısını döydü. Əlibala kişi bu dünyadan özü ilə ailəsinin onsuz necə yaşayacağının, övladlarının necə böyüyəcəklərinin intizarını apardı. Üç övladı - iki oğlu və bir qızı Fatmanın ümidinə qaldı.
Atası ilə birlikdə uşaqlığını da itirən Mirzə Bala Məmmədzadə balalarını heç kimə möhtac etməmək üçün çırpınan anasının köməyinə çatdı. O, Fatmanın bişirdiyi çörəkləri küçələrdə, bazarda satır, evə qazanc gətirirdi.


Zamanın qovğalarında...


Təhsil almağa çox qarışıq, ziddiyyətli bir zamanda başladı. Əvvəlcə "7-ci müsəlmani və rusi” məktəbində, sonra Alekseyev adına 3-cü Ali-ibtidai məktəbdə oxudu. Böyük maddi sıxıntılar içərisində təhsil alırdı. Ailənin problemlərini çörək bişirib satmaqla həll etmək çətin idi. Mirzə Bala 1912-ci ildə İsa bəy Aşurbəylinin "Kaspi” mətbəəsində fəhlə kimi işə başladı. Ancaq oxumaq arzusunu yenə qəlbində susdurmadı. Çətinliklərdən qurtulmaq, təhsilini davam etdirmək üçün mübarizə apardı. 1915-ci ildə xeyriyyəçi İsa bəy Aşurbəylinin yardımı ilə Bakı Politexnik Məktəbinin elektromexanika şöbəsində oxumağa başladı.
O vaxta qədər də çox dəyərli müəllimləri olmuşdu. Dövrün tanınmış maarif xadimlərindən - Abdulla Şaiq, Süleyman Sani Axundov, Rəhim bəy Şıxlinski və Əliməmməd Mustafayevdən dərs almışdı. Təhsil illəri bir də ona həyatının ən mükəmməl dostunu - Cəfər Cabbarlını tanıtmışdı. Sinif yoldaşı kimi qurduqları ünsiyyət dostluğa çevrilərək gündən-günə möhkəmlənirdi.
Bir-birlərinə bənzərlikləri çox idi. Uşaqlıq çağında ata itkisi yaşamaq, maddi sıxıntılar, kasıblıq çəkə-çəkə böyümək, məktəbin yoxsul şagirdləri kimi ianə ilə oxumaq hər ikisinin qismətinə düşmüşdü. Amma onları bir-birinə bağlayan təkcə tale oxşarlığı deyildi. İkisi də oxumağa, öyrənməyə istəkli idi. Vaxt keçdikcə başqa ortaq maraqlarını da kəşf edirdilər. Mirzə Bala da, Cəfər Cabbarlı da məktəbdə açılmış dram, şeir, rus dili dərnəklərinə həvəs göstərirdilər. Dostlar təkcə məktəbdə bir yerdə olmurdular. Yaxın məhəllələrdə yaşadıqları üçün evə getdikdən sonra da tez-tez görüşürdülər. Əvvəllər oxuduqları nağılları bir-birlərinə danışırdılar. Yaşları ilə birlikdə ədəbiyyata maraqları da artır, böyüyürdü. Yenə mütaliə etdikləri kitablar barədə fikirlərini bölüşür, bir də yazdıqları bədii əsərləri bir-birlərinə oxuyurdular.
İstedadı, zəhmətsevərliyi o vaxtadək oxuduğu məktəblərdə də Mirzə Balaya sinif yoldaşlarının, müəllimlərinin ehtiramını qazandırmışdı. Ancaq Bakı Politexnik Məktəbi həyatına böyük coşqu gətirdi. Bu ab-havaya təkcə Mirzə Bala Məmmədzadənin qəlbi köklənməmişdi. Elə bir dövr gəlmişdi ki, qayğıları yalnız oxumaq, peşə sahibi olmaq deyildi. Gərgin ictimai-siyasi hadisələr gənc tələbələri öz ağuşuna almışdı. Oxuduqları Bakı Politexnik Məktəbi o illərdə inqilab əhvali-ruhiyyəsinə bürünmüşdü. Tələbələr çarizmin müstəmləkəçilik siyasətinə qarşı çıxır, Azərbaycanın istiqlalı uğrunda mübarizələrini birləşdirmək, gücləndirmək üçün gizli təşkilatlar qururdular. Məktəbdə qeyri-leqal Məmmədiyyə təşkilatı bu məqsədlə yaradıldı. Gənc Mirzə Bala da onun ən fəal üzvlərindən oldu.
Fikirlərini ifadə və bəyan etmək üçün ən təsirli vasitə olan mətbuatda Mirzə Bala Məmmədzadə çox gənc yaşlarından çıxış etməyə başladı. O, 1915-ci ildən "Açıq söz” qəzeti ilə əməkdaşlıq etdi. Bu qəzetdə xalqın tərəqqisində təhsilin, maarifin rolu, məktəblərdə mövcud olan problemlər barədə yazırdı.
Doğma vətəninə, millətinə sevgisi Mirzə Bala Məmmədzadəni Azərbaycanın müstəqilliyi uğrunda mücadilə edənlərin sırasına qoşdu. Bu yol onu siyasətə gətirdi.


Sizi vətən yaşadar...


Mirzə Bala "Açıq söz”lə yanaşı, "Bəsirət” qəzeti ilə də sıx əməkdaşlıq etdi. Bu qəzetin hətta bir neçə nömrəsinin baş redaktoru oldu. Bakıda 1917-ci ildə tələbələrin yayım orqanı olan "Gənclər sədası” və "İttifaqi-mütəllim” qəzetlərinə redaktorluq etdi.
1918-ci ilin yanvarında o, böyük cəsarətlə soydaşlarına səslənirdi: "Bu gün Kəbeyi-müqəddəsiniz olan vətəninizi azad ediniz... Sizi bir insan olaraq vətən yaşadar! Sizin diliniz, sizin irz və namusunuz yenə vətəniniz içində səlamət qala bilər...” ("Açıq söz!”, 4 yanvar, 1918). Həmin ilin martında azadlıq və müstəqillik arzularını gözündə qoymaq, yenidən sinəsinə dağlar çəkmək üçün Azərbaycan xalqının qətliamına fərman verildi. Dinc əhali daşnak-bolşevik birləşmələrinin silahlı hücumlarına məruz qaldı. Şahidi olduğu o ağır faciələri Mirzə Bala Məmmədzadə belə təsvir edirdi: "31 mart 1918-ci sənə. Bu gün Bakımızda qanlar axıdılmış, evlər talanmış, ata-babalarımız şəhid düşmüş, ana-bacılarımız əsir edilmişdi. Bu gün Bakı xəlqi kəndi yurdunda qətliamə, əsarətə və məhkumiyyətə məruz qalmışdı. Bu gün Bakının ətrafından axan neft çeşmələri qan çeşmələrinə müqəddəl olmuşdu. Bu gün Bakı sahilini yuyan Quzğun dənizi qan dənizinə çevrilmişdi. Bu gün suxartsevlər, şaumyanlar oyanmış türk mənliyini öldürmək üçün daşnak qüvvələrinə müraciətən unudulmayacaq qanlı günlər vücuda gətirmişdilər”.
Daşnak-bolşevik birləşmələrinin Bakını qan gölünə çevirdikləri o dəhşətli günlərdən sonra Mirzə Bala Məmmədzadə siyasi hərəkatda daha da fəallaşdı. Üzvü olduğu Müsavat Partiyasının tapşırığı ilə Zaqafqaziya Seymində iştirak etmək üçün Tiflisə getdi. Həmin şəhərdə türk gənclərini ətrafına toplayaraq "İttifadi-mütəəllimin” (Tələbələr İttifaqı) təşkilatını qurdu. Təşkilatın ideya və məqsədini geniş yaymaq üçün Mirzə Bala Məmmədzadənin Tiflis türk gəncləri ilə birlikdə hazırladığı və baş redaktoru olduğu "Gənclər yurdu” adlı jurnalın ilk nömrəsi iyulun 23-də işıq üzü gördü. "İki inqilablar arasında” adlı məşhur əsərini də o, həmin vaxtlar yazdı.
1918-ci ilin 28 mayı bütün vətənsevərlər kimi, Mirzə Bala Məmmədzadənin də həyatının ən unudulmaz, ən xoş arzularına, ümidlərinə yol açan günü oldu. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsini qəbul etdi və onu dünya dövlətlərinin diqqətinə çatdırdı.
Azərbaycan hökuməti Gəncədən Bakıya köçəndən sonra Mirzə Bala Məmmədzadə cümhuriyyətin paytaxtına qayıtdı. Əvvəlcə "Açıq söz”, sonra "İstiqlal” qəzetinin buraxılışlarında iştirak etdi, Azərbaycan xalqının istiqlalına qovuşmasından yazdı.
Dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti fəaliyyətə başladı. Mirzə Bala burada dostu Cəfər Cabbarlı ilə stenoqrafçı vəzifəsinə işə düzəldi. Parlamentin bütün iclaslarında iştirak etməsi ona firqələrin fəaliyyəti, məqsədi, məramı ilə daha yaxından tanış olmaq imkanı yaratdı, partiya liderləri ilə birbaşa ünsiyyət, ayrı-ayrı firqələrin əməlləri ona zəngin material verdi.
Siyasi fəaliyyəti Mirzə Balanı bədii yaradıcılıqdan uzaqlaşdırmadı. Dostu, məsləkdaşı Cəfərlə tez-tez teatr tamaşalarına gedir, bir-birlərinə yeni əsərlərini oxuyurdular. Cəfər Cabbarlı mart hadisələrindən Bakının qurtuluşunadək olan dövrü əhatə edən "Bakı müharibəsi” adlı dramı, Mirzə Bala isə "Bakı uğrunda müharibə” adlı beşpərdəli pyes yazdı. Əsər 1919-cu ilin sentyabrında Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə Dövlət Teatrında səhnələşdirildi.
Bədii yaradıcılıqla məşğul olsa da, 1918-1920-ci illərdə Mirzə Bala Məmmədzadə daha çox jurnalist kimi tanınırdı. Onun ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən yazıları "Azərbaycan” və "Bəsirət” qəzetlərində dərc olunurdu. Doğma xalqın istiqlal ideyasını müdafiə edən müəllifin mübarizliyi, əqidəsinə sadiqliyi, cəsarəti publisistik əsərlərində əksini tapırdı. O, yazılarında müstəqil dövlətin inkişafını ləngidən problemləri, nöqsanları kəskin şəkildə tənqid edirdi. Mirzə Bala "Azərbaycan” qəzetində yer verilmiş "Təşkilatlarımız” adlı məqaləsində yazırdı: "Mart faciəsi və ondan sonra uzanan istiqlaliyyət və paytaxtımızı xilas mübarizələri münasibətilə bütün mədəni təşkilatlarımızda tərki-fəaliyyətə məcbur olmuşlardır. O təşkilatlardan ən məşhurları "Cəmiyyəti-Xeyriyyə”, "Nicat”, "Səfa”, "Nəşri-Maarif”, "Tərəqqi” cəmiyyətləri, habelə "Qənaət”, "İsmailiyyə” və bir çox bu kimi iqtisadi və kooperativ ittifaqları idilər ki, Azərbaycan türk xalqının mədəni və ictimai həyatında böyük rollar oynuyordular. Paytaxtımızın fəthindən sonra bu təşkilatlar fəaliyyətə şüru etmədilər. Ancaq bircə "Cəmiyyəti-Xeyriyyə” (erkək və xanımlarınkı) yenidən məhəlli olaraq icra etmişlərdir. Bunların əvəzində yeni mədəni təşkilatlar doğulmadı ki, hökumətimizin və millətimizin işlərini bir qədər yüngülləşdirsin. Fəqət böylə mədəni təşkilatlarımızın varlığını, millət xüsusən cəmaətimizin ziyalısını hiss ediyordu” ("Azərbaycan” qəzeti, 1919, 3 mart, № 127).
Azərbaycan öz istiqlalına qovuşsa da, təhlükə bitməmişdi. Cümhuriyyət hökumətinin düşmənləri onu məhv etmək üçün məkrli planlar qururdular. Təəssüf ki, istiqlalımızın düşmənləri yalnız özgələr deyildi. Rusiya bolşeviklərinin tərəfdarları olan özümüzünkülər də doğma ölkəsinin azadlığını boğmağa, onu yenidən əsarətə məhkum etməyə çalışırdılar. Mirzə Bala Məmmədzadə məqalələrində dövlət müstəqilliyimizin düşmənlərini ifşa edirdi.
1919-cu ilin 28 mayı cümhuriyyət sevdalılarının ömrünün ən gözəl günü oldu. O gün Azərbaycan xalqı dövlət müstəqilliyinin bir illiyini böyük təntənə ilə bayram etdi. İstiqlal bayramına bəzənib gəlmiş gənc qızların, qadınların üzlərindən sevinc yağırdı. Onların əhvali-ruhiyyələri, fəallıqları Mirzə Bala Məmmədzadəyə "Təhlükə və qadınlarımız” adlı məqaləsini yazdırdı. O, təəssüratlarını belə ifadə edirdi: "Azərbaycan Cümhuriyyəti təşkilini bir çox nəfərin hasili-əməli bilənlərə və Avropa əfkari-ümumiyyəsini əleyhimizə qalxızmaq istəyənlərə millətimiz və zəhmətkeş Azərbaycan türk xalqı lazımi cavab verdi.
Hürriyyət bayramlarında, Qələ nümayişlərində, 31 mart tətilində intriqaçıların siyasi tətillərində xalqımızın göstərdiyi istedad nə qədər siyasi bir huşyarlığa malik olduğunu və istiqlaliyyət fikrilə nə qədər sıx surətdə mərbut bulunduğunu isbat etdi.
28 Mayıs istiqlal bayramı isə keçənlərdən daha qiymətli və daha tarixi bir nümayiş olunmuşdu. Burada millət heyəti-ümimiyyəsilə erkəkindən qadınına, çocuğundan böyükünə qədər iştirak ediyordu. 28 Mayıs bayramı millətin yarısı olan qadınlarımızı da həyati-ictimaiyyəyə dartmış, onların da canlı bir qüvvə olduqlarını isbat etmişdi.
Bunun daha əhəmiyyətli cəhəti bu idi ki, bu hiss, bu anlaqlığı türk qadınları xüsusi hazırlıq sayəsində degil, zamanın təsiri və kəndilərinin təbii dərrakələri, bərəkətilə kəsb etmişlərdi. Ona görə iman edirəm ki, bu gün üzərimizə gələn təhlükəni yalnız kişilərimiz degil, artıq intibaha başlamış qadınlarımız da hiss ediyorlar” ("Azərbaycan” qəzeti, 1919, 10 iyun, № 200).
Vətən üçün, müstəqil milli dövlət üçün təhlükə yarandığı bir vaxtda hər kəsin sərvaxt olmasının, məsuliyyətini dərk etməsinin vacibliyini Mirzə Bala Məmmədzadə xüsusi diqqətə çatdırırdı: "Bu gün gənclərimiz əskər surətində cəbhəyə gedir. Cəmaətimiz qocalarımız ilə ordusu, ehtiyat könüllü alayı yapıyor. Firqələrimiz, partiyalarımız bütün xüsusi firqə münaqişələrini unudaraq vətənin və istiqlaliyyətin müdafiəsi üçün mücahid və mübarizlər düzəltməgə məşğuldurlar.
Yazıçılarımız, mühərrirlərimiz bütün mahirlik və istedadlarını milləti ayıltmağa, vətən müdafiəsi hissi oyatmağa, dostunu və düşmənini tanımağa səy ediyorlar.
Natiqlərimiz xalqımızı ittihadə, birligə və hökumət ətrafına toplanıb Azərbaycanı qorumağa çağırıyorlar.
Bu təhlükə qarşısında qadınlar bütün qüvvələrini toplamalı, səfərbərlik halına gəlməlidirlər.
Təhlükənin acısını istibdad zamanı - martdan sentyabra kimi hiss etmiş, dadmış olan xüsusən Bakı türk qadınları bilməlidirlər ki, imdiki təhlükə keçənkindən daha böyük əsarət və vəhşət gətirir. Əgər kişilərimizin silah başına qoşduğu bu vaxtda qadınlar da dəzgah başına, əsgərlərimizi arxadan təmin etmək işinə qoşmasalar, tarix qarşısında, məsul və mədənilər qarşısında yenə "vəhşi” görünərlər.
...Əgər 28 May nümayişini Bakı türk qadınları heç bir təşkilat tərəfindən, hazırlıq olmadan icra etdisə, ümidvarıq ki, bu işdə qadınlar cəmiyyəti tərəfindən hərəkət olunsa, qadınlarımız atil (ətalətli) qalmazlar. Öz gənc və zərif qüvvələrilə gənc vətənimizə böyük xidmət edərlər” ("Azərbaycan” qəzeti, 1919, 10 iyun, № 200).
Tarix vətən aşiqlərinə, millət sevdalılarına müstəqil dövlət yaratmaq fürsəti vermişdi. Onu qanları, canları bahasına quranlar hər vasitə ilə qoruyub yaşatmağa, inkişaf etdirməyə səy göstərirdilər. Belə bir vaxtda cümhuriyyət hökumətinin təhsil məsələsinə böyük əhəmiyyət verməsinin səbəbi də bu idi. Universitet açmaq, milli kadrlar yetişdirmək həm parlamentdə, həm də mətbuatda qızğın müzakirə olunurdu. Çünki bu məsələnin əleyhdarları da az deyildi. Bəziləri öz fikirlərini belə əsaslandırırdı ki, ölkədə yüksəksəviyyəli mütəxəssislər olmadığı üçün dərslərin rus dilində aparılması azərbaycanlılar üçün çətinliklər yaradacaq. Universitet açılması məsələsini qızğın müdafiə edən Mirzə Bala Məmmədzadə "Darülfünun haqqında” adlı məqaləsində təkliflərini irəli sürürdü: "Darülfünun mütləqa... türkcə olmalıdır. Başqa şöbələri olmasa da, ədəbiyyat və tarix şöbəsini türkcə aparmaq çətin deyildir. Bunun olacağına ümid vardır.
...Gənclərdən, tələbələrdən fəal millət və xəlq xadimləri vücudə gətirmək üçün hökumət tələbələrimizin milli tərbiyəsinə ciddən əhəmiyyət verməlidir. İstər Bakıda, istər Avropaya göndəriləcək indiki dilsiz tələbələrimizdən ana lisanını, milli tarix və ədəbiyyat bilməsi tələb olunmalıdır. Bu olmazsa, millət onun gətirəcəyi elmdən əsla fayda görməz” ("Azərbaycan” qəzeti, 9 iyul, 1919).
Yüksəksəviyyəli milli kadrların yetişdirilməsi üçün cümhuriyyət hökumətinin bir qrup gənci xarici ölkələrə təhsil almağa göndərməsi məsələsinə vətəndaş, ziyalı məsuliyyəti ilə yanaşan Mirzə Bala Məmmədzadə çox da uzaq olmayan tarixə nəzər salırdı. O, böyük qürurla bildirirdi ki, üç il qabaq Avropaya əsir bir ölkənin məhkum bir oğlu gedirdi, indi isə müstəqil bir hökumət halındayıq. "Tələbələrimiz haqqında” adlı məqaləsində yazırdı: "Həyatımız dəyişmiş, cərəyan və tələbatı da başqa hal almışdır. Bu gün istiqlalımızı təmin etmək və onun içərisində yeni bir həyat, mədəni bir dünya yaratmaq projesi cızılmışdır.
...Avropaya getmədən, mükəmməl ana dilini bilmək, milli tarix, milli ədəbiyyat, milli mədəniyyət və həyat haqqında məlumata malik olmaq lazımdır...
İstiqlaliyyətə kimi qayıdan tələbələrimizdə çox şeylər - nöqsanlar və bəlkə həyatımız üçün "zəhərli” gördük.
İlyaslar "Alyoşa” oldular, Məhəmmədlər "Mişa” qayıtdılar. Vəlilərə "Vladimir” deyildilər. Tələbələr evlənib gəldilər.
Milli həyat ilə yaşamadılar. Bununla da xəlqimizi "avropalılıqdan” ürkütdülər. Cəmaətimiz maarifi yanlış anladı, tərəqqidən qaldı” ("Azərbaycan” qəzeti, 1919, 29 yanvar, № 100).
O təəssüflənirdi ki, ölkənin müstəqilliyi elan edilsə də, dövlət quruculuğu sahəsində ilk addımlar atılsa da, hətta parlament üzvləri arasında da milli ruhdan uzaq olanlar var. Mirzə Bala Məmmədzadə öz məqalələrində xalqının və dövlətinin azadlığını sevən, qoruyan milli düşüncəni təbliğ edirdi.


İstiqlal arzularının çilikləndiyi tarix...


1920-ci ilin 27 apreli... Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sonuncu fövqəladə gecə iclası... Hökumətin bolşeviklərə təslim edilməsi təklifi müzakirəyə çıxarılır. Azərbaycanın müqəddəratı həll olunur. Hamı həyəcan içərisindədir. Mirzə Bala Məmmədzadə də, Cəfər Cabbarlı da son iclası kağıza köçürməkdə çətinlik çəkirlər...
1920-ci ilin 28 aprel işğalından sonra bütün təhlükələri, təhdidləri göz önünə alaraq Azərbaycanda qalan vətən övladlarından biri də Mirzə Bala Məmmədzadə oldu. O, Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçi və orta məktəbdə müəllim işlədi.
Aprel işğalından sonra Cəfər Cabbarlının Çəmbərəkənddəki evində keçirilən gizli iclasda yaradılan gizli "Milli müqavimət komitəsi”nin Mirzə Bala Məmmədzadə rəhbəri, Əbdül Vahab Yurdsevər müavini, Cəfər Cabbarlı isə baş katibi seçildi. 1923-cü ilədək gizli mətbəədə "İstiqlal” qəzeti nəşr edildi.
1922-ci ildə Bakıda Mirzə Balanın "Azərbaycan türk mətbuatı” adlı tədqiqat əsəri çapdan çıxdı. Bu, cümhuriyyət dövrünün mətbuatı haqqında ilk sanballı əsərdə 1905-1917-ci illər arasında Azərbaycanda mətbuat, maarif, ədəbiyyat, teatr və digər məsələlər araşdırılmışdı.
O, 1924-cü il yazın sonunadək gizli fəaliyyət göstərdi. Həmin ilin mayında İranın Ənzəli şəhərinə getmək məcburiyyətində qaldı. Oradan Tehrana, sonra Təbrizə yollandı. Bakı Politexnik Məktəbində təhsil alması köməyinə çatdı. Bir müddət şose yolu çəkilişində mühəndis-texnik işlədi. Cənubi Azərbaycanda mühacirətdə qaldığı 1924-1927-ci illərdə Mirzə Bala mühacirlərin fəaliyyətinə başçılıq etdi.
1927-ci ildə Türkiyəyə köçdü. İstanbul Universitetinin Hüquq fakültəsinə daxil oldu. Mühacirətdə də publisist kimi fəaliyyətini davam etdirən Mirzə Bala Məmmədzadə "Yeni Qafqasiya”, "Odlu yurd”, "Azərbaycan yurd bilgisi” jurnalları ilə yaxından əməkdaşlıq etdi.


Vətənsiz ölmək varmış...


Mirzə Bala Məmmədzadənin mühacir həyatı da fırtınalarda keçdi. O, bir sıra ölkələrdə vətənin azadlığı naminə çalışdı. Məhrumiyyətlərlə dolu mühacir həyatı, gərgin iş və qəlbində heç zaman susmayan vətən harayı ömrünü zərrə-zərrə əritdi.
Azərbaycandan gedəndə özü ilə bir intizar aparmışdı. Bir də geri dönəcəkdimi? Ölkəsini yenidən azad, müstəqil görəcəkdimi? Həsrətinin yaşı artdıqca onun ömrü tükənirdi. Xəzərin ətrinə bürünmüş o qumlu sahillərdə bir də gəzmək, dəlisov küləkli havasını içinə çəkmək üçün dözmək, tab gətirmək istəyirdi. Amma köksündə sızıldayan ürəyi daha ağrılara qatlaşa bilmirdi.
1959-cu il martın 1-də Münxendən İstanbula döndü. Ürək ağrıları rahatlıq vermirdi. Mirzə Bala Məmmədzadənin 1898-ci ilin 24 mayında Bakının Zirə kəndində başlanan ömür yolu son dayanacağına yetirdi...
Martın 8-də həyat yoldaşı Bəhirə xanıma və müsavatçı İldəniz Qurtulana dedi: "Ölürəm deyəsən, əlimi tut, İldəniz, Bəhirə, yanımda dur. Vətən torpağına ayaq basmadan ölmək varmış”. Mirzə Bala Məmmədzadə can üstəydi. Onun gözlərində bu dünya özü boyda intizara dönmüşdü. Bu, vətənin bir gün yenidən müstəqil olacağından nagümanlıq deyildi. Ömrünü mühacirətdə başa vuran vətənpərvərlərimizin əksəriyyəti kimi, o da bilirdi ki, Azərbaycanın azadlıq günəşi bir gün yenidən parlayacaq. Mirzə Bala Məmmədzadə görə bilmədiyi o günlərin intizarı, son dəfə vətənin havasını ciyərlərinə çəkə bilməməyin xiffəti ilə vidalaşırdı bu dünya ilə...

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”



28 mayısa doğru!..


Çarlıq Rusiyanın süqutundan təqribən bir ay sonra, 1917 sənəsi nisanın ortalarında Bakının məruf "İsmailiyyə” binası salonunda toplanmış olan ümumi Qafqasiya islamları qurultayı yeni Rusiyanın şəkli-idarəsini müzakirə ediyordu. Rusiyada yaşayan 30-35 milyonluq türklərin milli inkişaflarını təmin üçün hankı bir üsuli-idarəyə ehtiyac vardır? Rusiyada yaşayan türklər nə kibi bir proğramla meydana çıxmalıdırlar?
Şübhəsiz ki, yeganə yol istiqlal yolu idi. Hər millət kəndi müqəddəratına hakim olmaqladır ki, milli varlığını, milli harsını və milli xüsusiyyətlərini mühafizə və inkişaf etdirə bilir. Fəqət Rusiyanın o əsrididə təhəkkümü altında boğulan, inkişaf və hazırlıqdan nisbətən məhrum olaraq çıxmış olan türklər bu istiqlala yavaş-yavaş, Rusiyadakı digər məhkum millətlərlə birlikdə yürüyəcəklərdi. Onun üçün qurultayda hakim bulunan Azəri milliyyətpərvərlər firqəsi "Müsavat” Azərbaycan, Türkistan, Qırğızıstan, Başqırd, Kazan, Krım türkləri üçün milli-məhəlli avtonomi və buna görə Rusiyanın federasyon əsası üzərinə qurulmasını təklif ediyordu.
Bu tezisə qarşı sağ və sol cinahlarda, yalnız dini və harsı avtonomilə iktifa eyləyən Rusiya mərkəziyyətçiləri vardı.
Bilaxirə qurultayın qəbul etdiyi "Müsavat” tezisini eyni sənənin mayıs ayında Moskvada açılan bütün Rusiya türklərinin konqrasında "Müsavat” lideri Məhəmməd Əmin Rəsulzadə müdafiə edərkən, Qafqasiya qurultayında olduğu kibi, qarşısına sol mərkəziyyətçilər çıxmış, Rusiya mərkəziyyətini müdafiə edərək ədəmi-mərkəziyyətin istiqlala, tamamilə ayrılmağa götürən bir yol olduğunu və bunun da yeni ixtilalçı Rusiya demokrasisinə xəyanət olacağını isbata çalışıyorlardı. Fəqət Qafqasiya qurultayının qərarı bu böyük türk qurultayı tərəfindən dəxi davamlı alqışlarla qəbul edilmişdi.
Azərbaycan və digər türk millətsevənlərinin vəzifələri bununla bitmiyordu. Biləks, sağından tutmuş soluna qədər bütün Rus siyasi partilərilə ozamankı ixtilal hökumətinin tamamilə quduzlanmasını mücib olduğundan türklərdə başlayan bu hərəkata qarşı təzyiq və hücum artmağa başlamışdı. Bir tərəfdən bu hücumlara və təzyiqlərə qarşı durmaq, digər tərəfdən fövqüzzikr müqərrəratı (qərarları) həyata keçirmək üçün milli qüvvətləri milli təşkilatlar ətrafında toplamaq, bu təşkilatların kəndisini vücuda gətirmək, məzkur təşkilatlar vasitəsilə Rusiyanın gələcək müqəddəratını təyin edəcək Məclisi-Müəssisana hazırlanmaq lazım gəliyordu.
Azərbaycan millətsevənləri bu təşkilat dövrü vəzifələrini, müvəqqəti ixtilal hökumətinin yaratdığı bütün müşkülata rəğmən, tam bir müvəffəqiyyətlə ifa etdilər. Vaqe olan ümumi, müsavi, xəfi və müstəqim seçkilərdə, qadın və ərkəgin müsavi iştirakları ilə Azərbaycan mərkəzi və məhəlli "Milli şuraları” "Müsavat” firqəsilə milliyyətpərvər demokrat qrupun tam müzəffəriyyəti altında təşəkkül eylədi.
Milli Şura bir tərəfdən Azərbaycan məhəlli idarəyi əlinə almağa çalışırkən digər tərəfdən Rusiya Məclisi-Müəssisanına icra edilən seçkilərə hazırlanıyor, eyni zamanda türklərlə olduğu kibi, Rusiyanın digər məhkum millətləri olan Ukrayna, Leh, Fin, Eston, Latış, Litva, Gürcü və s. ilə bir birlik yapmağa və müştərək bir cəbhə yaratmağa çalışıyordu. Bu məqsədlə Ukraynanın mərkəzi olan Kiyev şəhərində, Azərbaycan müməssillərinin iştirakı ilə açılan konqre gələcək Rusiya Məclisi-Müəssisanında millətlərin hürriyyətini tələb eyləmək üçün rus olmayan bütün millətlərin müştərək hərəkət eyləməsinə qərar vermişdi.
Böylə bir hazırlıq və vahid cəbhə ilə, Azərbaycan və onun hürriyyəti şüarı ilə Məclisi-Müəssisan seçkilərinə girişən Azərbaycan millətsevənləri Azərbaycan xalqının 95 faizinin rəyini qazanmağa müvəffəq olmuşdu.
Fəqət bu zaman Rusiya ixtilalı tarixində bir dönüm anı başladı. Təşrini-sani (noyabr) ayının başlanğıcında 1917 sənəsində Mərkəzi Rusiyada hakimiyyəti bolşeviklər əllərinə aldılar və açılmaq üzrə olan Məclisi-Müəssisanı dağıdaraq diktatorluq elan etdilər. Rusiyayı tam bir anarşi bürüməyə başladı. Qafqasiya ilə Rusiyanın irtibatı tamamilə kəsildi. Yeni bir vəziyyət və yeni bir şərait vücuda gəldi ki, ona görə də yeni bir taktik qəbul etmək icab ediyordu. Rusiyada şubat (fevral) ixtilalından sonra Qafqasiyada əski çar nayibligi əvəzində türk, gürcü və ermənilərdən mütəşəkkil bir Mavərayi-Qafqasiya (Zaqafqasiya) komisarlığı təsis edilmişdi. Mərkəzi Rusiyada bolşevik hökuməti təəssüs etdikdən sonra Zaqafqasiya komisarlığı bolşevik hökumətini qəbul etməməgi, müvəqqətən hökumət şəklini almayı qərara alaraq 28 noyabr 1917-də Zaqafqasiya millətlərinin milli təşkilatlarının iştirakı ilə Y.Qeqeçkorinin rəyasətində təşəkkül edən bu hökumət Zaqafqasiya millətlərindən Rusiya Məclisi-Müəssisanına seçilmiş məbusların iştirakilə Zaqafqasiya Seymi (Parlamentosu) dəvət eyləməgi qərara aldı. Y.Qeqeçkori 1918 sənəsinin 25 fevralında Tiflisdə açılan türk, gürcü, erməni və rus məbuslarından ibarət olan Seymə komisarlğı təslim etdikdən sonra Yeni Qeqeçkori hökuməti təşəkkül etdi.
Zaqafqasiya Seymində siyasi firqələr deklarasiyonlarını elan edərkən Seym məzbətələrindən (protokollarından) görüldügü vəchilə, yalnız "Müsavat” fraksiyonu idi ki, bütün millətlərin, o cümlədən Azərbaycan dəxi müstəqil olması məqsədini güddüklərini və bunun üçün çalışdıqlarını elan ediyordu.
Fəqət Seym qarşısında o zaman daha həyati məsələ duruyordu. Rusiyada iş başına gələn bolşeviklər Almaniya-Türkiyə ilə əqd etmiş olduqları məruf Brest-Litovsk müahidəsi mövcibincə Türkiyə Batum, Qars və Ərdəhan tərəflərini işğal ediyordu. Rusiyanın əski Qafqasiya hərb cəbhəsinin tamamilə ləğv edilməsi lazım gəliyordu. Türkiyə ilə mütəqabil münasibəti təyin eyləmək lazım idi. Fəqət Türkiyə Qafqasiyayı Rusiyanın bir hissəsi halında bildigindən onunla müstəqil bir hökumətlə olduğu şəkildə qonuşmuyordu. Brest-Litovsk qərarının Qafqasiyaya görə tətbiqi əleyhində olan Seym əksəriyyəti hüquqən Rusiyanın bir qismi olmaq həsəbilə Brest-Litovsk müqərrəratını qəbul eyləmək, Türkiyənin Qars və Batuma girməsinə mane olmamaq məcburiyyətində idilər. Brest müahidəsinin tətbiqindən sonra belə Türkiyə ilə müstəqil bir dövlət şəklində anlaşmaq mümkün olmayacaqdı. Çünki Qafqasiya kəndisini rəsmən Rusiyadan ayrı olaraq elan etməmişdi.
Böylə bir vəziyyət qarşısında Zaqafqasiya Seymində və onun Türkiyə ilə müzakirə üçün göndərdigi heyət içərisində bir vəhdət olmadığı meydana çıxmışdı.
Qars-Batumu Türkiyəyə vermək istəmiyən əksəriyyət fraksiyonları Qafqasiyanın müstəqil elan edilməsində dəxi tərəddüd ediyorlardı. Halbuki azərbaycanlılar hər şeydən əvvəl Qafqasiyanın müstəqil elan edilməsini, Türkiyənin təkliflərini qəbul edərək anlaşmayı, ondan sonra Erivan tərəflərində və Azərbaycanda qətliama məruz bulunan türk xalqının qurtarmasına baxmağı istiyorlardı.
Türkiyənin Batuma və Qarsa girmək üçün irəliləməyi davam eyləməsi bütün Zaqafqasiyanın müqəddəratını meydana qoyurdu. "Müsavat” firqəsi rəisi Rəsulzadə Məhəmməd Əmin bəyin hərarətli müdafiəsindən sonra Seym 9 nisan 1918-də "Zaqafqasiyanın müstəqil xalq cümhuriyyəti” olduğunu elan eylədi.
Fəqət Zaqafqasiyanın Azərbaycan qismi və ümumiyyətlə türklərlə məskun yerlər atəş içərisində yanıyordu. Bakıdakı rus əmələsi, rus əskəri qüvvəti və cəbhədən dönən erməni əskəri hissələrinə istinad edən və Şaumyanın idarə etdigi bolşevik firqəsi Bakıda 14.000 türk əhalisini kəsdikdən sonra Şamaxı, Lənkəran, Səlyan tərəflərini işğal edərək, Gəncəyi işğal üçün Kürdəmir və Hacıqabulda duran bir ovuç milli Azərbaycan alayını mühasirə altına almaq üzrə bulunuyordu. Şərqi Azərbaycan bolşevik-daşnaq atəşi içərisində yanmaqda ikən İrəvan vilayətində dəxi yüzlərlə türk köyləri imha ediliyordu. Zaqafqasiya hökumətini təşkil edən millətlər hərə kəndi başını qurtarmaqla məşğul bulunduğundan bu hökumətdən Azərbaycana felən bir yardım olmuyordu.
Bu surətlə daxili və xarici siyasətdə daha müştərək bir proğram tənziminə müvəffəq olmayan Seym 26 mayısda aşağıkı qərar ilə kəndisini ləğv edərək milli vahidlərə ayrıldı.
"Müstəqil Zaqafqasiya Cümhuriyyətini təşkil edən millətlər arasında hərb və sülh məsələsində ixtilaf rəy görüldügündən, bundan dolayı bütün Zaqafqasiya naminə səlahiyyətdar bir hökumət təşkili mümkün olmadığından, Seym, Zaqafqasiyanın parçalandığını bir əmri-vaqe kibi tələqqi edərək kəndi səlahiyyətini tərk ediyor”.
Eyni gündə Seymin gürcü fraksiyonu Gürcüstanı Müstəqil Cümhuriyyət elan edərək Türkiyə ilə ayrıca müzakirəyə başladı. Fəqət Türkiyə artıq Batuma girmiş və Qarsa sahib olmuşdu.
Azərbaycan kəndi müqəddəratını kəndisi təyin eyləmək, atəş içərisində olan məmləkətdə nizam və asayiş qurmaq, paytaxtını qurtarmaq kibi böyük və tarixi imtahanlar qarşısında bulunuyordu. Ordusu, parası, dövlət makinası olmayan bir millətin bütün bu tarixi vəzifələri ifa etməgə qalxması xariqüladə bir hadisə olacaqdı. Azərbaycan Milli Şurası, Azərbaycan Məclisi-Məbusanı toplanancaya qədər bu tarixi məsələləri həll etmək təşəbbüsünü kəndi öhdəsinə alaraq Mayısın 28-də 1918 sənəsində Cənubi və Şərqi Zaqafqasiyadan ibarət Azərbaycanın bu gündən etibarən tam hüquqlu müstəqil bir dövlət olduğunu və bu müstəqil Azərbaycan dövlətinin şəkli idarəsi Xalq Cümhuriyyəti olduğunu elan eylədi.
Həziranın (iyunun) 4-də Azərbaycan Cümhuriyyəti Türkiyə ilə ilk beynəlmiləl müahidəsini əqd ediyordu. Bu müahidələr içərisində ən mühümini təşkil edən əskəri müqavilə mövcibincə Türkiyə Azərbaycana əskəri yardım göndərməgi vəd ediyordu.
Müştərək Türkiyə-Azərbaycan ordusu eylülün (sentyabrın) 15-də Bakıyı daşnak-bolşevik qüvvətlərindən təmizlədi və hökumət Gəncədən Bakıya köçdü. Təşrini-saninin (noyabrın) 16-da, tariximizdə pək qiymətli və pək müqəddəs işlərilə şərəfli səhifələr tutacaq bu Şurayi-Milli son ictimaini yaparaq mövqeini 1918 sənəsi 7 kanuni-əvvəldə (dekabrda) açılan Azərbaycan Məclisi-Məbusanına tərk etdi.
Bu, istixlas və mücadilə dövrünün sonu, mədəni quruluş və daxili fəaliyyət dövrünün başlandığı demək idi.
Əgər bu hürr və müstəqil yaşayışımıza, bu mədəni quruluş və fəaliyyətimizə, hər bir bitərəf avropalının belə etiraf eylədigi üzrə, əgər bu heçdən yaratdığımız bir varlığa fasilə verilmişsə, əgər biz 12 ildən bəri o məsud və altın dövrümüzü yenidən qaytarmaq üçün bütün varlığımız ilə çarpışıyoruzsa, bu, 28 Mayısın tariximizdə, bəlkə Azərbaycanın ilk Türk Cümhuriyyəti olması etibarı ilə bütün türk tarixində açdığı böyük və parlaq dövrün əhəmiyyətini qətiyyən azaltmaz. Bəlkə bugünkü fədakarlıqlar, bugünkü israr, inad və mücadilə kəndi qüvvətini, kəndi ilhamını həp o 28 Mayısdan almaqdadır.
Millətimizin varlığını, hakimiyyətini və hürriyyətini elan edən, ona milli bir bayraq, milli bir məfkurə, müstəqil bir dövlət həyatı verən 28 Mayısın ikinci bir 15 eylül təmin edəcəgi şübhəsizdir.

M.B.MƏMMƏDZADƏ,
"Odlu-Yurd”, 28 Mayıs 1930, N 16

Əsrididə - əsrlər görmüş, qoca, köhnə 
Xəfi - gizli

Qeyd: Məmmədzadə Mirzə Bala (1898, Bakı-Zirə kəndi - 1959 İstanbul). Azərbaycan milli istiqlal hərəkatının görkəmli xadimi, publisist, yazıçı, tarixçi.

P.S. Məqaləni redaksiyaya professor Şirməmməd
Hüseynov təqdim edib