11 Sentyabr 2018 00:47
492
SİYASƏT
A- A+

Erməni KİV-i: “Putin yenə Paşinyanın burnunu ovub geri göndərdi”



Ermənistan baş nazirinin Rusiya ilə münasibətlərdə davamlı olaraq ciddi problemlər yaşaması işğalçı ölkədə narahatlıq yaradıb


Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya son səfəri və bu fonda verilən açıqlamalar Yerevanın Moskva ilə münasibətlərdə hələ də ciddi problem yaşadığını üzə çıxardı.
Belə görünür ki, Paşinyanın siyasəti yenə Rusiyada xoş qarşılanmır və Moskva bunu cavabsız buraxmaq niyyətində deyil. Əslində, səfər zamanı Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşdə verdiyi açıqlamalar da münasibətlərdə problemlərin olduğunu təsdiqlədi.


Münasibətlər gərginləşməkdə davam edir


Paşinyan etiraf etdi ki, Rusiya və Ermənistanın münasibətlərində hələ həllini gözləyən xeyli məsələlər var: "Əminəm ki, iki ölkə arasında bu məsələlər həll ediləcək və biz müttəfiqlik münasibətlərimizdən irəli gələn maraqlara, ölkəmizin maraqlarına, suverenliyinə və bir-birlərinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmətə əsaslanacağıq”. Paşinyanın bu açıqlamasından aydın görünür ki, iki ölkə arasında həllini gözləyən məsələlər var.
Rusiya Prezidenti isə ölkəsinin Ermənistanda əsas investor olduğunu, bu ölkəyə kubu cəmi 150 dollara ucuz qaz verdiyini, atom və istilik enerjisi sahəsində dəstəklərini xatırladıb. Bu isə o deməkdir ki, əslində, Ermənistanın yeni hakimiyyəti qərbyönümlü siyasətini davam etdirsə, onda Yerevan Rusiyanın ona yaratdığı bütün imkanlardan məhrum olacaq.
Bu arada bir məqamı da qeyd edək ki, Paşinyan Moskvaya səfəri zamanı Rusiyadakı bir qrup erməni biznesmenləri ilə də görüşüb. O, bu görüşdə Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə "heç bir problemin olmadığını” deyib və erməni oliqarxlarını Ermənistana yatırım qoymağa çağırıb.
Amma reallıq onu göstərir ki, yaranmış durumda Paşinyan Rusiya ilə münasibətlərdə heç bir problemin olmadığını desə də, iki ölkə arasında əlaqələr pisləşməkdə davam edir.


Moskvanın Yerevana qəzəbi getdikcə şiddətlənir


Paşinyan hökuməti ilə Rusiyanın münasibətlərinin kifayət qədər pis olması barədə məqaləsində Ermənistanın "İravnuk” qəzeti yazır ki, Moskvanın Yerevana qəzəbi getdikcə şiddətlənir. Rusiya rəhbərliyi KTMT-nin baş katibi Yuri Xaçaturovun Yerevana çağırılmasını və orada ona ittiham elan edilməsini Paşinyana bağışlamayıb.
Xatırladaq ki, Xaçaturovun barəsində əvvəlcə ev dustaqlığı qərarı çıxarılıb, amma Rusiyanın güclü təzyiqindən sonra ona Moskvaya qayıtmağa icazə veriblər. Mənbənin bildirdiyinə görə, Xaçaturova görə qəzəbdən əlavə, Rusiyada fəaliyyət göstərən erməni oliqarxlara da ən yüksək səviyyədə xəbərdarlıq olunub. Onlara tapşırılıb ki, Ermənistan hökumətinə bir qəpik də vermək olmaz.
Rusiyada yaşayan bir çox erməni biznesmenlər isə hələ bu xəbərdarlıqdan əvvəl Ermənistandakı proqramlarını dondurublar. Qəzet daha sonra yazır: "Putin Paşinyanın burnunu ovub yenə geri göndərdi. Bu günlərdə erməni biznesmenlər kifayət qədər narahat və hiddətlidirlər, dar çərçivədə deyirlər ki, hələ heç kim onlarla bu tonda danışmamışdı”.


Rusiyanı hiddətləndirən daha bir addım


Üstəlik Ermənistan hakimiyyətinin Rusiyanı hiddətləndirəcək daha bir addım atmağa hazırlaşdığını yazan qəzetin bildirdiyinə görə, hakimiyyət keçmiş baş nazir, hazırda Avrasiya İqtisadi Komissiyasının kollegiya sədri Tiqran Sarkisyanın barəsində cinayət işi qaldırmaq üçün materiallar toplayır: "Mənbələr deyir ki, Sarkisyana qarşı proses daha əvvəl başlamalı idi, amma Rusiyanın KTMT baş katibi Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsinə qızğın reaksiyası buna mane oldu. Rusiya Xaçaturovun təqib edilməsini Ermənistan hakimiyyətinin KTMT-ni nüfuzdan salması kimi qiymətləndirib”.
Məsələ ilə əlaqədar "1in.am” saytı yazır ki, baş verənlər Yerevana baha başa gələcək: "Rusiya xarici işlər naziri Sergey Lavrov da Ermənistandakı vəziyyətin "qaynamaqda davam etdiyini” qeyd edib. O deyib: "Ermənistandakı vəziyyətin hazırda qaynamaqda davam etməsi, o cümlədən on il bundan öncəki hadisələrin təhqiqi, həbslərin aparılması bizi narahat edir. Biz hesab edirik ki, bu, Ermənistanın daxili işidir. Və istəyirik ki, bu daxili işlər möhkəm qanun və konstitusiya əsasında həllini tapsın, həmçinin tezliklə qurtarsın ki, Ermənistan diqqətini yaradıcı vəzifələrə cəlb edə bilsin”.
Bütün bunlar bir daha Rusiyanın Ermənistana qəzəbini açıq ifadə edir.


Paşinyanın sərsəmləməsi


Digər tərəfdən, Paşinyan səfər zamanı Qarabağ münaqişəsi ilə bağlı sərsəm açıqlamalar verməklə Rusiyanın burada indiyə qədər həmsədr kimi fəaliyyətinə də ciddi zərbə vurub. Paşinyanın sözlərinə görə, işğal altındakı ərazilər gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır: "Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir”. O bildirib ki, Ermənistan Dağlıq Qarabağın ərazicə kimə mənsub olması ilə bağlı Azərbaycanla mübahisədə heç bir güzəştə getməyəcək.
Qeyd edək ki, rəsmi Bakı Paşinyanın Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətlərin yolu ilə getməyəcəyinə ümid edirdi. Lakin belə görünür ki, Paşinyanın Qarabağ məsələsində hansısa konstruktivlik nümayiş etdirmək niyyəti yoxdur. Halbuki, Ermənistanın keçmiş rəhbərliyi Dağlıq Qarabağ siyasəti üzündən iqtidardan devrildi. Bu siyasətin davamı isə Paşinyanın da devrilməsini qaçılmaz edir.
Nəzərə almaq lazımdır ki, Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab etməsinə dair açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir.
Ermənistan rəhbərinin bu açıqlaması ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində etməsi isə eyni zamanda Rusiyanın vasitəçilik missiyasına ciddi zərbə sayılır. Belə vəziyyət Rusiyanı qəzəbləndirən növbəti gediş sayılır və Moskva bütün bunları çətin ki, cavabsız qoysun.

Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video