Alternative content

04:49 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndi Azərbaycan həm də sərmayə yatıran ölkədir
İndi Azərbaycan həm də sərmayə yatıran ölkədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:34 11.09.2018


10 il ərzində Gürcüstan iqtisadiyyatına yönəldilən investisiyanın həcmi açıqlanıb


Azərbaycanın bugünkü həyatının ən vacib məqamlarından biri də odur ki, o, artıq investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilib. Əgər 24 il əvvəl ölkəmiz iqtisadiyyatına, ilk növbədə neft-qaz sahəsinə xaricdən sərmayə cəlb etməyə çalışırdısa, indi özü digər ölkələrə investisiyalar yatırır.

Bu sərmayələr Türkiyə, Gürcüstan, İsveçrə, Ukrayna, Rumıniya və digər xarici ölkələrə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) timsalında yönəldilir. Azərbaycan investisiyaları nəticəsində əldə olunan nailiyyətləri qonşu Gürcüstanın nümunəsində də aydın görmək mümkündür.

2007-2017-ci illər ərzində sözügedən şirkət və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayə yatırılıb. Bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında geniş məlumat verilib.

Hesabatda bildirilir ki, bu şirkətin qonşu ölkədəki fəaliyyəti "SOCAR Georgia Petroleum”, "SOCAR Gas Export-Import”, "SOCAR Georgia Gas”, "SOCAR Georgia Gas Distribution”, "Black Sea Terminal” və digər şirkətlər vasitəsilə həyata keçirilir. Hazırda Gürcüstan ərazisində SOCAR-a tabe şirkətlərdə ümumilikdə 4 minədək işçi çalışır.

"SOCAR Georgia Petroleum”un əsas fəaliyyəti Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının Gürcüstan bazarında topdan və pərakəndə satışını təşkil etməkdən ibarətdir. Hazırda qonşu ölkənin ərazisində "SOCAR” brendi ilə 116 yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir. Ümumilikdə 2006-2017-ci illər üzrə şirkət tərəfindən 196 milyon dollar məbləğində investisiya qoyulub. Keçən il şirkət 347 milyon litr həcmində neft məhsullarının satışını reallaşdırıb.

"SOCAR Georgia Gas” isə Gürcüstan ərazisinin qazlaşdırılması proqramının icrasını təmin edir. 2008-ci ildə Gürcüstan hökuməti ilə SOCAR arasında imzalanan razılaşmaya əsasən "SOCAR Georgia Gas” MMC ölkədə 150 min abonentin qazlaşdırılmasını həyata keçirməli və ölkəyə 40 milyon dollar sərmayə yatırmalı idi. 2008-2017-ci illər ərzində "SOCAR Georgia Gas” ümumilikdə 250 min abonenti qazla təmin edib, 290 milyon dollara yaxın həcmdə sərmayə qoyuluşu həyata keçirib. Əgər şirkət Gürcüstan bazarına daxil olarkən qaz itkisi 31,5 faiz təşkil edirdisə, hazırda bu rəqəm 3,6 faizə qədər azalıb. Beləliklə, indi "SOCAR Georgia Gas” bütün Gürcüstan üzrə 590 mindən artıq abonentə xidmət edir. Keçən il şirkətin kapital xərcləri təxminən 40,3 milyon dollar olub. Bundan başqa, şirkət göstərilən dövrdə Gürcüstan bazarına ümumilikdə 1,4 milyard kubmetr həcmində təbii qaz idxal edib. Bu il üçün olan proqnozlara əsasən, idxal ediləcək qazın həcmi 1,8 milyard kubmetrə çatacaq.

Qonşu ölkədə fəaliyyət göstərən şirkətlərdən biri də "SOCAR Gas Export-Import”dur ki, onun da əsas fəaliyyəti Gürcüstanın bütün sosial sektorunda fasiləsiz qaz təchizatı üçün zəruri olan həcmdə iki qrup istehlakçılara - əhaliyə və enerji istehsalı obyektlərinə təbii qazın verilməsidir. 2009-2017-ci illərdə Gürcüstanın ictimai bazarı 12 milyard kubmetrə yaxın təbii qazla təchiz olunub. Təkcə ötən il ərzində bu ölkənin ictimai bazarına verilən qazın miqdarı təqribən 1,7 milyard kubmetr təşkil edib.

2017-ci il ərzində "SOCAR Georgia Gas Distribution” şirkətinin kapital xərcləri təxminən 11,4 milyon dollar həcmində olub. Bu dövr ərzində Gürcüstan bazarına ümumilikdə 137,9 milyon kubmetr təbii qaz satılıb, 194,2 milyon kubmetr təbii qaz isə nəql olunub. "SOCAR Georgia Gas Distribution” şirkətinin 2017-ci il ərzində xalis mənfəəti 4,3 milyon dollar təşkil edib.

"Black Sea Terminal” - Kulevi Neft Terminalı 10 ildən çoxdur fəaliyyət göstərir. 2008-ci ildə istismara verilən bu terminal Azərbaycan və Orta Asiya regionundan neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub. İstismara qədər investisiya xərcləri 233 milyon dollar həcmində olub. 2008-2017-ci illər arasında terminala 96 milyon dollar (2017-ci ildə 10 milyon dollar daxil olmaqla) sərmayə yatırılıb.

Ötən illər ərzində SOCAR-ın Gürcüstandakı nümayəndəliyi bir sıra sosial layihələr də gerçəkləşdirib. Belə ki, şirkətin Tbilisi və Batumidəki inzibati ofis binaları, Gürcüstanın paytaxtında M.F.Axundzadənin və N.Nərimanovun ev-muzeyləri, Marneulidə "Çay evi” və "Gənclər mərkəzi”nin alınması və əsaslı təmir olunaraq istifadəyə verilməsi kimi iri tikinti layihələri həyata keçirilib. Bu layihələr də daxil olmaqla Gürcüstan iqtisadiyyatına 68,4 milyon dollar məbləğində maliyyə vəsaiti xərclənib.

Xatırladaq ki, bundan əlavə, 2007-2017-ci illər ərzində SOCAR və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə yatırılıb. Sözügedən hesabatda həmçinin məlumat verilir ki, Gürcüstan dövlət büdcəsinə 1,252 milyard dollar məbləğində vergi (bütün növ vergi tutmaları üzrə) ödənilib.

Flora SADIQLI,

"Azərbaycan”