Alternative content

09:13 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət qayğısının daha bir ünvanı
Dövlət qayğısının daha bir ünvanı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:43 09.09.2018


Respublika iqtisadiyyatının möhkəmlənməsinə sanballı töhfələr verən, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi uğrunda vüsət alan hərəkatın ön sıralarında gedən Sabirabad hər zaman dövlət qayğısının mərkəzində yer alır.

Son illər sürətlə inkişaf edən rayon bütün istiqamətlərdə - istər aqrar sektorun dinamikasında, istərsə də genişmiqyaslı tikinti, abadlıq-quruculuq işlərinin uğurla reallaşdırılmasında Muğan düzünün mərkəzi funksiyasını şərəflə daşıyır.

Bol taxıl, pambıq, barama, ət, süd, digər kənd təsərrüfatı məhsulları istehsal etməklə firavanlıq yaradan sabirabadlıların sosial ehtiyaclarını yüksək səviyyədə qarşılamaq üçün dövlətin gördüyü tədbirlər alqışa və minnətdarlığa layiqdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Sabirabadda Avropa standartları səviyyəsində möhtəşəm xəstəxana kompleksi tikilib istifadəyə verilmişdir. Müasir tələblərə uyğun layihə əsasında inşa edilən, müasir tibb avadanlıqları ilə təchiz edilən bu unikal səhiyyə müəssisəsinin açılışında dövlət başçısı iştirak etmişdir. Ötən il noyabrın 28-də bu münasibətlə keçirilən tədbir sabirabadlıların yaddaşında şirin bir xatirə kimi qalıb. Açılış mərasimi zamanı rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşündə Prezident İlham Əliyev demişdir: "Həm xarici görünüşü, həm də daxili şəraiti baxımından zövq oxşayan 205 çarpayılıq Sabirabad Rayon Mərkəzi Xəstəxanası ən yüksək standartlara cavab verir. Bu, çox gözəl memarlıq abidəsidir. Burada dünyanın aparıcı şirkətlərinin ən qabaqcıl avadanlığı quraşdırılıb, bütün şərait yaradılıb. Burada bütün şöbələr, o cümlədən cərrahiyyə, dializ, reanimasiya, terapiya şöbələri fəaliyyət göstərir. Bir sözlə, Sabirabad şəhərində açılan bu xəstəxana dünya səviyyəsində seçilən xəstəxanalardan biri olacaq.

Bu onu göstərir ki, ölkəmizin bütün bölgələrində gözəl imkanlar var. Bu, onu göstərir ki, Azərbaycan bundan sonra da sosial sahədə böyük uğurlara imza atacaq. Çünki belə xəstəxanaların tikintisi, əlbəttə ki, maliyyə vəsaiti tələb edir və bu, təmin olunur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, maliyyə vəziyyətimiz sabitdir, siyasətimiz sosialyönümlüdür və sosial sahənin inkişafı bizim prioritetimizdir. Ölkəmizin bütün bölgələrində müasir xəstəxanalar istifadəyə verilib. Hesab edirəm, 2019-cu ildə bir dənə də şəhər qalmayacaq ki, orada müasir tibb ocağı olmasın. Gələn il təqribən altı yeni mərkəzi rayon xəstəxanası açılacaqdır. 2019-cu ildə qalan xəstəxanalar da istifadəyə veriləcək və beləliklə, Azərbaycanın hər bir şəhərində ən müasir tibb xidməti göstəriləcək.”

Artıq bir ilə yaxındır ki, yeni xəstəxana bölgə əhalisinə yüksək səviyyəli tibbi xidmət göstərir. Tibbin ən son nailiyyətləri hesab edilən müasir avadanlıqlarla təmin olunmuş yeni xəstəxanada yaradılan şərait imkan verir ki, müxtəlif səbəblərdən sağlamlıq problemi ilə üzləşmiş hər hansı bir rayon sakininin paytaxt Bakıya üz tutmasına, vaxt itirməsinə, əlavə vəsait xərcləməsinə daha ehtiyac qalmasın. Yüksək ixtisaslı həkimlər vətəndaşların hər bir müraciətini qayğı və diqqətlə qarşılayır, onların sağlamlığının keşiyində möhkəm dayanmağa çalışırlar. Xəstəxanada görüşdüyümüz rayon sakini Rasim Vəlizadənin dedikləri:

- Görmə problemim vardı. Göz həkimi Elmira Zeynalovaya müraciət etdim. Gözlərimi diqqətlə müayinə edəndən sonra müalicəyə ehtiyac olduğunu söylədi. Artıq bir həftədir ki, müalicə götürürəm. Müqayisə olunmayacaq dərəcədə irəliləyiş var. Bizim sağlamlığımız üçün qayğısını əsirgəməyən, belə gözəl şərait yaradan dövlət başçısına minnətdarıq.

Yeni xəstəxana kompleksi 5 hektara yaxın ərazini əhatə edir. Ərazinin 1,2 hektarında dördmərtəbəli üç binadan ibarət xəstəxana kompleksi inşa olunmuşdur. Muğan əhalisinə dövlətin sanballı qayğısı kimi diqqətçəkən müasir tipli bu sağlamlıq ocağında cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, doğum, nevrologiya, anesteziologiya və reanimasiya, hemodializ, fizioterapiya, infeksion, poliklinika, təcili təxirəsalınmaz yardım şöbələri, klinik laboratoriya, şüa diaqnostika şöbələri fəaliyyət göstərir.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri namizədi, dosent Yusif Quliyev söhbət zamanı bildirdi ki, bütün tibb personalının qüvvə və bacarığını səfərbər edərək çalışırıq ki, Prezident İlham Əliyevin bölgə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasına ünvanlanmış böyük qayğısını öz nümunəvi xidmətimizlə tamamlayaq. Dövlət lazım olan hər şəraiti yaradıb. Gözəl, yaraşıqlı, əlverişli bina, ən məşhur dünya şirkətlərinin istehsal etdikləri müasir tibb avadanlıqları istifadəmizə verilib. Yaradılan bu ideal şəraitdən məqsədyönlü şəkildə istifadə edib xalqa nümunəvi səhiyyə xidməti göstərmək bizim şərəfli borcumuzdur.

Lazım QULİYEV,

"Azərbaycan”