Alternative content

12:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dostların və müttəfiqlərin görüşü
Dostların və müttəfiqlərin görüşü
ANA SƏHİFƏ / SİYASƏT
00:36 09.09.2018


Rusiyalı politoloqlar Azərbaycan və Rusiya prezidentlərinin Soçi danışıqlarını yüksək qiymətləndirirlər


Prezident İlham Əliyevin sentyabrın 1-də Rusiyaya etdiyi rəsmi səfər Azərbaycanla bu ölkə arasında münasibətlərin mehriban qonşuluq və dostluq prinsiplərinə söykənərək inkişaf etdiyini göstərdi.
Ən əsası bir daha təsdiq olundu ki, bu münasibətlər həm də strateji xarakter daşıyır və Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır. Azərbaycan Prezidentinin səfərinə münasibət bildirən rusiyalı politoloqlar da iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və strateji xarakter daşıdığını qeyd edirlər.


Liderlərin səmimi dostluq münasibətləri proseslərə güclü impuls verir


"Sentyabrın 1-də Soçidə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ölkələrimiz arasında münasibətlərin inkişafında olduqca mühüm mərhələdir. Göz qabağındadır ki, iki dövlətin liderləri arasında şəxsi səmimi dostluq münasibətləri bu proseslərə çox güclü impuls verir”. Bu sözləri Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib. O qeyd edib ki, ölkələrimiz arasında əmtəə mübadiləsinin artması xarici iqtisadi qarşılıqlı əlaqələrin inkişafının böyük potensialını nümayiş etdirir. Bu yaxınlarda Xəzərin hüquqi statusu haqqında qəbul edilmiş konvensiya birgə müəssisələrin yaradılması, birgə layihələrin icrası üçün yeni imkanlar açıb.
"Siyasi zəmin də çox vacibdir - olduqca mürəkkəb xarici siyasi şəraitdə biləndə ki, böhranlı vəziyyətdə qardaş xalqlar hər zaman çiyin-çiyinə duracaq, onda kollektiv Qərb tərəfdən xarici təzyiqə qarşı müqavimət göstərmək xeyli asan olur. Rusiya ilə Azərbaycan arasında sarsılmaz münasibətlər bütün regionda təhlükəsizliyin əsasıdır. Buna görə də bu məsələ prezidentlərin Soçi görüşündə diqqət mərkəzində idi”, - deyə rusiyalı deputat bildirib.
Onilliyin ən mühüm görüşü
Rusiyanın tanınmış politoloqu Qriqori Trofimçuk Rusiya və Azərbaycan prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü əlamətdar hesab edir. "Bir çox ekspertlər iki prezident arasında keçirilmiş görüşü onilliyin ən mühüm görüşü hesab edirlər. Bir çox cəhətdən bu fikirlə razıyam. Lakin mən onu daha dəqiq olaraq belə adlandırardım: əlamətdar görüş. Sadəcə o səbəbdən ki, Rusiya və Azərbaycan arasında yüksək səviyyəli danışıqlar Ermənistanın anlaşılmaz davranışının artması fonunda keçdi” -deyə o bildirib.
Politoloqun sözlərinə görə, heç də sonuncu dərəcəli olmayan həmin səbəbdən İlham Əliyevin səfərinə məhz bu cür məna verilib. "Xüsusən ona görə ki, razılaşmaların olduqca mühüm bəndlərindən biri, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu ölkənin Rusiyadan getdikcə daha çox hərbi təyinatlı məhsullar almasıdır. Artıq bu məhsulların dəyəri 5 milyard dolları ötür. Bu, bariz nümunədir” - deyə Q.Trofimçuk qeyd edib.
Q.Trofimçuk bildirib ki, Azərbaycan özünü regionda Moskvanın daha etibarlı tərəfdaşı olduğunu göstərir ki, bu da artıq özlüyündə siyasi kapitaldır. Bu mənada onu tez-tez strateji tərəfdaş adlandırırlar, hərçənd ki, Azərbaycan Ermənistan kimi nə Avrasiya İqtisadi Birliyinə, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olub. Danışıqların yekunu üzrə imzalanmış böyük sənədlər isə rusiyalı ekspertin fikrincə, müstəqil məna kəsb edir və regionda vəziyyəti gərginləşdirmək meylindən uzaqdır.
"Rusiya Prezidenti öz növbəsində, "Şimal-Cənub” nəqliyyat marşrutunun vacibliyini qeyd edib ki, bu, bütünlükdə regional təhlükəsizliyi möhkəmlətməyə imkan yaradır. Beləliklə, iki prezidentin görüşü Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün möhkəm əsaslar yaratdı” - deyə rusiyalı politoloq diqqətə çatdırıb.


Münasibətlər strateji xarakter daşıyır


"Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ölkələrimizin münasibətlərini çox yüksək qarşılıqlı etimad və faydalı əməkdaşlıq səviyyəsinə çatdırdı”. Bu sözləri isə tanınmış rusiyalı məşhur politoloq Pavel Klaçkov Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfərinin və Prezident Vladimir Putinlə aparılmış danışıqların yekunlarını şərh edərkən söyləyib. O deyib: "Prezident İlham Əliyevin Rusiyaya səfəri göstərdi ki, ölkələrimiz arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Bu qarşılıqlı fəaliyyət həm ikitərəfli münasibətlərin, həm də daha ciddi beynəlxalq problemlərin geniş spektrini əhatə edir. İndi dünya nizamının formatının dəyişdiyini müşahidə etdiyimiz bir vaxtda, hər iki ölkə birgə olmalıdır ki, beynəlxalq siyasətdə bu qeyri-sabitlik dövrünü ən az itki ilə başa vursunlar. Bunun üçün müxtəlif istiqamətlər üzrə, o cümlədən təhlükəsizlik, hərbi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığı möhkəmləndirmək lazımdır. Səfər uğurlu keçdi və qarşıya qoyulmuş bütün hədəflərə nail olundu”.
Ekspert Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayaraq bildirib ki, əlaqələr uzunmüddətli və planlı xarakter daşıyır: "Ticarət və neft-qaz sahələrində əməkdaşlığın müsbət nəticələri göz qabağındadır. Biz kənd təsərrüfatı sahəsində əməkdaşlığın vacibliyini də başa düşürük. Rusiya bazarına Azərbaycandan çoxlu kənd təsərrüfatı məhsulları daxil olur.
İndi biz səmərəli nəqliyyat modellərini, o cümlədən "Şimal-Cənub nəqliyyat dəhlizi”nin yeni infrastruktur qovşaqlarının yaradılmasını da nizamlamalıyıq. Rusiya üçün Azərbaycanın geosiyasi əhəmiyyəti artır. Biz başa düşürük ki, Hindistana gedib çıxan bu nəqliyyat dəhlizi Rusiya üçün çox vacibdir. Ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında yaxşı münasibətlər olmasa, bir sıra ölkələrin iqtisadi və təhlükəsizlik problemlərinin həlli mümkün deyil. Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi, burada münaqişəli zonaların olmaması, münasibətlərin kəskinləşməməsi Rusiyanın da maraqlarına uyğundur”.
Rusiyalı politoloq deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması "Şimal-Cənub nəqliyyat dəhlizi”nin inkişaf etdirilməsi baxımından Rusiya üçün də zəruridir. Pavel Klaçkov iqtisadi əməkdaşlığın müxtəlif aspektlərinə toxunaraq qeyd edib ki, çoxlu sayda biznes layihələri, xüsusən Taman bərə terminalının tikintisi layihəsi var. O, iqtisadi əlaqələrin genişlənməsində Bakının rolunu vurğulayaraq deyib: "Burada iki yanaşmanın sintezi müşahidə olunur. Biz təhlükəsizliyi təmin etmək üçün hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk. Qarşılıqlı etimadın müəyyən səviyyəsinə çatandan sonra isə iqtisadiyyatı inkişaf etdiririk. Rusiya hesab edir ki, burada ardıcıl irəliləmək üçün çox böyük perspektivlər, geniş imkanlar var. Ölkələrimiz iqtisadiyyatın bir sıra sahələrində, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığı addım-addım genişləndirir, hərtərəfli düşünülmüş tədbirlər həyata keçirirlər”.


Azərbaycanın necə inkişaf etdiyi, Bakının necə gözəlləşməsi göz qabağındadır


Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri və Prezident Vladimir Putinlə görüşü iqtisadi əməkdaşlığın prioritet istiqamətləri barədə birgə bəyanatın, habelə bir sıra mühüm sənədlərin, o cümlədən nəqliyyat, neft-qaz, idman, turizm, rəqəmsal sistemlər sahələrində sazişlərin imzalanması ilə başa çatdı. Prezidentlər arasında gözəl şəxsi münasibətlər sonda bu müqavilələrə transformasiya edir.
Bu barədə danışan Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov qeyd edib ki, iki ölkənin liderləri arasında səmimi dostluq münasibətləri əməkdaşlığın bütün istiqamətlərində əlaqələrin inkişafına kömək edir. Leonid Kalaşnikov vurğulayıb: "Deməliyəm ki, "quru” rəqəmlər və faktlar arxasında uzun illər boyu bizim münasibətlərimizdə təzahür edən səmimiyyət var. Mən Prezident
İlham Əliyevi yaxşı tanıyıram və bilirəm ki, o, Rusiyaya çox səmimi münasibət bəsləyir. Bu həm də onda təzahür edir ki, Azərbaycanda rus dili təbliğ edilir, rus məktəbləri fəaliyyət göstərir. Mən özüm dəfələrlə həmin məktəblərdə olmuşam. Azərbaycanın necə inkişaf etdiyi, Bakının necə gözəlləşməsi göz qabağındadır. Mən heç yerdə belə gözəl Dənizkənarı bulvar görməmişəm”.
Rusiyalı deputat Azərbaycanın turizm potensialının Rusiyada təbliğini gücləndirməyin vacibliyini qeyd edərək deyib: "Azərbaycandakı bəzi turizm obyektləri xarici ölkələrdəki kurortlarla müqayisədə qat-qat yaxşı və maraqlıdır. Mən heç gözləməzdim ki, Rusiyadakı kimi təbii şəraiti olmayan Azərbaycan qış turizmi sahəsində bu qədər irəliləyib. Mən tez-tez deyirəm ki, Azərbaycanın kurort potensialını rusiyalılar arasında daha çox təbliğ etmək lazımdır”.
L.Kalaşnikov ölkəmizin müasir inkişaf səviyyəsinə çatmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. Deputat deyib: "Dünən mən "Zvezda” telekanalının "Yeri gəlmişkən” ("Mejdu tem”) verilişində çıxış edərkən Heydər Əliyevi nümunə göstərdim və prezidentin öz vədlərini necə yerinə yetirməli olması barədə danışdım. Heydər Əliyev xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıdanda Bakının küçələrində silahlı dəstələr qaynaşırdı, bütün oriyentasiya pozulmuşdu. Onda Heydər Əliyev dedi: "Mən qayda yaradacağam, hamı ilə razılığa gələcəyəm”. O, prezident olandan sonra həmin silahlı adamların yanına getdi, rus diasporunun və digər icmaların nümayəndələri ilə görüşdü. Deməliyəm ki, bu, bizim bu gün hakimiyyətdə olanların çoxu üçün örnəkdir - rəhbərin öz xalqına və öz dövlətinə necə münasibət bəsləməli, bütün xırda məqamları kənara ataraq xalq haqqında düşünməli olması barədə örnək. Mənim iş kabinetimdəki şkafda bir fotoşəkil var: mən, Gennadi Zuqanov və İlham Əliyev birlikdə çəkdirmişik.
İlham Əliyevin dövlətə necə rəhbərlik etdiyini mən çox yüksək qiymətləndirirəm, ona uğurlar arzulamaq və onu əmin etmək istəyirəm ki, mən bir parlamentari kimi Azərbaycana kömək etməyə həmişə hazıram”.


Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün ən vacib məsələdir


"Prezidenlər İlham Əliyevin və Vladimir Putinin Soçidə keçirilən görüşündə bir çox məsələlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub, ondan çox vacib sənəd imzalanıb. Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin son üç ayda üç görüşü baş tutub. Bu görüşlər yaxın dostların və müttəfiqlərin mütəmadi görüşləridir”. Bunu Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq və ictimai xadim Sergey Markov deyib.
Politoloq bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həm prezidentlər səviyyəsində, həm də iqtisadi, siyasi və humanitar sahələrdə inkişaf edir. Diaspor üzvləri hər iki dövlətdə rahat fəaliyyət göstərirlər. Qeyd olunub ki, Cənubi Qafqaz ölkələri arasında rus dili ən çox Azərbaycanda yayılıb və bu, Rusiya tərəfindən yüksək qiymətləndirilir. Bütün bu amillər onu göstərir ki, ölkələrimiz arasında strateji əməkdaşlıq mövcuddur.
Sergey Markov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün ən vacib məsələdir. Lakin Ermənistanda baş verən hakimiyyət böhranı danışıqlar prosesini ləngidir. Prezident Vladimir Putinin Soçidə mətbuata bəyanatında dediyi kimi, Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək.


Rusiya və Azərbaycan prezidentlərinin görüşü Ermənistanda ciddi gərginlik doğurub


Rusiya Siyasi Tədqiqatlar İnstitutu direktorunun müavini Darya Qrebtsova isə bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü Ermənistan mətbuatının yazdığına görə, bu ölkədə ciddi gərginlik doğurub. Buna səbəb isə Rusiyanın Türkiyə ilə münasibətlərinin sürətlə inkişaf etməsidir. Çünki Azərbaycan Türkiyənin dostu, qonşusu və strateji tərəfdaşı olaraq Rusiya ilə Türkiyənin bir-birinə yaxınlaşmasında maraqlıdır. Üç dövlətin bir-birini dəstəkləməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli işinə müsbət təsir göstərəcək.
Darya Qrebtsova qeyd edib ki, humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi də Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə diqqət mərkəzində olub. Gələn ay Azərbaycanda növbəti Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək. Foruma bütün dünyadan alimlər, siyasi xadimlər qatılır. Forum iştirakçıları Azərbaycana gəlib buranın inkişafını öz gözləri ilə görürlər və bu ölkənin dostu olurlar. Tədbir iştirakçıları vətənlərinə qayıdandan sonra Azərbaycanda işlərin əslində, necə olduğunu danışırlar. Çünki bir çoxları Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı rayonların işğal olunmasından xəbərsizdirlər. Bu forum Azərbaycan torpaqlarının işğal olunması haqqında məlumatın beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib rol oynayır. Azərbaycan Prezidenti
İlham Əliyev bu işi forumda müvəffəqiyyətlə görür.
Direktor müavini həmçinin diqqətə çatdırıb ki, Rusiya və Azərbaycan arasında münasibətlər bir çox sahələrdə uğurla inkişaf edir, ölkələrimiz bir-birinə daha da yaxınlaşır.

Rəşad CƏFƏRLİ
"Azərbaycan”