Alternative content

10:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müttəfiqlərlə rəqiblərin ticarət müharibəsi
Müttəfiqlərlə rəqiblərin ticarət müharibəsi
ANA SƏHİFƏ / SİYASƏT
00:14 09.09.2018

ABŞ-ın iqtisadi sanksiyaları qlobal depressiyaya səbəb ola bilərmi


Hamı bir-birinə qarışıb, kimin dost, kimin düşmən olduğu bəlli deyil. Bunu heç kim gözləməsə də, hamı qaçılmaz və acı reallıqla üzləşdi. Hadisələr elə sürətlə inkişaf etdi ki, kələfin ucunu heç kim tuta bilmir. Okeanın o tayındakı Ağ evin tətbiq etdiyi iqtisadi sanksiyalar ABŞ-ın rəqiblərinin əsəblərini tarıma çəksə də, elə NATO alyansı daxilində doğurduğu narazılıqlar da səngimək əvəzinə getdikcə qızışan ticarət müharibəsindən xəbər verir. "BBC”nin rus xidməti Donald Trampın üç - Çin, Avropa və Amerika cəbhəsində başladığı ticarət müharibəsində geri çəkilmədən israrla irəli getdiyini bildirir. Bu mövzu bütün Qərb mətbuatında geniş işıqlandırılır və demək olar ki, hər gün manşetə çıxarılır. Oxucuların marağını nəzərə alaraq problemlə bağlı dünyanın aparıcı KİV-nin xülasəsini təqdim edirik.
Sanksiyalar tətbiq edilən dövlətlərin, şirkətlərin, təşkilatların və fərdi adamların siyahısı uzandıqca vəziyyət daha da mürəkkəbləşir, kimin haqlı, kimin haqsız olduğu bilinmir. Artıq ticarət müharibəsi adını alan iqtisadi sanksiyalar hətta uzun illər müttəfiq sayılan aparıcı dövlətlərin münasibətlərində gərginlik yaradır, ciddi iqtisadi fəsadlara, dövlətlərarası münasibətlərin ağırlaşmasına səbəb olur. Bu baxımdan ABŞ-la Çin, İran və Rusiya arasındakı çəkişmələr müəyyən qədər başa düşülsə də, Ağ evin eyni jestlə, müttəfiqlərinin - Türkiyənin və Avropa dövlətlərinin üstünə sanksiyalarla yeriməsi ilk növbədə, müttəfiqlərin arasında anlaşılmazlıq yaradır və ciddi suallara səbəb olur.
ABŞ-ın türk poladı və alüminiumuna rüsumu qaldırması Türkiyəni adekvat addımlar atmağa məcbur etdi. Nəticədə birləşmiş ştatların 20 adda məhsulu da bu ölkənin cavab sanksiyalarına məruz qaldı. NATO yaranan gündən müttəfiqlər arasındakı həmrəylik və yekdillik qibtə olunacaq səviyyədə idi. Bu ilin martından bu günədək Ağ evin "doğmalarına” tətbiq etdiyi ticarət sanksiyaları heç yadın da ağlına gəlməzdi. Türkiyə müttəfiqinin bu addımını arxadan vurulan zərbə kimi qəbul edir və belə hesab edir ki, onu iqtisadi müharibəyə sövq edirlər.
Ən pisi də odur ki, Ağ evin sanksiyaları sayəsində birləşmiş ştatların iqtisadiyyatı bumeranq effektinə məruz qalır. Amerikanın qara günlərinin başlaması xəbəri istənilən anda mediada bomba kimi partlaya bilər. Məsələn, Amerikanın "Harley Davidson” şirkəti bu çəkişmələrdən əvvəl ümid edirdi ki, Tramp Avropa ixracatında rüsumları azaldacağı barədə verdiyi vədi yerinə yetirəcək. Atalar demişkən, sən saydığını say, gör, fələk nə sayır. İndi "Harley Davidson” həm ölkəyə gətirilən metalın tariflərinin artmasından, həm də Avropa dövlətlərinin bu şirkətə qarşı rüsumları ikiqat, üçqat qaldırmasından əziyyət çəkəcək. İstehsal etdikləri motosikletlərin kəskin qiymət artımı qarşısında aciz qalan "Harley Davidson” 3 ayda itirdiyi böyük məbləğlərə görə Trampdan narazı qaldığını bildirir. Hamının bərabər qaydalarla faydalanmağa çalışdığı iqtisadi bazarda digərlərinin imkanlarını məhdudlaşdıran təzyiq alətlərinin tətbiqi yolverilməzdir. Böyük dövlətlər bazar münasibətlərindəki harmoniyanı pozub xaos yaradanda meqoiqtisadiyyatın çökmə ehtimalı artır. Yəni, qurunun oduna yaş da yanır.
Son aylarda ABŞ-ın Türkiyədən başqa, İrana və Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları Avropa narazılıqla qarşılayır. İranla işləyən Avropa şirkətlərinin ABŞ-ın sanksiyalarına məruz qalması Avropa ölkələrinin təhlükəsizliyinə təsir edə bilər. Avropanı qeyzləndirən də odur ki, sanksiyalar nəticəsində Avropa şirkətlərinin milyardlarla dollar itirəcəyi qaçılmaz olacaq. Almaniya, Fransa və İngiltərənin xarici işlər nazirlikləri müdafiə üçün iqtisadi və hüquqi mexanizmləri birgə hazırlayacaqlar. Çox güman ki, Avropa şirkətlərinə ABŞ sanksiyalarına əməl etmək qadağan olunacaq.
Avropanın belə əl-ayağa düşməsinin ciddi səbəbləri mövcuddur. ABŞ-ın başladığı ticarət münaqişəsi Karolina ştatında gündə 1400 avtomobil istehsal edən alman konserni BMW üçün əsl təhlükəyə çevrilir. 10 min nəfərin çalışdığı bu zavodda hamı narahatdır ki, ticarət müharibəsinin ilk qurbanı onlar olacaq. Ehtiyat tədbirlərini görən BMW artıq yolsuzluq şəraiti üçün nəzərdə tutulan avtomobillərin istehsalını ABŞ-dan Çinə keçirmək məcburiyyətindədir. Çin isə sanksiyalardan qorunmaq istəyən şirkətə təbii ki, yaşıl işıq yandırıb.
ABŞ sanksiyaları Avropanı siyasi istiqamətlərini təcili dəyişməyə, eyni zamanda, Çin və Rusiya ilə yaxınlaşmağa məcbur edir. Replyua.net internet resursu israilli şərhçi Solomon Mannın bloquna istinadən yazır ki, Avropa tələm-tələsik ABŞ-la ticarət müharibəsinə hazırlaşır. Bu məqsədlə o, amerikalı rəqiblərinə münasibətdə mövqelərini gücləndirir və Amerika mallarına qarşı cavab tədbirləri hazırlayır. Amerika istehsalı olan cinslərə və motosikletlərə rüsumlar artırılacaq və ABŞ-ın zəif olan və Avropa satışlarından dolanan istehsal sahələrinə zərbə dəyəcək. Eyni zamanda, avtomobil şirkətləri sərmayələrini Çinə yatızdıracaqlar. Solomon Mann belə hesab edir ki, AB ilə ticarət müharibəsini qızışdırmaq heç də Trampın uğurlu qərarı olmayacaq. Digər tərəfdən isə Avropa dövlətlərinin siyasi dairələrində, o cümlədən Almaniyada belə fikirləşənlər var ki, ümumiyyətlə, ABŞ həmişə Rusiya ilə Avropanı qarşıdurmaya sövq edib, həmişə öz maraqlarını hamıdan üstün tutmağa və diktə etməyə çalışıb. Artıq avropalılar belə hesab edirlər ki, onlar İranla da, Rusiya ilə də münasibətlərini ABŞ-ın maraqlarını nəzərə almadan fərqli dəyərlər üstündə qura bilərlər. Bir sözlə, artıq ABŞ-ı böyük qardaş saymaqdan bezənlərin sayı artır. Siyasi əməkdaşlığın anarxist təfəkkürlə əvəzlənməsi kimin haqlı, kimin günahkar olduğunu təyin etməkdə çətinlik yaradır.
ABŞ Prezidenti və onun məsləhətçiləri öz iqtisadiyyatlarının görünməmiş inkişafından ağızdolusu danışırlar. "Pullar ABŞ-a axır. Bu xarüqədir!” - Tramp bütün baş verənlərə bayram əhval-ruhiyyəsində nikbin münasibət bildirir. Qərb mətbuatı isə bazarları inkişaf etməkdə olan ölkələrdə milli valyutaların dəyərdən düşməsindən, inflyasiyanın artmasından, fond indekslərinin aşağı enməsindən yazır. Faktiki olaraq dünya yeni qlobal böhran ərəfəsindədir.
Alman nəşri Der Spiegel ABŞ tərəfindən iqtisadi təzyiqlər artdıqca Rusiyanın Avropa ilə yaxınlaşmasını təbii sayır. Trampla baş verən qarşıdurmaların əksinə olaraq, almanlar da Rusiya ilə əlaqələrin inkişafında maraqlıdırlar. Merkellə Putinin görüşünü şərh edən bu nəşr yazır: "Danışıqların konkret məzmunu açıqlanmasa da, bu o deməkdir ki, Almaniya ilə Rusiya arasında nəsə hərəkətə gəlib”. İki dövlətin təmsilçiləri görüşdə nəzakətlə davransalar da, səmimilik müşahidə olunmadı. The NewYorkTimes Putinlə Merkelin görüşünü daha praqmatik səviyyəyə yüksəlmək üçün verilən şans kimi qiymətləndirib. Fransız nəşri Le Monde qeyd edir ki, bu, iki liderin bu il ikinci dəfə baş tutan görüşüdür. Bunun əsas səbəbi Rusiyanın iqtisadi təzyiqlərdən hiss etdiyi çətinliklərdir. Bloomberg isə Trampın siyasətinin və dünya nizamının dağılmasının Putinlə Merkeli bir neçə illik düşmənçilikdən müəyyən maraqlar üzərində müttəfiqliyə sövq etməsini qabardır. Hər iki tərəf Trampa rəğmən, İranla nüvə sazişini qorumaq istəyir, "Şimal-2 axını”nın zəruriliyini təsdiq edirlər. İspan nəşri La Vanguardia isə bildirir ki, Tramp Merkellə Putini yaxınlaşdırır: "Hər ikisinin Donald Trampla bağlı ümumi başağrısı var, hər ikisinin əhvalını ümumi problemlər pozur”.
Amerikanın məşhur nəşrlərindən sayılan The Washington Post Trampın administrasiyasının sanksiyalara meyilli olmasının müttəfiqlər arasında ABŞ-ın nüfuzunun və dolların mövqeyinin zəifləməsinə səbəb olacağını israr edir. Maliyyə nazirinin terrorizmlə mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Siqal Mandelker isə prezident administrasiyasının əməkdaşları kimi tənqidi inkar edir: "Biz şübhəsiz ki, bu alətlərin istifadə olunmasına düşünülmüş surətdə və strateji yanaşırıq”. Lakin keçmiş maliyyə naziri Djek Lyu hələ 2016-ci ildə xəbərdarlıq etmişdi ki, sanksiyalar biznesi Amerika maliyyə sistemindən qopara bilər. Elə hesab edənlər də var ki, ABŞ sanksiyalarda çox dərinə gedib. Belə ki sanksiyalar tətbiq edilən şirkətlərin və adamların ümumi siyahısının həcmi 1100 səhifəni keçir! Kimlərinsə bu siyahıdan çıxması mümkündür, lakin əlavə edilən adlar qat-qat çoxdur.
Trampın özünə gəldikdə isə o, qətiyyət nümayiş etdirir, onu sanksiyalarda imtina etməyə çağıran siyasiləri zəif sayır: "Biz keçən ilki ticarətdə 817 milyard itirmişik. Zəiflik nümayiş etdirməyəcəyik”. Pekin cavab tədbirlərini hazırlayır, Avropa İttifaqı da itaət nümayiş etdirmir. Fransanın maliyyə naziri Bryüno Le Mer isə hesab edir ki, Avropa gicgahına dirənən silahın lüləsi altında ABŞ-la danışıqlar aparmayacaq, öncə Vaşinqton metala tətbiq edilən rüsumları ləğv etməlidir: "Güclünün haqqı dünya ticarətinin gələcəyini təyin etməli deyil. Cəngəllik qanunları yalnız uduzanların yaranmasına səbəb olacaq, iqtisadi artımı dağıdacaq. Zəif ölkələrə ziyan vuracaq, faciəvi dərəcədə ağır nəticələrə səbəb olacaq”.
Tramp öz gücünü hiss etdikcə təvazökarlıqla ticarət müharibəsini aparmağı və qalib gəlməyi asan sayır. Sonsuz dərəcədə hiddətlənən çinlilər və avropalılar cavab addımlarının üstündə baş sındırırlar. Çin daxili bazarında ildə 300 milyard dollar qazanan ABŞ şirkətlərini yalnız yoxlamalar və gömrük gecikdirmələri ilə yaranmalarına peşman edə bilər. Avropa da dinc durmayacaq, Türkiyə ilə Rusiya da. Bir çox iqtisadçılar, sahibkarlar və politoloqlar Trampın bu addımını oyun kimi qiymətləndirir və güman edirlər ki, Tramp müəyyən üstünlüklərə nail olduqdan sonra geri çəkiləcək.
Sinqapur Ticarət Palatasının başçısı Viktor Mills: "Kim proteksionizm və təcrid etmədən yapışırsa, son nəticədə nəinki qonşusunu, hətta özünü də müflis edir” - deyib.
Endi Stoekellə Yorivik Makkabbin gələcək ticarət müharibəsinin inkişafını Brukinq İnstitutu üçün analiz edərkən belə qənaətə gəlirlər ki, əgər qlobal tariflər cəmi 10 faiz artsa, əksər ölkələrin ÜDM-i 1-4,5 faiz arasında düşəcək. Tariflərin 40 faiz artması dərin qlobal repressiyaya və qlobal depressiyaya səbəb olacaq. Məhz 1930-cu ildə ABŞ-ın cəza tarifləri dağıdıcı millətçiliyin peyda olmasına və iqtisadi kollapsa səbəb oldu. Bu hadisələr ötən əsrdə İkinci Dünya müharibəsi ilə nəticələndi. Bu dəfə isə Donaldın sürprizlərinin nə gətirəcəyi hələ heç kimə məlum deyil.

Bahadur İMANQULİYEV,
"Azərbaycan”