Alternative content

08:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımıza 20 mindən çox dərslik göndərib
Təhsil Nazirliyi Gürcüstandakı soydaşlarımıza 20 mindən çox dərslik göndərib
ANA SƏHİFƏ / Təhsil
00:13 09.09.2018


Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın ana dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirlərini davam etdirir.

AZƏRTAC xəbər verir ki, nazirlik Gürcüstan məktəblərinin

I-XI siniflərdə təhsil alan şagirdlərə 2018-2019-cu tədris ili üçün Azərbaycan dili və ədəbiyyatı kitablarını göndərib.

Dərsliklər sentyabrın 8-də Azərbaycanın Gürcüstandakı səfirliyi vasitəsilə bu ölkənin Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinə təqdim olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşı Qüdsi Seyfulla jurnalistlərə bildirib ki, Gürcüstandakı soydaşlarımızın ana dilində dərsliklərlə təmin olunmasının əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev də bu işə xüsusi diqqət göstərir. Dövlət başçısının tapşırığına əsasən Təhsil Nazirliyi Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemlərini diqqətlə öyrənir və onların dərsliklərlə təminatı istiqamətində mühüm addımlar atır. 1994-cü ildən bugünədək Gürcüstanda I-XI siniflərdə təhsil alan soydaşlarımız üçün 550 minədək müxtəlif adda dərs vəsaiti göndərilib. Bu gün isə 24 min 127 ədəd kitab gətirmişik.

"Düşünürəm ki, bu kitablar soydaşlarımızın ana dili və ədəbiyyatımızı öyrənmələrində, mükəmməl təhsil almalarında mühüm rol oynayacaq”,- deyə Q.Seyfulla vurğulayıb.

Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin məktəbəqədər və ümumtəhsil departamentinin rəisi Mariam Çikobava deyib ki, iki ölkənin təhsil nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair protokola əsasən Azərbaycan tərəfi bizim ölkənin vətəndaşları olan azərbaycanlılar üçün müxtəlif dərslik və metodik vəsaitlər göndərir. Bu vəsaitlər bizim tərəfimizdən müvafiq qaydada Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə paylanacaq. Həmin sənədə əsasən Gürcüstan tərəfi də Azərbaycandakı gürcüdilli məktəbləri dərsliklərlə təmin edir.

Kitabların təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.