Alternative content

18:42 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda mətbuata yüksək dövlət dəstəyi var
Azərbaycanda mətbuata yüksək dövlət dəstəyi var
ANA SƏHİFƏ / SİYASƏT
00:26 08.09.2018


Söz və mətbuat azadlığı hər bir xalqın taleyində mühüm amillərdən sayılıb. Demokratik cəmiyyətin formalaşmasında bu amilin oynadığı rol xüsusi əhəmiyyət kəsb edib. Məhz bu prinsipi əsas tutaraq ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətdə olduğu istər sovetlər dövründə, istərsə də müstəqillik illərində mətbuatın cəmiyyətin aynası funksiyasını yerinə yetirməsi üçün zəmin yaradılmasını vacib sayıb.
Mətbuata diqqət bəşəriyyətdə daim aktuallığı ilə seçilib. Məhz buna görə də 1958-ci ildən etibarən Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü qeyd edilir. Həmin il Beynəlxalq Jurnalistlər Təşkilatının Buxarestdə keçirilən IV Konqresində bununla bağlı qərar qəbul olunub. Dünya mediası üçün əlamətdar sayılan həmin tarix heç də təsadüfi seçilməyib. 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsi şərəfinə təsis edilib. Bu fakt onu təsdiqləyir ki, bəşəriyyətdə daha çox təqibə və təcavüzə məruz qalan peşə sahiblərindən biri jurnalistdir.
Cəmiyyətin demokratik qanunlarla formalaşması həm də söz və mətbuat azadlığından asılıdır. Bu mənada jurnalistlərin əməyi dövlət, xalq və cəmiyyət üçbucağında çox önəmli sayılır. Buna görə də Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü münasibətilə bir çox ölkələrdə festivallar, konfranslar, jurnalistlərin qurultayları və digər tədbirlər keçirilir.
Söz və məlumat azadlığının təmin olunması sahəsində yürüdülən siyasət nəticəsində bu gün Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropa ölkələri arasında ön sıralardadır. 4500-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində, 50-dən çox informasiya agentliyi isə müvafiq dövlət orqanlarında qeydiyyatdan keçərək fəaliyyət göstərir.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik mətbuatın formalaşması üçün geniş imkanlar yaranıb. KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, beynəlxalq standartlara uyğunlaşdırılıb.
1993-cü ildən başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycanda demokratik dövlət quruculuğu dövrü kimi tarixə yazılıb. Yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib. Həmçinin mətbuat və söz azadlığı, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da məhz ümummilli lider Heydər Əliyev imzalayıb.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyev azad və müstəqil mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. Ümummilli liderin 6 avqust 1998-ci il tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Bununla da milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açılıb. Bu siyasətin davamlılığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub. Dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilib. 2003-cü ildə Azərbaycan Jurnalistlərinin I Qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaradılıb.
Müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, KİV-ə istər hökumət, istərsə də cəmiyyət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkənin artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına və onun aktual problemlərinin həllinə də şərait yaradır.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi”, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardan sayılır. Fond tərəfindən bir sıra müsabiqələr keçirilir ki, onlar da jurnalistlərin peşə hazırlığının və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına kömək deməkdir.
Milli mətbuatın yubileylərinin qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin bu sahənin inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da dövlət qayğısının tərkib hissəsidir.
Mətbuat Şurasının yeni binasının açılış mərasimində Prezident İlham Əliyevin iştirakı və jurnalistlər qarşısındakı çıxışı bir daha təsdiq etdi ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir. Ölkə rəhbərinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2010-cu il 22 iyul tarixli sərəncamı isə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasətini bir daha ortaya qoydu.
Onu da qeyd edək ki, bu peşənin layiqli təmsilçiləri də dövlət başçısının KİV-ə daimi dəstəyini və qayğısını diqqətdən kənarda saxlamayıb. Jurnalistlər üçün yaşayış binasının dövlət vəsaiti ilə tikilməsi kimi xeyirxah bir missiya jurnalistləri öz dostlarını seçməkdə çətinə salmayıb. "Ruh” Azərbaycan Jurnalistlərin Müdafiə Komitəsinin 2010-cu ildə keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, Prezident İlham Əliyev KİV-in inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
2013-cü il iyulun 22-də - Milli Mətbuat Günündə 156 mənzildən ibarət onyeddimərtəbəli yaşayış binasının açılışında Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlini qoydu. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan media nümayəndələri 2013-cü ildə yenidən Prezident İlham Əliyevi "Jurnalistlərin dostu” elan etdilər.
Dövlət başçısı jurnalistlər üçün tikilən ikinci binanın açılışını da əlamətdar tarixi gündə - milli mətbuatın yaradılmasının 142-ci ildönümü ərəfəsində etdi. Bu dəfə onyeddimərtəbəli binada 255 jurnalist mənzillə təmin olundu. Açılış mərasimində çıxış edən Prezident bir daha bəyan etdi ki, mətbuat nümayəndələrinə bu qayğı davamlıdır. Tədbirdə, həmçinin media mənsubları üçün tikiləcək üçüncü binanın da təməli qoyuldu.
Milli mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin mükafatlandırılması, orden, medal və fəxri adlarla təltif olunması ölkəmizdə mətbuata dövlət qayğısının bariz nümunələrindəndir. Azərbaycan dövləti mətbuatın inkişafındakı marağını ən müxtəlif tədbirlərlə konkret və prinsipial şəkildə ortaya qoyur. Ölkəmizdə dünya standartlarına uyğun media, elektron və yazılı KİV artıq formalaşıb, yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir. Azərbaycan müasir texnologiyaların tətbiqində də öz sözünü deyir. İnternet jurnalistikası sürətlə inkişaf edir, söz azadlığı isə birmənalı şəkildə tam təmin olunub. Müstəqil KİV-in sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında ön mövqelərdən birindədir.
Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın media sahəsində də beynəlxalq əhəmiyyətli tədbirlər üçün məkan seçilməsi ölkəmizin malik olduğu nüfuza əsaslanır. Çünki Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkə kimi tanınır. Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimində dövlət başçısı İlham Əliyev bildirib ki, biz bu tədbirin Bakıda keçirilməsini həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab edirik: "Bu, hökumətimiz üçün prioritetlərdən biridir və düşünürəm ki, müstəqilliyimizin 25 ili ərzindəki nailiyyətlərimiz bizim media azadlığı ilə yanaşı, bütün digər fundamental azadlıqların təmin edilməsinə müvəffəq olduğumuzu nümayiş etdirir”.
Bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər oxucuların görüşünə gəlir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır. Respublika əhalisinin 80 faizə qədəri fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyon nəfəri ötüb. Bu rəqəm onu nümayiş etdirir ki, ölkəmizdə azad media çox uğurla inkişaf edir.
Dövlət başçısının milli mətbuatın yubileyləri münasibətilə imzaladığı sərəncamlar, eləcə də jurnalistlərin sosial problemlərinin həlli istiqamətində atdığı addımlar KİV nümayəndələrinə yüksək qayğının əyani təzahürüdür. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hislərinin aşılanmasında, eləcə də ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı ilk qaranquşu olan "Əkinçi”dən başlayaraq xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə, ölkəmizin davamlı inkişafına öz layiqli töhfəsini verib.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”