Alternative content

12:11 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Özbəkistanın Şəhrisəbz şəhərində beynəlxalq muğam sənəti forumunun açılışı olub
Özbəkistanın Şəhrisəbz şəhərində beynəlxalq muğam sənəti forumunun açılışı olub
ANA SƏHİFƏ / Mədəniyyət
00:25 08.09.2018


Özbəkistanın Şəhrisəbz şəhərindəki tarixi Aksaray meydanında UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq muğam (makom) sənəti forumunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, forumda dünyanın 73 ölkəsindən 300-dən artıq musiqiçi - xanəndələr, alimlər, muğam sənətinin tədqiqatçıları, ölkənin tanınmış makom ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər.

Bu böyük musiqi bayramına Azərbaycanın musiqiçilərdən ibarət nümayəndə heyəti də qatılıb. Azərbaycan nümayəndə heyətinə mədəniyyət naziri Əbülfəs Qarayev rəhbərlik edir. Nümayəndə heyətinə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyev, Azərbaycanın əməkdar artisti, bu il Səmərqənddə keçirilən "Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi, "Muğam” instrumental qrupunun rəhbəri Sahib Paşazadə, əməkdar artist Nigar Şabanova və gənc xanəndə Abgül Mirzəliyev daxildir.

Forumun açılışında çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib ki, 2700 illik tarixi olan Şəhrisəbz şəhəri müxtəlif dövrlərdə bir sıra bəlalarla üzləşib. Lakin heç bir müharibə və təbii fəlakət bu şəhəri Yer üzündən silə bilməyib. Şəhrisəbz məşhur alimləri, musiqiçiləri, şairləri ilə tanınır. Bu qədim şəhər həm də böyük sərkərdə Əmir Teymurun böyüdüyü məkandır.

Sonra Prezident Şavkat Mirziyoyev nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ilə görüşüb.

Forum çərçivəsində "Muğam sənəti və onun dünya sivilizasiyasında yeri” mövzusunda elmi-praktiki konfrans da təşkil olunacaq.

Konfransda professor Lalə Hüseynova "Azərbaycan muğamı bu gün: ifa və interpretasiya məsələləri”, dosent Fəxrəddin Baxşəliyev "Şərq muğam sistemində temperasiya məsələləri” mövzusunda çıxış edəcəklər.

Tədbirlər Oksaroy meydanında və ətraf ərazilərdə keçiriləcək, yerli və xarici ifaçıların solo konsertləri olacaq. Burada muğam sənətinə həsr olunan sərgilər təşkil ediləcək, milli geyimlərin və musiqi alətlərinin, sənətkarların əl işlərinin, təsviri və tətbiqi sənət əsərlərinin, audio və videodisklərin, kitabların, albomların, fotoların nümayişi və satışı həyata keçiriləcək.

Forumda iştirak edən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib ki, iki ildən bir keçiriləcək bu tədbir xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə xidmət edir.

Forum sentyabrın 10-da başa çatacaq.