Alternative content

20:42 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məktəb bazarlığı və valideyn həyəcanı
Məktəb bazarlığı və valideyn həyəcanı
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:17 08.09.2018

Bir uşağın məktəb xərcləri 150-200 manat təşkil edir


- Ana, mən istəyirəm çantamın üzərində
"Hörümçək adam”ın şəkli olsun...
- Oğlum, axı burada elə çanta yoxdur.
- Onda mən məktəbə getməyəcəm...
Bu məzəli dialoqa "Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşən məktəb ləvazimatları satılan bir mağazada şahidlik edirik. Ayxan adlı bu balaca oğlan birinci sinfə gedəcək və bu məqsədlə anası ilə məktəb alış-verişinə çıxıb. Anası Sevinc xanım deyir ki, artıq dünəndən oğlu üçün məktəb vəsaitləri almağa başlayıb: "Demək olar ki, bir çox ləvazimatlar almışıq. Çanta ilə su qabından başqa. Bütün mağazaları gəzməli olsam da, oğlumun istədiyi həmin çanta və su qabından tapmağa çalışacam”.


Valideynlər yeni tədris ilinə hazırdırlarmı?


Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Bu, elə bir ərəfədir ki, ailəsində məktəbli olacaq hər kəs müəyyən hazırlıq görür və təlaş içərisindədir. Çünki valideynlər yeni tədris ili üçün uşaqlarına məktəb bazarlığı etməli, onların bütün ehtiyaclarını ödəməlidirlər. Bu prosesdə ən çox sevinənlər övladları ilk dəfə məktəbli olacaq valideynlərdir. Mübaliğəsiz demək olar ki, onlar bu prosesdə daha həvəslə iştirak edir və çalışırlar ki, övladları üçün ən yaxşı, ən keyfiyyətli məktəb ləvazimatları alsınlar...
Lakin elə ailələr də var ki, yeni tədris ilində iki və daha artıq uşağı məktəbə yollanacaq. Bu halda valideynlər elə etməlidirlər ki, həm bütün dərs ləvazimatlarını alsınlar, həm də bu, onların büdcələrinə uyğun olsun. Bəs, görəsən, bu ərəfədə bir uşağın məktəb xərci neçəyə başa gəlir?
Bu suala aydınlıq gətirmək üçün həm məktəb ləvazimatları satılan bəzi mağazalara, həm də Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən metro stansiyaları qarşısında təşkil olunan məktəb ləvazimatları yarmarkalarına baş çəkdik.


"Saçıma mütləq ağ lent vurmalıyam...”


Məktəbli malları satılan bir mağazaya daxil oluruq. Qızğın alış-veriş gedir, ağ köynək, corab, kolqotka satışı bazarlığa liderlik edir.
Kənarda boynunu büküb məyus-məyus ətrafa baxan qızcığaza yaxınlaşırıq. Məlum olur ki, ikinci sinfə gedəcək həmin qızın saçları tamamilə qısa olduğu üçün anası ona ağ saç lenti almayıb. O isə ağ lentsiz özünü məktəbli hesab etmir...
Ölçüsündən asılı olaraq burada qız üçün köynəklərin qiyməti 10-20 manat arasında dəyişir. Kolqotkalar 3-6-8 manat civarında satılır. Corablar isə 1 manat, 1 manat 50 qəpik dəyərindədir. Əgər valideyn xüsusi ağ tüllərlə bəzədilmiş məktəbli corabları almaq istəsə, o zaman 2-3 manatından keçməli olacaq. Saç lentləri isə formasına görə 1 manatdan 6 manatadək satılır. Həmsöhbət olduğumuz Aynur xanım söylədi ki, övladlarının biri bu il 3-cü sinfə, digəri isə 5-ci sinfə gedəcək. Ötən ildən çantaları, müəyyən paltarları olduğu üçün yalnız ayaqqabı və dərs ləvazimatları alacaq: "Çalışıram ki, uşaqlara nisbətən keyfiyyətli mallar alım. Məsələn, keçən il 45 manata çanta almışdım. Baha olsa da, keyfiyyətli idi. Uşaq bu il də həmin çantanı götürəcək. Amma keyfiyyətsiz məhsul alanda, əksinə, ikiqat baha başa gəlir”.
Oğluna ağ köynək seçən valideyn söyləyir ki, məktəbli formasını "Bakı Tikiş Evi”ndən alsa da, köynəyi digər mağazalardan almağa üstünlük verir. Çünki orada tikilən köynəklər keyfiyyət sarıdan aşağıdır.


Yarmarkadakı qiymətlər mağazadakılardan az da olsa ucuzluğu ilə fərqlənir


"İnşaatçılar” və "Koroğlu” metro stansiyaları yaxınlığında yerləşən mağaza və yarmarkalardakı qiymətlərlə tanış oluruq.
Mağazada məktəbli ləvazimatlarının alış-verişini edən valideynlərlə söhbət edirik. Nigar adlı xanım deyir ki, iki qızı məktəblidir. Dəftər, qələm, karandaş və bəzi dərs ləvazimatları alıb. İndi hər ikisi üçün çantaya baxır. Qeyd edək ki, mağazada məktəbli çantaları müxtəlif qiymətlərədir. 15 manatdan 100 manatadək keyfiyyətə müvafiq olaraq dəyişir.
İki oğlu ilə alış-verişə çıxan Teymur adlı ata isə deyir ki, yarmarkadakı qiymətlər adi mağazadakı qiymətlərdən az da olsa ucuzluğu ilə fərqlənir.
Məsələn, qələm, dəftər, rəsm albomu, karandaş, flamaster, hesab şotkası, pozan, oyun xəmiri kimi məktəbli ləvazimatları müvafiq mağazalara nisbətdə bir neçə qəpik ucuzdur. Qələmlər 10-50 qəpik, karandaş 1-6 manat, dəftərlər 12-80 qəpik, rəsm albomu 1-3 manat, çantalar 10-35 manat, su qabları 2-10 manat, termoslar 7-10 manata təklif olunur. Satıcı ilə söhbətimiz zamanı bildirdi ki, malların qiymətində ötən ilə nisbətən müəyyən bahalaşma var. Alıcılar isə əsasən orta qiymətə olan malları almağa üstünlük verirlər.
Övladı üçün müəyyən məktəb ləvazimatları alan xanımla kassaya yaxınlaşırıq və alış-veriş üçün 75 manat ödəyir. Bildirək ki, digər mağazalarda bu rəqəm 100, hətta 150 manata qədər çıxa bilir. Ancaq məktəb alış-verişi bunlarla bitmir. Valideyn, bunlarla yanaşı, məktəbli forması, ayaqqabı və sair də almalıdır.


"Bakı Tikiş Evi”nin paltarlarının keyfiyyəti qiymətə müvafiq deyil


Xatırladaq ki, "Bakı Tikiş Evi” tərəfindən məktəbli formaları üçün standart qiymətlər təyin olunub. Burada aşağı sinif şagirdləri üçün məktəbli forması 40 manat, yuxarı sinif şagirdləri üçün 46 manata satılır. Ağ köynəklərin qiyməti isə 8-18 manat arasındadır. Valideynlərdən bəziləri isə bildirdi ki, burada satılan paltarların qiyməti onlar üçün bahadır. Çünki paltarların keyfiyyəti qiymətə müvafiq deyil.
"Bakı Tikiş Evi” isə bu fikirlərlə razılaşmır. BTE-dən aldığımız məlumata görə, təşkilat Türkiyədən kifayət qədər keyfiyyətli parça gətirib və 4 model məktəbli forması tikilib. Hazırda BTE-nin 10 satış mərkəzi fəaliyyət göstərir. Onların mağazalarından alınan hər bir məktəbli formasına ən aşağısı bir il zəmanət verilir. Çünki məktəbli formalarının keyfiyyəti yaxşıdır.
Onu da dedilər ki, hazırda bazarda saxta məktəbli formaları var. Hətta BTE-nin adından istifadə edirlər. Həmin malları Çindən gətirib BTE-nin etiketi ilə satırlar. Onu da bildirdilər ki, BTE-nin istehsal etdiyi formaları saxtasından ayırmaq üçün qiymətinə, sertifikatına diqqət etmək lazımdır.
Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, bir şagirdin məktəbə yola salınması üçün, orta hesabla, təxminən 150-200 manat xərcləmək lazım gəlir.

Yasəmən BAĞIROVA,
Ağaəli MƏMMƏDOV (foto),
"Azərbaycan”