Alternative content

05:35 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Torpaq Məcəlləsinin tələblərinin pozulması ilə 50-dən çox hal üzrə inzibati xəta törədən şəxslər cərimələnib
Torpaq Məcəlləsinin tələblərinin pozulması ilə 50-dən çox hal üzrə inzibati xəta törədən şəxslər cərimələnib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
17:43 07.09.2018

Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrində 150-yə yaxın obyektdə aparılan monitorinq nəticəsində Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə 50-dən çox hal üzrə inzibati xəta törədən şəxslər cərimə olunub.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, bununla bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilib. Torpaqların qanunsuz olaraq zəbt edilməsi faktları ilə bağlı cinayət işləri açılıb, məhkəmə araşdırmaları başlayıb. Eyni zamanda, uzun illər salınan, ancaq sənədsiz qalan böyük yaşayış massivlərinin taleyi də müzakirə edilir.

Bu ilin əvvəlinə olan son torpaq balansına görə, Azərbaycan Respublikasının vahid torpaq fondu 8 milyon 655 min 481 hektar təşkil edir. Onun 56,91 faizi dövlət mülkiyyətində, 23,42 faizi bələdiyyə mülkiyyətində, 19,67 faizi isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycanın vahid torpaq fondu 7 kateqoriyaya bölünür. Bunlara kənd təsərrüfatı təyinatlı (ümumi fondun 58,54 faizi), yaşayış məntəqələrinin torpaqları (5,05 faiz), sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar (3,93 faiz), xüsusi qorunan ərazilərin torpaqları (5,07 faiz), meşə fondu torpaqları (8,23 faiz), su fondu torpaqları (1,69 faiz) və ehtiyat fondu torpaqları (3,40 faiz) aiddir.

Komitə tərəfindən torpaqlardan istifadəyə nəzarət sistemindən əvvəl maarifləndirmə önə çəkilib. İlk növbədə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəyə götürən insanlara torpaq qanunvericiliyi ilə bağlı olan məsələlər izah edilir. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti komitənin müfəttişləri tərəfindən gündəlik monitorinqlər aparılmaqla həyata keçirilir. Pozuntu halları aşkar olunduqda qarşısının alınması üçün əvvəl xəbərdarlıq edilir. Pozuntu halı aradan qaldırılmadıqda isə inzibati protokol yazılaraq cərimə tətbiq olunur. Torpaqların özbaşına hasarlanması və ya zəbt olunması halları müəyyən edildikdə və cinayət əməlinin əlamətlərinin mövcudluğu təsdiq olunduqda sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilir. Torpaqlara nəzarət monitorinqlərlə yanaşı, torpaqların elektron kadastr uçotu sistemi əsasında da aparılır. Bu işlərin yekunlaşdığı rayonlarda kənd təsərrüfatı təyinatlı torpaqlarda müəyyən olunmuş qeyri-qanuni tikinti işləri, təyinat dəyişmə, torpağın korlanması və digər pozuntu halları barədə elektron məlumatlar əsasında tədbirlər görülür. Hazırkı dövrədək müfəttişlər tərəfindən 3 minə yaxın inzibati protokol tərtib edilib, 1000-ə yaxın sənədlər hüquq-mühafizə orqanına təqdim olunub.

Azərbaycan Respublikasında torpaqlara nəzarət ən qabaqcıl Avropa ölkələrinin təcrübəsindən istifadə ilə "Torpaq Səthinin Monitorinq Sisteminin hazırlanması, quraşdırılması və istismara verilməsi” layihəsi reallaşdırılıb. Tətbiq ediləcək sistem vasitəsilə hər 5 gündən bir bütün ölkə ərazisinin ayırdetmə çəkilişlərini aparmaqla nəzarət mexanizminin qurulması mümkün olacaq. Eləcə də layihə torpaq sahələrində baş verən bütün fiziki və təbii dəyişikliklərin kameral şəkildə monitorinqlərinin aparılmasına şərait yaradacaq. Yeni peyk sistemi gələn ilin aprel ayında fəaliyyətə başlayacaq.

Torpaq istifadəçiliyində yol verilən pozuntu halları və onların geniş yayıldığı ərazilər inzibati xəta prizmasından yanaşdıqda, torpağın üst qatının korlanması və təyinatından kənar istifadə halları, Cinayət Məcəlləsinə nəzərən baxdıqda isə torpaqların zəbt olunması üstünlük təşkil edir. Eyni zamanda, Xəzər dənizinin mühafizə zolağında aparılan tikintilər və ya dənizə çıxışın, görüntünün bağlanması kimi hallar da müşahidə olunur. Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrində 150-yə yaxın obyektdə aparılan monitorinq nəticəsində Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə 50-dən çox hal üzrə inzibati xəta törədən şəxslər cərimə olunub, zəbtolunma faktları üzrə sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib. Sumqayıt–Novxanı yolu boyunca mövcud olan 14 hal üzrə sənədlər özbaşına aparılan tikintilərin sökülməsi məqsədilə aidiyyəti məhkəmələrə göndərilib. Xətai rayonu, Naximov küçəsi ünvanında 46 halda Xəzər dənizi sahilinə torpaq sahəsinin tökülməsi və orada qeyri-qanuni tikinti işlərinin aparılması faktları ilə bağlı sənədlər daxili işlər orqanlarına göndərilib. Aparılan tədbirlər nəticəsində 529 balıq gölünün və 585 daş və qum-çınqıl karxanasının dislokasiyası və elektron bazası yaradılıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə aparılan tədbirlər nəticəsində 147 süni göldə və 250 karxanada torpaq qanunvericiliyinin tələblərinin pozulması halları aşkar olunaraq onların fəaliyyəti dayandırılıb. 228 balıq gölü və 127 karxanada baş verən qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb. 25 balıq gölü və 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları üzə çıxdığından tərtib olunmuş sənədlər tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə göndərilib.