Alternative content

11:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü keçiriləcək
Bu gün Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü keçiriləcək
ANA SƏHİFƏ / DÜNYA
10:29 07.09.2018

Sentyabrın 7-də Tehranda keçiriləcək İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü dünya mətbuatının gündəmindədir.

AZƏRTAC xəbər verir ki, görüşün keçiriləcəyi "Espinas Palase” mehmanxanasında və onun ətrafında çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib. Yerli və xarici jurnalistlərin fotoaparat və kameraları ciddi şəkildə yoxlanıldıqdan sonra özlərinə qaytarılır. Xüsusi təlim görmüş itlər mehmanxanada və onun ətrafında gəzdirilir. Yaxınlıqdakı avtomobil yolları müvəqqəti olaraq bağlanıb. Mehmanxananın damında hər üç prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları keşik çəkirlər. Bütün təhlükəsizlik tədbirləri gözləniləndir. Çünki bu görüşdə nəinki regional, eləcə də qlobal xarakter daşıyan Suriya problemi müzakirə ediləcək.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bildirib ki, prezidentlər ikitərəfli görüşlər də keçirərək qarşılıqlı əlaqələrin inkişafı haqqında fikir mübadiləsi aparacaqlar. Bundan başqa, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərddoğan İran İslam Respublikasının ali dini lideri Seyid Əli Xamenei ilə görüşəcəklər.

Görüş ərəfəsində İran mətbuatını nəzərdən keçirərək müxtəlif fikirlərlə rastlaşdıq.

İran parlamentinin sədri Əli Laricani Rusiya ilə yaxın siyasi əlaqələrin daha da inkişaf edəcəyini bildirərək bugünkü zirvə görüşünün əhəmiyyətini bildirərək onun nəticələrinin faydalı olacağını vurğulayıb. Spiker İran-Rusiya münasibətlərinin strateji xarakter daşıdığını nəzərə çatdıraraq siyasi, iqtisadi və hərbi sahələrdə əlaqələrin inkişaf edərək daimi olacağını bildirib. Lakin Əli Laricani eyni sözləri Türkiyə haqqında danışarkən deməyib.

Rusiya Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov qeyd edib ki, görüşdə yalnız Suriya problemi deyil, həmçinin İranın nüvə proqramına dair əldə edilmiş razılaşmadan ABŞ-ın birtərəfli qaydada çıxması da müzakirə olunacaq və ona siyasi qiymət veriləcək. Bununla yanaşı, İran və Rusiya iqtisadiyyatlarına təsir edən ABŞ-ın iqtisadi sanksiyaları ətrafında da fikir mübadiləsi aparılacaq.

Göründüyü kimi, prezidentlərin görüşündə hər üç dövlətin maraqlarına toxunan məsələlər gündəlikdə olacaq. Qlobal siyasətdə baş verən dəyişikliklər nəticəsində bu dövlətlərin maraqları üst-üstə düşsə də, onların müxtəlif mövqelərdən çıxış etmələri üçün də kifayət qədər əsaslar var.

Bu barədə danışan İranın siyasi eksperti Həsən Hanızadə bildirib ki, təsirli güc mərkəzinə çevrilmək üçün İran, Türkiyə və Rusiya əməkdaşlığı davam etdirərək, ideoloji, siyasi, iqtisadi və hərbi birlik yaratmalıdırlar ki, bu birlik yaxın gələcəkdə güc mərkəzinə çevrilsin. Bunun üçün hər üç ölkənin böyük potensialı var. Yalnız bu yolla qlobal güclərin təsirinə səmərəli cavab vermək olar. "Belə bir birliyin yaranması mümkündürmü?” sualına cavab verən ekspert qeyd edib ki, hələlik hər üç dövlətin maraqları üst-üstə düşür. Bu fakt onların vahid mövqedən çıxış etməsinə imkan yaradıb. Lakin ABŞ Türkiyə və Rusiya ilə münasibətlərini normal məcraya döndərsə, Rəcəb Tayyib Ərdoğanın və Vladimir Putinin hakimiyyətdən getmələri üçün göstərdiyi səylərdən əl çəksə, alyansda çatlar yarana bilər. Hələlik isə ABŞ-ın iqtisadi sanksiyaları və Suriyaya müdaxiləsi İranın, Türkiyənin və Rusiyanın vahid mövqedən çıxış etmələrinə əsas yaradıb.

Göründüyü kimi, regionun ən iri dövlətləri öz siyasi təhlükəsizliklərini, iqtisadi maraqlarını qorumaq, bu gün bölgədə cərəyan edən qlobal siyasi proseslərdən itkisiz çıxmaq üçün cəhd göstərirlər.