07 Sentyabr 2018 00:42
1882
SİYASƏT
A- A+

İlham Əliyevin təşəbbüsləri türkdilli ölkələri daha dərin iqtisadi əməkdaşlığa yönəldir



Ticarət dövriyyəsi artırılmalı və qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir


"İndiki şəraitdə biz iqtisadi əməkdaşlığı dərinləşdirməliyik. Xüsusilə, aramızdakı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir”.
Bu təklifi Prezident İlham Əliyev sentyabrın 3-də Qırğız Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə səsləndirdi. Dövlət başçısının bu təşəbbüsü türkdilli ölkələrin rəhbərləri tərəfindən dəstək aldı.


Türkdilli dövlətlər arasında siyasi-iqtisadi, humanitar əlaqələr daha da güclənir


Bu gün dünyada cərəyan edən siyasi-iqtisadi proseslər, müasir tarixi vəziyyət və milli-mədəni inkişaf tendensiyaları həqiqətən də türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə zərurəti artırır. Bu ölkələr sırasında özünəməxsus yeri olan müstəqil Azərbaycan isə hər zaman tarixi şəraiti doğru qiymətləndirərək türkdilli ölkələrlə əməkdaşlığı inkişaf etdirməyə maraq göstərir, siyasi-iqtisadi, sosial-mədəni və humanitar əlaqələri gücləndirməyə, eləcə də strateji tərəfdaşlığı dərinləşdirməyə çalışır.
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bütün toplantılarında qardaş ölkələri hər sahədə sıx əməkdaşlığa çağırıb və yeni-yeni təkliflər irəli sürüb. Onu da əlavə edək ki, ölkələr arasında həyata keçirilənlərin əsasını iqtisadi layihələr təşkil edir. Şuraya daxil olan ölkələrin sayının artması isə dövlətlər arasında həyata keçirilən layihələrin əhəmiyyətini bir qədər də artırıb.


Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə yatırıb


Dövlət başçısı Azərbaycanla Türkiyə arasında mövcud olan iqtisadi münasibətlərdən söz açarkən bir daha xatırladıb ki, respublikamız qardaş Türkiyənin iqtisadiyyatına son illərdə 14 milyard dollar sərmayə yatırıb və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub: "Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir”.
Türkiyədə münbit investisiya iqliminin, biznes üçün çox gözəl şəraitin olduğunu deyən İlham Əliyev Azərbaycanın bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyini vurğulayıb.
Əlbəttə ki, İlham Əliyevin bu xatırlatması digər türkdilli ölkələrə bir mesaj idi. Prezident Azərbaycanın dost və qardaş ölkələrlə iqtisadi əlaqələrini daha da genişləndirməyə, şaxələndirməyə hər zaman açıq dövlət olduğunu çatdırdı.


Qarşılıqlı sərmayə qoyuluşu bu birliyi daha da möhkəmləndirəcək


Təbii ki, Azərbaycan dünya dövlətləri ilə yanaşı, türkdilli ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarını təmin edir, həm də bu ölkələrdə yeni imkanlar tapır. Eyni zamanda, Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün lazımi işləri görür. Çünki bu gün ölkəmizdə gözəl sərmayə iqlimi mövcuddur. Dövlət başçısının söylədiyi kimi, qarşılıqlı sərmayə qoyuluşu bu birliyi daha da möhkəmləndirəcək. Yəni, qarşılıqlı investisiyaların həyata keçirilməsi bu ölkələr üçün vacib məqamlardan biridir.
Azərbaycan Prezidentinin səsləndirdiyi təklifə əsasən, türkdilli dövlətlər iqtisadi layihələrin həyata keçirilməsində mühüm rol oynaya bilərlər. Xüsusən də logistika, daşınmalar sahəsində mühüm əhəmiyyət kəsb edən layihələr reallaşdırıla bilər. Bu işdə ölkəmiz mühüm rol oynaya bilər. Həm Bakı-Tbilisi-Qars dəmir yolu, həm də Yeni Bakı Beynəlxalq Ticarət Limanının fəaliyyətə başlaması ilə Azərbaycan bu işlərə xüsusi təkan vermək iqtidarındadır.
Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi Asiyanı Avropa ilə birləşdirən "Dəmir İpək Yolu” hesab olunur. Prezident İlham Əliyev də xüsusi vurğulayıb ki, bu, yeni nəqliyyat dəhlizidir, nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edib.


Ticari-iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranıb


Nəqliyyat baxımından Bakı-Tbilisi-Qars dəmir yolunu çox əlverişli yol adlandıran cənab İlham Əliyev həmkarlarına çağırış etdi: "Mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir”.
Azərbaycan Prezidentinin irəli sürdüyü yeni təklifə və etdiyi çağırışa həmkarları da müsbət reaksiya verdilər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vurğuladı ki, İlham Əliyevin dediyi kimi, Qafqazdan keçməklə Türküstandan Qara dənizə dəmir yolu istifadəyə verilib. Bununla yanaşı, Qazaxıstanın Kurık və Aktau limanlarının yükötürmə qabiliyyəti 26 milyon tona çatıb. Həmçinin Qazaxıstandan, Türkmənistandan və İrandan Körfəz ölkələri bazarlarına daxil olmağa imkan verən dəhlizi qeyd etmək lazımdır: "Çindən Qazaxıstan vasitəsilə Xəzər dənizinə, Qafqaz regionuna və Avropaya konteynerlərin daşınması bizim üçün ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından yeni imkanlardır”.


"Müasir İpək Yolu - Orta Dəhliz”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da nəqliyyat dəhlizlərinin inkişafından danışarkən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğuladı, onun həm də xalqlarımızın yaxınlaşmasına xidmət etdiyini söylədi: "Xəzərdən keçməklə Qafqazı və Orta Asiyanı aşaraq Çinə qədər uzanan "Şərq-Qərb Orta Dəhliz” təşəbbüsünə önəm veririk. "Müasir İpək Yolu - Orta Dəhliz” kimi tanınan bu layihənin ən önəmli mərhələsi Azərbaycan ilə birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Beləliklə, Qərbi Avropadan çıxan bir qatar dayanmadan Xəzər sahillərinə, oradan da Aktau limanı vasitəsilə Şanxaya və Seula çata biləcək. Bu mühüm nəqliyyat xətti xalqlarımızın rifah səviyyəsinin artmasına və münasibətlərimizin inkişafına töhfə verəcək”.
Toplantıda o da qeyd edildi ki, Türkiyə və Azərbaycan enerji sahəsində də əlaqələrin inkişaf etdirilməsinə önəm verir. Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri bu əməkdaşlığın ən önəmli bəhrələridir. "Cənub qaz dəhlizi”nin, eləcə də bu layihənin bel sütunu olan TANAP-ın açılışı böyük tarixi uğurdur.


Xəzərin konvensiyası yeni layihələr üçün real zəmin yaradır


Azərbaycan Prezidentinin türkdilli dövlətləri daha dərin iqtisadi əməkdaşlığa çağırması və bu çağırışa müsbət reaksiyalar onu deməyə əsas verir ki, tezliklə qardaş ölkələr arasında yeni layihələrin həyata keçirilməsinə start verilə bilər. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında imzalanan konvensiya isə bu layihələrin reallaşmasına zəmin yaradır.
Öncə onu vurğulayaq ki, Azərbaycan regionda Xəzər dənizi ilə birbaşa bağlılığı olan qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və əsas icraçılarından biri kimi konvensiyanın razılaşdırılması prosesində ilk dövrlərdə episentr, daha sonra isə körpü rolunu oynayıb. Xəzərin hüquqi statusu haqqında konvensiya Xəzər hövzəsində sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına, əməkdaşlığın genişləndirilməsinə yol açacaq. Bununla yanaşı, sənədin Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin önəmini daha da artıracağı şübhəsizdir.
Əlbəttə ki, yaranmış əməkdaşlıq mühiti beynəlxalq yükdaşımalarda Xəzəryanı ölkələrin payının artmasına mühüm töhfələr verməklə yanaşı, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafına da əlavə stimul olacaq.
Konvensiyanın Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün yaratmış olduğu yeni imkanlar türkdilli ölkələrin daha dərin iqtisadi əməkdaşlığını şərtləndirir. Ekspertlər hesab edirlər ki, bu imkanlar mütləq dəyərləndiriləcək. Gələn il Azərbaycanda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Sammitinədək tərəflər arasında müxtəlif müştərək layihələr hazırlana və həmin toplantıda yeni müqavilələr imzalana bilər.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video