07 Sentyabr 2018 00:39
859
İQTİSADİYYAT
A- A+

“Ağ qızıl” mövsümü başlayır


Yevlax pambıqçılarının hədəfi 5 min tondur


Aylardan bəri çəkilən zəhmət, axıdılan alın təri öz bəhrəsini verir. Günümüzün hünər meydanına çevrilmiş pambıq tarlaları artıq ağ örpəyə bürünür. İndi pambıqçılıqda məsul dövr olan məhsul yığımı başlayır. Yetişdirilmiş məhsulu tez və itkisiz yığıb tədarük etmək bu günün qayğıları sırasında yer alır.

Bu il Yevlax rayonunun təsərrüfatlarında 2.500 hektar sahədə pambıq əkilmişdir. Cari il pambıqçılıq üçün əlverişli sayılır. Havaların isti keçməsi, tarlaların suvarılmasında tələbatın yüksək səviyyədə təmin olunması məhsul bolluğunun əsas şərtlərindəndir. Günəşli günlər, havanın yüksək hərarəti pambığın təhlükəli düşməni olan sovkanın kütləvi şəkildə yayılmasına təbii əngəllər yaratdı. Zərərverici müşahidə olunan ərazilərdə operativ qaydada həyata keçirilən kimyəvi mübarizə tədbirləri də gözlənilən nəticələrini verdi.

Pambıq xəstəlik və zərərvericilərdən bacarıqla qorundu, tarlalarda barlı kollar yetişdirildi.

Yevlax Rayonu Kənd Təsərrüfatı İdarəsinin rəisi Abbasəli Rüstəmov söhbət zamanı pambıqçıların bu ilki qayğılarından danışır:

- Pambıqçılıq Yevlax rayonunun iqtisadiyyatında yenidən aparıcı sahəyə çevrilməkdədir. Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək barədə verdiyi tapşırıq və tövsiyələr bu gün Yevlax kəndlisinin fəaliyyətini aydın şəkildə istiqamətləndirir. Rayonun zəhmətkeşləri keçən il 2.168 hektar sahədə pambıq əkib-becərmiş, 4 min tona yaxın "ağ qızıl” istehsal etmişlər. Pambıqçılıqda cari ilin qayğıları daha çoxdur. Bu il pambıq əkini sahələri genişləndirilərək 2.500 hektara çatdırılmışdır. Məqsəd məhsul istehsalının həcmini keçən illə müqayisədə azı min ton artırmaqdır. Pambıqçılarımızın bu ilki hədəfi 5 min tondur. Bol məhsullu tarlalar məqsədin uğurla reallaşdırılacağına inam yaradır.

Söhbətdən məlum olur ki, indi Yevlaxda pambıqçılıqla iki müəssisə - MKT Yevlax və PA Yevlax MMC məşğul olur. Rayonda məhsul yığımına ciddi hazırlıq görülmüşdür. Pambıq əsasən texnikanın gücü ilə yığılacaq. Bu məqsədlə yığım texnikası saz vəziyyətə gətirilmişdir. Artıq sahələrin maşınla yığıma hazırlanmasına start verilmişdir. Yarpaqların tökdürülməsi üçün dərmanlama işlərinə bu gün-sabah başlanacaq.

Abbasəli Rüstəmovun söhbətindən onu da öyrəndik ki, rayonda kənd təsərrüfatının idarə edilməsinin səmərəliliyini artırmaq məqsədilə 15 nəfərdən ibarət fermerlər şurası yaradılmışdır. Şurada rayonun ən bacarıqlı və təcrübəli fermerləri təmsil olunurlar.

Yevlax kəndlisi "ağ qızıl”ın əvvəlki şöhrətini qaytarmaq üçün bütün səy və bacarığını səfərbər edib. Bolluq həvəsli tarla bahadırları məhsul yığımına inamla, yüksək əhval-ruhiyyə ilə başlayırlar. Onlar üçün pambığın bolluğu həm də həyat firavanlığı, xoş güzəran deməkdir.

Lazım QULİYEV,

(foto) Ağaəli MƏMMƏDOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video