Alternative content

13:25 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağdamda Fermerlərin Koordinasiya Şurası fəaliyyətə başlayır
Ağdamda Fermerlərin Koordinasiya Şurası fəaliyyətə başlayır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:28 07.09.2018


Aqrar sektorun inkişafına artan dövlət qayğısı yerlərdə təsərrüfat işlərini səmərəli təşkil etməyi, qabaqcıl təcrübənin, mütərəqqi texnologiyaları yaradıcılıqla tətbiq etməyi zərurətə çevirmişdir.

Az əmək və minimum vəsait sərfi qarşılığında daha çox məhsul istehsal etmək, yüksək məhsuldarlığa nail olmaq günümüzün əsas tələbi kimi qəbul olunur. Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasətinin nəticəsi olaraq ərazilərinin dörddə üç hissəsini itirmiş Ağdam rayonunda hər qarış torpaq sahəsindən maksimum səmərəli istifadə olunmasının vacibliyini sübut etməyə ehtiyac yoxdur.

Ağdamda bacarıqlı mütəxəssis kimi tanınan, aqrar sektorun idarə edilməsində elmi əsaslara hər zaman üstünlük verməyə çalışan rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Teyyub Nəcəfovla apardığımız söhbət bu baxımdan çox aktualdır. Ərazisinin böyük hissəsi işğal altında qalan, əhalisinin əksəriyyəti məcburi köçkünə çevrilən Ağdama və ağdamlılara dövlətin isti münasibəti, davamlı qayğı və diqqəti başa düşülən olduğu qədər də alqışa layiqdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə rayon ərazisində yeni yaşayış qəsəbələri inşa olunur, yollar çəkilir, körpülər salınır, məktəblər, xəstəxanalar, uşaq bağçaları tikilir, iri sosial layihələr həyata keçirilir. Təbii ki, uğurla reallaşdırılan bütün bu məqsədyönlü tədbirlər öz vətəndaşına sahib çıxan bir dövlətin davamlı xarakter alan sosial siyasətinin tərkib hissəsidir. Bu böyük qayğı və diqqətin qarşılığında həyatın ağır sınaqlarına mərdliklə tablaşan, mərhumiyyətlərə dözmək məcburiyyətində qalan ağdamlılar bütün zamanlarda dövlətciliyə sədaqət nümayiş etdirmişlər. Ataşkəsin tez-tez pozulduğu, güllə vıyıltısı, mərmi gurultusu ilə müşayiət olunan erməni təxribatları Ağdam kəndlisinin əlini təsərrüfat işlərindən soyutmur, onları zərrə qədər də olsun ruhdan salmır. Buna əsas səbəb isə bu bölgədə hər kəsin Milli Ordumuzun, Azərbaycan əsgərinin gücünə, qüdrətinə olan yenilməz inamdır.

Teyyub Nəcəfov deyir ki, dövlətin davamlı və yetərli qayğısı qolumuzun gücünü, ürəyimizin təpərini artırır, bizi qələbəyə ruhlandırır, Qarabağa böyük qayıdışın tezliklə reallaşacağı günə qanadlandırır: "Bu gün rayonun zəhmətkeşləri ölkə iqtisadiyyatının möhkəmləndirilməsi uğrunda mübarizədə həvəslə iştirak edir, fərəhli nəticələr qazanırlar. Bu il rayonda 52 min tondan çox taxıl istehsal edilib. Baramaçılıqda, tərəvəzçilikdə, heyvandarlıqda yaxşı nəticələr qazanılıb. İndi pambıqçılıqda həlledici dövr başlayır. Bu gün-sabah məhsul yığımına start veriləcəkdir. Bu il həm havaların əlverişli keçməsi, həm də aqrotexniki tələblərə ciddi əməl olunması sayəsində tarlalarda bol məhsul yetişdirilmişdir. Rayon kənd təsərrüfatı idarəsinin nəzdində yaradılmış PA MMC sırf pambıqçılıqla məşğuldur. Keçən il 300 hektarda pambıq əkib-becərdik, 517 ton məhsul istehsal etdik. Bu il isə pambıq əkini sahələrini daha da genişləndirib 523 hektara çatdırdıq. Yavaş-yavaş ağ örpəyə bürünən tarlalar bol məhsuldan xəbər verir. Məhsul yığımında texnikaya üstünlük veriləcək. İstifadədə 4 pambıqyığan maşın var. Yığım texnikası mövsümə nümunəvi hazırlanmışdır. PA MMC-nin özünə məxsus pambıq tədarükü məntəqəsi var. Yeni inşa olunmuş məntəqədə azı 30 nəfər işlə təmin olunacaqdır”.

Teyyub Nəcəfov söhbətində aqrar sektorun səmərəli idarə edilməsində qabaqcıl fermerlərin potensialından məqsədyönlü şəkildə istifadə etməyin əhəmiyyətini xüsusilə vurğuladı. Öyrəndik ki, bu günlərdə rayon fermerlərinin iştirakı ilə geniş yığıncaq keçirilmiş, fermerlərin koordinasiya şurası yaradılmışdır. 24 nəfərdən ibarət şuraya zəngin təcrübəyə malik, ali təhsilli kənd təsərrüfatı mütəxəssisi Nizami Əliyev sədr seçilmişdir. Maraqlı fikir mübadiləsi şəraitində keçən ilk yığıncaqda fermerlər dəyərli təkliflər səsləndirmişlər.

Rayonda əkin sahələri məhdud olsa da, pambıqçılığın inkişafına böyük önəm verilir. Keçən il ağdamlı tarla bahadırları hər hektardan 21 sentner məhsul götürməklə 6.300 ton pambıq istehsal etmişlər. Bu il isə 3.100 hektar sahədə bol "ağ qızıl” yetişdirmişlər. Keçən il rayonun Üçoğlan kəndində fermer Ədalət Hətəmov hər hektardan 55 sentner məhsul götürüb rekord nəticə qazanmışdır. Bu il isə nailiyyəti daha da artırmaq əzmindədirlər.

L.QULİYEV,

"Azərbaycan”