07 Sentyabr 2018 00:22
1754
Təhsil
A- A+

Bu il Ağdaşdan ali məktəblərə qəbul olunanların sayı artıb


Ali təhsil məktəblərinə tələbə qəbulundan sonra Ağdaş sakinləri ikiqat sevinc içindədirlər. Buna səbəb bu il rayondan əvvəlki illərlə müqayisədə daha çox məzunun ali məktəblərə qəbul olmasıdırsa, ikinci səbəb Ləki qəsəbəsindən bir ailədən iki övladın eyni qrup üzrə, eyni balı toplayaraq eyni ali təhsil müəssisəsinə daxil olmasıdır.

Yüksək balla şərəfli tələbə adını qazanan Abdullayev qardaşları ilə Ağdaş Rayon Təhsil Şöbəsində görüşdük. Əvvəlcə Tamerlan Abdullayevlə həmsöhbət olduq. Tamerlan Ləki qəsəbəsindəki 6 saylı tam orta məktəbin məzunudur. O, eyni zamanda, 5 il müddətində Ağdaş rayonu M.Şeyxzadə adına Texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyada təhsil alıb. IX sinifdə oxuyarkən riyaziyyat olimpiadasında bürünc medal qazanıb. XI sinfi bitirəndə isə qızıl medala layiq görülüb.

Tamerlan qəbul imtahanını I qrup üzrə verərək 690 bal toplayaraq Xəzər Universitetinin kompüter mühəndisliyi üzrə seçim edib.

Tuqay Abdullazadə isə orta təhsilə Ağdaş rayonu M.Şeyxzadə adına Texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyada başlayıb. Buranı bitirdikdən sonra Ağdaş Özəl Türk Liseyinə (hazırda fəaliyyət göstərmir) imtahan verərək birbaşa V sinifdən VII sinfə keçib. Bir il sonra təhsilini Ləki qəsəbə 6 saylı tam orta məktəbində davam etdirib. Orada oxuduğu 4 il müddətində davamlı olaraq fənn olimpiadalarında iştirak edib. Hər dəfə finala çıxıb. İki dəfə medalçı olub. Qəbul imtahanı zamanı o da qardaşı kimi 690 bal toplayaraq Xəzər Universitetinə kompüter elmləri ixtisasına qəbul olunub.

Haqqında bəhs etdiyimiz bu gənclərə şans qazandıran amillərdən biri də müəllim ailəsində dünyaya göz açmalarıdır. Ataları Səbuhi Abdullayev və anaları Gülnarə Məmmədova ali təhsilli Azərbaycan dili və ədəbiyyat müəllimidirlər.

Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva gənclərin uğuruna sevindiyini və onların gələcəkdə daha böyük zirvələr fəth edəcəklərinə inandığını bildirdi. Eyni zamanda, Ağdaş təhsilinin bu ilki uğurlarından danışaraq dedi:

- 2017-2018-ci tədris ili təhsildə keyfiyyət ili elan olunmuşdu. Nəticə ürəkaçandır. Artıq məktəblər üzrə 285 nəfər şagird ali təhsil müəssisələrinə qəbul olub. Onlardan 16 nəfəri 600 baldan yuxarı, 67 nəfər 500-dən çox bal toplayıb.

Bu il Ağdaş rayonunda 3 nəfər qızıl, 1 nəfər gümüş medala layiq görülüb. Qızıl medallardan ikisinin sahibi Tuqay və Tamerlan Abdullayev qardaşlarıdır. Ceyhun Zəkəriyyəyev isə Ağdaş rayonu M.Şeyxzadə adına Texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyada pilot sinfinin şagirdi olub. Səməd Vurğun adına şəhər tam orta məktəbin şagirdi Aişə Əliyeva isə gümüş medala layiq görülüb.

Belə qabiliyyətli uşaqlar Ağdaş rayonunun orta məktəblərində çoxdur. Onlar Ağdaş təhsilinin uğur çələngidirlər.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video