Alternative content

05:45 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Elmlər Akademiyasında elektron kənd təsərrüfatının yaradılması ilə bağlı müzakirələr aparılıb
Azərbaycan Milli Elmlər Akademiyasında elektron kənd təsərrüfatının yaradılması ilə bağlı müzakirələr aparılıb
ANA SƏHİFƏ / Elm və texnika
18:21 06.09.2018

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) alimlərinin və Kənd Təsərrüfatı Nazirliyinin məsul nümayəndələrinin iştirakı ilə birgə iclas keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi elektron kənd təsərrüfatının yaradılmasında müasir elmi yanaşmalardan istifadə potensialını və perspektivləri müzakirə etmək olub.

İclasda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev aqrar sahənin inkişafında elmi təminatın rolundan danışıb. Qeyd edilib ki, bu baxımdan torpaq tədqiqatlarının ən müasir standartlara uyğun aparılması və beynəlxalq elm məkanına inteqrasiyanın əhəmiyyəti böyükdür. Hazırda respublikamızda aqrar sektorun inkişafına göstərilən diqqət fonunda aqrar elmə tələbat artıb. İ.Quliyev deyib: "AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq üçün geniş imkanlar yaranıb. Bu baxımdan müasir torpaqşünaslıqda qlobal trendlərə həsr olunmuş təqdimatlar elmi və praktik baxımdan çox əhəmiyyətlidir”.

AMEA-nın müxbir üzvü Amin İsmayılov Azərbaycan torpaqşünaslığının beynəlxalq inteqrasiya prosesində MDU-nun alimləri ilə birgə fəaliyyətin əhəmiyyətindən danışıb. Alim torpaqşünaslıq elmində beynəlxalq torpaq-coğrafi məkana inteqrasiya problemlərindən və bu istiqamətdə görülən işlərdən söz açıb.

M.V.Lomonosov adına MDU-nun, Ərzaq təhlükəsizliyi üzrə Avrasiya Mərkəzinin və Data Mərkəzinin nümayəndələri - professor İrina Alyabina, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının eksperti Oleq Qolozubov "Torpaq-coğrafi Verilənlər Bazası. Torpaq Data Mərkəzləri: Rusiya və postsovet məkanında həyata keçirilmə təcrübəsi. (Global Trend in Modern Soil Sciences)” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimatda bu mərkəzlərin fəaliyyəti, eləcə də onların iştirak etdikləri beynəlxalq layihələr barədə məlumat verilib, AMEA ilə elmi əməkdaşlıq imkanlarından danışılıb.

Tədbirdə kənd təsərrüfatı nazirinin müşaviri, aqrar elmlər üzrə fəlsəfə doktoru İlham Bayramovun "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində aqrar elmin rolu” və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevin "AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın perspektivləri” mövzularında çıxışları dinlənilib.

İclasda ərzaq təhlükəsizliyi, torpaq tədqiqatlarında standartlar, harmonizasiya və s. mövzularda fikir mübadiləsi aparılıb. Aqrar elmlərin inkişafı sahəsində təcrübə mübadiləsi, məsləhətləşmələr, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi, habelə həmin sahədə elmi və elmi-təşkilati fəaliyyət zamanı tərəflərin bir-birinə dəstək göstərməsi məsələləri müzakirə edilib.