06 Sentyabr 2018 15:15
246
CƏMİYYƏT
A- A+

Əmək, məşğulluq və sosial müdafiə sahələrində şəffaf və operativ xidmətlərin təşkili işləri gücləndiriləcək


Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin elektron texnologiyalar üzərində tam şəffaf və operativ şəkildə qurulmaqla, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sistemli islahatların mühüm bir istiqamətini təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dövlət başçısının bu il sentyabrın 5–də imzaladığı "Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Fərman bu istiqamətdə tədbirlərin daha geniş müstəvidə davam etdirilməsinə, əmək və sosial müdafiə sahələrində modern və çevik idarəetmənin, şəffaf və operativ xidmətlərin təşkili işlərinin gücləndirilməsi məqsədi daşıyır.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında "Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılmaqla, üç ay müddətində "e-sosial" internet portalı formalaşdırılacaq ki, bu da nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsinə imkan verəcək. Yeni "e-sosial" internet portalının yaradılması Azərbaycan Prezidenti tərəfindən ötən ay imzalanmış "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası olaraq, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərinin yaradılması üçün zəruri elektron infrastrukturun formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Həmin infrastruktur əsasında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətlərin "bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda, bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim edilməsi təmin olunacaq.

MEİS-də altı ay müddətində məşğulluq altsisteminin qurulması məşğulluq xidmətlərinin elektron şəkildə həyata keçirilməklə təkmilləşməsinə, bu xidmətlərin operativliyinə və şəffaflığına, işsiz və işaxtaranlara daha əlçatan olmasına, məşğulluq xidmətlərinin idarəedilməsi mexanizminin səmərəli təşkilinə şərait yaradacaq. Məşğulluq altsisteminin qurulması ölkədə vahid məşğulluq portalının yaradılmasında vacib alət kimi mühüm əhəmiyyət daşıyır.

Fərmanın icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "e-sosial" internet portalı vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birgə tədbirlərin görülməsi təmin olunacaq. Eyni zamanda, nazirlik Ədliyyə və Maliyyə nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla üç ay müddətində MEİS və "e-sosial" internet portalı haqqında əsasnamələrin layihələrini, habelə pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Sənəddə, həmçinin müvafiq dövlət qurumları üçün bir sıra tapşırıqlar da müəyyən olunub. Bütün bunlarla yanaşı, Fərmanla əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi və pensiya təyinatının tam elektronlaşdırılmasına keçidlə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görüləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video