06 Sentyabr 2018 12:21
381
SİYASƏT
A- A+

Yaşar Əliyev Sülh Mədəniyyəti Forumunda Azərbaycanda tolerantlıq və sülh ənənələrindən danışıb


Azərbaycan milli və beynəlxalq səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun dəstəklənməsinə birinci dərəcəli əhəmiyyət verir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bu fikirləri sentyabrın 5-də BMT-nin Yüksək Səviyyəli Sülh Mədəniyyəti Forumundakı çıxışında söyləyib.

2012-ci ildən başlayaraq hər il keçirilən Yüksək Səviyyəli Forumun əsas məqsədi düzgün insani münasibətlər kimi məlum olan sülh mədəniyyəti yaradılması sahəsində fəal çalışan vətəndaşların, beynəlxalq təşkilatların və hökumətlərin qlobal hərəkatını gücləndirməkdir.

Y.Əliyev bu mühüm forumun çağırılmasına görə BMT Baş Assambleyasının sədri Miroslav Layçaka təşəkkürünü bildirərək qeyd edib ki, beynəlxalq birliyin sülh mədəniyyətini dəstəkləməyə yönəlmiş səyləri Baş Assambleyanın müvafiq qətnamələrindən güclü impuls alıb. Bu qətnamələrdə əsas prinsiplər və öhdəliklər elan olunub, milli, regional və qlobal səviyyələrdə bir sıra tədbirlər müəyyən edilib.

"2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf sahəsində Gündəlik”də hər kəs üçün bərabər imkanlar verən dinc cəmiyyətlərin möhkəmlənməsinə nail olmaq üçün ambisiyalı oriyentirlər müəyyən edilir. Dünya birliyi sülhün bərqərar olmasına və qorunub saxlanmasına yönəlmiş səylərdə bütün ölkələrin bərabər səviyyədə iştirakının tərəfdarıdır, dünyanın təbii və mədəni müxtəlifliyini tanıyır və hesab edir ki, bütün mədəniyyətlər və sivilizasiyalar davamlı inkişafın dəstəklənməsinə öz töhfələrini verə bilər.

Azərbaycanlı diplomat vurğulayıb ki, sülh mədəniyyətinin təşviq edilməsi həm də münaqişələrin nizamlanması baxımından vacibdir. O qeyd edib ki, Azərbaycan münaqişələrin qarşısının alınması, böhranlı vəziyyətlərə vaxtında və təsirli münasibət bildirilməsi, üzv dövlətlərin sülhün dəstəklənməsinə, sabit və firavanlaşan cəmiyyətlər yaradılmasına yönəlmiş səylərində onlara kömək göstərilməsi üçün Baş katibin səylərini tamamilə dəstəkləyir.

Azərbaycan mədəniyyətlər və sivilizasiyalar arasında təbii körpü rolu oynayır. Bu rol Azərbaycanda bir sıra səmərəli beynəlxalq tədbirlər keçirilməsində, dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş mühüm təşəbbüslər irəli sürülməsində təzahür edib. Belə təşəbbüslərdən biri də Azərbaycanın rəhbərliyi altında uğurla həyata keçirilən, dinlərarası və mədəniyyətlərarası dialoq haqqında biliklərin mübadiləsi üçün genişmiqyaslı platformanı təmin edən Bakı prosesidir. Y.Əliyev bildirib ki, Baş katib sülh mədəniyyətinə kömək, dinlərarası və mədəniyyətlərarası dialoq, sülh naminə anlaşma və əməkdaşlıq haqqında son məruzəsində mədəniyyətlərarası dialoqun təbliğində Bakı prosesinin mühüm rolunu xüsusi qeyd edib. Bakı prosesinin ayrılmaz tərkib hissəsi olan, iki ildə bir dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan tərəfindən UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, həmçinin Təhsil, Elm və Mədəniyyət Məsələlərinə dair İslam Təşkilatı ilə əməkdaşlıq şəraitində təşkil edilir.

Azərbaycanın BMT yanında diplomatik missiyasının rəhbəri qeyd edib ki, Baş Assambleya özünün 72/136 nömrəli, "Dinlərarası və mədəniyyətlərarası dialoqa, sülh naminə qarşılıqlı anlaşmaya və əməkdaşlığa kömək” adlı qətnaməsində mədəniyyətlərarası dialoqa yardım üçün mühüm qlobal platforma kimi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edib. Bu il Bakı prosesi özünün 10 illiyini qeyd edir. Bu il 4-cü Yüksək Səviyyəli Humanitar Forum Bakıda hökumətlərin, beynəlxalq təşkilatların, alimlərin, gənclərin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə bu kontekstdə keçiriləcək.

Mədəniyyətlərarası dialoqa, sülh mədəniyyətinə və multikulturalizmə dair uğurlu təşəbbüslərin həyata keçirilməsi üçün BMT və daha geniş beynəlxalq ictimaiyyət tərəfindən daimi dəstək dinc və inklüziv cəmiyyətlər qurulması, stereotiplərin və yanlış təsəvvürlərin aradan qaldırılması, kompleks inkişaf konsepsiyasının həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Y.Əliyev qeyd edib ki, Azərbaycan Respublikası qarşılıqlı anlaşmanın və müxtəlifliyə hörmətin dəstəklənməsinə yönəlmiş səylərini davam etdirməyə çalışır və bu məqsədlə əməkdaşlığın genişləndiriləcəyinə ümid edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video