Alternative content

21:30 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 100 ölkəyə ixrac, 790 milyon dollarlıq sifariş
100 ölkəyə ixrac, 790 milyon dollarlıq sifariş
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:49 06.09.2018

"Made in Azerbaijan” brendinin coğrafiyası genişlənir


Son illərdə Azərbaycanın iqtisadi uğurlarının mühüm amillərindən birini məhz xarici iqtisadi əlaqələrinin inkişafı, tədiyyə balansının müsbət saldosu təşkil edir. İxracın həcmi artıq neçə illərdir ki, idxalın həcmini əhəmiyyətli dərəcədə üstələyir. İxracyönümlü istehsalın genişləndirilməsi istiqamətində görülən işlər ixracın strukturunun xeyli dərəcədə təkmilləşməsini təmin edib. Bunu rəqəmlərə nəzər yetirdikdə də açıq-aydın hiss etmək mümkündür.
Ötən ilin yanvar ayından bu ilin 31 iyul tarixinə kimi azexport.az portalına dünyanın 100 ölkəsindən ixrac sifarişləri daxil olub. Bu sifarişlərin dəyəri isə 790,5 milyon dollar təşkil edib. Bu ilin son 7 ayında isə portala 315,5 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artım deməkdir.


Son 7 ayda ən çox qeyri-neft sektoruna aid mal Rusiyaya ixrac edilib


Bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı”nın 2018-ci ilin avqust sayında əksini tapıb. İcmalın bu sayında qeyri-neft sektoru üzrə ixracın son statistikası və ən çox məhsulumuzun hansı ölkələrə ixrac edildiyi də göstərilib. Qeyd edilib ki, son 7 ay ərzində qeyri-neft sektoru üzrə ixrac 969 milyon dollar təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 7 ay ərzində Rusiyaya 353 milyon, Türkiyəyə 215 milyon, Gürcüstana 81 milyon, İsveçrəyə 78 milyon və Çinə 29 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin sentyabr ayının 1-də Soçidə Rusiya Prezidenti Vladimr Putinlə keçirdiyi görüşdə də iki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlıq əsas müzakirə mövzusu olub. Qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. 2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib.


Qeyri-neft sektorundan ən çox ixrac edilən məhsul pomidordur


Bu ilin 7 ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (144 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 68 milyon dollar) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (57 milyon dollar) üçüncü olub.
Ümumiyyətlə, 7 ay ərzində meyvə-tərəvəz ixracı 301 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 79 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 78 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49 milyon, pambıq lifi 45 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 12 milyon dollar təşkil edib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 7 ayında elektrik enerjisinin ixracı 2,2 dəfə, pambıq ipliyinin ixracı 32 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 16 faiz, meyvə-tərəvəzin ixracı 19 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 14 faiz, kimya sənayesi məhsullarının ixracı 1 faiz artıb.


Bir ayda 122 milyon dollarlıq qeyri-neft sektoruna aid mal ixrac edilib


Təkcə iyul ayında qeyri-neft sektoru üzrə ixrac 122 milyon dollar təşkil edib. İyulda ən çox mal ixrac edilən ölkələrin siyahısına Türkiyə (35 milyon dollar) liderlik edib. Daha sonra bu siyahıda Rusiya (33 milyon dollar), İsveçrə (9 milyon dollar), Gürcüstan (7 milyon dollar), Qazaxıstan (5,8 milyon dollar) və digər ölkələrin adları gəlir.
İyul ayında qeyri-neft sektoru üzrə ixracda pambıq lifi (mahlıc) birinci (16 milyon dollar), albalı və gilas (11milyon dollar) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 7,8 milyon dollar) isə üçüncü olub.


"Türkiyəyə yatırılan sərmayələrimizin həcmi 20 milyard dollara çatacaq”


Sentyabrın 3-də Qırğız Respublikasında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Prezident İlham Əliyev son illərdə ölkəmizin qeyri-neft sektorunun inkişafı və ixrac imkanlarımız barədə məlumat verərkən bildirib ki, türkdilli dövlətlər arasında indiki şəraitdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi də vacib məsələlərdəndir. Xüsusilə bu ölkələr arasındakı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə: "Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda Türkiyənin çox böyük iqtisadi potensialını göstərir”.


22 ölkəyə xidmət ixracı, 14 milyon dollarlıq gəlir


"İxrac icmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, son 7 ayda "Azərkosmos” tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Bu ixracdan isə 14 milyon dollar məbləğində gəlir əldə edilib.
"Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. İyul ayında isə qurumun xidmət ixracının dəyəri 1,3 milyon dollar təşkil edib. "Azərkosmos”un 7 ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.


Azərbaycana 7 ayda 191 ölkədən 1655,3 min turist gəlib


"İxrac icmalı”nda ölkəmizə gələn turistlərlə bağlı məlumat da öz əksini tapıb. Sənəddə qeyd edilir ki, yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeddi ay ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 747 milyon manat təşkil edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 144 milyon AZN və ya 24 faiz artıb.


7 ayda "azexport”a 315,5 milyon dollar ixrac sifarişləri daxil olub


Bu müddət ərzində azexport.az portalına daxil olan ixrac sifarişləri çoxalıb. Təkcə iyul ayında portala 31,1 milyon dollar məbləğində ixrac sifarişləri daxil olub.
Ümumilikdə isə 7 ay ərzində daxil olan ixrac sifarişlərinin dəyəri 315,5 milyon dollar təşkil edib.
Bununla yanaşı, hesabatda "Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin avqust ayında "Bir pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə ixracla bağlı tələb olunan sertifikatlar verilib. Mərkəz vasitəsi ilə həyata keçirilən ixracın dəyəri isə 10,4 milyon dollardan çox olub. Sertifikat verilən məhsullar Rusiya, Türkiyə, Qazaxıstan, Hollandiya, İran, Gürcüstan, İsveçrə, Ukrayna, İraq, Moldova, Avstriya, Malayziya, Kipr, Kanada daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizindən çoxunun sənədləşdirilməsi "Bir pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.
"İxrac icmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.


Azərbaycanın ilk "Şərab evi” Çində açıldı


Son illərdə "Made in Azerbaijan” brendinin dünya bazarında təşviqi istiqamətində ciddi addımlar atılır. Azərbaycanın xarici ölkələrdə ticarət nümayəndəlikləri, ticarət evləri açılır və getdikcə bunun coğrafiyası genişlənir.
Sentyabrın 2-də isə bu sahədə daha bir ilk gerçəkləşib. Belə ki, Çin Xalq Respublikasının Urumçi şəhərində Azərbaycanın "Şərab evi” açılıb. Bu, xarici ölkədə açılan ilk şərab evimizdir. Bu il fevralın 5-də Çinin Pekin şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılış mərasimi də olmuşdu.
Bununla əlaqədar keçirilən tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, Azərbaycanın şərab istehsalçıları və Çinin şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri iştirak ediblər.
İlk "Şərab evi” Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan” brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Çin bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək. "Şərab evi”nin daimi fəaliyyət göstərən sərgisində xüsusi dadı və keyfiyyəti ilə seçilən müxtəlif növdə Azərbaycan şərabları nümayiş olunacaq.
Qeyd edək ki, "Made in Azerbaijan” brendinin təşviqi, ixracın və istehsalın stimullaşdırılması, o cümlədən Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə yeni ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”