Alternative content

12:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstiqlalımızın yadigarı, həmyaşıdı və tərənnümçüsü
İstiqlalımızın yadigarı, həmyaşıdı və tərənnümçüsü
ANA SƏHİFƏ / SİYASƏT
00:40 06.09.2018


"Könlüm ayrılmayır, vətən, səndən!”


Şair Məhəmməd Hadinin vətəndən uzaq düşdüyü illərdə doğma diyarın nisgili ilə qələmə aldığı "Qərib ellərdə yadı-vətən” poeması hissə-hissə "Azərbaycan”da dərc olundu. Qürbətdə vətən həsrəti şairi belə dilləndirmişdi:

Çox uzaq olsa da, bu tən səndən,
Könlüm ayrılmayır, vətən, səndən!
Ey xəzanı gözümdə fəsli-bahar,
Ey gözəl ölkə. Ey sevimli diyar.

Hicran hələ ki uzaq idi. Azərbaycan onu sevən, müstəqilliyini özünə qaytaran, istiqlalını bərqərar edən, bayrağını yüksəldən övladlarının hürr yaşadığı məmləkət idi. Vətən həsrətindən, müstəmləkə zülmündən keçmiş günlərin xatirələri kimi bəhs edirdilər. Bütün çətinliklərə, məhrumiyyətlərə rəğmən gələcəyə inamlı, ümidli idilər. Bu duyğuları Üzeyir bəy belə ifadə edirdi: "...yerimiz, yurdumuz, toprağımız özümüzün, hökumətimiz, camaətimiz, qoşunumuz özümüzün, dinimiz, ayin və adətimizə edilən şəmadətdən qurtulduq” ("Azərbaycan” qəzeti, 18 noyabr, 1918, №43).
Vətənə həsr edilən ən gözəl şeirlərdən birini də Cəfər Cabbarlı bu iftixar hisslərinin təsiri ilə qələmə aldı. "Sevimli ölkəm” sərlövhəsi ilə çap olunan məşhur şeirində o, məmləkətinin gözəlliklərini tərənnüm edirdi:

Şiş ucları buludlarla döyüşən
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.
Verimli torpağı, geniş çölləri,
Çalışqan ərləri, igid elləri,
Böyük gəmiləri, dəmir yolları,
Keçidləri, rizləri var ölkəmin.

("Azərbaycan” qəzeti, 1919, № 92).

Sonralar yeni nəşrlərdə bu şeirə "düzəliş” ediləcək, müəllifin "Quzğun” adı ilə andığı dəniz Xəzər kimi veriləcəkdi. Əsərdəki bu son iki bənd isə "yoxa çıxacaqdı”:

Yanar dağlarında yalov coşarmış,
Ona tapınmaya ellər qoşarmış,
Bir çağ varmış, ölkəm azad yaşarmış,
Bu yollarda izləri var ölkəmin.

İpəgindən qızlar çadra geyərlər,
Ölkələrin azad görmək dilərlər,
Bu yerləri bütün ellər sevərlər,
Yalnız bizdə gözləri var ölkəmin.

Azərbaycan Xalq Cumhuriyyəti istiqlal mücahidlərinin gerçəkləşmiş arzuları idi. Əmin Abid buna görə məqaləsinə "Yerini bulmuş arzular” ("Azərbaycan” qəzeti, 25 sentyabr, №4) adını verdi. O, həmin yazısında XIX əsrin əvvəllərində Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edildiyi dövrdən xalqın başına gətirilmiş müsibətlərdən, Azərbaycan xalqının yadelli işğalçılara qarşı mübarizəsi və sonunda istiqlalını qazandığından bəhs edirdi.


"Azərbaycan” qəzeti nələrdən yazırdı...


Qəzetin "Hökumət qərarları”, "Rəsmi xəbərlər”, "Teleqraf xəbərləri”, "Xarici xəbərlər”, "Bakı xəbərləri”, "Azərbaycanda”, "Rusiyada”, "Ermənistanda”, "Gürcüstanda”, "Türkiyədə”, "Türkiyə mətbuatı”, "Paris xəbərləri”, "İran işləri”, "Qəzetlərdən”, "Sülh ətrafında”, "İrəvan müsəlmanlarının halı”, "Teatr və musiqi” və digər daimi rubrikaları var idi. Parlamentin mühüm iclaslarından stenoqrafik hesabatları isə "Azərbaycan Məclisi-Məbusanında” rubrikası altında dərc edirdi.
Dövləti, milləti üçün əhəmiyyətli elə məsələ yox idi ki, bu qəzetdə işıqlandırılmasın. Dünyada baş verən mühüm hadisələrdən tutmuş Azərbaycanın əyalətlərində mövcud vəziyyətədək bütün lazımi məlumatlar qəzetdə əksini tapırdı. Yalnız çağdaş ictimai-siyasi həyata dair yazılara yer verilmirdi, Azərbaycanın və dünya dövlətlərinin tarixindən bəhs edən məqalələr də qəzetin daimi mövzuları sırasında idi. Fakt zənginliyi, əhatəliyi, rəngarəngliyi ilə diqqəti cəlb edən yazılar müxtəlif janrlarda qələmə alınırdı.
"Azərbaycan”ın bölgələrdə də xüsusi müxbirlərinin olması hadisələrin operativ şəkildə işıqlandırılmasına imkanlar yaradırdı. Qəzetin elə ilk nömrələrində ordumuzun Qarabağda apardığı uğurlu hərbi əməliyyatlar barəsində mütəmadi informasiyalar, məqalələr dərc olundu. "Azərbaycan”çılar Azərbaycan Xalq Cümhuriyyətinin başladığı böyük quruculuq işlərinə xidmət edirdilər. Qəzetin səhifələrində fəhlə və kəndli həyatına dair yazılara, oxucu məktublarına geniş yer ayrılırdı. Ədəbiyyat, teatr, muzey işi, səhiyyə və digər sahələrdə aparılan və ya həyata keçirilməsi zəruri məsələlər əksini tapırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əksəriyyəti vaxtlarının azlığına, dövlətçilik naminə həyata keçirməli olduqları işlərin çoxluğuna baxmayaraq, onları düşündürən müxtəlif mövzularda yazıları ilə bu qəzetdə çıxış edirdilər. Məhəmməd Əmin Rəsulzadə "Azərbaycan paytaxtı” adlı tarixi-publisistik məqaləsində cümhuriyyətin paytaxtının tarixi barədə materialların qaneedici qədər olmadığını bildirirdi:
"Mən mətbuatı çox aradım. Lakin Bakı barədə bir yazıya rast gəlmədim. Bu həvəs mənə cəsarət verdi: müxtəsər də olsa, Bakının tarixi haqqında bir kaç yarpaq qaralayalım. Şübhəsiz ki, bu sətirlərlə veriləcək məlumat Azərbaycanın paytaxtının şan və heysiyyatı və hüciyyəti ilə olmayacaq... Düşündüm ki, nəqis də olsa, bir şey olsun. Biz nəqisini başlarıq, mütəşəbbüs gənclərimiz də çalışar, vətən eşqi, məmləkət məhəbbəti ilə səy edər, bu başlancığı təkmil edərlər...”. (M.Ə.Rəsulzadə: "Azərbaycan paytaxtı”, "Azərbaycan” qəzeti, 1918, kanuni-əvvəl, № 3, 6,19,31).
Cümhuriyyət dövründə ən böyük çətinliklərdən biri o idi ki, ölkədə kütləvi savadsızlıq hökm sürürdü. Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin, Əhməd bəy Ağaoğlunun, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin və digər təəssübkeşlərimizin kədərlə, bəzən qınayaraq, bəzən acı-acı gülərək, bəzən satira qamçısı ilə vuraraq, amma hər bir halda sevərək, ürək yandıraraq təsvir etdikləri həmin millət idi. Firudin bəy Köçərlinin 1906-cı ildə "İrşad” qəzetində yer verilən və geniş müzakirələrə səbəb olan "Qaranlıqda qalanlarımız” adlı məqaləsində bəhs etdiyi qaranlıqda qalanlarımızı - məktəbdən, təhsildən uzaq salınmış, cəhalətin həyatın dibinə endirdiyi soydaşlarımızın düşüncələrini maarif nuru ilə işıqlandırmaq ən mühüm məsələlərdən biri idi.
"Azərbaycan” mətbuatımızın "Əkinçi”sindən başlayan maarifçilik yoluna sadiq idi. Ancaq sələflərindən fərqli olaraq onun bəxti gətirmişdi. Azad ölkənin mətbuat orqanı idi. Müstəqil dövlətimizin vətəndaşlarının hüquqlarını qoruyur, inkişafı naminə çalışırdı. Cümhuriyyət hökuməti əhalinin savadlandırılması, yeni milli kadrların hazırlanması istiqamətində məqsədyönlü işlər görürdü. "Azərbaycan” qəzetinin yazarlarının əksəriyyəti uzun illər həm də bunun üçün mücadilə etmişdilər. Qəzetin 1919-cu il 9 aprel tarixli nömrəsində yazılırdı: "...millətin xoşbəxtliyi səltənətin əzəmətindən asılı deyil, millətin səadəti asılıdır maarif nihalının o millət içərisində bitib və nə əndazədə kök salb qol-budaq atmağından”. Bu fikirlər, əslində, bütün "Azərbaycan”çıların mövqeyini əks etdirirdi. Maarif sahəsində hökumətin həyata keçirdiyi tədbirlər haqqında qəzetdə vaxtaşırı məlumatlar verilirdi. Bu mənada da "Azərbaycan”ın mövzuları geniş idi. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin maarif sahəsində təqdirəlayiq işləri çox idi. Onların içərisində 1919-cu ilin 15 noyabrında fəaliyyətə başlayan ilk ali məktəbin - Bakı Dövlət Universitetinin yaradılması xüsusilə diqqətəlayiqdir. Bu universitetin açılmasından əvvəl də, bütün fəaliyyəti boyu da hökumət qəzetində ətraflı məlumatlar verildi. Məhəmmədağa Şahtaxtlının "Azərbaycanda darülfünun” adlı məqaləsində ölkədə universitet açılması müstəqil dövləti qurmağın, qorumağın, inkişaf etdirməyin mühüm vasitələrindən biri hesab edilirdi: "Darülfünun olmazsa... ümumi maarifə aid orta məktəblərimizdə dərs verəcək müəllimlərimiz olmaz. Naxoşlarımızı müalicə edəcək təbiblər yetişməz. Hüquqşünas alimlər bulamayız ki, mal və mülk üçün münaqişə edən vətəndaşlarımızı... mühakimə etsin... Mədəni həyatın şəraitinə və amillərinə təhdid nəzərilə baxıldıqda o dəqiqə görünür ki, bu həyatın mənbəyi, sərçeşməsi mabədəl qəvalül-darülfünundur. Darülfünundan əl çəkmək mədəni həyatdan rugərdan olmaqdır”.
Əhalinin maarifləndirilməsi üçün hökumətin əhəmiyyətli tədbirlərindən biri də XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının yetişməsində mühüm rol oynamış Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Gürcüstandan Qazaxa köçürülməsi oldu. "Azərbaycan”ın səhifələrində qalan məlumatlar cümhuriyyət hökumətinin fəaliyyətinin ilk dövründən bu işlə məşğul olduğunu deməyə əsas verir. Qəzetin birinci ilinin 14-cü nömrəsində yazılanlardan həmin məsələnin iyunun 10-da qəti şəkildə həll edildiyi bəlli olur.
Azərbaycanda milli kadr çatışmazlığı yeni hökuməti daha bir zəruri addım atmağa vadar etdi. Cümhuriyyət hökuməti 100 nəfər gənci dünyanın qabaqcıl ölkələrinin ali məktəblərində təhsil almağa göndərdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin bu təşəbbüsünü alqışlayan Fərhad Ağazadə "Avropaya gedən tələbələrin Azərbaycana töhfələri” adlı məqaləsində gənclərə müraciət edirdi: "Qardaşlar! Bu zikr edilmiş əsərlərdən bizə bir sovqat gətiriniz, qarınca kibi hər yerdən vətənimizə bir şey toplayınız. Bu şeyləri cəmləyib sonra mükəmməl tariximizi, ahəngli qəvaidəmizi, dəbdəbəli ədəbiyyatımızı yapaq, daha doğrusu, yenidən icad edək. İcad edib də mədəniyyətə doğru həvəsli bir millət olduğumuzu Avropaya sübut edək!”("Azərbaycan” qəzeti, 1919, №351).
Bu dövrdə Abdulla Şaiqin rəhbərliyi ilə ana dilində ilk orta məktəb açıldı. Qadınların savadlandırılması üçün də ciddi tədbirlər görüldü. "Azərbaycan” bütün bu məsələlər barədə əhatəli şəkildə oxuculara məlumat verirdi. Qəzetdə qadınları ictimai həyatda fəal iştirak etməyə, kütləvi savadlanmaya çağıran məqalələr çap olunurdu.
Azərbaycan Xalq Cümhuriyyəti qısa fəaliyyəti müddətində mətbuat sahəsində də əhəmiyyətli işlər gördü. Mətbuatın inkişafı üçün münbit şərait yaradıldı. Cümhuriyyət dövründə yalnız bolşevik mətbuat orqanlarının sayı 40-dan çox idi. "Zəhmət sədası”, "Azərbaycan füqərası”, "Füqəra sədası”, "Al bayraq”, "Füqəra”, "Hümmət”, "Gələcək”, "Hürriyyət”, "Tartan-partan” və başqa bolşevik ruhlu mətbuat orqanları hökumətin fəaliyyətini tənqid edir, Azərbaycanın qurtuluşunu sinfi mübarizədə, sosialist inkişaf yolunda gördüklərini yazırdılar. "Azərbaycan”, "Azerbaydjan”, "Açıq söz”, "Bəsirət”, "Müsavat”, "İstiqlal”, "Türk sözü”, "Millət”, "Azərbaycan hökumətinin əxbarı” kimi mətbuat orqanları isə Azərbaycanın müstəqil yaşamaq hüququnu müdafiə edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qəbul edilən daha bir mühüm sənəd "Mətbuat haqqında Nizamnamə” mətbuata dair normativ aktları müəyyənləşdirdi. Nizamnamənin birinci bəndində mətbuat azadlığı bəyan edilirdi. Nizamnamənin hazırlanmasında, müzakirəsində və 1919-cu ilin 30 oktyabrında qəbul edilməsində xüsusi xidmət göstərənlərdən biri də "Azərbaycan” qəzetinin redaktoru, Azərbaycan Parlamentinin üzvü Şəfi bəy Rüstəmbəyli oldu. Parlamentin 23 oktyabr 1919-cu il tarixli iclasında nizamnamə layihəsini də Şəfi bəy Rüstəmbəyov təqdim etmişdi. Parlamentin Həsən bəy Ağayevin sədrliyi ilə keçən iclaslarında Şəfi bəy Rüstəmbəyov, Səməd Ağamalıoğlu, M.V.Əxicanov, İbrahim Əbilov, Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə, Əliheydər Qarayev, Əhməd Pepinov, A.Kazımzadə, V.A.Baqradze, Q.K.Saniyev və başqalarının çıxışlarında, eləcə də dövri mətbuatın, "Azərbaycan” və "İstiqlal” qəzetlərinin açdığı müzakirələrdə müəyyən fikir ayrılıqları olsa da, mətbuat işinin nizamlanması, jurnalistikanın inkişafı, söz, fikir və informasiya azadlığının təminatı baxımından nizamnamə yüksək dəyərləndirildi.
Ölkədə söz və mətbuat azadlığını əsas məqsəd bilən bu nizamnamə parlamentdə ciddi müzakirələrdən, mübahisələrdən sonra qəbul edildi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov xaricdə olduğundan bu mühüm sənədi baş müavin Həsən bəy Ağayev, katib Əhməd Cövdət, idarə rəisi Vəkilov imzaladılar.
Rəsmi qəzetdə rəsmi sənədlər, protokollar və fərmanlar, dövlət quruculuğu məsələləri, parlamentin fəaliyyəti haqqında da mütəmadi yazılar dərc olunurdu. Belə ki, 1918-ci il noyabrın 16-da yenidən öz işini bərpa edən Azərbaycan Milli Şurasının, şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin Parlamentin çağırılması ilə əlaqədar noyabrın 19-da Azərbaycan əhalisinə müraciəti, şurada gedən müzakirələrin materialları və qəbul olunan qərar qəzetdə dərc edildi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1918-ci il dekabrın 7-də fəaliyyətə başladıqdan sonra onun fəaliyyəti "Azərbaycan” qəzetində geniş işıqlandırılırdı. Həmin gün münasibətilə yazdığı "Tarixi günümüz” adlı məqaləsində Üzeyir Hacıbəyli bildirirdi: "Bu o gündür ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şurası açılıb. Azərbaycan təkmil bir hökumət şəklinə girir. Yüz-yüz əlli sənə bundan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan torpağının rus istilasından qazandığı bir mənfəət o oldu ki, bu torpaq üzərində qurulmuş olan saxta və əməli hüquqları silinib-süpürülmüş müttəhid və vəsi bir ərazi şəklinə girdi və bu gün xilas olub da iki milyon mütəcavüz nüfus ilə Azərbaycan Cümhuriyyəti namını daşımağa kəsbi-ləyaqət etdi. Bəs bu gün haman bu Azərbaycan Cümhuriyyətinin milli parlamanı, Milli Məclisi açılmaqla təşkilat və tərtibati-siyasiyyəsi artıq itmama yetir. ...Belə olan surətdə, deməli, qəlbimizdə bəslədiyimiz ümid - parlamanımızdır. Və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsulu yolunda var qüvvəsilə çalışacaq və Vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır” ("Azərbaycan” qəzeti, 7 dekabr 1918, №58).
Fərhad Ağazadə "Parlamandan nə tələb olunur” adlı məqaləsində isə yazırdı: "Bu, müqəddəs bir yerdir ki, orada millətin dərdi, vətənin haləti müzakirə olunub çarələri üçün də tədbirlər ittixaz olunacaq. Məbuslar arasında bəliğ və uzun-uzadı nitq söyləyənlər də az deyil, lakin onlardan millət naminə rica olunur ki, fəsahət və bəlağət qabiliyyətlərini və natiqlik məharətlərini sair "əsari-nəfisə” məclislərinə buraxıb parlamanımızda ancaq dərdlərimizdən danışsınlar, onlara əlaclar tapsınlar. Bunların hamısından məclis xitaməirdikdə millətimiz məbuslarımızdan nə iş gördüklərini tələb edəcək. Bu, gərək hər bir qədəmdə, hər bir hərəkətdə məbusların yadından çıxmasın. Məbusların görəcəkləri iş hədsiz və hesabsızdır” ("Azərbaycan” qəzeti, 2 aprel 1918).
"Azərbaycan”çılar ölkə vətəndaşlarını ayıq-sayıq olmağa, üzərlərinə düşən vəzifənin məsuliyyətini anlamağa, tarixin verdiyi bu böyük şansı əldən verməməyə səsləyirdilər. Xəlil İbrahim "Azərbaycan Parlamanı dəvəti münasibətilə” adlı məqaləsində yazırdı: "Bu gün Azərbaycanın həqiqi sahibləri-xəlq öz nümayəndələri lisanilə parlaman kürsi-xitabətindən öz arzu və amallarını aləmi-bəşəriyyət hüzurunda nümayiş etdirəcəklərdir.
Azərbaycan türkləri məhkum ikən hüquqi-milliyyə və istiqlal mübarizəsi düsturu olaraq meydanə atmış olduğu "yaşa və özgələrə yaşamaq imkanı ver” şüarına sadiq qalaraq məhkum ikən tələb etdigi mütənasib nümayəndəlik əsasını müstəqil olduqda da unutmayaraq Azərbaycanda əqəliyyət təşkil edən millətlərin də mütənasib nümayəndəlik həqqinə riayətlə bu əsas üzərinə parlaman çağırmağı lazım bildilər.
Azərbaycan türkləri həmişə ağalıq, hakimlik üçün degil, hüquqi-milliyyə və bəşəriyyənin təmini üçün çalışdıqlarını bir daha isbat edərək cümhuriyyətimiz daxilində yaşayan ümum vətəndaşlarımızı həyatımızın quruluşunda iştirakə dəvət etdilər, Azərbaycanda heç millət, heç sinif, heç silk hakim, ya məhkum ola bilməz, hamı vətənin həm ağasıdır, həm nökəri. Hər bir vətəndaş gərək ümumi vətənin səadətilə məsud, ələmilə mövləm olsun.
Hamı özünü müsavülhüquq vətəndaş hiss etsin”.
Dövlət quruculuğuna, islahatların aparılmasına, məmurların və millət vəkillərinin üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələrində, bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin güclənməsində "Azərbaycan”çılar qələmləri ilə yardım edirdilər. "Azərbaycan” müstəqil ölkə vətəndaşlarının qarşılaşdıqları heç bir bir nöqsanı diqqətindən kənarda qoymurdu. Süründürməçiliyə, rüşvətxorluğa, hüquq mühafizə orqanlarının özbaşınalığına, parlamentdəki vəziyyətə, məvaciblərin azlığına və digər problemlərə qəzetdə daim münasibət bildirilirdi. Üzeyir Hacıbəyli "Məmurlarımız haqqında” məqaləsində bildirirdi: "Vaqeən məmurların rüşvətxorluğu hökumət və məmləkət üçün qorxulu bir vaqeədir... Odur ki, rüşvətxorluq iylə mübarizə qılmaq hökumətin böyük vəzifələrindən biridir” ("Azərbaycan” qəzeti, 5 sentyabr 1919).
"Bir sual münasibətilə” adlı məqaləsində də Üzeyir bəy rüşvətxorluğa qarşı barışmaz mövqeyini ifadə edirdi: "Adam öldürmək bir cinayət olduğu kimi, rüşvət almaq dəxi bir cinayətdir. ...Nifrət və istikrahla qarşılanacaq olan bu adam vaqeən mənəvi bir edama məhkum edilib, cəzai-səzasinə çatacaq və aldığı rüşvət də ona haram olacaqdır” ("Azərbaycan” qəzeti, 22 oktyabr 1919). "Daxili işlərimizdən” sərlövhəli yazısında isə o, başqa bir mühüm məsələyə diqqəti çəkirdi: "Polis boylə bir zənndə idi ki, onun vəzifəsi əhalinin baş və bədəni üzərinə şallaq çəkməkdən və rüşvət almaqdan ibarətdir.
Fəqət azad və müstəqil Azərbaycan hökumətində boylə bir əcayib vəzifəşünaslığa yol verilməməlidir. Polis əhli öz vəzifəsinin fəsl mənasını dürüst bilməli və dərk etməlidir. Onun doğrudan-doğruya vəzifəsi əhalinin canını, malını, şərəf və heysiyyatını hər bir təcavüzdən qorumaq və dövlət qanun və qaydalarını cəmaət arasında icra edilməsinə çalışmaqdır. Əhali polis məmurlarını qorxu üzündən deyil, onu təcavüzlərdən qoruyan bir mühafizə, bir qoruqçu sifətilə layiqi-ehtiram bilməlidir” ("Azərbaycan” qəzeti, 25 oktyabr 1919).
Üzeyir bəy maaşların azlığı, millətin maddi vəziyyətinin aşağı olmasından bəhs edərkən müəllimlərin timsalında problemin dözülməzliyinə belə diqqəti çəkirdi: "Xalq müəllimlərinin məvacibi olan dörd yüz otuz beş manata nəinki külfətdar və ailə sahibi olan bir müəllim, hətta subay adamlar da dolana bilməzlər” ("Əgri yol”, "Azərbaycan” qəzeti, 10 aprel 1919).
Cəfər Cabbarlı isə "Parapetdən Şamaxı yoluna qədər” ("Azərbaycan” qəzeti (rus dilində), 26 noyabr 1918) adlı felyetonunda redaksiya əməkdaşlarının düşdüyü ekstremal şəraitlə yanaşı, dövlət məmurlarının, nazirlərin astagəlliyi, sosial problemlərə soyuq, biganə münasibətlərini gülüş hədəfinə çevirirdi.
"Azərbaycan”çılar vacib problemləri oxucuların nəzərinə çatdırmaqla yanaşı, onun həlli yollarını da göstərirdilər. Üzeyir Hacıbəyli ümidlə yazırdı: "Məmləkətimiz və vətənimiz kəmali-sürətlə bir tərəfdən qüvvət tapıb, bir tərəfdən də tərəqqi edəcək və getdikcə ağ günlərə çatacaqdır” ("Xatimə”, "Azərbaycan” qəzeti, 15 may 1919).
Qəzet xoş gündə - Bakının erməni-daşnak birləşmələrinin əsirliyindən qurtuluşu günündə fəaliyyətə başlamışdı. Ancaq ondan əvvəlki qanlı-qadalı hadisələr Azərbaycan xalqına elə bir mənəvi yara vurmuşdu ki, sağalması çətin idi. 1918-ci ildə Bakıda ermənilərin azərbaycanlılara yaşatdıqları dəhşətlərin şahidi olmuş Məhəmməd adlı biri "Azərbaycan” qəzetində yazırdı: "Küçələr meyitlərlə dolmuşdu. Quba meydanından (indiki Füzuli meydanı) Nikolayevski (hazırkı İstiqlaliyyət küçəsi) caddəsinə qədər bazar tamam yandırıldı. Uşaq, böyük, arvad, kişi - heç kəsə fərq qoymadan hamısını qətl edirdilər. Müsəlmanların ev, dükan və mağazaları yandırılmışdı. Bir müsəlman həyətinə daxil olub burada 30-dan 40-a qədər uşaq, arvad, kişi cənazələrini gördüm. Müsəlmanların tələfatı, yalnız qətl edilənlər 5-6 minə qədərdir”.
"Azərbaycan” qəzetində "Mart hadiseyi-ələməsinin müxtəsər tarixçəsi” sərlövhəli məqalədə Şaumyan, Saakyan və Arekyanın rəhbərlik etdikləri dəstənin Bakıdan qabaq Şamaxıda qırğınlar törətdikləri yazılır: "Martın 16-da xəbər gəldi ki, bolşevik soldatları Şamaxıya hərəkət edərək intizamsızlıq salıb, yolda qabaqlarına gələn müsəlman kəndlərini, o cümlədən Ağdərə, Novxanlı, Qarxunlu kəndlərini qarət edib müsəlmanları qırırlar”. Qəzetdə Şamaxı qırğınında iştirak edən bolşevik-erməni silahlı birləşmələrinin sayı da göstərilirdi: "Şamaxı mahalına bir qitə göndərilib, əhalı məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olub”. Erməni-bolşevik birləşmələrinin yandıqdıqları Şamaxının ən qədim tarixə malik məscidinin şəklini səhifələrində dərc edərək bu günümüzə çatdırdı. Qəzetdə Şamaxının yalnız xarabalıqları qaldığı yazılır, sağ qalanlar belə təsvir edilir: "Biçarə şamaxılılar öz isti ocaqlarını buraxıb yağış-yağmurun altında bu səhraları ata oğlunu, ana qızını gözlərinin yaşını tökə-tökə axtarırlardı”. ("Azərbaycan” qəzeti, 31 mart 1919, №147).
Hacıbəyli Üzeyir imzası ilə "Başlanır” adlı məqalədə olduqca ibrətamiz məsələlərə toxunulurdu: "Özgənin iki gözünü çıxartmaq üçün özünün bir gözünü qurban etmək politikası yolunu tutmuş olan daşnaklardan nəticəsi hər vaxt erməni millətini fəlakətdən fəlakətə salan "müsəlləh üsyan”lardan başqa özgə bir qabiliyyət gözləmək üçün cahil və qafil olmaq lazım gəlir.
Daşnaklar Qarabağ ermənilərini bizə qarşı üsyana dəvət edirlər. Bu üsyanın açıq-açığına qəzetə vasitəsilə elanı daşnakların bihəyalığını sübut edən aşkar dəlillərdən birisidir” ("Azərbaycan” qəzeti, 13 fevral 1919). Müəllifin "Eyni müamilə gözləyirik” adlı məqaləsində isə qeyd edilirdi: "Qarabağda bu "hartu - vurtu” salan və bu hərəkətləri çıxaran bütün Qarabağ erməniləri olmayıb, bəlkə bir dəstə daşnak güruhudur. Qarabağın kənd erməniləri yaxşı bilirlər ki, Azərbaycan hökumətinə tabe olmasalar, müsəlmanlar ilə əlaqələrini kəsməyə məcbur olub, acından ölərlər. Ona görə biz əminik ki, bədbəxt erməni kəndləri bu gün bir dəstə daşnakların xəyanət və şeytanəti qurbanlarıdırlar, bu güruhi - layəfəlhun erməni millətinin gözünü o qədər qorxudublar ki, bir bu qədər haqsızlıq və zülmlərə qarşı ağız açıb söz deməyə cürətləri yoxdur. Əgər bu xainlər güruhu Qarabağdan tərd və təbid edilirsə və onların yuvaları dağılırsa, Qarabağ erməniləri asudə nəfəs çəkib, həm acından ölməzlər, həm də öz həmişəki qonşuları ilə mehriban dolanıb, Azərbaycan hökumətinin ədaləti altında və sayeyi - mərhəmət qayəsində kəmali-asudəgi ilə imrari-məişət edərlər” ("Azərbaycan” qəzeti, 5 may 1919).
Şəfi bəy Rüstəmbəyli "Düşünmək vaxtıdır” məqaləsində "Daşnaksütyun” partiyasının şovinist siyasətinin ermənilərin özlərinə də xeyir gətirməyəcəyini, bu yolun onları məhvə aparacağını deyirdi: "Bizim üçün vacibdir ki, erməni xalqı nəhayət, "Daşnaksütyun” partiyasının siyasi avantürasının məhvə məhkumluğunu başa düşsün, hələ nə qədər ki gec deyil, ondan üz döndərsin, öz qonşuları ilə səmimi və mehriban yaşamaq yoluna qədəm qoysun. Başqa yol onlar üçün daim fəlakətli olacaqdır” ("Azərbaycan” qəzeti, 19 sentyabr 1919, №2).
Daşnakların əsl xislətini göstərən, Tiflisdə ingilis dilində nəşr olunan "Corciən meil” qəzetindəki məqaləyə Üzeyir bəy "Corciən meil”in məqaləsi” adlı yazısı ilə münasibət bildirirdi: "Arzumuz budur ki, bu məqalə Avropa mətbuatına dəxi keçib, daşnak ilanlarına inananları ayıldıb doğru və həqiqətə qarşı yumulmuş olan gözləri açdırsın və bu yalanlar vasitəsilə nə qədər zəlalət və rəzilət törəndiyini və bunun nəticəsi olaraq nə kibi haqsızlıqlara yol verildiyini Avropa əfkari-ümumiyyəsinə anlatsınlar” ("Azərbaycan” qəzeti, 21 oktyabr 1919).
"Ermənilər” ("Azərbaycan” qəzeti 25 sentyabr 1918), "Andronik nə istəyirmiş” ("Azərbaycan” qəzeti, 19 yanvar 1919, № 68) və bu qəbildən olan digər yazılarında Fərhad Ağazadə azərbaycanlıların qanına susamış erməni quldurlarının törətdikləri vəhşiliklərdən, talanlardan, xalqımızın vətənpərvər övladlarının onlara layiqli cavab verdiyindən, Bakının daşnak-bolşevik quldurlarından azad edilməsindən bəhs edirdi.
Çox çətin şəraitdə müstəqil dövlətin möhkəmləndirilməsi üçün çalışanların əzmi heyrətamiz idi. Çünki Fərhad Ağazadə "Türk şüərası və istiqlal” adlı yazısında bildirdiyi kimi, istiqlal minlərcə şəhidin qanı bahasına başa gəlmişdi ("Azərbaycan” qəzeti, 28 may 1919, № 190).
Azərbaycanın dövlət müstəqilliyinə təhdidlər də bitməmişdi. Şimaldan gələn qasırğa getdikcə yaxınlaşırdı. Üzeyir bəy yazırdı: "...bizim üçün şimaldan təhlükə mövcud olduğu məlum bir məsələdir. Bunu heç vaxt unutmayıb da var qüvvəmiz ilə çalışmalıyıq ki, bu şimal təhlükəsinin rəddinə qarşı həmişə və hər bir halda hazır olaq. Ona görə mümkün mərtəbə hazırlanmalı və heç bir fədakarlıqdan çəkinməməliyik.
Biz hazır olandan sonra düşməndən qorxumuz yoxdur” (Ü.H. "Dərbənd əhvalatı”, "Azərbaycan” qəzeti, 26 may 1919).
Uzun illərin əsarətindən qurtulmuş bir xalqın nə vaxtsa yenidən Rusiyanın işğalına məruz qalacağından narahatlıq "Azərbaycan”ın səhifələrində gedən bir çox yazılarda əksini tapdı. "Rusiya əhvalı” məqaləsində Üzeyir bəy həmin hissləri ifadə edirdi: "Bugünkü vəzifəmiz Rusiya işlərinə kənardan baxmaq və Rusiya daxilində vaqe olan hadisələrə qarşı bitərəf qalmaqla bərabər, oradan bizi təhdid edən təhlükələrdən özümüzü qorumaqdır...Təhlükə bolşevik tərəfindənmi və ya Denikin tərəfindən vaqe olacaqmı, bizdən ötrü təfavüt yoxdur, qorunmaq və hər bir vasitə ilə istiqlalımızı mühafizə etmək, vəssalam” (Hacıbəyli Üzeyir, "Azərbaycan” qəzeti, 9 oktyabr 1919).
"Qara təhlükə” adlı məqaləsində Üzeyir bəy çar Rusiyasının hüdudlarını bərpa etməyə çalışan, müstəmləkəçilik hökmranlığının tərəfdarı olan Denikini kəskin tənqid edirdi. O, Azərbaycan istiqlalının düşmənlərinin Denikin və erməni-daşnak birləşmələrindən ibarət olmadığını yazır, "içimizdəki denikinlər” barəsində də xalqa məlumat verirdi ("Azərbaycan” qəzeti, 1919, №198).
Göz yaşları qurumamışdı. Müstəqilliyə təşnə millət azadlıq sevincini hələ doyunca yaşamamışdı. Soydaşlarının keçirdiyi hissləri 1920-ci ilin aprelində "Ağlayırdım, gülürəm!” adlı şeirində Əhməd Cavad belə dilə gətirirdi:

Arkadaşlar, dörd yanıma baxdıqca,
Ağlayırdım, ağlayırdı irmaqlar!
Yurd oğlunun göz yaşları axdıqca,
Ağlayırdım, ağlayırdı topraqlar!

("Azərbaycan” qəzeti, 6 aprel 1920, № 68)

Həmin şeirinin sonuncu misralarındakı fikirlər isə şairin gözlənilən təhlükədən yurddaşlarına
xəbərdarlığı kimi səslənir:

... Ay yurd oğlu, ağlayanlar keçəndə
İstər idi bu gün səni güldürsün!
Sarı yüzlü dayduları gör sən də,
Qoyma bir də işığını söndürsün!

Əsirgədi bu gün səni yaradan,
Öz yurdunu verdi sənin əlinə!
Dayduları çıxartmısan aradan,
Saqın, bir də sataşmasın gözünə!

Göstərməsən bundan sonra sən ərlik,
Beş gün çəkməz yurdun-yuvan dağılar!
Qardaş kimi eyləməsən həp birlik,
Yenə girər torpağına yağılar!

("Azərbaycan” qəzeti,

6 aprel 1920, № 68).

Hələ Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyini qeyd etməyə hazırlaşdıqları zaman Üzeyir bəy "Azərbaycan” qəzetində yazırdı: "Deməli, bir gün olacaqdır ki, Rusiyada monarxistlər və ya bolşeviklər hakimi-mütləq olmaq ixtiyarını bir kərəlik ələ alıb da, ondan sonra Rusiyadan alınmış olan "üsyançı”lar üzərinə tökülüb, onları bir itaətə məcbur etmək işinə uğraşacaqlar”. O müdhiş günlər yetişirdi...

(Ardı var)

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”