Alternative content

16:29 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya və Azərbaycan arasında imzalanmış yeni sənədlər böyük perspektivlər vəd edir
Rusiya və Azərbaycan arasında imzalanmış yeni sənədlər böyük perspektivlər vəd edir
ANA SƏHİFƏ / SİYASƏT
00:24 06.09.2018


"Azərbaycan Rusiya üçün geoiqtisadi əhəmiyyətə malik ölkədir və respublikamızın yaxın qonşu ölkələrlə yüksək siyasi, iqtisadi münasibətlərinin olması qarşı tərəf üçün cəlbedicidir. Bakı-Tbilisi-Qars dəmir yolu, eyni zamanda regionda "Şimal-Cənub”, "Şərq-Qərb” dəhlizlərinin formalaşması qonşu ölkənin yeni bazarlara çıxışı baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Soçi səfərinin nəticələrini dəyərləndirərkən qəzetimizə verdiyi açıqlamasında deyib.


İki ölkə arasındakı iqtisadi əlaqələr daha da genişlənəcək


Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin daim inkişaf etdiyini vurğulayan deputatın sözlərinə görə, Rusiya ölkəmiz üçün böyük bazardır: "Rusiyanın iri həcmdə bazara sahib olması Azərbaycan sahibkarları və iqtisadiyyatı üçün mühüm rol oynayır. Hökumətimiz iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı yönündə daim çalışıb”.
T.Mirkişili qeyd edib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsində Azərbaycan-Rusiya birgə əməkdaşlığı da əslində konstruktiv məqsədlərə xidmət edib.
Deputat hesab edir ki, Rusiya Azərbaycan üçün iqtisadi maraqlar kəsb edir və bu gün Rusiyanın Avropa İttifaqı, ABŞ tərəfindən sanksiyalara məruz qaldığı nəzərə alınsa, indi bu ölkənin iqtisadiyyatı üçün yeni inkişaf istiqamətlərinin tapılması, yeni bazarlara çıxış siyasi əhəmiyyət kəsb edir: "Türkiyə, İran, Şərq ölkələri ilə iqtisadi münasibətlərində Azərbaycanın yaratdığı infrastruktur imkanları və bu ölkələrlə uğurlu siyasi və iqtisadi münasibətləri Rusiya üçün maraqlıdır”.
Tahir Mirkişili onu da vurğulayıb ki, Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaq. Avropa bazarlarına hər iki ölkənin qaz ixracı imkanları Rusiyanı Azərbaycanla bu mühüm bazarda əməkdaşlıq etməyə sövq edir və tərəflərin bu yöndə konstruktiv şəkildə çalışması hər iki ölkənin iqtisadi maraqlarına uyğundur: "Bu gün ölkələrimiz arasındakı iqtisadi əlaqələr bərabərhüquqlu, qarşılıqlı maraqlara xidmət edən yaradıcı, geoiqtisadi əhəmiyyət kəsb edir. Bu da hər iki dövlətin iqtisadiyyatının böyüməsi, inkişafı və dayanıqlı olması üçün mühüm amildir. İmzalanan çoxsaylı və çoxsahəli müqavilələr isə tərəflərə iqtisadi cəhətdən mühüm perspektivlər vəd edir”.


Rusiya Azərbaycan iqtisadiyyatına sərmayə yönəldən əsas ölkələrdəndir


İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, Rusiya və Azərbaycan arasında imzalanmış yeni sənədlər, eləcə də strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı addımlar onu deməyə əsas verir ki, bu ölkə ilə həm dövlətlərarası, həm də şirkətlərarası münasibətlər daha da inkişaf edəcək.
İqtisadçı-ekspert bildirib ki, Rusiya Azərbaycan üçün regionda iqtisadi layihələrin reallaşdırılması baxımından strateji müttəfiqlərdən biridir: "Ölkəmizin 1,5 milyard dollardan çox qeyri-neft ixracının 34 faizi Rusiyanın payına düşür. Bu isə o deməkdir ki, dövlətlərimiz arasında qeyri-neft ixracı təxminən yarım milyard dollardır. Respublikamızın ixrac etdiyi aqrar məhsulların 90 faizdən çoxu Rusiya bazarına göndərilir. Nəticədə şimal qonşumuz qeyri-neft, eləcə də aqrar məhsulların ixracında əsas tərəfdaş rolunu qoruyub saxlamaqdadır. Azərbaycanın Rusiyada böyük həcmdə sərmayəsi var. Həmin ölkə də bizim iqtisadiyyatımıza böyük miqdarda sərmayə yönəldir. Bundan başqa, prezidentlərin sonuncu görüşündə SOCAR-la müvafiq müqavilənin imzalanması strateji əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsindən xəbər verir”.
V.Bayramov əlavə edib ki, Azərbaycan Prezidentinin Rusiyaya bu səfəri ölkəmizin inkişaf etmiş Avropa dövlətləri və Rusiya ilə bərabərsəviyyəli strateji əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu göstərir.


İki ölkə arasında ixrac-idxal əməliyyatları daha da sürətlənəcək


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Nicat Hacızadənin fikrincə, Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri iki ölkə arasındakı iqtisadi münasibətləri daha da dərinləşdirəcək.
Azərbaycanın Rusiyanın Cənubi Qafqazda həm iqtisadi, həm də ticari nöqteyi cəhətdən ən böyük tərəfdaşı olduğunu xatırladan N.Hacızadə bildirib ki, baş tutan bu səfər ölkələrimiz arasında iqtisadi potensialı daha da artıracaq, iki ölkə arasındakı ixrac-idxal əməliyyatlarını sürətləndirəcək: "Səfər çərçivəsində ixrac və idxal sahəsində ikili sənədləşmə proseslərinin daha da sadələşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində təcrübə mübadiləsinin təşkil edilməsi və sözügedən istiqamətlər üzrə ticarət münasibətlərinin daha da inkişaf etdirilməsi, o cümlədən nəqliyyat və yükdaşımalar sahəsində infrastrukturun müasirləşdirilməsi, qarşılıqlı daşımaların artırılması ilə bağlı rəsmi sənədlər imzalandı. Bütün bunlar Prezident İlham Əliyevin Rusiya ilə iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində düşünülmüş siyasətinin nəticəsidir. Məhz dövlət başçısının rəhbərliyi ilə Rusiya ilə iqtisadi münasibətlər son 15 ildə ən yüksək həddə çatıb”.
Ekspert əlavə edib ki, "Bir pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən sahibkarların 70 faizi Rusiyaya mal ixrac edir. Bura kənd təsərrüfatı, xüsusilə meyvə-tərəvəz, sənaye və tikinti məhsulları da daxildir. Habelə azexport.az portalına gələn sifarişlərin mütləq əksəriyyətini Rusiya istiqaməti təşkil edir. İxrac-idxal əməliyyatlarının daha da sürətlə getməsinin əsas səbəblərindən biri də ölkələrimiz arasında preferensiyanın olmasıdır. Sözügedən azad ticarət zəmin yaradır ki, Azərbaycan və Rusiya mənşəli məhsullar hər iki ölkənin ərazisinə daxil olarkən rüsum ödəməsinlər. Rüsumların məhsulun maya dəyərinə təsir etdiyini nəzərə alsaq, bu hər iki ölkənin sahibkarları üçün rəqabətqabiliyyətli fəaliyyət mühiti yaradacaq.

"Azərbaycan”