Alternative content

00:18 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaponiya Azərbaycan ilə əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir
Yaponiya Azərbaycan ilə əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir
ANA SƏHİFƏ / SİYASƏT
17:54 05.09.2018

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb


Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazir Elmar Məmmədyarov iki ölkə arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Ölkəmizdə səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono ona göstərilən diqqətə görə məmnunluğunu ifadə edib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını bildirib. Ölkəmizin mühüm coğrafi məkanda yerləşdiyini qeyd edən qonaq Yaponiyanın Azərbaycan ilə əlaqələrini daha da inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

Nazirlər Azərbaycan və Yaponiya arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan dostluq münasibətlərinin qurulduğunu bildirərək ikitərəfli siyasi dialoqun inkişafından məmnunluqlarını ifadə ediblər. Tərəflər enerji sahəsində uğurlu əməkdaşlığın olduğunu bildirərək iqtisadiyyatın digər sahələri, xüsusilə qeyri-neft sektoru üzrə əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu qeyd ediblər.

Elmar Məmmədyarov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üzrə aparılan köklü islahatlar barədə məlumat verərək Yaponiya şirkətlərinin qeyri-neft sektorunda daha fəal surətdə təmsil olunması üçün cəlbedici imkanların olduğunu deyib. Diqqətə çatdırıb ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Yaponiya şirkətləri də faydalana bilərlər. O, həmçinin yaponiyalı həmkarına TAP və TANAP layihələri ilə bağlı görülən işlər haqqında məlumat verib.

İki dövlət arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunan tərəflər "GUAM + Yaponiya" formatında tərəfdaşlığın vacibliyini qeyd ediblər.

Görüşdə Azərbaycanın ali təhsil müəssisələrində yapon dilinin tədrisinin, tələbə mübadiləsinin, bu ilin sentyabrında ölkəmizdə cüdo üzrə dünya çempionatının keçirilməsinin, qarşılıqlı mədəni proqramların təşkilinin ikitərəfli humanitar əlaqələrin inkişafına və təmasların artmasına xidmət etdiyi bildirilib. Həmçinin təhsil, idman və mədəni tədbirlərin turizm sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub və birbaşa aviareyslərin açılması məsələsi nəzərdən keçirilib.

Nazirlər regional və beynəlxalq gündəliyə aid məsələlərə dair geniş fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi barəsində məlumat verərək, münaqişənin həll olunmamasının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunun regional sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu bildirib. O, münaqişənin siyasi yolla həlli və ədalətli sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Taro Kono Yaponiyanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. Yaponiyalı nazir iki ölkə arasında təmasların yaxşılaşdırılması məqsədilə Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirildiyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov Yaponiyanın beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, GUAM-Yaponiya sənədlərində qeyd olunduğu kimi, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəkləməsinin təqdir edildiyini deyib.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.