Alternative content

11:58 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstiqlalımızın yadigarı, həmyaşıdı və tərənnümçüsü
İstiqlalımızın yadigarı, həmyaşıdı və tərənnümçüsü
ANA SƏHİFƏ / SİYASƏT
00:40 05.09.2018


1918-ci ilin 28 mayı Azərbaycan tarixinin dan yeridir. Həmin gün qaranlıqlar söküldü və Azərbaycan Xalq Cümhuriyyəti adlı bir günəş parladı. Bu millət uzun illərdir o işığa həsrət, o aydınlığa təşnəydi. Azadlığını, dövlətinin müstəqilliyini əlindən alanlar, məmləkətini işğal edərək torpaqları ilə bərabər ürəyini də ikiyə bölənlər bəsirət gözünü bağlamaq, tərəqqiyə aparan yolunu zülmətə boyamaq, arzularını, ümidlərini qaraltmaq üçün illərdir səylərini əsirgəmirdilər.


Düşmənləri amansız Vətən...


Bu millətin azadlıq işığını söndürmək istəyənlər çox oldu. Torpaqlarını işğal etmək, müstəmləkə boyunduruğuna salmaq üçün tarixin ayrı-ayrı dönəmlərində amansız müharibələr baş verdi. Azərbaycana zaman-zaman dəhşətli faciələr yaşatdılar. XIX əsrin əvvəllərində Rusiya-İran müharibələrinin ən böyük ağrısını da bu millətə çəkdirdilər. İmzaladıqları iki müqavilə - 1813-cü ilin "Gülüstan”, 1828-ci ilin "Türkmənçay” müqavilələri ilə Azərbaycan xalqının ayrılıq hökmünü verdilər. Məmləkətimizi böldülər, şimal hissəsinə Rusiya, cənubuna İran sahibləndi. Müstəmləkə buxovu vurub tərəqqi yollarını da ləngitdilər. Ancaq bu millətin gözünün odunu almaq, əsarətə boyun əydirmək asan olmadı. Azərbaycanda milli kimlik, milli özünüdərk hissləri getdikcə gücləndi.
Sıraları genişlənən Azərbaycan ziyalıları da mübarizələrini ilk vaxtlarda, əsasən maarifin, təhsilin, elmin, səhiyyənin, ədəbiyyatın, mətbuatın... inkişafı uğrunda çalışmaları ilə ifadə edirdilər. Onlar əmin idilər ki, soydaşlarının böyük əksəriyyətinin başına gətirilən bəlaların mahiyyətinə varmaq iqtidarında belə olmamasının, səfalətə sürüklənməsinin, əsarətə boyun əyməsinin başlıca səbəblərindən biri cahillikdir. Odur ki, millətdaşlarının öz hüquqlarını, haqlarını tələb edəcək səviyyəyə çatmaları üçün savadlanmalarını ön plana çəkirdilər. Buna görə Azərbaycan ziyalıları yeni üsullu, dünyəvi elmlərin tədris olunduğu məktəblərin açılması üçün xüsusi fəallıq göstərirdilər. Amma millət övladlarının maariflənməsi, gözləri açılaraq yaxşını pisdən ayırması yolunda digər vasitələrin də əhəmiyyəti unudulmurdu. Mətbuat orqanlarının yaradılması, kitabxanaların, qiraətxanaların, mətbəələrin açılması kimi mühüm işlər planlaşdırılır, çarizmin müvafiq idarələrinə müraciətlər edilirdi.
Böyük əraziləri zəbt etmiş çar Rusiyasının müstəmləkəsi altında olan ölkələrə ögey münasibəti göz önündə idi. Bu da aşkar idi ki, dili, dini ayrı millətlər daha çox haqsızlıqla üzləşir, tərəqqisinə maneələr yaradılırdı. Ancaq çar üsuli-idarəsindən narazı qalanlar yalnız müstəmləkə ölkələrinin əhalisi deyildi. Hələ 1825-ci ilin 14 dekabrında Rusiyada tarixə Dekabristlər üsyanı kimi daxil olmuş inqilabi hərəkat baş vermişdi. Böyük Fransa inqilabından təsirlənmiş gənc hərbçilər o zaman taxta çıxan I Nikolaya and içmədilər.
Üsyançılar təhkimçiliyin ləğvini, mütləqiyyətin devrilməsini, yaxud məhdudlaşdırılmasını, respublika və konstitusiyalı quruluşun bərqərar olunmasını tələb edirdilər.
Üsyan yatırıldı. Çarizm məğlub etdiyi dekabristlərə qarşı amansız oldu, bəziləri edama, bəziləri Sibirə, bəziləri isə Qafqaza sürgünə məhkum edildi. Qafqaza göndərilən gənc inqilabçılar yerli əhali ilə dostlaşdı. Burada ictimai-siyasi düşüncənin formalaşmasında onların əhəmiyyətli təsiri oldu.
Rusiyada təhkimçilik hüququ 1861-ci ildə ləğv edildi. Azərbaycanda isə 1870-ci il 14 may tarixli "Əsasnamə”yə əsasən təhkimçilik hüququ ləğv olundu. Çar Rusiyası bundan sonra əyalətlərdə istibdadı davam etdirmək üçün yeni vasitələrə əl atdı. Azərbaycan ziyalıları ruhdan düşmədülər, uzun illər mübarizələrini müxtəlif formalarda davam etdirdilər.
XX əsr təlatümlərlə gəldi. Əsrin ilk illərindən inqilablar, müharibələr, xalqların milli-azadlıq hərəkatları gücləndi. Əsrin əvvəllərində çarizmin zülmlərinə qarşı çıxan və qurtuluş yolu axtaran qruplar və təşkilatlar yaranmağa başladı. Müstəmləkə ölkələrinə xas olaraq çar Rusiyasının ərazilərində də sinfi mübarizə deyil, milli azadlıq mübarizəsi önə çıxdı. Milli azadlıq hərəkatı haqsızlıqlara, zülmlərə məruz qalan, ədalətsizliklərlə üzləşən millətin ictimai-siyasi, mədəni hərəkatının başlıca qayəsi oldu. 1902-ci ildə 17 yaşlı Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycanda rus müstəmləkəsinə qarşı mübarizə aparan ilk siyasi təşkilat - "Müsəlman gənclik təşkilatı” yarandı. Bu təşkilatdan sonra qısa müddətdə milli zülmdən qurtuluş digər partiyaların da əsas şüarına çevrildi. Azərbaycanda müxtəlif ideya istiqamətinə malik partiyaların sayı artmağa başladı. 1911-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ideya-siyasi istiqamətini müəyyənləşdirən "Müsavat” partiyası yarandı. Ölkəsinin, millətinin azadlığını özünə şüar edən bu partiya 1918-ci ilin 28 mayınadək Azərbaycanda muxtariyyat uğrunda ardıcıl siyasət yürütdü.
1917-ci ilin fevral inqilabı Azərbaycan xalqının da azadlıq mübarizəsində mühüm rol oynadı. Üç yüz illik Romanovlar sülaləsi taxt-tacdan məhrum edildikdən sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Siyasi çarpışmaların davam etdiyi günlərdə Müvəqqəti hökumət də uzun müddət qərar tuta bilmədi. 1917-ci il oktyabrda yenidən hakimiyyət çevrilişi baş verdi.
Bu inqilablar çarizmin əsarətindən qurtulan millətlərə müstəqilliklərini qazanmaq imkanı yaratdı. Amma bolşevik Rusiyası da gözlərini Azərbaycandan çəkmədi. Leninin rəhbərlik etdiyi bolşevik hökuməti Bakı neftini əldən vermək fikrində deyildi. Azərbaycanın müstəqilliyini bərpa etməsinin qarşısını almaq üçün bu dəfə də bolşevik Rusiyası ermənilərlə razılığa gəldi. Məkrli planlar quruldu. Birinci Dünya müharibəsində döyüşmüş, kifayət qədər peşəkar hərbçilər Azərbaycana yönəldildi. 1918-ci ilin əvvəllərində artıq Bakıda bolşevik-daşnak birləşmələrindən ibarət çox güclü silahlı dəstələr var idi.
Oktyabr inqilabından sonra Rusiyaya gedə bilməyən Cənubi Qafqazdan Ümumrusiya parlamentinə - Müəssislər Məclisinə seçilmiş azərbaycanlı, gürcü və erməni deputatlar 1918-ci il fevralın 14-də Tiflisə yığışdılar. Birlikdə Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaratdılar.


Böyük yolun zirvəsi - Azərbaycan Xalq Cümhuriyyəti


Qabaqcıl övladlarının Azərbaycanın azadlığını rəsmləşdirmək uğrunda mübarizə apardıqları mürəkkəb, ziddiyyətli günlərdə düşmən də boş oturmamışdı. Vladimir İliç Lenin tərəfindən Qafqaza fövqəladə komissar kimi göndərilən Stepan Şaumyanın başçılığı ilə güclü qüvvəyə çevrilmiş daşnak-bolşevik birləşmələri 1918-ci ilin yanvarından hücuma hazır idilər. Əlverişli fürsətin yarandığını düşündükləri anda ilk atəşi açdılar. Həmin günün səhəri - martın 31-dən Bakıda azərbaycanlılara qarşı soyqırımına başladılar. Şəhəri taladılar, yerli əhalidən rastlarına çıxanları işgəncələr verərək şəhid etdilər, sağ qalanların çoxu canlarını götürüb qaçdılar. Bakını işğal etdilər. Bakı Xalq Komissarları Soveti hakimiyyəti ələ aldı. Ancaq Şaumyanın rəhbərliyi ilə qətllər, qarətlər bundan sonra da davam etdirildi.
Bakıda milli qırğınlardan sonra azğınlaşmış daşnak-bolşevik birləşmələri Azərbaycanın müxtəlif bölgələrində yerli əhalini qırmağa başladılar...
Aprelin 22-də Zaqafqaziya Seyminin deputatları Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan etdilər. Bir ay sonra federasiya dağıldı. Mayın 26-da Tiflisdə Zaqafqaziya Seyminin son iclası oldu. Zaqafqaziya Seyminin süqutunun səhəri günü - mayın 27-də qurumun azərbaycanlı deputatları fövqəladə iclas keçirərək Azərbaycanın müvəqqəti Milli Şurasını yaratdılar. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, müavini Həsən bəy Ağayev, katibi Mustafa Mahmudov, İcraiyyə Komitəsinin (hökumətin) sədri isə Fətəli xan Xoyski seçildi.
Milli Şura Tiflis şəhərində, Qafqaz Canişin sarayının ikinci mərtəbəsindəki böyük salonda 1918-ci ilin 28 mayında ilk iclasını keçirdi. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan olundu, Azərbaycanın 6 bənddən ibarət "Milli İstiqlal Bəyannaməsi” imzalandı.
Milli-demokratik qüvvələr çətin bir zamanda Azərbaycanın dövlət müstəqilliyinə nail oldular. Azərbaycan Xalq Cümhuriyyəti millətin çox ağır günlərində dərdlərinə çarə, yaralarına məlhəm kimi gəldi. Tarixin qarışıq zamanında xilaskar kimi yetişdi. Dövr o qədər təlütümlü idi ki, yeni respublika paytaxtı olmalı şəhərdə - Bakıda deyil, Tiflisdə öz varlığını bəyan edə bildi. 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurasının üzvləri və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçməli oldu. Cumhuriyyət hökumətinin yaradıcıları böyük coşqu ilə illərdir qurduqları xəyallarını gerçəkləşdirməyə, ən ülvi arzularını həyata keçirməyə başladılar.
1918-ci ilin qanlı-qadalı hadisələri isə davam edirdi. Daşnak-bolşevik birləşmələrinin Azərbaycanın ayrı-ayrı yerlərində törətdikləri vəhşiliklərin acı nəticələri göz önündəydi. İşgəncələr görən, doğmaları gözlərinin qabağında əzabla qətlə yetirilən, evləri başlarına uçurulan, ocaqları söndürülən azərbaycanlılar bir tərəfdən də aclıqla, yoxsulluqla imtahana çəkilmişdilər.
Bakı Kommunası 1918-ci il 31 iyulda səlahiyyəti öz üzərindən götürdükdən sonra Bakıda əks-inqilabçı Sentrokaspi diktaturası yarandı. Bolşevizm pərdəsi altında Azərbaycan xalqına qarşı soyqırımına bundan sonra da son qoyulmadı...


"Azərbaycan” qəzetinin yaranmasını zəruri edən səbəblər


Yox yerdən dövlət quranlar onu qoruyub yaşadacaqlarına sonsuz ümid bəsləyərək, bütün sahələrdə əzmlə işə başlamışdılar. Həyata keçiriləcək mühüm tədbirlərdən biri də mətbuatın inkişaf etdirilməsi idi. Cümhuriyyət qurucularının əksəriyyəti çox gənc yaşlarından həm də publisist kimi fəaliyyət göstərirdilər. Onlar mətbuatın mütərəqqi fikirləri ifadə etmək, milləti tərəqqiyə çatdıracaq yola səsləmək, düşmənlərinə iradələrini göstərmək üçün ən gərəkli vasitə, mötəbər tribuna olduğunu yaxşı bilirdilər. Odur ki, qarşılarına qoyduqları vacib məsələlərdən biri də hökumətin siyasi kursunu xalqa izah edən mətbuat orqanı yaratmaq idi.
Azərbaycan Xalq Cümhuriyyətinin bəlkə də ən çox bu məsələdə bəxti gətirmişdi. Mətbuat sahəsində, necə deyərlər, əliyalın, təcrübəsiz deyildi. İlk milli qəzetimizdən - "Əkinçi”dən başlayan, "Ziya” və "Ziyayi Qafqaziyyə”dən, "Kəşkül”dən, "Şərqi-Rus”dan, "Molla Nəsrəddin”dən, "Həyat”dan, "İrşad”dan, "Füyuzat”dan, "Tərəqqi”dən, "Kaspi”dən, "İqbal”dan, "Açıq söz”dən, "Dirilik”dən, "Təkamül”dən... və daha neçə-neçə mətbuat orqanından keçib gələn yol onun idi. Daha doğrusu, Azərbaycan Xalq Cümhuriyyəti o yolun yetişdiyi zirvə idi. Həmin qəzet və jurnalların nəşrinə əzab-əziyyətlərlə nail olanların əksəriyyəti sözlə silahlanaraq millətin istiqbalı naminə döyüşmüşdülər. Azərbaycanın müstəqillik ideyasını ən böyük idealları, ən müqəddəs amalları kimi qəlblərində daşımışdılar. Onlar milləti oyatmaq, ona milli kimliyini xatırlatmaq, dünyanın inkişaf etmiş ölkələrinin vətəndaşları ilə eyni cərgədə addımlamaq naminə çalışdılar. Bunun üçün Həsən bəy Zərdabi, Hacı Səid, Cəlal və Kamal Ünsizadə qardaşları, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Haşım bəy Vəzirov, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə və başqa təəssübkeş övladları uzun illər qələmin qüdrətindən, sözün gücündən istifadə etdilər. Onlar öz yazılarında hər zaman tarixlə müasirliyi tutuşdurur, yatmış vulkan kimi susqun görünən doğma millətin azadlıq duyğusunu, milli düşüncəsini oyatmağa çalışırdılar. Keçmişini xatırladır, ancaq öyərək, "qəhrəmansan” deyib, onu arxayınlaşdırmırdılar. Milləti öz tarixindən öyrənməyə, qürurverici səhifələrindən dərs almağa, yanlışlıqlarından və başına gətirilən müsibətlərdən nəticə çıxarmağa, sükunətdən, ətalətdən qurtularaq sabahına doğru əmin addımlarla irəliləməyə səsləyirdilər.
Dövlətin istiqlalını müdafiə etmək, qorumaq, yaşatmaq üçün zəruri olan bütün addımlar atılırdı. Gəncədə fəaliyyətə başlayan Cümhuriyyət hökuməti ən gərgin günlərində siyasətini vətəndaşlarına izah edən mətbu orqanı yaratmağı vacib məsələlərdən biri kimi qarşıya qoydu.
1918-ci ilin 25 iyununda yeni qəzetin büdcəsini tərtib etmək, hökumətin təsdiqinə göndərmək, Gəncədəki mətbəəni bu nəşrin çapına hazırlamaq üçün müvafiq tapşırıq verildi. Tiflisdən mətbəə ləvazimatı almaq nəzərdə tutuldu. Yeni formalaşan hökumət 1918-ci il iyulun 3-də "Azərbaycan Cümhuriyyəti hökuməti xəbərləri”nin nəşrinə başlamaq qərarını qəbul etdi. "Hökumət xəbərləri” həftədə iki dəfə buraxılmalı, əsasən milli hökumətin, ayrı-ayrı nazirliklərin qərarları, təlimatları, xəbərləri, elanları və digər məlumatları dərc etməli idi. Avadanlıqlarla təmin olunma ərzaq nazirinə tapşırıldı. "Hökumət xəbərləri”nə rəhbərlik isə 27 iyul tarixli qərarla xalq maarif nazirinə həvalə edildi. Ancaq bu da qaneedici olmadı. Maddi çətinliklərə baxmayaraq, hökumət sentyabrın əvvəllərində Gəncədə "Azərbaycan” adlı qəzetin nəşrinə başlamaq barədə tarixi qərar qəbul etdi.


Mətbuatımızda "Azərbaycan” adı...


Hər bir mətbuat orqanının ilk uğuru ona uyğun ad seçimindən başlayır. "Azərbaycan” adı ilə qəzet, jurnal nəşr etmək isə uzun illərin arzusuydu. Hələ 1891-ci ildə "Kəşkül” bağlandıqdan iki ay sonra Ünsizadə qardaşları - əvvəlcə Cəlal, sonra Kamal bu adda qəzetin nəşrinə icazə almaq məqsədilə baş mətbuat idarəsinə müraciət etdilər və rədd cavabı aldılar.
1906-cı ildə "Molla Nəsrəddin” jurnalının təsiri ilə Təbrizdə "Azərbaycan” adlı satirik jurnal fəaliyyətə başladı. 1918-ci ildə isə Bakıda İran demokratlarının "Azərbaycan” adlı qəzeti nəşr olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də mətbuat tariximizin ilk rəsmi dövlət qəzeti olan "Azərbaycan”ın birinci nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə şəhərindəki Yelizavetpol qubernatorunun mətbəəsində işıq üzü gördü. Azərbaycan dilində buraxılmış səhifələrin başında qəzetin adı ilə yanaşı, "Türk və islamçılığa aid məqalələrə "Azərbaycan”ın səhifələri açıqdır” yazıldı.
"Rəsmi dövlət qəzetəsi” qeydi olmasa da, hökumət başçısının təşəbbüsü və dəstəyi ilə yaranan, dövlət tərəfindən maliyyələşən "Azərbaycan” bu vəzifəni uğurla yerinə yetirirdi. Onun məsuliyyəti böyük idi! Bir millətin qürurverici tarixinə sadəcə, yol yoldaşı olmayacaqdı. Bu qəzet Azərbaycan Xalq Cümhuriyyətinin ən mötəbər tribunalarından birinə çevriləcəkdi. Səhifələrindən Cümhuriyyət hökuməti öz vətəndaşlarına müraciətlərini ünvanlayacaq, dostlarına, düşmənlərinə mövqeyini nümayiş etdirəcəkdi. Belə müqəddəs vəzifəni daşımaq üçün yaradılan qəzet üçün ən münasib, ən doğru ad elə "Azərbaycan” olmalı idi!
Qəzetin ilk nömrəsi A-3 formatda, dörd səhifə həcmində, iki dildə çıxdı. İki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində oldu. Rusca nəşri xırda istisnalarla Azərbaycancanın tərcüməsi idi.
"Azərbaycan” qəzeti ölkəsinə qələbə xəbəri ilə gəldi. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu və milli hərbi hissələrimiz Bakını bolşevik-daşnak işğalından azad edərək qalibiyyətlə şəhərə daxil olmuşdular. Qəzetin birinci nömrəsini bu möhtəşəm günə həsr olunmuş xəbərlər, təbrik teleqramları bəzədi. "Bakının süqutu” adlı məqalədə yazılırdı: "Bakının süqutu. Dün gecə Azərbaycan Cümhuriyyəti Riyasəti namına Nuri Paşa həzrətləri tərəfindən böylə teleqraf kəşidə edilmişdir: "Bismihil-kərim, Bakı şəhəri 15.9.34 saət 9 əvvəldə qitəatimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Farik Nuri”.
Qürurverici, sevinc dolu xəbərlər ard-arda gəlirdi. Nuri Paşa sentyabrın 15-də Gəncəyə göndərdiyi növbəti teleqramda Azərbaycan hökumətini Bakıya dəvət edirdi: "Gəncədə Azərbaycan Cümhuriyyəti Rəyasəti-Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə Heyəti-Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim. 15.09.18. Yavərani-həzrəti-şəhriyaridən. Farik-Nuru”.
Azərbaycan Xalq Cümhuriyyəti Heyəti-Vükəla (Nazirlər Şurası) rəisi Fətəli xan Xoyskinin cavab teleqramında isə yazılırdı: "Qafqaz İslam Ordusu komandanı səadətli Nuri Paşa həzrətlərinə. Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati-həmiyyətpərvəranələrinizə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edərim, əfəndim. Heyəti-Vükəla rəisi Fətəli xan”.
"Azərbaycan” qəzeti hökumət üzvlərinin sentyabrın 17-də qatarla Gəncədən Bakıya yola düşdüklərini yazdı. Kişi gimnaziyasının qarşısında onları gənc vətənpərvərlər alqışlarla qarşılamışdılar. Paytaxtın qəhrəman əsgərlər tərəfindən azad olunması münasibətilə keçirilən bu izdihamlı nümayişdə Fətəli xan Xoyski təbrik nitqi söyləmişdi.
Qəzet ilk nömrəsində xəbər verirdi ki, Qafqaz İslam Ordusu Bakını azad edərkən 30 minədək silahlı düşmən əsir alınmış, şəhərdə sakitlik bərqərar olmuşdur. Həmin nömrədə dövrün məşhur şairi Məhəmməd Hadi "Türk nəğməsi” adlı şeirində türk əsgərinin qəhrəmanlığını belə vəsf edirdi:

Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən qan hədər olmaz
Qiymətli olan xuni-şəhidan hədər olmaz,
Dul qalmış köhəni-nisvan hədər olmaz.
Bax sən sonuna, hümməti-türkan hədər olmaz,
Bədbəxt olan əfqani-yetiman hədər olmaz.
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?


"Azərbaycan” qəzetinin Gəncə dövrü


Gəncə şəhəri, Bulatov küçəsindəki 26 nömrəli ev... "Azərbaycan” qəzeti redaksiyasının ilk ünvanı... Müstəqil Azərbaycanın birinci rəsmi qəzetində yer alan materialların qayğısı, mürəttib çatışmazlığı, kağız və şrift qıtlığı ilə bağlı çətinliklər bu evdə yaşanırdı. Əslində, hökumət idarələri kimi "Azərbaycan” da bu ünvanda qonaq idi. Qəzetin rus dilində sentyabrın 19-da çapdan çıxan ikinci nömrəsində yazılırdı: "Hökumət idarələri hələlik Gəncədə fəaliyyət göstərir. Bu günlərdə hökumət ilk imkan düşən kimi mərkəzi idarələri Bakıya köçürəcəkdir”.
"Azərbaycan”ın üçüncü nömrəsi sentyabrın 22-də, dördüncü nömrəsi isə sentyabrın 25-də çapdan çıxdı. Dörd səhifəlik, üç səhifəsi rus, bir səhifəsi Azərbaycan dilində olan dördüncü buraxılışda "Azərbaycan” qəzetinin Bakıya köçməsi barədə elan verildi. Qəzetdə rus dilində "Gəncə, 25 sentyabr 1918” sərlövhəli yazıda məlum edilirdi ki, Azərbaycan hökuməti 3 aylıq fəaliyyətdən sonra Gəncəni tərk edərək öz paytaxtına köçdü. Məqalədə Gəncənin Azərbaycan dövlətçiliyi tarixində əhəmiyyətli yer tutduğu da xatırlanırdı. "Azərbaycan”ın həmin nömrəsində "İdarədən” verilən xəbərdə bildirilirdi: "Qəzetimiz bu gündən Bakıya köçdüyünə binaən hər bir sifarişat üçün bundan sonra bu ünvana müraciət etməli: Bakı, "Azərbaycan” qəzeti idarəsinə”.
"Azərbaycan”ın on günlük Gəncə dövrü bitdi... 1918-ci il sentyabrın 25-də "Azərbaycan” qəzetinin "Heyəti-idarə”si (Redaksiya heyəti) Nazirlər Şurası və mühüm dövlət idarələri ilə birlikdə Bakıya köçdü.


"Azərbaycan” qəzetinin Bakı dövrü


Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Heyəti-Vükəla (Nazirlər Şurası) "Metropol” mehmanxanasında (indiki AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində) yerləşdi. Həmin binanın qarşısındakı - Kolyubakinski (indiki Nigar Rəfibəyli) küçəsindəki Adamovlara məxsus yaşayış binası isə "Azərbaycan” qəzetinin yeni ünvanı oldu.
Qəzetin ana dilində 5-ci nömrəsi 1918-ci il oktyabrın 3-də "Heyəti-təhririyyə” imzası ilə 4 səhifə olmaqla Bakıda işıq üzü gördü. İlk dəfə həmin nömrədə "Azərbaycan” adının altında "Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir” yazıldı. Nömrənin ilk səhifəsində "Hökumət qərardadı”, maliyyə naziri Ə.Əmircanovun "Elan”, Heyəti-Vükəla rəisi F.X.Xoyskinin və ticarət və sənaye naziri A.Aşurbəyovun "Azərbaycan Cümhuriyyətindən əhalinin nəzərinə” sərlövhəli 1 oktyabr 1918-ci il tarixli müraciəti dərc olundu. Müraciətdə "Azərbaycan Cümhuriyyəti ümum Bakıdakı mədənlərdə və fabriklərdə işləyən fəhlələr bu gündən işlərinə şüru etməgə dəvət” edilirdi. Çünki Bakı artıq dinc həyatına qovuşmuşdu. Bütün sahələrdə - iqtisadi, sosial, mədəni sahələrdə işlər canlanmağa başladı.
Bakının azad edildiyi gün Məhəmməd Əmin Rəsulzadə Avropa dövlətlərinin iştirakı ilə İstanbulda keçirilən konfransda Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinə başçılıq edirdi. Buna görə onun Fətəli xan Xoyskiyə göndərdiyi təbrik teleqramı bir az gec - "Azərbaycan” qəzetinin 5-ci sayında yer aldı. Teleqramda deyilirdi: "Paytaxtımızın istirdadından dolayı təhti-idareyi-alilərində bulunan hökumətimizi səmimi təbrik ilə Bakının yeni türk ellərini istixlas (xilası) üçün sarsılmaz bir qəleyi-mətin olması ümidilə bütün arkadaşlarımla öpüşürüz.
Azərbaycan heyəti-mürəxxəsəsi namına Rəsulzadə Məhəmməd Əmin”.
Həmin nömrədə "C.Dağıstani” imzalı, "Tarixi gün” sərlövhəli məqaləsində Ceyhun bəy Hacıbəyli Bakının erməni-bolşevik işğalından azad olunmasından bəhs edirdi: "8 zilhiccə - 15 eylülün bütün türk və islam aləminin ən səadətli, ən şövkətli günlərində nədd olunacağı şübhəsizdir.
Haman gün türk və islam tarixinə zərin bir səhifə işğal edəcəkdir.
...Bismihil-kərim, düşmənlər öz maraqlarına yetmədilər, məyus oldular. Türkün qəhrəman oğulları öz istedadlarını, öz rəşadətlərini, özlərinin yaşamaq üçün ölməyə hazır olmalarını bütün aləmin gözünə çırpdılar və bununla böylə, yüz illərcə başqalarının təhti-təzyiqində əzilən milyonlarca dindaş və millətdaşlarımıza böyük-böyük ümidlər bəxş etdilər”.
Qəzetdə elan verilmişdi: "Sabiqdə Gəncədə rus dilində nəşr olunan "Azərbaycan” qəzetəsi şənbə günündən etibarən Bakıda nəşr olunmağa başlayacaqdır. Ünvan: Bakı, Kolyubakinski küçədə "Azərbaycan” idarəsi”. "Azərbaycan” öz vədinə sadiq qaldı və oktyabrın 7-də Bakıda rus dilində ilk nəşrini oxuculara təqdim etdi.
Bakıdakı ilk ünvanında "Azərbaycan” qəzetinin redaksiyası 1918-ci ilin 3 oktyabrından 28 noyabrınadək fəaliyyət göstərdi. Qəzetin 29-cu nömrəsindən isə ünvan belə qeyd olundu: "Məhəlli-idarə: Bakı, Voronsovski və Qubernski küçələrinin küncündə 4 nömrəli evdə. "Azərbaycan” idarəsi” (indiki İslam Səfərli ilə Nizami küçələrinin kəsişməsində yerləşən, 1867-1895-ci illərdə milyonçu Mantaşevin sifarişi ilə İtaliya memarlıq üslubunu özündə yaşadan üçmərtəbəli yaşayış binası).
Altıncı nömrəsinədək qəzet "Heyəti-təhririyyə” (redaksiya heyəti) imzası ilə çıxdı. Noyabrın 28-dən Azərbaycan dilində olan nömrələr Ceyhun bəy Hacıbəylinin, rus dilində olan nömrələr Şəfi bəy Rüstəmbəylinin redaktorluğu ilə təqdim olundu. Azərbaycan və rus dillərində nəşrlərdə bir-birindən tərcümə deyil, fərqli materiallar verilirdi.
1918-ci il dekabrın 31-dək qəzetin ana dilində 75, rusca 70 nömrəsi işıq üzü gördü. "Azərbaycan” qəzeti adını daşıdığı müstəqil Cümhuriyyət dövləti ilə birlikdə ümid dolu yeni ilə - 1919-cu ilə qədəm qoydu...


"Bir gözəl sevdim ki, vətən dedilər!”


"Azərbaycan” XX əsrin əvvəllərində fəaliyyət göstərmiş mətbuat orqanları - "Həyat”, "İrşad”, "Füyuzat” və onların ardıclıları kimi "Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideallarını uca tuturdu. Üzeyir Hacıbəyli "Azərbaycan” qəzetinin məsləkini belə açıqlayırdı: "Danışırlar ki, "Azərbaycan” qəzeti guya "Müsavat” partiyasına məxsus firqəvi bir qəzet imiş. Bu fəqərə barəsində bunu bəyan etməyi lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyildir. "Azərbaycan” qəzetinin məsləki Vətən istiqlalı yolunda çalışmaqdan ibarətdir”.
Qəzetin səhifələrində yer verilən yazılarda əsasən, azadlıq, istiqlal arzuları ifadə olunurdu. "Azərbaycan”ın təqdim etdiyi poeziya nümunələrində sevgili deyə vəsf edilən gözəl belə, daha çox, Vətənin özü idi. Qəzetin 25 fevral 1920-ci il tarixli sayında türkiyəli şair Feyzulla Sacid yazdığı kimi:

Sevilən gözəllər gözəl deyildir,
Bir gözəl sevdim ki, vətən dedilər!
...İnlədim, ahımı yellərə verdim,
Ağladım, ruhumu sellərə verdim,
Könlümü bu xarab ellərə verdim
Bu xarab ellərə canan dedilər.

Cəfər Cabbarlı isə "Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim” deyə müstəqil ölkəmizin başı üzərinə qaldırılan bayrağımızı vəsf edirdi. "Azərbaycan” qəzetinin 25 avqust 1919-cu ilin 260-cı nömrəsində C.Cabbarzadə imzası ilə çap edilən "Sevdiyim (Azərbaycanın bayrağına)” adlı həmin şeir müəllifin Vətəninə, məmləkətinə, bayrağına səcdəsidir:

...O yerlərdə qardaşları, dostları var, pək sevir,
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.
Canalıcı bir görkəmlə dağ başında durunca,
Oxşadıqca bahar yeli açıq-dağnıq tellərin.

Nazlı əlin umuzunda saçlarına vurduqca,
Bir-bir oxşayırsan bütün Turan ellərin.
Altaylardan, Altun dağdan doğma sellər bəkləyor
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor,
Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor,
Qollarilə türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

Bu əsərdəki ali duyğular - milli qürur, Vətənə, dövlətə ülvi məhəbbət onun "Azərbaycan bayrağına” adlandırdığı, ilk dəfə Cəfər Cabbarzadə imzası ilə "Azərbaycan” (29 avqust 1919, № 263) qəzetində dərc etdirdiyi şeirində də təcəssümünü tapdı. Cəfər Cabbarlı istiqlalımızın əbədiliyinə, bayrağımızın daim ucalacağına inamını belə ifadə edirdi:

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.

1918-ci ilin 7 dekabrında parlamentin açılış mərasimində M.Ə.Rəsulzadə: "Səadət və hürriyyət istiqlaldır” - dedi: "İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir daha qaldırılmış bayraq bir daha enməyəcəkdir!”
Onun bu çıxışını Üzeyir Hacıbəyli "Azərbaycan” qəzetinin oxucularının nəzərində belə canlandırırdı: "Məhəmməd Əmin milli ittitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə - bu bayraq endirilməz! - dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu” ("Azərbaycan” qəzeti, 1918-ci il, 9 dekabr).
Cəfər Cabbarlı isə Azərbaycan bayrağında əks olunan rənglərin mənasını "Azərbaycan bayrağına” şeirində obrazlı şəkildə belə ifadə edirdi:

Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən firsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.

Ümgülsüm xanım "Türk ordusuna”, "Ey türk oğlu!”, "Çəkil, dəf ol!”, "Əsgər anasına”, "Dərdli nəğmə”, "Yurdumuzun qəhrəmanlığına”, "Yollarını bəklədim” və başqa əsərlərində milli istiqlala qovuşmanın qürurunu ifadə edirdi. "Əsgər analarına” adlı şeirində o, milli ordunun yaradılmasını, səfərbərliyə alınan Azərbaycan gənclərinin, onları yola salan anaların qəhrəmanlığını alqışlayırdı:

Annəciyim, ağlama, xeyir-dua söylə sən,
Göz yaşınla saxlama haqq yoluna gedəni.
Onun çarpan qəlbinə çalış fərəh verəsən,
Onun şux gənc həyatı qurtaracaq vətəni!

("Azərbaycan” qəzeti, 1919, №352).

(Ardı var)

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”