05 Sentyabr 2018 00:35
1165
SİYASƏT
A- A+

İlham Əliyevin birlik təşəbbüsü türkdilli ölkələrin həmrəylik hərəkatına çevrilir



Azərbaycan Prezidentinin təklifi ilə Naxçıvanda təsis edilən TDƏŞ Avrasiyada mükəmməl əməkdaşlıq formatı kimi özünü təsdiq edir


Ortaq mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlı olan türk xalqlarının və dövlətlərinin sıx və səmərəli əməkdaşlığı, həmrəy olmaları qloballaşan, sürətlə dəyişən dünya nizamında mühüm əhəmiyyət kəsb edir.
Çünki bu, türk dövlətlərinin daha da möhkəmlənmələri, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmələri, öz milli maraqlarını müdafiə etmələri baxımından olduqca vacibdir. Azərbaycan türk cümhuriyyətləri ilə əlaqələrində məhz bu mövqedən çıxış edir və daim bu prinsiplərə sadiq qalır.


Tarixi bağlılıqdan strateji tərəfdaşlığa doğru


Bu gün bütün dövlətlər sülhün və sabitliyin qorunması, eləcə də sosial-iqtisadi inkişafın və mədəni zənginliyin təmin olunması kimi müasir çağırışlarla üzləşirlər. Xarici siyasət konsepsiyasında türkdilli dövlətlərlə əlaqələrin bütün sferalar üzrə inkişaf etdirilməsini müəyyən edən Azərbaycan türkdilli dövlətlərin səylərinin birləşdirilməsini bu cür çağırışların vaxtında və effektiv cavablandırılması üçün önəmli vasitə hesab edir. Bu mənada 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısı zamanı imzalanmış sazişə əsasən yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) mühüm əhəmiyyətə malikdir.
Naxçıvan sazişinə əsasən, türkdilli dövlətlər tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsini, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək TDƏŞ formatında əməkdaşlıq mexanizmini yaradıblar. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.
TDƏŞ-in əsas məqsəd və vəzifələri tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar olunması, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması və sairdir.
Yarandıqdan sonra TDƏŞ-in 6 Zirvə görüşü keçirilib. Birinci Zirvə görüşü "İqtisadi əməkdaşlıq” mövzusu adı altında 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutub. İkinci Zirvə görüşü 22-23 avqust 2012-ci il tarixlərində Bişkekdə keçirilib. Zirvə görüşünün mövzusu "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” olub. Üçüncü Zirvə görüşü 15-16 avqust 2013-cü il tarixlərində Qəbələ şəhərində keçirilib. Bu dəfə mövzu "Nəqliyyat və bağlantı” idi. Dördüncü Zirvə görüşü "Turizm sahəsində əməkdaşlıq” mövzusu adı altında 4-5 iyun 2014-cü il tarixlərində Bodrum şəhərində baş tutub. Beşinci Zirvə görüşü isə 10-11 sentyabr 2015-ci il tarixlərində "Media və informasiya sahəsində əməkdaşlıq” mövzusu adı altında Astana şəhərində keçirilib.


Azərbaycan türk birliyinə böyük töhfələr verir


Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində TDƏŞ-in VI Zirvə görüşü keçirilib. Budəfəki Zirvə görüşünün özəlliyi onda idi ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri ilə yanaşı, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Macarıstanın Baş naziri Viktor Orban da tədbirdə iştirak edirdilər. Özbəkistan və Macarıstanın da görüşdə iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Təşkilatın güclənməsi isə təbii ki, üzv-dövlətlərin qarşıya qoyduqları hədəflərə çatmalarına mühüm töhfələr verəcək.
Prezident İlham Əliyev çıxışında öncə onu qeyd etdi ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır: "Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır”.
Ümumiyyətlə, Azərbaycan Respublikasının xarici siyasətində türkdilli dövlətlərlə münasibətlər xüsusilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, respublikamız nəinki siyasi sferada, o cümlədən qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların da beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirir. Məsələn, Azərbaycanın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur. Artıq Azərbaycan, Qazaxıstan və Türkiyə bu yoldan istifadə edirlər. Gələcəkdə digər türkdilli dövlətlər də buna qoşula bilər. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri dolayısı ilə türkdilli dövlətləri birləşdirir, Qazaxıstanın və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin bəhrəsini görür. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir.
TDƏŞ-in VI Zirvə görüşü idmana və gənclər arasında əməkdaşlığın inkişafına həsr olunmuşdu. Azərbaycan artıq dünyada həm də idman dövləti kimi tanınır. İndiyədək respublikamızda yüzlərlə dünya və Avropa əhəmiyyətli beynəlxalq yarışlar keçirilib. Azərbaycan I Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm idman tədbirlərinə evsahibliyi edib. Eyni zamanda, Azərbaycan idmançıları bütün yarışlardan, o cümlədən olimpiya oyunlarından qızıl medallarla qayıdırlar. Bu mənada Azərbaycan idman dövləti kimi öz təcrübəsini türkdilli ölkələrlə bölüşməyə hazırdır. Çıxışında idmanın insanları, xalqları birləşdirdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, idmanın inkişafı həm ölkələrimizin ümumi inkişafına töhfə verəcək, həm də əməkdaşlığımızı daha da möhkəmləndirəcək.
Azərbaycanda həm də mükəmməl gənclər siyasəti həyata keçirilir. Ən əsası, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Türkdilli dövlətlər Azərbaycanın bu sahədəki təcrübəsindən də yararlana bilərlər.
Prezident İlham Əliyev nitqində regional təhlükəsizlik məsələlərinə toxundu, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələrini diqqətə çatdırdı. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Türkiyənin və digər ölkələrin dəstəyinin önəmli olduğunu bildirərək dedi: "Türk dünyası olaraq sülh və sabitliklə bağlı hər bir məsələyə böyük diqqət yetirməliyik. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik”.
Ötən illərin mənzərəsi göstərir ki, TDƏŞ qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində böyük uğurlar əldə edib. Türkdilli dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi bu prosesin bütün iştirakçılarının, o cümlədən öz təşəbbüsləri ilə əməkdaşlığı gücləndirən Azərbaycanın maraqlarına cavab verir. TDƏŞ-in son zirvə toplantısı göstərdi ki, təşkilat öz imkanlarından türkdilli xalqların mənafeyi naminə səmərəli istifadə etməkdədir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video