05 Sentyabr 2018 00:31
1148
SİYASƏT
A- A+

İlham Əliyevin yeni qələbəsi, Paşinyanın növbəti məğlubiyyəti



Azərbaycan Prezidentinin Rusiyadan verdiyi mesajlar və V.Putinin birmənalı dəstəyi Ermənistanda şok effekti yaradıb


Uğurlu inkişaf, həyata keçirilən və müvəffəqiyyətlər üzərində qurulan çoxvektorlu xarici siyasət bu gün dünya miqyasında Azərbaycanı əsas söz sahiblərindən birinə çevirib. Qeyd edilənlərin real təsdiqi Prezident İlham Əliyevin Rusiyaya son səfəri fonunda özünü yenidən qabarıq formada büruzə verdi.
Dövlətimizin başçısının Soçi şəhərində Vladimir Putinlə apardığı müzakirələr, imzalanan sazişlərin məzmunu və əldə edilən nəticələr yenidən Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsini təsdiqləyir, ölkəmizin Rusiya ilə əməkdaşlığını strateji səviyyəyə yüksəltməkdə maraqlı tərəf kimi çıxış etdiyini göstərir. Eyni zamanda o da bəlli olur ki, Rusiya kimi dünya siyasətinin nizamını müəyyən edən ölkə Azərbaycanın mövqe və proseslərə yanaşmasını qiymətləndirir. Bu fonda təkcə regional yox, beynəlxalq səviyyəli məsələlər də Azərbaycanla müzakirə predmetinə çevrilir.


Ermənistanda növbəti təlaş


Bütün bunlar isə müstəqil dövlətçiliyini qura bilməyən Ermənistanda böyük narahtlıqla qarşılanır. Çünki Ermənistan aydın görür ki, Rusiya, onun dövlət başçısı Azərbaycana, Prezident İlham Əliyevə yüksək səmimiyyətlə yanaşır, Yerevana isə tamam fərqli münasibət sərgilənir. Azərbaycanın dövlət başçısı Rusiyada yüksək hörmət və ehtiramla qarşılanır, Ermənistan rəhbərliyi isə ən yaxşı halda sadəcə hesabat üçün çağırılır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamalarından da görmək olar. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edən Lavrov bildirib ki, Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi nəzərdə tutulur: "Yaxın zamanlarda Prezident Putinlə baş nazir Paşinyanın daha bir görüşü planlaşdırılır. Düşünürəm ki, Ermənistanın yeni liderinin öz ölkəsində vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirməsini eşitmək bizim üçün vacibdir. Əlbəttə, biz indiki vəziyyətdə Ermənistanın KTMT qarşısında öhdəliklərinin necə göründüyünə biganə qala bilmərik, belə ki, bu öhdəliklər qüvvəsindədir və onlar tam həcmdə icra edilməlidir, o cümlədən ümumi təşkilatımızın nüfuzunun və imicinin möhkəmləndirilməsi baxımından”.
Burada açıq görünür ki, Rusiya Ermənistanda baş verən hadisələrdən hələ də çox narazıdır və Paşinyan hesab vermək üçün yenidən Moskvaya çağırılır.


"Putin İlham Əliyevlə qucaqlaşıb görüşür, Paşinyandan isə üz çevirir”


Elə "Qrapark” qəzeti də yazır ki, İlham Əliyevin Rusiyaya son səfəri Ermənistan üçün yeni məğlubiyyət sayıla bilər: "Daha dəqiq desək, bu səfər İlham Əliyevin yeni qələbəsi, Paşinyanın növbəti məğlubiyyətidir. Paşinyanın bundan əvvəl Moskvaya etdiyi hər iki səfər protokol xarakteri daşıyırdı. Səfərlərin hamısında Putin İlham Əliyevlə qucaqlaşıb görüşür, Paşinyandan isə üz çevirir. Sentyabrın 8-də keçiriləcək növbəti görüş də əvvəlkilərdən fərqlənməyəcək.
Moskva Bakı ilə geosiyasi, iqtisadi, mədəni və təhlükəsizlik aspektlərində münasibətlərini dinamik şəkildə inkişaf etdirir. Bu hal regionda Azərbaycanın mövqelərini daha güclü hala gətirdiyi halda, Ermənistanla münasibətdə tamam əks vəziyyət müşahidə olunur. Aydındır ki, bu bizim xarici siyasətin iflasıdır. Hər halda, İlham Əliyevin Rusiya səfəri Ermənistan üçün yeni ciddi siqnal oldu”.


İflası sürətlənən ölkə


Erməni ekspert Vahe Davtyan qeyd edir ki, baş verən son hadisələr Ermənistanın fiaskosudur. Onun fikrincə, bu, Ermənistanın regional geosiyasi proseslərdən izolyasiya edilməsini sürətləndirir. Vahe Davtyan diqqəti buna da yönəldir ki, bütün bu proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir. O vurğulayır ki, Ermənistan iqtisadiyyatı artıq tamamilə iflasa uğramaq üzrədir. Ölkənin dövlət statistika komitəsi də böyük iqtisadi geriləmələr yaşandığını etiraf edir və buna əsas səbəb kimi dünya iqtisadiyyatında yaşanan çətinliklər göstərilir: "Rəsmi açıqlamalara görə, Ermənistanda iqtisadi fəallıq daha sürətlə azalır, ölkə sənayesində ciddi geriləmə qeydə alınır. Həmçinin pərakəndə əmtəə dövriyyəsində də kəskin azalma müşahidə olunur. Ölkədə son illər ərzində enerji tariflərinin kəskin yüksəlməsi və əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşların sosial narazılığını da artırır. Regionlar, qlobal layihələrdən kənarda qalmağımız da prosesə birbaşa təsir edir.
Ermənistan hələ də qlobal kommunikasiya layihələrindən kənarda qalmaqdadır. Bu, Azərbaycan tərəfdən yeridilən siyasət və bir də Rusiyanın Ermənistana münasibətdə yürütdüyü siyasəti nəticəsində baş verir. Qlobal meyillər durmadan dəyişir və ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda, bu şansı da itirməkdədir. Amma əvəzində Azərbaycan prosesdən uğurla faydalanır. İlham Əliyevin Rusiyaya son səfəri fonunda bu məqam özünü qabarıq şəkildə göstərdi. Həmin səfər Azərbaycanın Rusiya üçün bölgədə əsas tərəfdaşa çevrildyini aydın surətdə üzə çıxarır. Ermənistan isə burada sadəcə, itirən tərəfdir”.


"Moskva Yerevanla əməkdaşlığa qeyri-ciddi yanaşır”


"Golosarmeni.am” xəbər portalında da İlham Əliyevin Rusiyaya işgüzar səfəri xatırladılıb və qeyd olunub ki, Paşinyanın xarici siyasəti, əslində, iflasa uğramış bir vəziyyətdədir və bu hal Ermənistanın dövlətçiliyinə növbəti zərbədir: "Prezidentlərin geniş tərkibli və təkbətək görüşlərindən sonra bəyanatlar dərc olundu. Bəyanatda əməkdaşlığın daha da genişləndiriləcəyi qeyd edildi. İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bir sıra mühüm məsələlərlə yanaşı, hərbi-texniki sahədə gələcək əməkdaşlıq barədə müzakirələr aparıb. Qarabağ məsələsini müzakirə edib. İlham Əliyevin Rusiya ilə hərbi əməkdaşlıqla bağlı bəyanatı Ermənistana bir siqnaldır. Bu bəyanat rəsmi Moskvanın Yerevanla əməkdaşlığa qeyri-ciddi yanaşdığını göstərir”.


"Hakimiyyətə qarşı açıq təhdid mesajı”


"Panarmenian.net” portalı isə yazır ki, İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra verdiyi birgə bəyanat Ermənistan cəmiyyətində şok effekti yaradıb. Bildirilib ki, İlham Əliyevin hərbi əməkdaşlıqla bağlı dedikləri xüsusi diqqət çəkib: "İlham Əliyev çıxışı zamanı hərbi əməkdaşlıqdan danışıb. O deyib ki, Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Son dönəmdə isə Rusiyanın Ermənistan hakimiyyətinə qarşı mesajlarının sayı kəskin artıb. Məsələn, Putinin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ad gününü təbrik etməsi ilə bağlı məlumatlar var. Bu, Ermənistan hakimiyyətinə qarşı açıq təhdid mesajıdır”.


Azərbaycanın Ermənistan üzərində yeni üstünlükləri


Azərbaycanın Rusiya üçün nə dərəcədə böyük önəm kəsb etdiyini məşhur rusiyalı politoloq Pavel Klaçkov da təsdiq edir. O vurğulayır ki, Prezident İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri ölkələrimizin münasibətlərini çox yüksək qarşılıqlı etimad və faydalı əməkdaşlıq səviyyəsinə çatdırdı: "Prezident İlham Əliyevin Rusiyaya səfəri göstərdi ki, ölkələrimiz arasında diplomatik əlaqələr çox yüksək səviyyədədir. Bu qarşılıqlı fəaliyyət həm ikitərəfli münasibətlərin, həm də daha ciddi beynəlxalq problemlərin geniş spektrini əhatə edir. İndi, dünya nizamının formatının dəyişdiyini müşahidə etdiyimiz bir vaxtda hər iki ölkə birgə olmalıdır ki, beynəlxalq siyasətdə bu qeyri-sabitlik dövrünü ən az itki ilə başa vursunlar. Bunun üçün müxtəlif istiqamətlər üzrə, o cümlədən təhlükəsizlik, hərbi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığı möhkəmləndirmək lazımdır. Səfər uğurlu keçdi və qarşıya qoyulmuş bütün hədəflərə nail olundu”.
Ekspert Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulayaraq deyib: "İki ölkə arasında əlaqələr uzunmüddətli və planlı xarakter daşıyır. Ticarət və neft-qaz sahələrində əməkdaşlığın müsbət nəticələri göz qabağındadır. Biz kənd təsərrüfatı sahəsində əməkdaşlığın vacibliyini də başa düşürük. Rusiya bazarına Azərbaycandan çoxlu kənd təsərrüfatı məhsulları daxil olur.
İndi biz səmərəli nəqliyyat modellərini, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin yeni infrastruktur qovşaqlarının yaradılmasını da nizamlamalıyıq. Rusiya üçün Azərbaycanın geosiyasi əhəmiyyəti artır. Biz başa düşürük ki, Hindistana gedib çıxan bu nəqliyyat dəhlizi Rusiya üçün çox vacibdir. Ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında yaxşı münasibətlər olmasa, bir sıra ölkələrin iqtisadi və təhlükəsizlik problemlərinin həlli mümkün deyil. Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi, burada münaqişəli zonaların olmaması, münasibətlərin kəskinləşməməsi Rusiyanın da maraqlarına uyğundur”.
Bütün bunlar bir daha Azərbaycanın Ermənistan üzərində yeni üstünlüklərini aydın nümayiş etdirir.

Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video