05 Sentyabr 2018 00:30
378
SİYASƏT
A- A+

Mehriban dostlar, sədaqətli qonşular



Sülh planetdə heç vaxt bugünkü qədər kövrək olmamışdı. Supergüclərin getdikcə sərtləşən qarşılıqlı ittihamları və bəyanatları, heç kimin və heç nəyin mənafeyi nəzərə alınmadan tətbiq edilən ağır sanksiyalar bəşəriyyətin sülhdən savaşa daha yaxın olduğunu düşünməyə vadar edir.
Məhz belə bir zamanda Soçi şəhərindəki "Boçarov Ruçey” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşməsi, iki dövlət arasında bir sıra sənədlərın imzalanması, iqtisadi əlaqələrin daha dərindən qurulması sülhlə savaş arasında çırpınan planet üçün xüsusi əhəmiyyət kəsb edir.
Vladimir Putin İlham Əliyevi Soçidə qarşılayarkən dəvətini qəbul edib Rusiyaya gəldiyinə görə minnətdarlığını bildirmiş, ürəkdən salamlamışdır: "Qeyd etmək istərdim ki, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və bu da təbiidir, qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq”. Azərbaycan Prezidenti dəvətə görə minnətdarlığını bildirmiş, müntəzəm görüşlərin ikitərəfli münasibətlərə dinamizm gətirdiyini vurğulamışdır: "...Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz son üç ayda üç dəfə görüşmüşük. Bu, üçüncü görüşümüzdür. İyunda Moskvada futbol üzrə dünya çempionatı ərəfəsində, avqustda Qazaxıstanda və bu gün Soçidə görüşürük”.
Geniş tərkibdə görüşdən sonra iki dövlət başçısı sənədlərin imzalanması mərasimindəki ilk sənədi - Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında birgə bəyanatı imzalamışlar. "Rosneft”lə SOCAR arasında saziş və kontrakt, müvafiq dövlət qurumları və təşkilatlar arasında bir sıra digər mühüm sənədlər imzalandı. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm və idman sahəsində əməkdaşlıq haqqında saziş, rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında memorandum və 2024-cü ilədək əməkdaşlıq proqramı və bir sıra başqa sənədlər imzalandı.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında Xəzər sammitinin yekununda mühüm əhəmiyyət kəsb edən konvensiya imzalandıqdan sonra Rusiyaya səfərə gələn Azərbaycan Respublikasının Prezidentini böyük məmnuniyyətlə qəbul etdiklərini vurğuladı.
Soçi görüşü konstruktiv və işgüzar şəraitdə keçdi. Rusiya və Azərbaycanı bir-birinə bağlayan möhkəm dostluq və əməkdaşlıq ənənələri qarşılıqlı faydalı tərəfdaşlığa, mehriban qonşuluğa və bir-birinin marağına hörmət prinsiplərinə söykənir. Prezidentlərin imzaladığı birgə bəyanat, hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi Soçi görüşünün mühüm əhəmiyyət kəsb etdiyini sübut edir. Əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi iki dövlət başçısının görüşünün qayəsini təşkil etdi.
Rusiya Prezidenti bəyanatında statistik rəqəmlərin ikitərəfli iqtisadi əlaqələrin miqyasının milyardlarla dolları aşdığını dedi. Ötən ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatmış, Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar olmuşdur. Azərbaycan bazarında fəaliyyət göstərən 700 birgə müəssisənin üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Bütün müsbət tendensiyaları qeyd edən Vladimir Putin demişdir: "Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar "Qazprom”, "Transneft” və "LUKoyl”dur. Ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir”.
Rusiya Prezidenti Azərbaycan Prezidenti ilə müzakirə etdikləri bir neçə uğurlu birgə layihəni xatırladaraq vurğuladı ki, "KamAZ” Gəncə Avtomobil Zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb, Rusiyanın "R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollarlıq, "Qazprombank” isə Sumqayıt Kimya-Sənaye Parkının inkişafına təqribən 750 milyon dollarlıq sərmayələr yönəltmişdir. Şimal qonşumuz Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq "Şimal-Cənub nəqliyyat dəhlizi”nin yaradılmasını ən perspektivli layihələrdən biri hesab edir.
Prezident Putin onu da ayrıca qeyd etdi ki, Rusiyada 11 mindən çox azərbaycanlı tələbənin 1000-ə yaxını Rusiya Federasiyasının Federal büdcəsi hesabına təhsil alır və hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. Danışıqlara görə təşəkkürünü bildirən Vladimir Putin belə dedi: "Əminəm ki, əldə olunmuş razılaşmalar Rusiya-Azərbaycan dostluğunun daha da möhkəmlənməsinə xidmət edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına kömək göstərəcək”.
Azərbaycan Prezidenti İlham Əliyev iki dövlət arasındakı müntəzəm əlaqələrin çox möhkəm bazaya əsaslanmasının münasibətlərə dinamizm verdiyini diqqətə çatdırdı: "Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik”.
Prezident İlham Əliyev bəyanatında xüsusi olaraq regional təhlükəsizlik məsələlərinə toxundu, uzun müddət davam edən və Azərbaycan xalqına misilsiz iztirablar və sonsuz faciələr gətirən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mühüm məsələ olduğunu bir daha vurğuladı. Uzun illər Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərinin erməni işğalı altında olmasına, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə heç kim biganə qalmalı deyil: "Münaqişənin tezliklə həlli bizim vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin bizim regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Rusiya münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”.
Azərbaycan Prezidenti hərbi-texniki sahədə Rusiya ilə gələcək əməkdaşlığa xüsusi önəm verdiyini bildirdi. İllər boyu davam edən bu əməkdaşlıq böyük ənənələrə malikdir. İki dövlət arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici hələ son hədd deyildir. Belə ki, Azərbaycanda ordu quruculuğu inkişaf edir, Silahlı Qüvvələrin modernləşdirilməsi davam etdirilir.
Soçi görüşündə iqtisadi məsələlər üzərində ətraflı dayanıldı, əmtəə dövriyyəsinin artması, gələcək üçün böyük perspektivlərin mövcudluğu vurğulandı. Azərbaycanla Rusiyanın müzakirə etdiyi və qarşılıqlı razılaşdırdığı məsələlər yol xəritələri kimi müxtəlif sənədlərdə əksini tapdı. Azərbaycanın dövlət başçısı Rusiya ilə əməkdaşlığa necə yüksək qiymət verdiyini belə dedi: "Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Yəni bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir. Vladimir Vladimiroviç dediyi kimi, çoxlu investisiya layihələri həyata keçirilir və onların yaxşı perspektivi vardır. Bütövlükdə, ticari-iqtisadi sahədə əmtəə dövriyyəsinin artmasını, inteqrasiya əlaqələrinin möhkəmlənməsini və şirkətlərimiz arasında əməkdaşlıq üçün daha yaxşı şərait yaradılmasını gözləyirik. Əlbəttə, bu işdə nəqliyyat layihələri çox mühüm rol oynayır”.
Rusiya və Azərbaycan əsrlərdir ki, qonşu dövlətlərdir. Bu iki dövləti həm dəmir yolları, həm avtomobil yolları, həm də hava yolları birləşdirir. Lakin bu iqtisadi tellərdən başqa, iki ölkə arasında tarixən qırılmaz mənəvi və mədəni körpülər mövcuddur. Vladimir Putin Rusiyada 11 min azərbaycanlının təhsil aldığını bildirdi. Bundan xeyli əvvəl isə ulu öndər hələ sovet dönəmində keçmiş SSRİ-nin ən nüfuzlu universitet və institutlarında 5 mindən artıq azərbaycanlı tələbənin milli kadrlar kimi təhsil almasına imkan yaratmışdı. Bu gün həm Rusiyada, həm də Azərbaycanda iki dövlətin arasında canlı körpülər yaradan minlərlə belə ziyalı var.
Rus dilində yazıb-yaradan, oxuyan, elmin müxtəlif sahələrində çalışan minlərlə azərbaycanlı var. Müslüm Maqomayev ölümündən sonra belə Rusiyanın əbədi sevgisi kimi möhtəşəm gücə malikdir. Azərbaycana gələn istənilən rus onun məzarını ziyarət etməsə, ürəyində bir nisgil qalır.
Ona görə də humanitar sahədə əməkdaşlıq Soçi diskussiyalarında xüsusi yer tutdu. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, ədəbiyyatına və musiqisinə sonsuz sevgi var. Əgər bu musiqinin başında Müslüm durursa, əgər rus poeziyasının banisi Puşkin yazırsa ki, mənim müqəddəs Quranımı Allahın ən aciz canlısına da təbliğ et, onda onu necə sevməyəsən?!
Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, əksər ali təhsil ocaqlarında rus bölmələri mövcuddur, bundan başqa, Rusiyanın aparıcı universitetlərinin iki filialı ölkəmizdə fəaliyyət göstərir, rus dilində qəzetlər nəşr edilir, internet saytları fəaliyyət göstərir. İşğalçı Ermənistan isə Rusiyanı strateji müttəfiqi, tərəfdaşı elan etsə də, onların rus dilinə tətbiq etdikləri qadağaları düşmən düşmənə etməzdi. Biz dostluğa, qonşuluğa Ermənistandan dəfələrlə sadiqik. Məhz bu rakursdan yanaşanda, Azərbaycanla Rusiya arasında tam dəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri daha da dərinləşdirilməli, inkişaf etdirilməlidir. Azərbaycan Prezidentinin dediyi kimi, "Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır”.

Bahadur İMANQULİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video