04 Sentyabr 2018 21:59
761
SİYASƏT
A- A+

Avropa İttifaqı: sağ populistlərlə solçular arasında tərəddüdlər


Qərbin bir sıra aparıcı nəşrləri avqustun 28-də Milanda keçirilən bir görüşlə bağlı geniş informasiyalar yaymaqdadırlar. Görüş Macarıstanın Baş naziri Viktor Orban ilə İtaliyanın daxili işlər naziri Matteo Salvini arasında olub. Vəzifə fərqinə baxmayaraq, hər ikisi partiya lideridir. Müzakirələri də məhz partiya liderləri kimi aparıblar. Qərb KİV-ləri bu məqama əsasən yazır ki, məsələ, ümumiyyətlə, Avropa İttifaqının gələcək siyasi təşkilatlanması ilə əlaqədardır. Məsələn, "The Wall Street Journal”, "El País”, "Le Figaro” kimi nəşrlərdə mövzuya aid analitik məqalələr dərc edilib. Ekspertlər hesab edirlər ki, mübarizə Avropa İttifaqının (Aİ) açıq və ya qapalı təşkilat olması və burada avropaçılığın, yaxud suverenliyin üstünlük təşkil etməsi dilemması ilə bağlıdır. Bu kontekstdə Milan görüşünün fonunda Aİ-nin gələcək taleyi və onun geosiyasi təsirləri üzərində bir qədər geniş dayanmağa ehtiyac duyulur.

Yeni alyans: ənənəvi elita ilə qarşıdurma

Avropa İttifaqında yeni alyansın formalaşdığı barədə Qərb mətbuatı yazılar dərc etməyə başlayıb. Bu mövzu avqustun 28-də Milanda Macarıstanın Baş naziri Viktor Orban ilə İtaliyanın daxili işlər naziri Matteo Salvininin görüşündən sonra gündəmə gəlib. Onlar rəsmi görüşməsələr də, partiya liderləri kimi bəyanat veriblər. Maraqlıdır ki, fikirlərini həm də rəsmi şəxslər olaraq ifadə etdiklərini deyiblər. Ekspertlərin diqqətini V.Orbanın və M.Salvininin ümumiyyətlə, Aİ-nin təşkilat kimi gələcəyi ilə bağlı irəli sürdükləri tezislər cəlb edib. Həmin fikirlər Brüsselin mövqeyinə uyğun gəlmir, hətta Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Angela Merkelin tutduqları mövqeyə də ziddir. Təsadüfi deyil ki, Avropa KİV-ləri Paris-Berlin cütlüyünə qarşı Roma-Budapeşt alyansının formalaşmağa başladığı haqqında məlumatlar yaymaqdadır.

Fikir ayrılığı nədən yaranıb və Avropa niyə siyasi parçalanma ərəfəsindədir? Mütəxəssislər bununla bağlı kifayət qədər ciddi məqamlara diqqət yetirirlər. Ümumi səviyyədə Aİ-nin təşkilat olaraq struktur və funksional cəhətdən yenidən qurulmasından bəhs edildiyi vurğulanır. Orban-Salvini ittifaqı bütövlükdə solçuları Aİ-dən sıxışdırmağı və ifrat sağçıların (onlara populistlər də deyirlər) üstünlük təşkil etməsini qarşılarına məqsəd kimi qoyublar.

Milan görüşündən sonra hər iki lider bəyan edib ki, Aİ parlamentindən "solçuları rədd etmək” niyyətindədirlər. Buna görə də görüşdə əsas müzakirə mövzularından biri 2019-cu il seçkilərinə müttəfiq qismində getmək imkanları olub. M.Salvini konkret olaraq bəyan edib: "Mən də, Viktor da (Macarıstanın Baş naziri Viktor Orban nəzərdə tutulur – red.) hər birimiz öz sahəmizdə elə bir alyans yaratmaq üzərində işləyirik ki, orada heç bir sosialist olmayacaq”.

Deməli, məqsəd aydındır – Avropada ənənəvi elitanın siyasi hegemonluğuna son qoymaq istəyən rəsmi şəxslər meydana gəlib. Bəs, onları yuxarıda vurğulanan kontekstdə konkret hansı məsələlər qane etmir? Onlar Avropanın "tarixi dönüş” edərək "suverenliklər qitəsi”nə çevrilməsini arzulayırlar (bax: Пётр Искендеров, "Старая Европа” и новые альянсы / "Международная жизнь”, 30 avqust 2018).

Bunun nəyi ifadə etdiyini isə M.Salvininin aşağıdakı fikirlərindən aydın görmək mümkündür. O, V.Orban ilə müzakirələrdən sonra jurnalistlərə bəyan edib: "Bizim Avropa iş, həyat, sağlamlıq və təhlükəsizlik hüququnun təmin edilməsinə əsaslanacaq. Maliyyəçilərin diktaturasına və miqrasiyaya son!” (bax: əvvəlki mənbəyə). Təntənəli və maraqlı mövqedir, lakin tarixi aspektdə bir neçə sual meydana çıxır.

Yəni, Avropada indiyə qədər insanların iş, həyat, sağlamlıq və təhlükəsizliyinin təminində ciddi problemlərmi olub? Bəs, onda hansı haqla "qoca qitə” demokratiya adı altında məhz sadalanan dəyərləri dünyanın başqa ölkələrinə tətbiq etməyə cəhdlər göstərib və əksər hallarda bunu başqasının daxili işlərinə qarışmaqla etməyə çalışıb? Miqrantlara qarşı sərt olan Orban-Salvini tandemi bunu necə izah edə bilər? Belə çıxmırmı ki, bu iki lider eyni məntiqlə indi qeyri-avropalı insanlara qarşı hərəkət edirlər? Yəni, onların özlərinin qeyd etdikləri siyasi xəttin sadəcə ünvanı dəyişib – avropalıya deyil, qeyri-avropalıya qarşı sərtlik, başqa kontekstdə iş, həyat, sağlamlıq və təhlükəsizliyin təmini imiş?

Təbii ki, bu suallara cavab verə bilməzlər. Elə Avropanın özündə də məsələnin bu müstəvidə qoyuluşunun ultramillətçi, radikal, ksenofob, irqçi mövqedən qaynaqlandığını dərk edənlər az deyil. Onların sırasında son zamanlar Fransa Prezidenti Emmanuel Makron daha çox seçilir. E.Makron Orban-Salvini ittifaqının Avropa üçün yarada biləcəyi təhlükəni görə bilir. "Le Figaro” nəşri Fransa Prezidentinin aşağıdakı fikrini vurğulayır: "Mən millətçilərə və nifrət ritorikası yayanlara heç bir şeydə güzəştə getməyəcəyəm. Əgər onlar məni özlərinə əsas rəqib hesab edirlərsə, haqlıdırlar” (bax: Etienne Campion. Salvini et Orban contre Macron : vers la grande explication? / Lefigaro.fr, 30 avqust 2018).

İdeoloji savaş: Avropanın transformasiya problemi

Viktor Orban da Emmanuel Makronu Avropada mövcud olan iki siyasi düşərgədən birinin lideri kimi qəbul etdiyini bildirib. Onun sözlərinə görə, E.Makron Avropada miqrasiyanı qəbul edən siyasətçilərin lideridir. Buna görə də ekspertlər hesab edirlər ki, Aİ-də bir-birinə zidd mövqedə olan iki siyasi düşərgə artıq formalaşmaqdadır. Bir tərəfdə irqçiliyi, Avropa müstəsnalığını, xristian dəyərlərini müdafiə edən milliyyətçi, ultraradikal, ifrat avropaçı sağ populistlər, digər tərəfdə isə qloballaşma tərəfdarları, insan haqlarına üstünlük verən siyasi qruplar. Hazırda Avropa İttifaqı bu iki mövqe arasında tərəddüd edir. Buna uyğun olaraq təşkilatın siyasi gündəmi formalaşır.

Yuxarıda vurğulanan fikirlərdən də aydın görünür ki, burada əsas mövzu miqrantlara münasibətlə bağlıdır. Orban-Salvini tandemi qurudan və dənizdən miqrantların Avropaya daxil olmasının qəti şəkildə qarşısının alınmasının tərəfdarıdırlar. Onlar bir-birini məhz bu keyfiyyətlərinə görə də tərif edirlər. Populistlər avropalıların özünəməxsusluğundan, fərqli mədəniyyətə sahib olmalarından və sərhədlərin ciddi qorunması zərurətindən bəhs edirlər. Deməli, burada bir özünəqapanma, təcridçilik, fərqli mədəniyyətlərin inkarı ruhu mövcuddur. Bunun fonunda V.Orban və M.Salvini düşərgəsinin din və sivilizasiya amilinə münasibətləri aydın olur.

Onlar hesab edirlər ki, Avropada liberalizmin böhranı xristian dəyərlərindən uzaqlaşmaqla bağlıdır. Xristianlıq universalizmi təbliğ edir. Bu mənada o, millətləri məhv etməyib, əksinə, onları qoruyur. V.Orbanın bu tezisinin nə dərəcədə doğru olduğu şübhə yaradır. Lakin başlıca məqam ondan ibarətdir ki, dünyada mövcud olan dinlərdən yalnız birinin çərçivəsində liberal dəyərlərin bərqərar ola biləcəyini iddia edirlər. Bu da sinxron olaraq fərqli dinlərə qarşı xristianların hansı mövqe tutmalı olduğu sualını aktuallaşdırır.

Populistlərin mövqeyinə görə, miqrantlar məhz xristian dəyərlərinə zərər vururlar. Belə olmasaydı, V.Orban və M.Salvini avropalıların hüquqlarının, işləmək hüquqlarının və sağlamlıqlarının təmininin pozulması məsələlərini məhz antimiqrant əhval-ruhiyyəsi bağlılığında qabartmazdılar. Eyni zamanda, onlar miqrantları nəzərdə tutaraq Brüsselin Aİ-nin sərhədlərini qorumalı olduğunu deyirlər.

Təbii ki, bu cür mövqe müasir tarixi mərhələdə fərqli sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında münasibətlərin daha da həssaslaşmasına və açıq deyilsə, onlar arasında uçurumun dərinləşməsinə xidmət edir. Aİ-nin təşkilat olaraq perspektivi baxımından bunun nə dərəcədə səmərəli olduğunu proqnozlaşdırmaq, bizə görə, xeyli risklidir.

Siyasi-ideoloji aspektdə isə yuxarıda vurğulanan məqamlar Aİ-nin strukturu və fəaliyyətində xeyli problemlər yarana biləcəyini ifadə edir. Bunun üçün sağ populistlərin parlamentdə çoxluğu ələ keçirməsi gərəkdir. Belə olmasa, onlar siyasi gündəmin kənarında "qeyri-rəsmi nikahdan doğulan uşaq” rolunu oynamaqdan o tərəfə keçə bilməyəcəklər. Deməli, 2019-cu il seçkilərində Avropada mövcud olan iki siyasi düşərgə arasında kəskin rəqabət gözlənilir. Makron-Orban qarşıdurmasının nəticələrindən bütövlükdə Aİ-nin taleyi asılı olacaq.

Bu tendensiya güclənərsə, onda Avropa İttifaqı hansı istiqamətdə transformasiya edər? Mütəxəssislər bu kimi suallara da cavab axtarırlar. Qənaət belədir ki, Aİ, ümumiyyətlə, zəifləyə və qlobal geosiyasi proseslərdəki güclü mövqeyini itirə bilər. Belə bir vəziyyət isə ümumən dünya düzəninə ciddi təsirlər göstərə bilər. Rusiyalı ekspertlər bu kimi məqamları nəzərə alaraq, Kremlə Aİ-də baş verən prosesləri ciddi izləməyi və uyğun addımlar atmağı tövsiyə edirlər. Ancaq məsələ yalnız Aİ-Rusiya münasibətləri iləmi bağlıdır? Digər böyük dövlətlər və Aİ-yə qonşu olan ölkələr hansı mövqe tutmalıdırlar? Bizcə, bu suallar da aktualdır.

Newtimes.az

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video