04 Sentyabr 2018 00:53
1967
SİYASƏT
A- A+

Strateji tərəfdaşlığın yeni və daha dinamik dönəmi başlayır


İlham Əliyevlə Vladimir Putin arasındakı dostluq münasibətləri möhkəm təmələ əsaslanan əməkdaşlığa impuls verir


Qloballaşan dünyada geosiyasi sabitliyə, bərabərhüquqlu siyasətə əsaslanmadan beynəlxalq səviyyədə istənilən zəruri qarşılıqlı fəaliyyətə nail olmaq mümkünsüzdür.
Müstəqil Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən, regionda maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini genişləndirmək meyarından çıxış edir. Yəni Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma, hörmət və heç bir dövlətin daxili işlərinə qarışmama prinsipinə əsaslanan müstəqil siyasət həyata keçirir.


Möhkəm dostluq, mehriban qonşuluq və etibarlı müttəfiqlik


Azərbaycanın siyasi, iqtisadi və regional məsələlərdə əhəmiyyət verdiyi əsas dövlətlərdən biri Rusiya Federasiyasıdır. Rusiyanın həm bir qonşu, həm iqtisadi və siyasi tərəfdaş, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas oyunçu kimi böyük önəmi var.
Ona görə də Rusiya-Azərbaycan ikitərəfli münasibətləri daim aktuallıq kəsb edib. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır və münasibətlər bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Artıq yeni inkişaf mərhələsinə qədəm qoyan münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir.
Bütün bunlar ilk növbədə Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında mövcud olan dostluq münasibətləri əsasında reallaşıb. Dövlət başçılarının son illərdəki görüşləri, rəsmi və işgüzar səfərləri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini şərtləndirib.


Əməkdaşlıq telləri daha da şaxələndirilir


Aralarında möhkəm dostluq münasibətləri olan İlham Əliyevlə Vladimir Putin bu ilin son 3 ayında 3 dəfə görüşüblər.
Belə ki, iyun ayında Moskvada Futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev həmin zaman rusiyalı həmkarı ilə görüşmüşdü. Bu görüşdə Rusiya Prezidenti sentyabr ayında dövlət başçıları arasında keçiriləcək görüşə hazırlıq görüldüyünü, səfər zamanı imzalanacaq yeni iqtisadi sənədlər üzərində işlərin getdiyini diqqətə çatdırmışdı.
İki ölkə lideri arasında ikinci görüş ötən ay, avqustda Qazaxıstanda Xəzəryanı ölkələrin Zirvə toplantısında baş tutdu. Üçüncü görüş isə sentyabrın 1-də Soçidə oldu.
Ümumiyyətlə, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlərin imzalanması yeni əməkdaşlıq tellərinin əsasını qoyur. Yəni iki lider arasında sıx əlaqələr çox möhkəm bazaya əsaslanan münasibətlərə dinamizm verir.
Bir sözlə, İlham Əliyevlə Vladimir Putin arasındakı müntəzəm xarakter alan görüşlər qarşılıqlı fəaliyyətin əhatə dairəsini çox genişləndirir.


Yeni sənədlər iqtisadi əlaqələrin dərinləşməsinə real zəmin yaradır


Sentyabrın 1-də dövlət başçılarının Soçidə keçirdikləri növbəti görüş və səsləndirdikləri bəyanatlar, eləcə də iki ölkə arasında imzalanan yeni iqtisadi sənədlər münasibətlərin daha da şaxələnməsinə, dərinləşməsinə real zəmin yaratdı.
Öncə onu qeyd edək ki, bu səfər zamanı iki ölkə arasında iqtisadi münasibətləri daha da genişləndirəcək yeni mühüm sazişlər və yol xəritəsi imzalandı.
Dövlət başçılarının imzaladıqları "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”dan sonra "Rosneft” Neft Şirkəti ilə SOCAR arasında "Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş”, "Rosneft”lə SOCAR arasında Kontrakt”a imza atıldı.
Bundan başqa, "Azərbaycanda "QAZ” kommersiya avtomobilləri milli yığma istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında”, "Qazprombank”la, "Rusiya İxrac Mərkəzi” və SOCAR arasında Rusiyadan ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında”, "Elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında”, eləcə də iki ölkə arasında turizm, idman sahəsində əməkdaşlıq haqqında sazişlər imzalandı.
Yeni imzalanan sənədlər arasında "Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” ilə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi”, "Malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol”, eyni zamanda "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum”da yer aldı.
İqtisadiyyat Nazirliyi ilə Rusiya Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında sazişlər də bağlandı.
İki ölkənin əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı və 2024-cü ilədək əməkdaşlıq proqramı da imzalanan sənədlər arasında yer aldı.
Beləliklə, iki dövlət arasında indiyədək imzalanan sənədlərin arasına daha 15 yeni sənəd də əlavə olundu. Bu sazişlər, protokollar, memorandumlar, əməkdaşlıq proqramları, əlbəttə ki, iqtisadi əlaqələrin daha da şaxələnməsinə müsbət töhfə verəcək.


Rusiya iqtisadiyyatımıza 4 milyard dollara yaxın investisiya yatırıb


Hazırda iki ölkə arasında İqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası və Azərbaycan-Rusiya İşgüzar Şurası fəaliyyət göstərir.
2016-cı ildə yaradılan İşgüzar Şuranın əsas məqsədi Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. Bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə mütəmadi olaraq birgə iclaslar keçirilir.
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2018-ci ilin birinci yarımilliyində ticarət dövriyyəsi 20 faizədək artıb. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Bu ilin 6 ayı ərzində Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin siyahısına da Rusiya başçılıq edir. Belə ki, 6 ayda Rusiyadan məhsul idxalının dəyəri 917 milyon 145 min dollar olub.
Ölkəmiz tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollara yaxın investisiya yatırıb. 2017-ci ildə Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli addımdır.
Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiyada yaradılıb. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində Azərbaycan Biznes Mərkəzi açılıb və yaxın zamanlarda Rusiyada da Azərbaycan Ticarət Evi fəaliyyətə başlayacaq.


2,5 milyard dollara yüksələn əmtəə dövriyyəsi


2017-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib.
Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdəbiri yüz faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar "Qazprom”, "Transneft” və "Lukoyl”dur. Ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir.
İmzalanan son sənədlər isə əmtəə dövriyyəsini daha da artırmağa, inteqrasiya əlaqələrini intensivləşdirməyə imkan verəcək.
Bundan başqa, sənaye sahəsində kooperasiya dərinləşir. Rusiyanın "R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. Həmçinin "Qazprombank” Sumqayıt Kimya Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollar təşkil edir.
Görüş zamanı iki ölkənin birgə bir neçə uğurlu layihə icra etdiyini xatırladan Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan Prezidenti "KamAZ” Gəncə Avtomobil Zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb.
Rusiyanın 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə çərçivə sazişləri bağlayıb.
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının intensiv fəaliyyətinin nəticəsi olaraq iki ölkə arasında iqtisadi əlaqələr yüksək dinamizmlə inkişaf edir.


"Şimal-Cənub” dəhlizi ən perspektivli layihə hesab olunur


Rusiya və Azərbaycan liderləri nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığa xüsusi önəm veriblər. Prezidentlər "Şimal-Cənub” dəhlizini ən perspektivli layihə adlandırıblar. Çünki bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yükdaşımaları xeyli sürətləndirməyə imkan verəcək.
Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dərmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. Həm də "Şimal-Cənub” dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək.
Prezident İlham Əliyev marşrutun ayrı-ayrı hissələri üzrə iş aparıldığını və Azərbaycanın öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirdiyini söyləyib. Bu il "Şimal-Cənub” nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu isə hələ başlanğıcdır. Çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, iki ölkənin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri açılacaq.


Dəyəri 5 milyard dolları keçən hərbi təyinatlı məhsullar


Prezidentlər hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə ediblər. Əlbəttə ki, bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, ölkəmiz tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir.
Prezident İlham Əliyev vurğulayıb ki, bunun səbəbi Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinin davam etdirilməsidir. Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır.


Birgə layihələrin icrası üçün yeni imkanlar yaranıb


Bir sözlə, əminliklə söyləyə bilərik ki, Rusiya və Azərbaycan liderləri arasında şəxsi səmimi dostluq münasibətləri bu proseslərə çox güclü impuls verir. Yeni imzalanan iqtisadi sənədlər, yol xəritələri və avqust ayında Qazaxıstanda Xəzərin hüquqi statusu haqqında qəbul edilmiş konvensiya birgə müəssisələrin yaradılması, birgə layihələrin icrası üçün yeni imkanlar açır.
Dövlət başçıları arasında keçirilən son danışıqlar Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək. Xüsusən də liderlərin imzaladıqları birgə bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sazişlər paketi məhz buna istiqamətlənib. İqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri Azərbaycan və Rusiya arasında dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video