Alternative content

12:02 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 3 ayda 3 görüş
3 ayda 3 görüş
ANA SƏHİFƏ / SİYASƏT
00:52 04.09.2018

Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas siyasi-iqtisadi müttəfiqidir


Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlər daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa, mehriban qonşuluğa əsaslanır. Hər iki dövlətin prezidentlərinin intensiv qarşılıqlı rəsmi və işgüzar səfərləri xüsusən son illərdə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlər zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanıb, yeni əməkdaşlıq tellərinin əsası qoyulub. Ən əsası, hər bir səfər münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin tərəfdaş olduğunu təsdiqləyib.


Yüksək siyasi anlaşma


Azərbaycanla Rusiya arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulsa da, ilkin dövrlərdə aradakı soyuqluq münasibətlərin normal məcrada inkişafını əngəlləmişdi. Ona görə Heydər Əliyevin ölkə Prezidenti seçilməsindən sonra xarici siyasət kursunda etdiyi kardinal dəyişikliklərdən biri əvvəlki iqtidarın dövründə yaranmış gərgin münasibətlərə son qoyulması, milli maraqlardan çıxış etməklə əlaqələrin yaxşılaşdırılması idi. Məhz ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi olaraq Rusiya ilə münasibətlərdə mövcud olan bütün problemlər aradan qaldırıldı və hər iki tərəf üçün qarşılıqılı anlaşmaya əsaslanan faydalı tərəfdaşlığın əsası qoyuldu. Tədricən iki dövlət arasında bərabərhüquqlu prinsiplər üzərində qurulan əlaqələr möhkəmləndirildi. Münasibətlərin normallaşması tezliklə özünü bir sıra sahələrdə, məsələn, Xəzərin statusu məsələsində büruzə verdi. Əvvəl bununla bağlı fərqli mövqe sərgiləyən Rusiya münasibətlərə gətirilən yeni nəfəsdən sonra Xəzərin statusu məsələsində Azərbaycanla eyni mövqedən çıxış etməyə başladı. Bu yaxınlarda Xəzərin hüquqi statusu ilə bağlı imzalanan konvensiya hər iki dövlətin eyni maraqlardan çıxış etdiyini göstərdi.
Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin on illiyi ilə əlaqədar Bakıda Aleksandr Puşkinin, Sankt-Peterburqda isə Nizami Gəncəvinin heykəllərinin qoyulması Heydər Əliyevin Rusiya siyasətinin uğurlarından xəbər verirdi.
Xarici siyasətdə ölkəmizin milli maraqlarını layiqincə təmin edən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyanın geosiyasi prinsiplərinin formalaşmasına təsir göstərmək imkanları olan Rusiya ilə münasibətləri ölkəmizin milli maraqlarına uyğun daha da möhkəmlənib və genişlənib. Prezidentlər İlham Əliyev və Vladimir Putin arasında olan əlaqələr münasibətlərin daha dinamik inkişafına təkan verir. Bunun nəticəsidir ki, xüsusən son illər dövlətlərarası əlaqələrdə yeni səhifələr açılıb. Hər iki ölkə rəhbərinin qarşılıqlı əlaqələrə böyük maraq göstərməsi nəinki siyasi, o cümlədən iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə yeni əməkdaşlıq tellərinin əsasını qoyub.


Dostluq ənənələrinə söykənərək inkişaf edən əməkdaşlıq telləri


Sentyabrın 1-də Rusiyaya rəsmi səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə Prezident Vladimir Putinlə görüşü, apardığı danışıqlar bir daha iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini göstərdi. Xatırladaq ki, bu, Azərbaycan və Rusiya prezidentlərinin son 3 ayda 3-cü görüşü idi. Elə bu faktın özü iki ölkə arasındakı yüksək siyasi münasibətlərin bariz nümunəsi kimi nəzərdən keçirilir. Prezident İlham Əliyev Soçidə mətbuata bəyanatla çıxışında Rusiya ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşların münasibətləri adlandırıb: "Ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik”.
Rusiya ilə Azərbaycan arasında olan yüksək siyasi münasibətlər iqtisadi sferaya da təsirsiz ötüşmür. Məsələn, 2017-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın enerji şirkətlərindən "Qazprom”, "Transneft” və "LUKoyl” uğurla işləyir. Bu ilin ötən dövründə Azərbaycanın qeyri-neft ixracatında Rusiya ilk pillədə qərar tutub. Bu ölkədə Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq xüsusən çoxdur.
Regionlararası əməkdaşlıq da getdikcə dərinləşir. Hazırda Rusiyanın 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ölkəmizlə ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə çərçivə sazişləri bağlayıb. Növbəti regionlararası forum bu ilin oktyabrında keçiriləcək.
Prezident İlham Əliyevin rəsmi səfəri çərçivəsində imzalanan sənədlər əsasən iqtisadi məsələləri əhatə etdi. Bunun özü də iki ölkə arasında məhz yüksək siyasi anlaşmanın olmasının təzahürüdür.
Mədəni və humanitar sahələrdə də Rusiya ilə Azərbaycan arasında münasibətlər təqdirəlayiqdir. Hazırda 11 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır. Onlardan 1000-ə yaxını Rusiya büdcəsi hesabına oxuyur. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. Azərbaycanda isə Rusiya ali məktəblərinin filialları, o cümlədən rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur.
Ən nümunəvi əməkdaşlıq formatı isə Bakı Beynəlxalq Humanitar Forumudur. Hələ 2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə Bakıda Humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumu keçirilib. Sonradan bu forum beynəlxalq status alıb. Əlamətdar haldır ki, Bakı Humanitar Forumunun işində dünyanın elmi-mədəni və siyasi elitasının görkəmli nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.


Rusiya münaqişənin nizamlanmasına kömək göstərməkdə davam edəcək


Prezidentlərin danışıqlarında Dağlıq Qarabağ probleminin həlli və regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Öncə onu qeyd edək ki, iki dövlət arasında regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı kifayət qədər əhatəli əməkdaşlıq mövcuddur. İndinin özündə də Rusiyanın cənubunda, Şimali Qafqazda terror hadisələri, təhlükəsizlik qüvvələri ilə ekstremistlər arasında silahlı toqquşmalar baş verir. Ölkəmiz bunun qarşısını almaqda daim dəstəyini əsirgəməmiş, öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin, beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, onların respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə almışdır. Rusiya və Azərbaycan terrorizm və ekstremizmin yayılmasının qarşısının alınması məqsədilə birgə əməliyyatlar da keçirmişlər.
Təbii ki, Azərbaycanın Rusiyadan gözlədiyi ən vacib siyasi addım bu ölkənin Dağlıq Qarabağ probleminin ədalətli həllinə yardım göstərməsidir. Ona görə prezidentlərin Dağlıq Qarabağ mövzusunda apardığı danışıqların məzmunu Azərbaycan ictimaiyyətində maraqla izlənilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, müzakirə olunan məsələlər arasında ilk növbədə uzun müddət davam edən və Azərbaycan xalqının iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Rusiya münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır. Vladimir Putin bununla bağlı bəyan etdi ki, Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək.
Prezident Vladimir Putinin qeyd etdiyi kimi, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Bu baxımdan Prezident İlham Əliyevin səfəri iki ölkə arasındakı əlaqələrin dostluq və əməkdaşlıq ənənələrinə söykənərək inkişaf etdiyini göstərdi. Ən əsası, bir daha təsdiq olundu ki, Azərbaycan Rusiyanın həm strateji, həm də Cənubi Qafqazdakı əsas siyasi-iqtisadi müttəfiqidir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”