04 Sentyabr 2018 00:50
1342
SİYASƏT
A- A+

Erməni KİV: “İlham Əliyev Ermənistana növbəti zərbəni Soçidən vurdu”


Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşünün nəticələri Ermənistanda məyusluq və ciddi narahatlıqla qarşılandı


Prezident İlham Əliyevin Rusiyaya son rəsmi səfəri, eləcə də burada rusiyalı həmkarı Vladimir Putinlə görüşü, imzalanan sənədlər növbəti dəfə iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətə malik olduğunu təsdiqlədi. Bütün bunlar həm də onun göstəricisidir ki, qarşıdakı dövr ərzində də Azərbaycan-Rusiya əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edəcək. Belə vəziyyət, öz növbəsində, mövcud geosiyasi, geoiqtisadi reallıqlar baxımından hər iki dövlətin maraqlarına tam cavab verir.
Bu mənada tam qətiyyətlə söyləmək mümkündür ki, ölkələrimiz arasında strateji müttəfiqlik münasibətləri davamlı inkişaf edəcək və bundan hər iki tərəf qazanacaq. O da istisna edilmir ki, Dağlıq Qarabağ münaqişəsi də Rusiyanın danışıqlar, sülh prosesinə verdiyi və verəcəyi töhfələrlə öz ədalətli, müsbət həllini daha tez tapa bilər.


Ermənistanda ciddi təlaş


Rusiya ilə Azərbaycan arasında dinamik, intensiv inkişaf edən əlaqələr isə işğalçı Ermənistanda ciddi təlaş yaradır. İşğalçı dövlətdə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, bütün sahələr üzrə əlaqələrin genişləndirilməsi, ən əsası isə Vladimir Putinin regional problemlərlə bağlı İlham Əliyevlə müzakirələr aparmağa üstünlük verməsi əməlli-başlı qorxu yaradıb.
Özü də o vaxt ki, Ermənistanla Rusiya arasında münasibətlər sürətlə pisləşməkdə davam edir.
Bunu sabiq prezident Robert Koçaryan da təsdiqləyir. O, yeni hökuməti Qərbin əlaltısı olmaqda ittiham edərək göstərilən məqamla bağlı bildirir: "Ermənistanda hakimiyyətə gələn adamlar uzun illər Rusiyaya qarşı, Ermənistanın Avrasiya İttifaqında iştirakına qarşı çıxıblar, burada Rusiya hərbi bazasının əleyhinə olublar. Təsəvvür etmək çətindir ki, bütün bunları bir günə necə dəyişmək olar”.
Koçaryan bildirib ki, Nikol Paşinyan və komandası tamamilə qərbyönümlüdür: "Komanda, demək olar ki, keçmişdə tamamilə başqa geosiyasi yanaşmalara sadiq adamlardan ibarətdir. Onların, demək olar ki, hamısı Qərb strukturları, qrantları ilə bağlıdır”.
Koçaryana görə, Rusiyadan üz döndərmək istəyənlərin yanaşması təhlükəlidir. Çünki regionda təhlükəsizlik sahəsində Rusiyadan çox imkanlara malik olan ikinci ölkə yoxdur: "Kimin rıçaqları, təsiri, hərbi imkanları böyükdür? Hesab edirəm ki, sualın cavabı aydındır. Artıq formalaşmış münasibətlərdən imtina etmək olmaz. Ona görə də Brüsselə tərəf boylananlar yanılırlar”.


Təhlükə təbili çalınır


Erməni ekspert Aşot Cahangiryan isə vurğulayır ki, Ermənistanla Rusiya arasında münasibətlər pisləşdiyi vaxtda Moskva-Bakı əlaqələrində bunun tamam əksi müşahidə olunur. Bir sözlə, təhlükə təbili çalınır: "Azərbaycan Prezidentinin son səfəri fonunda biz bunu yenidən müşahidə etdik. Rusiya və Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldirlər. Bizim hakimiyyət isə bunun əvəzində Rusiya ilə münasibətləri xeyli pisləşdirə bilib”.
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev də qeyd olunan fonda Prezident İlham Əliyevin Rusiyaya səfərini olduqca yüksək qiymətləndirir.
O vurğulayır ki, Soçidə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ölkələrimiz arasında münasibətlərin inkişafında olduqca mühüm mərhələdir: "Göz qabağındadır ki, iki dövlətin liderləri arasında şəxsi səmimi dostluq münasibətləri bu proseslərə çox güclü impuls verir. Ölkələrimiz arasında əmtəə mübadiləsinin artması xarici iqtisadi qarşılıqlı əlaqələrin inkişafının böyük potensialını nümayiş etdirir. Bu yaxınlarda Xəzərin hüquqi statusu haqqında qəbul edilmiş konvensiya birgə müəssisələrin yaradılması, birgə layihələrin icrası üçün yeni imkanlar açıb. Siyasi zəmin də çox vacibdir - olduqca mürəkkəb xarici siyasi şəraitdə biləndə ki böhranlı vəziyyətdə qardaş xalqlar hər zaman çiyin-çiyinə duracaq, onda Qərb tərəfdən xarici təzyiqə qarşı müqavimət göstərmək xeyli asan olur. Rusiya ilə Azərbaycan arasında sarsılmaz münasibətlər bütün regionda təhlükəsizliyin əsasıdır. Buna görə də bu məsələ prezidentlərin Soçi görüşündə diqqət mərkəzində idi”.


"Rusiya Ermənistanın dostu sayıla bilməz”


Hazırda Ermənistanın nə Rusiya, nə də Qərblə münasibətləri normal səviyyədədir. Əvvəllər Ermənistan Rusiyanın himayəsi altında mövcudluğunu davam etdirirdisə, indi Nikol Paşinyan iqtidarının həyata keçirdiyi siyasət üzündən bu himayədən məhrum olmaqdadır. Əvəzində Rusiya ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.
Ermənistanın "armenianreport” saytı bununla bağlı yazır ki, artıq yaranmış vəziyyətdə Rusiya Yerevana əvvəlki diqqət və qayğını göstərmir: "Prinsipcə çoxdan aydın idi ki, Rusiya Ermənistanın müttəfiqi və dostu sayıla bilməz. Regionun geopolitik situasiyası sürətlə dəyişir. Dünənə qədər inanılmaz görünən məsələlər bu gün gözümüzün önündəcə çökür. Dünənki dostlar və müttəfiqlər birdən-birə yadlaşırlar. Belə bir inanılmaz və çılğın vəziyyətdə sabah nə olacağı bəlli deyil. Aydın olan odur ki, Moskva erməni tərəfinin maraqları ilə hesablaşmadığını göstərmək qərarına gəlib”.


"Moskva Yerevana qarşı qəzəblidir”


Ermənistanın "İravnuk” qəzeti isə yazır ki, Prezident İlham Əliyevin Rusiya səfəri Yerevanı daha sürətlə Moskva üçün arxa plana itələyir: "Bunun səbəbləri çox sadədir. Rəsmi Yerevan əslində Rusiyaya qarşı hansısa addım atmadığını, Qərblə gizli sövdələşmələrə getmədiyini bəyan etsə də, real vəziyyət bunun tamam əksini göstərir. Məhz elə bu səbəbdən Moskva Yerevana qarşı qəzəblidir.
Moskva qəzəbini əslində müxtəlif formada ifadə etməyə başlayıb. Ermənistanda iqtisadi vəziyyətin daha da ağırlaşması bunun bir təzahürüdür. Amma bu, hələ başlanğıcdır. Rusiya satdığı enerjidaşıyıcıların qiymətini qaldırsa, onda vəziyyət çox pis olacaq. Digər tərəfdən, Dağlıq Qarabağ məsələsində Rusiyanın Azərbaycanla yaxınlaşması Yerevan üçün sadəcə fəlakət hesab oluna bilər. Amma görünür, Nikol Paşinyan iqtidarı bütün bu reallıqları hesablamaqda çətinlik çəkir. Ona görə də bizi müsbət nəsə gözləmir. Azərbaycan vəziyyətdən maksimal dərəcədə istifadə etməyə çalışır və Prezident İlham Əliyevin son Rusiya səfəri bunun faktiki göstəricisidir. Azərbaycan bu gün kifayət qədər uğurlu gedişlər etməyi bacarır və Ermənistan bunun ağrısını daha çox hiss edəcək. Görünən odur ki, İlham Əliyev Ermənistana növbəti zərbəni Soçidən vurdu”.


"Rusiya Azərbaycana daha çox üstünlük verir”


Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Gevorq Melikyan isə mətbuata açıqlamasında Soçi görüşünü şərh edərkən bildirib ki, müzakirələrin əsas mövzusu Rusiya və Azərbaycan arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin dərinləşdirilməsi olub: "Rusiya-Azərbaycan əlaqələri təkcə iqtisadi münasibətlə məhdudlaşmır. Hərbi-sənaye, ticarət, nəqliyyat, energetika və s. mühüm sahələri əhatə edir. Ermənistana münasibətdə isə Rusiya daha çox siyasi və hərbi sahələrə xüsusi diqqət ayırır. Digər sahələr üzrə ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə bağlı səylər obeyktiv və subyektiv səbəblərdən diqqətdən kənarda qalır”.
Rusiyanın Ermənistanla müqayisədə Azərbaycana daha çox üstünlük verməsini isə o, iki dövlətin qarşılıqlı investisiyalarının həcmini göstərməklə əsaslandırıb. Onun sözlərinə görə, Moskva və Bakı arasında əlaqələrin daha da inkişaf etdirilməsi Ermənistanın əhəmiyyətini Moskva üçün azalda bilər.


Xarici siyasətdə növbəti fiasko


Qeyd olunduğu kimi, bütün bunlar Prezident İlham Əliyevin növbəti qələbəsi, Paşinyanın xarici siyasətinin fiaskosu da sayıla bilər. Belə vəziyyətdə Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Rusiyaya yola düşəcək və ümid edir ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu açıqlamadan aydın görünür ki, Putinin Paşinyanı qəbul etməsi sual altındadır və belə vəziyyət Moskvanın Yerevana münasibətinin aydın göstəricisidir.
Paşinyan isə hələ də ümid edir ki, Moskva görüşündə Ermənistan-Rusiya münasibətləri ilə bağlı bir çox məsələlər həll ediləcək. Lakin Ermənistanın mövcud siyasəti onun Rusiya ilə münasibətlərində daha böyük çatların yaranacağını göstərir. Azərbaycan-Rusiya münasibətlərində isə bunun tam əksi qeydə alınır və bu hal ölkəmizin regionda mövqelərini daha güclü edir.

Elçin CƏFƏROV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video