Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

07:13 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həyatını elmə həsr etmiş şəxsiyyət
Həyatını elmə həsr etmiş şəxsiyyət
ANA SƏHİFƏ / Elm və texnika
00:45 04.09.2018
Görkəmli geoloq-alim, Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın akademik Musa Əliyev adına, Gürcüstan MEA-nın akademik Aleksandr Tvalçrelidze adına adlı mükafatlarının laureatı, "Şöhrət” və "Şərəf” ordenli, geologiya-mineralogiya elmləri doktoru, professor Vasif Məmməd Ağa oğlu Babazadənin 80 yaşı tamam olur.
V.Babazadə 1938-ci il sentyabrın 2-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Bakıdakı 7 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (hazırda - Bakı Dövlət Universiteti) daxil olmuş, 1960-cı ildə buranı bitirərək mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1956-cı ildən, hələ tələbə ikən çöl ekspedisiyalarında fəal iştirak etməklə başlamışdır. Universiteti bitirdikdən sonra SSRİ Geologiya Nazirliyinin sərəncamına göndərilən V.Babazadə Abxaziyada, Şimali Qafqazın müxtəlif bölgələrində geoloji-kəşfiyyat partiyalarında böyük geoloq, dəstə və partiya rəisi kimi məsul vəzifələrdə çalışmışdır. Bu işlər əlvan və nəcib metalların, həmin illərdə "məxfi” qrifi ilə gedən nadir və səpələnmiş elementlərin axtarışı, kəşfiyyatı və qiymətləndirilməsi ilə bağlı idi.
Alim tələbəlik illərindən elmi-tədqiqat işlərinə böyük maraq göstərməyə başlamışdır. Onun elmə olan sonsuz marağını görən kafedra müdiri, məşhur akademik Mirəli Qaşqayın tövsiyəsi ilə kolçedan yataqlarını öyrənən V.M.Babazadə uzunmüddətli elmi-tədqiqat fəaliyyətinin başlanğıcı olan ilk məqalələrini yazır. Elmə olan marağı onun gələcək taleyini yenidən universitetlə bağlayır, 1961-ci ildə BDU-ya işə dəvət edilir və faydalı qazıntılar muzeyinin kiçik elmi işçisindən geologiya-coğrafiya fakültəsinin dekanı, Faydalı qazıntılar kafedrasının müdiri vəzifələrinə qədər bir yol keçir.
1964-cü ildə alim namizədlik dissertasiyasını müdafiə edir. Bu istiqamətdə onun elmi fəaliyyəti Kiçik Qafqazın mərkəzi hissəsinin xromit yataqlarının qanunauyğun yerləşməsini öyrənməkdən başlamışdır. V.Babazadə bu yataqları dəqiqliklə öyrənir və müəyyən edir ki, praktiki əhəmiyyət kəsb edən yüksəkkeyfiyyətli iri xromit filizi kütlələri ultraəsasi massivlərin aşağı, yaxud da dib hissələrinə təmayül edir.
1975-ci ilin əvvəlində 36 yaşlı alim Novosibirsk şəhərində SSRİ EA-nın Sibir bölməsinin Geologiya və Geofizika İnstitutunda akademik B.A.Kuznetsovun sədrlik etdiyi ixtisaslaşdırılmış Şurada doktorluq dissertasiyasını müdafiə edir. Dissertasiyada alim dünya təcrübəsində ilk dəfə olaraq ofiolit qurşaqlarının metallogeniyası haqqındakı təsəvvürləri hərtərəfli işləmişdir. Alimin nəzəri işləmələrinin təcrübədə istifadəsi sonradan bir sıra filiz obyektlərinin açılmasına və respublikanın əlvan və nəcib metallarının xammal bazasının əsaslı şəkildə möhkəmlənməsinə səbəb oldu. O, ilk dəfə Kiçik Qafqazın civə qurşağının varlığını elmi şəkildə əsaslandırdı (1974). Bu qurşağın qanunauyğun olaraq ayrılması sonrakı geoloji-kəşfiyyat işləri ilə özünü tam doğrultdu. Alim məhz bu tədqiqatlara görə Azərbaycan Respublikası Dövlət mükafatı laureatı adına layiq görüldü (1978).
1975-1990-cı illər V.Babazadə üçün məhsuldar olmuşdur. Alim endogen filiz yataqlarının formasion analizini yeni elmi istiqamət kimi inkişaf etdirir, respublikanın ayrı-ayrı struktur-formasion zonaları üçün sənaye əhəmiyyətli səciyyəvi filiz formasiyaları ayırır.
V.Babazadə mis-molibden yataqlarının öyrənilməsində əsaslı tədqiqatlar aparmışdır, 1990-cı illərdə onun tədqiqatlarının başlıca elmi istiqaməti Gədəbəydə, Naxçıvanın müxtəlif bölgələrində filiz obyektlərinin proqnozlaşdırılması olmuşdur. "Mis” və molibden-porfir yataqları” monoqrafiyasında, böyük faktiki materiala istinad edən alim filizləşmənin zonal paylanmasını müəyyən etmiş, onun yayılma dərinliyini və cinahlarını qiymətləndirmiş, yataqların əmələgəlmə şəraiti və qanunauyğun yerləşməsi haqqında mülahizələr söyləmişdir.
Alimin elmi maraq dairəsi genişdir. Onun yarım əsrdən çox elmi yaradıcılıq fəaliyyətinin başlıca istiqaməti endogen filizəmələgəlmə nəzəriyyəsi və praktikasının inkişaf etdirilməsi olmuşdur. Bu tədqiqatların ən xarakterik cəhəti ondan ibarətdir ki, alim geologiyanın mürəkkəb problemlərinin həllinə qeyri-trivial yanaşır, ilk baxışdan yaxşı öyrənilən proseslərin baxılmasında mütəxəssisləri məsələnin yeni həllinin axtarmasına istiqamətləndirir. Bu cəhətdən alimin 2003-cü ildə çapdan çıxmış "Azərbaycan qızılı” fundamental monoqrafiyası yaxşı misal ola bilər. Bu və onun ardınca çıxan digər iki monoqrafiyada: "Adalar qövsü paleosistemlərinin qızılsaxlayan sulfid yataqları, onların metallogenik xüsusiyyətləri və geodinamik inkişaf şəraiti” (2015) və "Alp dağ - qırışıqlıq qurşağının mərkəzi seqmentinin filiz yataqları və onların genezislərinin problemləri”ndə (2017) müəllif ölkə təcrübəsində ilk dəfə olaraq qızıl yataqlarının lakonik, sistemli və məzmunlu səciyyəsini vermiş, yataqların geoloji mövqeyini və regional filizdaşıyıcı strukturlarını ayırd etmiş, məxsusi qızıl filizi və qızılsaxlayan yataqların sistemləşdirilməsini həyata keçirmişdir.
V.Babazadə filizəmələgəlmə nəzəriyyəsi və metallogeniyanın müasir ideyalarını inkişaf etdirən filiz geologiyası məktəbinin liderlərindən biridir. Alimin əsərləri sayəsində filiz yataqları haqqında təlim respublikada yer elmləri sistemində mühüm sahəyə çevrilmişdir. Alimin 350-dən çox adda, o cümlədən 40 monoqrafiya və kitablarını əhatə edən elmi əsərlərinin sadə siyahısı onun elmi fəaliyyətinin nə dərəcədə geniş əhatə dairəsinə malik olmasını göstərir. Alimin bir çox əsərləri Almaniya, Hollandiya, İngiltərə, Rusiya və digər ölkələrdə çapdan çıxmışdır.
Filiz yataqları və metallogeniya sahəsindəki əsərləri V.M.Babazadənin çoxcəhətli elmi yaradıcılığının məzmununu tükəndirmir. Alim respublikanın mineral-xammal resurslarının tədqiqatına həmişə birinci dərəcəli əhəmiyyət vermişdir. Azərbaycanın rəngarəng mineral resurslarının öyrənilməsinin praktiki olaraq mümkün olmadığı "durğunluq” illərində bu, xüsusən hiss olunurdu. Bilavasitə həmin illərdə o, "Azərbaycanın mineral-xammal resursları” ensiklopedik əsərini yazmaq fikrinə gəlir və xeyli sonralar, 2005-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi ərəfəsində əsər işıq üzü görür.
Məzmunca çox orijinal olan bu monoqrafiya Azərbaycanın mineral-xammal potensialını, ehtiyatlarını, mineral resursların hazırkı durumu və mənimsənilmə tendensiyalarını ətraflı olaraq səciyyələndirir. Əsərdə Azərbaycan iqtisadiyyatı üçün vacib hesab edilən faydalı qazıntılarla yanaşı, digər növ mineral xammal haqqında ətraflı məlumat verilir. Bu isə Azərbaycanın təbii sərvətlərinin ümumi balansında mineral resursların nə dərəcədə yüksək yer tutmasını əyani şəkildə sübut edir.
Alim daim yaradıcılıq axtarışındadır. Yer haqqında elmlərin gələcək inkişafının dərin geosferlərdə gedən proseslərin dərk edilməsiylə bağlı olduğunu hesab edən alim kosmotektonika, dərinlik geofizikası, yeni geodinamik əsasda filiz yataqlarının qanunauyğun yerləşməsi problemləriylə məşğul olmağa başlayır, MDB məkanında ilk dəfə olaraq strateji əhəmiyyətli "Azərbaycanın kosmotektonik xəritəsi”ni (2007) və "Azərbaycanın filiz faydalı qazıntılarının proqnozu ilə regional çatlılıq xəritəsi”ni (2008), habelə onların izahlı qeydlərini - monoqrafiyasını (2009) nəşr etdirir.
V.Babazadənin elmi-təşkilatçılıq fəaliyyəti böyükdür. Bakı Dövlət Universitetində Geologiya fakültəsinin yaradılması və inkişafı, elmi rəhbəri olduğu Yer ehtiyatlarının aerokosmik tədqiqatları ETL, geoloji profilli bir neçə yeni kafedra və ixtisasların açılması bilavasitə onun adı ilə bağlıdır.
Alim beynəlxalq əlaqələrə böyük əhəmiyyət verir; o, ANSF, INTAS, SCOPES və digər qrant layihələrinin qalibi olmuşdur. Ekspert və elmi məsləhətçi kimi xarici şirkətlərlə əməkdaşlıq etmişdir. Bir çox müşavirələr, simpoziumlar və konfransların fəal təşkilatçısıdır. 1998-ci ildən "Bakı Dövlət Universitetinin xəbərləri” (Təbiət elmləri seriyası) jurnalının redaktorudur, "Yerin təki haqqında” (1998), "Təhsil haqqında” (2009) qanunların əsas müəlliflərindən biri olmuşdur. Alim elmi məktəbini formalaşdırıb, inkişaf etdirir, yüksəkixtisaslı kadrlar hazırlayır. Elmi məsləhətçiliyi və rəhbərliyi ilə 11 doktorluq və 30 namizədlik (fəlsəfə doktoru) dissertasiyası müdafiə edilmişdir. Elmin və ali məktəb təhsilinin bacarıqlı təşkilatçısı kimi tanınan akademik V.M.Babazadə uzun illərdir ki, radio, televiziya və dövri mətbuatda respublikanın ictimai-siyasi həyatı ilə bağlı aktual məsələlərin müzakirəsində çıxış edir. Alim Respublika Ağsaqqallar Şurası Məclisinin üzvüdür.
Akademik V.Babazadənin çoxşaxəli elmi, elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. 1978-ci ildə alim Azərbaycanın Dövlət mükafatı laureatı adına layiq görülmüş, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. 2000-ci ildə respublika Prezidentinin fərmanı ilə əməkdar elm xadimi adını almış, 2009-cu ildə "Şöhrət” ordeninə layiq görülmüşdür. O, Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və Təhsil Nazirliyinin fəxri fərmanları, xatirə medalları ilə təltif edilmişdir.
Alim 80 illik yubileyini yaradıcılığının çiçəklənən dövründə qarşılayır. Həmişə olduğu kimi, o, yenə də elmi axtarışdadır, yaradıcılığı yeni ideya və planlarla zəngindir.
Akademik V.M.Babazadənin bu günlərdə "Şərəf” ordeni ilə təltif edilməsi Prezident İlham Əliyevin elm və təhsilə göstərdiyi daimi diqqət və qayğının yeni bir təzahürüdür. Universitet elminə verdiyi bu yüksək qiymətə görə möhtərəm Prezidentə BDU-nun çoxminli professor-müəllim və tələbə kollektivi adından dərin təşəkkür və minnətdarlığımızı bildirir, ölkəmizin daha da çiçəklənməsi naminə gördüyü işlərdə yeni-yeni uğurlar arzulayırıq.

Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru, akademik

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM