03 Sentyabr 2018 21:04
493
CƏMİYYƏT
A- A+

Qanunsuz fəaliyyətlə məşğul olan şirkət rəhbərinin əməlləri ifşa edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərdən biri kimi tikinti, turizm və nəqliyyat sahələrində uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi, o cümlədən nəqliyyat sahəsində aparılan islahatlar nəticəsində respublikanın avtomobil və dəmir yolları infrastrukturunu müasir standartlara uyğun şəkildə yenidən qurulması qeyd edilən sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla belə bəzi hüquqi və fiziki şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına və biznes mühitinin yaxşılaşdırılmasına, tikinti və turizm sektorunun sağlamlaşdırılmasına göstərilən dövlət dəstəyindən sui-istifadə halları müşahidə olunur ki, onlara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Belə ki, "Evrokord 2” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı Cəmiyyətin direktoru Nəsimi Güləliyevin qulluq mövqeyindən istifadə etməklə tanışları Mübariz Heydərov və Rafik Əhmədov ilə qabaqcadan əlbir olaraq, guya Xudat şəhərindən Qusar rayonundakı "Şahdağ” və Qəbələ rayonundakı "Tufandağ” turizm mərkəzlərinə yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihənin icrasının rəhbəri olduğu təşkilata həvalə edilməsi barədə ayrı-ayrı vətəndaşlara yalan məlumatlar verərək bununla əlaqədar təcrübəli kadrlara ehtiyacı olduğunu bildirib, işə qəbulla bağlı Cəmiyyətin maddi-texniki bazasının formalaşdırılmasına dəstək adı altında onlardan müxtəlif məbləğlərdə pulları dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı N.Güləliyevin dövlət orqanlarında rəhbər vəzifədə işləyən tanışları olduğunu yalandan bildirərək məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli yaşayış binalarından mənzil verilməsi, dövlət orqanlarına rüşvət müqabilində işə qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd verib 37 min manat pulu aldatma yolu ilə ələ keçirməsinə, habelə başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Cinayət işi üzrə N.Güləliyev Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (dələduzluq təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4-cü, 312.2-ci (rüşvət verməyə təhrik etmə), M.Heydərov və R.Əhmədov isə həmin Məcəllənin 178.2.1-ci, 178.2.4-cü və 32.5-ci, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə köməklik göstərmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin əməllərinin dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat vermələrini xahiş edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video