Alternative content

16:02 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Yaşıl turizm” kənd əhalisi üçün həm də ikinci gəlir mənbəyidir
“Yaşıl turizm” kənd əhalisi üçün həm də ikinci gəlir mənbəyidir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:09 02.09.2018

 

Ölkəmizdə turizm mövsümü davam edir. Bununla əlaqədar olaraq Azərbaycanın qərb bölgəsinə üz tutan turistlərin sayı xeyli artıb. İndi onlar bölgənin görməli və tarixi yerləri ilə yanaşı, Azərbaycanın mirvarisi sayılan Göygölə də getmək imkanı əldə ediblər. Göllər tacı Göygöl Milli Parkının turistlər üçün yenidən açıq olması bu yerlərə marağı daha da artırıb. Məhz bunun nəticəsidir ki, son illər Göygöl rayonuna gələn turistlərin sayında artım müşahidə edilir.

 

Göygöl rayonu turizmin inkişafı üçün əlverişli şəraitə malikdir

 

Göygöl rayonu Azərbaycanın qərbində dağlıq və dağətəyi zonada yerləşir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Bənzərsiz təbiəti olmaqla, zəngin florası və faunası var. Rayon şimalda Gəncə və Samuxla, şərqdə Goranboyla, cənubda Kəlbəcərlə, cənub-qərbdə Daşkəsənlə, qərbdə isə Şəmkirlə həmsərhəddir. 27 inzibati ərazi dairəsinin tərkibində 1 şəhər, 5 qəsəbə və 39 kənd mövcuddur. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali əsasən heyvandarıq və əkinçiliklə məşğul olur. Məşhur Kəpəz dağı, Göygöl, Maralgöl, Zəligöl, Aynagöl və onlarca böyük və kiçik göllər rayon ərazisində yerləşir. Quşqara, Gəncə və Kürək çayları rayon ərazisindən keçir.
Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayonda XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarixi və memarlıq abidələri mövcuddur. Bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir. Bütün bu mənəvi və maddi zənginliklər isə yerli turistlərlə yanaşı, əcnəbi qonaqları da özünə cəlb edir. Ən çox da "yaşıl turizm”, yəni, kənd turizmi sürətlə inkişaf etməyə başlamışdır. İstirahətin bu növünün insanlar üçün ucuz başa gəlməsi ilə yanaşı, həm də turistlərə daha çox rahatlıq gətirir.
Göygöl şəhərinə daxil olanda ilk dəfə diqqəti çəkən nizamla düzülmüş evlər olur. Qırmızı kərpiçdən tikilmiş və çox da hündür olmayan bu evlərin küçəyə baxan hissəsi əsasən taxtadandır. Son illər əsaslı şəkildə təmir edilərək əvvəlki görkəminə salınan bu evlər vaxtilə burada yaşayan almanlar tərəfindən inşa edilib. Şəhərin əsaslı şəkildə yenidən qurulan, təmir və bərpa edilən küçə və prospektlərini gəzdikcə, yeni tikintilərlə tanış olduqca, milli arxitektura elementlərini seyr etdikcə, park və xiyabanları dolaşdıqca bu füsunkar diyarın niyə turistlərin maraq dairəsində olduğunun səbəbini başa düşürsən.

 

Azərbaycanda turizmin inkişafı dövlət siyasətinin tərkib hissəsidir

 

Son illər Azərbaycanda turizm infrastrukturunun yenilənməsi nəinki yerli, eləcə də xarici turistlərin də ölkəmizə marağını xeyli artırmışdır. Ölkə rəhbərinin turizm sektorunun inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, artıq bu sahədə uğurlu göstəricilərə nail olunmuş, iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmişdir. Belə ki, bununla bağlı qəbul olunmuş dövlət proqramları ölkəmizdə turizmin inkişafını sürətləndirmiş, onun yüksək tələblər səviyyəsində qurulmasına imkanlar yaratmışdır.
Ölkəmiz müstəqillik qazandıqdan sonra iqtisadiyyatın digər sahələri kimi turizmin inkişafı da ön plana çəkilmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilərək dünya standartlarına yaxınlaşdırılan bu gəlirli sahənin inkişaf etdirilməsi istiqamətində çoxlu sayda layihələr həyata keçirilmişdir. Bununla da qısa müddət ərzində daxili və xarici sərmayələrin cəlb edilməsinə, təqdim olunan xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara yaxınlaşdırılmasına və beləliklə də dünya turizm bazarında rəqabət qabiliyyətinin artırılmasına nail olunmuşdur.
Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanda iqtisadiyyat, idman, mədəniyyət, incəsənət və digər sahələrdə qazanılan yüksək nailiyyətlər turizmin inkişafında da özünü göstərməyə başlamışdır. Artıq ən mötəbər beynəlxalq tədbirlərə ev-sahibliyi edən Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizm, xüsusilə kənd turizmi sürətlə inkişaf etməyə başlamışdır. İndi istər yerli, istərsə də xarici turistlərin kənd evlərində yaşayıb istirahət etmək həvəsi daha da artmışdır. Bunun da əsas səbəbi kənd həyatını yaşamaqla bir müddət səsli-küylü şəhərdən uzaqlaşmaq istəyidir. Sadə kənd evlərində yaşayıb istirahət edən bu insanlar kənd həyatından zövq almaqla yanaşı, həm də buna təbii müalicə üsulu kimi də baxırlar.

 

Göygöl Milli Parkı açılandan bu bölgəyə gələnlərin sayı artıb

 

Yay mövsümündə qonaqlı-qaralı olan Göygöl rayonunun yarıdan çox kəndi Göygöl Milli Parkına yaxın ərazidə yerləşir. Yeni Zod, Aşıqlı, Toğanalı, Topalhəsənli, Üçbulaq, Çaykənd, Mixaylovka, Şəhriyar və sair kəndlərdə yay istirahətini keçirənlər çox asanlıqla milli parkın ərazisində yerləşən Göygölə səyahət edə bilirlər. Sevindirici haldır ki, keçən il bu kəndlərə 81 min nəfərdən çox turistin gəlməsi qeydə alınmışdır. Onun da 5 min nəfəri əcnəbilər olmuşdur.
Rayonda ən çox turist qəbul edən Aşıqlı kəndidir. Kəndin 2340 nəfər əhalisi var, rayon mərkəzindən cəmi 5 kilometr məsafədə yerləşir və hər cür infrastrukturla təmin edilib. Asfalt yol, su, qaz, elektriklə təminat yüksək səviyyədədir. Ərazisində "ADA”, "Gilavar”, "Kəpəz” və sair istirahət mərkəzləri fəaliyyət göstərir.
Aşıqlı kəndində 400-dən artıq ev var. Hacıkənd və Göygölə gedən yolun üstündə olduğundan turistlər burada qalmağa daha çox üstünlük verirlər. Ona görə də kənd sakinləri hər il mövsümqabağı evlərini təmir etdirir, turistlərin rahatlığı üçün hər bir şərait yaradırlar. Onlar ikinci gəlir yeri kimi kənd turizminin inkişafı üçün bütün imkanlardan istifadə edirlər. Turistlər üçün ən vacib hesab edilən qiymət məsələsi də diqqət mərkəzində saxlanılır. Belə ki, turistlərin rahat istirahəti üçün yüksək şərait yaradılmış evlərin bir günü 20-30 manat civarında dəyişir. Keçən il kənddə 2000 nəfərdən artıq turist istirahət etmişdir. Bu il havaların həddindən artıq isti keçməsi turistlərin sayında xeyli artım müşahidə edilib.
Aşıqlı kəndinin sakini İkram Məmmədov deyir ki, turistlərin qəbulu üçün evində hər cür şərait yaradıb. 4 otaq tikdirib. Hər il 60-70 nəfər ailəvi turist qəbul edir.
Kənd sakini Lamiyyə Əliyeva da hər il turistlərdən xeyli miqdarda gəlir əldə edir. Həyətində eyni vaxtda 10 nəfərədək turist qəbul etməyə şəraiti var. Burada yaradılan səliqə və sahmanın yüksək səviyyədə olduğundan yay mövsümündə ev boş qalmır.
Aşıqlı kənd nümayəndəliyinə daxil olan Köşkü və Üçbulaq kəndləri də turistləri özünə cəlb edir. Üçbulaq kəndində müalicəvi əhəmiyyəti olan "Nurud” suyu çıxır.
Yaşıl meşələr qoynunda yerləşən Üçbulaq kəndində istirahət edənlərin sayı da ildən-ilə artır. Onlar maraqlı gəzintilərdə iştirak edir, tarixi abidələrlə yaxından tanış olurlar. Kənd sakinləri turistlərin istəklərinə uyğun olaraq onlara təbii süd məhsulları, kənd çolpaları təklif edirlər ki, bu da dincələn hər ailə tərəfindən razılıqla qarşılanır. Hətta turistlər yerləşdikləri evlərin həyətlərindəki meyvələrdən də bəhrələnirlər. Yerli və xarici turistlərin maraq göstərdikləri Üçbulaq kəndini Göygöllə cəmi bir dağ ayırır. Sıx meşələrin arası ilə asfalt yolla cəmi 20 dəqiqəyə göllər tacı Göygölə, eləcə də onun ətrafındakı digər göllərə getmək olar.
Göygölə ən yaxın kənd isə Toğanalıdır. Buradan cəmi 5 dəqiqəyə Göygölə çatmaq olar. Odur ki, hər il rayona gələn turistlər bu kəndə daha çox maraq göstərirlər. Dağlardan axıb gələn çay kəndi iki yerə bölür. Çayın gur səsi insanlara rahatlıq, ürəklərə isə sərinlik gətirir. Son illər burada infrastruktur tamamilə yenilənib. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə 8 kilometr məsafədən içməli su xətti çəkilib. Burada tibb məntəqəsi, poctamt, kitabxana fəaliyyət göstərir. Kəndə yaxın ərazidə "Cənnət məkan”, "Ağrı dağı”, "Gəncəbasar” və sair istirahət mərkəzləri fəaliyyət göstərsələr də, yerli və xarici turistlər ən çox kənd turizminə üstünlük verirlər. Əvvəla, onlar bunu ona görə istəyirlər ki, evlərdə qalmaq çox ucuz başa gəlir, digər tərəfdən təbii şəraitdə istirahət edirlər.
Toğanalı kəndi hər il 100 nəfərə yaxın xarici turist qəbul edir. Gələnlərin əksəriyyətini almanlar təşkil edir. Onların daha çox maraq göstərmələri vaxtilə ata-babalarının burada yaşamasıdır. Turistlər kənddə istirahət edə-edə soyköklərinin irsini öyrənir, onların keçirdikləri həyat tərzi ilə yaxından tanış olurlar. Bunun üçün isə rayonda bütün imkanlar yaradılıb. Rayon rəhbərliyinin təşəbbüsü ilə vaxtilə salınmış evlər, eləcə də XIX əsr Lüteran kilsəsi əsaslı şəkildə təmir edilmiş, rayonda yaşayan sonuncu alman Viktor Klaynın ev-muzeyi yaradılmışdır. Azərbaycanda alman irsinə göstərilən bu qayğıya görə, onlar daim minnətdarlıq edirlər. Almaniyalı turist Ayki Potram deyir ki, Göygöl rayonuna səfəri onda xoş təəssürat oyatdı. Vaxtilə babalarının yaşayışı, məşğuliyyəti barədə geniş məlumat aldı. Buraların təbiəti də onda xoş ovqat yaradıb.
Bu il Göygölə gedən yolun yenidən qurulması turistlərin artımında əsas rol oynamışdır. Belə ki, qısa vaxt ərzində dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsaitlə Göygöl rayon mərkəzindən Göygölədək olan yol genişləndirilərək dünya standartlarına uyğun yenidən qurulmuşdur. 7 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 38 kilometr olan yolda hazırda yenidənqurma işləri başa çatmaq üzrədir. İndi avtomaşınların sərbəst və təhlükəsiz hərəkəti demək olar, tamamilə təmin edilmişdir. Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yol boyu mövcud olan yöndəmsiz köşklər götürüldükdən sonra bir neçə yerdə müasir iaşə obyekti tikilmişdir.
Ümumiyyətlə, rayonda kənd turizmi üçün geniş potensial imkanlar var. Əvvəla, bu ərazilərdə turistlər üçün lazım olan bütün imkanlar - o cümlədən təmiz hava və təbii su ehtiyatı, yaşıllıq, cəlbedici təbiət mənzərələri, infrastruktur, xüsusilə abad yollar var ki, bu da gələn qonaqlara rahatlıq gətirir.
Kəndə istirahətə gələn turist kənd əhalisinin bütün təbəqələrinin sosial vəziyyətinə təsir edə bilir. Məsələn, əhalinin maddi rifahının yaxşılaşdırılması, kənd əhalisinin istehsal etdikləri məhsulların satışı, insanlar arasında ünsiyyət və yaxınlaşma, bölgənin adət-ənənələrinin və mətbəxinin, eləcə də məişətinin öyrənilməsi kimi məsələlər öz həllini tapır. Bu il rayona gələn xarici turistlər arasında Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, İran, Yaponiya, İsveçrə, eləcə də Rumıniyadan çoxluq təşkil etmişdir. Onlar istər rayonun tarixi yerlərinə, istərsə də Göygölə maraqlı ekskursiyalar etmiş, ümumilikdə, Azərbaycan haqqında ətraflı məlumat toplamışlar. Rusiya Federasiyasından Azərbaycana istirahətə gəlmiş və istirahətini rayonun Yeni Zod kəndində keçirmiş Nikolay Fyodorov deyir ki, ikinci dəfədir Azərbaycana gəlir: "Bu gəlişimi yay aylarına saldım. Burada ailəmlə birlikdə xoş günlər keçirdim. Doğrudan da Azərbaycan gözəl ölkədir. Göygöl isə Azərbaycanın dilbər guşəsidir. Təbiəti çox zəngindir. Ekskursiya zamanı bizə dedilər ki, Göygöl Milli Qoruğunda 80 növdən çox ağac var. Buraları görmək mənə böyük zövq verdi. Hətta Göygöl gölünə tamaşa etdikcə ürəyimdən bir hiss keçdi. Doğrudan da o, yatmış gözəli xatırladır”.
Türkiyəli Erkan Tuncay da Azərbaycanda dincəlməyindən məmnun qaldığını bildirdi. Dedi ki, buralar doğrudan da əsl cənnətməkandır. İnsan təbiəti seyr etdlkcə, meşələrin təmiz havasını udduqca və buz bulaqların suyundan içdikcə sanki on il cavanlaşır. Mən gələn il də burada dincəlməyi qərara almışam.
Gördüklərimiz bir daha təsdiqlədi ki, kənd turizminin inkişafı hər bir bölgəyə, onun sakinlərinə xeyli gəlir gətirir. İnsanlar ikinci gəlir yeri olan bu sahənin inkişafına daha çox maraq göstərirlər. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası, ölkə rəhbərinin bu istiqamətdə atdığı uğurlu addımlar kənd turizminin inkişafına müsbət təsir göstərir. Xüsusilə, kəndlərdə infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər istər yerli, istərsə də xarici turistlərin Azərbaycana marağını artırır. Turistlərin sayı artdıqca əhalinin gəlirləri ilə yanaşı, ölkəmizin nüfuzu da artır.

Sabir ƏLİYEV,
"Azərbaycan”