Alternative content

22:27 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmizin tranzit və logistik imkanları artır
Ölkəmizin tranzit və logistik imkanları artır FOTO
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:09 02.09.2018

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz əlverişli coğrafi mövqeyindən səmərəli istifadə edərək tranzit ölkəsinə çevrilmək üçün uğurlu layihələrin icrasına başladı. Bu layihələri həyata keçirmək üçün ilk növbədə, siyasi qərarlar qəbul edilməli idi. Məsələn, Azərbaycan TRASEKA layihəsinin təşəbbüskarı olduğu kimi, onun icrasında da mühüm rol oynadı. Dövlətimizin bu istiqamətdə apardığı siyasət öz müsbət nəticəsini verdi. Beləliklə, Transxəzər magistral xəttinin istifadəyə verilməsi ölkəmizdən yüklərin daşınmasına müsbət təsir göstərdi.

Eyni zamanda, Azərbaycan Xəzər dənizində ən böyük mülki donanmaya malikdir. Bu, ölkəmizə Xəzər dənizi üzərindən yüklərin daşınmasında önəmli rol oynamağa imkan yaradır. Digər tərəfdən, Xəzər sahilində Ələt Beynəlxalq Ticarət Limanının tikintisi ölkəmizin tranzit və logistik imkanlarını genişləndirir.
Şimal-Cənub nəqliyyat marşrutu da Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Bu dəhlizin fəaliyyətə başlaması Asiyadan Avropanın şimalınadək geniş bir ərazidə yükdaşımaların həcmini artırır. Hazırda bu marşrut üzrə dəmir yolu xəttində yenidənqurma işləri həyata keçirilir. Nəticədə qatarların sürət həddi artacaq, daha çox yük daşınmasına imkan yaranacaq.
Avqustun 12-də Aktauda Xəzər dənizinin hüquqi statusunu müəyyən edən konvensiyanın bağlanması da ölkəmizin tranzit imkanlarını genişləndirəcək. Belə ki, Xəzərin hüquqi statusunun qeyri-müəyyənliyi buradan yük göndərən ölkələri ehtiyatlı olmağa sövq edirdi. Yəni, qeyri-müəyyənlik bu marşrutdan səmərəli istifadə edilməsinə müəyyən əngəl törədirdi. Artıq bu problem də aradan qalxdı. Çindən Avropaya və əks istiqamətdə daşınan yüklərin 10 faizi Azərbaycan üzərindən nəql olunarsa, bu, ölkəmizə iqtisadi səmərə verməklə yanaşı, regionda və dünyada siyasi çəkimizi də artıracaq.
Prezident İlham Əliyevin 6 avqust 2018-ci il tarixli "Yeni Bakı Beynəlxalq Ticarət Limanının və liman ərazisində sərnişin terminalının tikintisi haqqında” imzaladığı sərəncam ölkəmizin tranzit və logistik imkanlarını daha da genişləndirəcək. Sənəddə qeyd edilir ki, Azərbaycanın regionun mühüm nəqliyyat və logistik mərkəzinə çevrilməsi siyasətinin reallaşması istiqamətində qarşıya qoyulmuş hədəflərdən biri də Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən, 2018-ci il mayın 24-də açılışı olmuş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksidir. Kompleks ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm yer tutmaqla, idxal, ixrac və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyasını yerinə yetirərək Xəzər dənizi üzərindən effektiv, sürətli və təhlükəsiz keçidi təmin edir. Bu məqsədlə dövlət başçısı tərəfindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tranzit imkanlarının genişləndirilməsi üçün dövlət büdcəsindən 10,2 milyon (10 milyon 200 min manat) vəsait ayrılıb. Ayrılan vəsait limanda nəzərdə tutulan işlərin sürətlə həyata keçirilməsində və tranzit yüklərin, xüsusilə idxal-ixrac əməliyyatlarının operativliyinin təmin edilməsində mühüm rol oynayacaq.
Prezident İlham Əliyev avqustun 13-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilən Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, burada inşaat işlərinə ötən ilin aprel ayından başlanılıb. Tarixi İpək yolunun üzərində yerləşən mərkəzin sutkalıq yükdaşıma qabiliyyəti 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Mərkəz vasitəsilə ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı nəzərdə tutulub.
Müəssisə ilkin mərhələdə dəmir yolu və avtomobil yollarının qarşılıqlı əlaqələrini təmin edərək logistika xidməti göstərəcək. İkinci mərhələnin icrası üçün ayrılan əlavə 35 hektarda layihə işləri hazırlanıb. Bu mərhələ yekunlaşdıqdan sonra ölkəmizin coğrafi logistik imkanları genişlənməklə yanaşı, daha çox mənfəət əldə etməsinə imkan yaranacaq.
Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və s. xidmətlər göstərəcək. Mərkəzdə yük maşınları üçün 200 yerlik park yaradılıb, dəmir yolu körpüsü və avtomobil yolları inşa edilib.
Bu müəssisə regionumuzda ən iri logistik mərkəzdir. İllik yükdaşıma qabiliyyəti 3,5 milyon ton olan terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması həyata keçiriləcək. Mərkəzin tikilməsində əsas məqsəd müştərilərə müasir standartlara cavab verən xidmət göstərilməsidir. Bunun üçün bütün xidmətlər "vahid pəncərə” sistemi qaydası ilə həyata keçiriləcək.
Logistik mərkəzin yerləşdiyi ərazi də məqsədəuyğun seçilib. Belə ki, bu müəssisənin "Meyvəli” MMC-yə, Bakı Baş Gömrük İdarəsinə, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, "Sədərək” və "Binə” ticarət mərkəzlərinin yaxınlığında yerləşməsi onun iqtisadi əhəmiyyətini daha da artırır. Həmçinin Bakıya gələn 2 milyon ton yük şəhərdən kənarda yerləşən Abşeron Logistika Mərkəzinə yönəldiləcək. Bu da iritonnajlı yük maşınlarının şəhərə gəlişinin qarşısını alacaq, tıxacların sayını xeyli azaldacaq. Eyni zamanda, şəhərin ekologiyasına mənfi təsirin qarşısı alınacaq.
Yeni tranzit infrastrukturu olan Abşeron Logistika Mərkəzi Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəlidir. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə fəaliyətə başladıqdan sonra bu mərkəz xarici ölkələrlə idxal-ixrac əməliyyatlarının və Azərbaycan ərazisindən multimodal yükdaşımalarının çevik həyata keçirilməsinə imkan yaradacaq. Mərkəzin Asiya ilə Avropanın, Şimalla-Cənubun qovuşuğunda yerləşməsi ölkəmizin tranzit əhəmiyyətini daha da artıracaq.

Rüstəm KAMAL,
"Azərbaycan”