Dünən Almaniyanın Bavariya regionunda Foburq şəhərindəki "Bayernoil” neft emalı zavodunda güclü partlayış və yanğın baş vermişdir. Nəticədə 8 nəfər xəsarət almış, Foburq və yaxınlıqdakı İrşinq şəhərlərinin sakinləri güclü hisləndirməyə görə evlərini tərk etmək məcburiyyətində qalmışdır. Yerli KİV-in xəbərinə görə, 4 minə yaxın adam təxliyə edilmişdir.
Bavariya polisinin verdiyi məlumata görə, hadisə yerində 300-ə yaxın xilasedici işləyir. Yaralılardan 3-nün vəziyyəti ağırdır. Bu barədə DPA agentliyi xəbər verir.
Məlumata görə, zavodun ərazisində partlayış dünən səhər baş vermişdir. Bundan sonra ərazidəki qaz elektrik stansiyasının maye qaz və benzin anqarında yanğın başlamışdır. Partlayışın səbəbi hələ ki, məlum deyil.