01 Sentyabr 2018 12:09
1678
SİYASƏT
A- A+

Xeyirxahlıq, mərhəmət və nəcib əməllər

 

Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan proqram və layihələr sosial siyasətə böyük töhfələr verir

 

Respublikamızın iqtisadi tərəqqisi, dünya birliyində öz layiqli yerini tutması, müstəqilliyimizin və dövlətçiliyimizin daha da qüdrətlənməsi üçün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və müasir dövrdə Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi siyasi xəttin tam düzgünlüyü bütün sahələrdə real təsdiqini tapıb.
Ona görə belə bir fakt hamı tərəfindən qəbul olunur ki, bu siyasətin davam etdirilməsi Azərbaycanın bugünkü və gələcək inkişafının yeganə etibarlı təminatıdır.
14 il öncə yaranan Heydər Əliyev Fondu da ulu öndərin ideyalarından çıxış edərək fəaliyyəti ilə ölkədə həyata keçirilən siyasi kursun daha böyük uğur qazanmasına layiqli töhfələr verir. İctimai təşkilat olan Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan qurumdur. Bacarıqlı təşkilatçılığı, üzərinə götürdüyü vəzifəyə sadiqliyi, iradəsi, ardıcıl və qətiyyətli fəaliyyəti nəticəsində fond həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanıb. Fondun geniş spektri əhatə edən fəaliyyəti, həyata keçirdiyi çoxşaxəli layihələr hər bir azərbaycanlıya yaxşı məlumdur. Fondun əsas məqsədi Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş layihələrin həyata keçirilməsinə yardımçı olmaq, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqramları gerçəkləşdirmək, milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirmək və xeyriyyəçilikdir. Hər addımı ilə ölkəmizin inkişafına böyük töhfələr verən Heydər Əliyev Fondunun fəaliyyəti, eyni zamanda, bəşəriyyətin həmrəyliyi üçün sivilizasiyalararası dialoqa yönəlib.
Azərbaycanı dünyaya daha yaxından tanıdan, hər zaman köməyə, yardıma ehtiyacı olanların yanında yer alan Heydər Əliyev Fondunun uğurlarının əsasında dayanan əsas amil ona rəhbərlik edən ölkəmizin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkarlığı və təşəbbüskarlığıdır. Eyni zamanda, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyeva sülhə və əmin-amanlığa töhfələr verməyi, insanlara qayğı və təmənnasız xidmət amalını, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğini, milli genefondumuzun qorunmasını və cəmiyyətin diqqətini bu istiqamətlərə cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir.
Heydər Əliyev Fondunun fəaliyyətində sosial layihələr, əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə kömək göstərilməsi, səhiyyə müəssisələrinin yaradılması, məktəblərin, bağçaların, uşaq evlərinin tikintisi xüsusilə diqqəti çəkir. Heydər Əliyev Fondu Azərbaycanla yanaşı, xaricdə də xeyirxahlıq məbədi kimi tanınır və sevilir.
Bu gün on minlərlə Azərbaycan məktəblisi, xüsusən ucqar kənd yerlərində yaşayan uşaqlar beynəlxalq standartlara uyğun tikilmiş, qışda qızdırılan istilik sistemləri və kompüterlər də daxil olmaqla bütün zəruri avadanlıqlarla təmin edilən yeni məktəblərdə parta arxasında əyləşmək imkanına görə Heydər Əliyev Fonduna və onun prezidentinə minnətdardırlar. Mehriban xanım Əliyevanın müəllifi olduğu "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurlu icrası nəticəsində isə Heydər Əliyev Fondu Azərbaycanda təhsilin inkişafında inqilabi dəyişikliklərə imza atıb. Proqram çərçivəsində ölkənin müxtəlif bölgələrində 400-dən çox məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur.
"Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə onlarca uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Hər il "Təhsilə dəstək” layihəsi çərçivəsində fond Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir.
2014-cü ildə isə Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının təqdimatı olub. Təbii ki, icra edilən digər layihələr kimi, bu layihə də uğurlu olacaq, ölkəmizdə sosial problemlərin həllinə öz köməyini göstərəcək. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda təbii fəlakət nəticəsində dağılan qızlar məktəbinin yenidən tikilməsi isə iki ölkə arasındakı strateji tərəfdaşlığa, ümumən müsəlman həmrəyliyinə Heydər Əliyev Fondunun böyük töhfəsi idi.
Təkcə bu il ərzində Mərdəkan qəsəbəsində yerləşən "İnci” körpələr evi-uşaq bağçası, Nərimanov rayonunda 80 saylı körpələr evi-uşaq bağçası, Maştağa qəsəbəsində 9 saylı sanator tipli körpələr evi-uşaq bağçası və Bayıl yaşayış sahəsində 157 nömrəli uşaq bağçası Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində yenidən qurulduqdan sonra istifadəyə verilib.
Ölkəmizin hər tərəfində geniş vüsət alan xəstəxana tikintisində, diaqnostika və müalicə mərkəzlərinin, talassemiya və digər müxtəlif xəstəliklərdən müalicə olunan uşaqlar üçün xüsusi tibb müəssisələrinin yaradılmasında, uşaq evlərinin, internat məktəblərinin, uşaq bağçalarının yenidən qurulmasında biz Mehriban xanım Əliyevanın əzmkarlığını, Prezident İlham Əliyevin sosial siyasətinə dəstəyini görürük. "Diabetli uşaqlara ən yüksək qayğı”, "Tibb müəssisələrinin yenidən qurulması və inşası”, "Talassemiyasız həyat naminə” kimi proqram və layihələr ölkəmizdə həyata keçirilən sosial siyasətin daha dolğun məzmun kəsb etməsində özünü göstərir.
Göründüyü kimi, Mehriban xanım Əliyevanın fəaliyyətində sosial məsələlər, həssas vətəndaş qruplarına, sosial qayğıya daha çox ehtiyacı olanlara, uşaqlara kömək göstərilməsi prioritet təşkil edib. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunduğu ilk günlərdən məlum oldu ki, xeyirxahlıq və daha çox sosial qayğıya ehtiyacı olan vətəndaşlara yüksək diqqət onun fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edəcək. Bu mənada Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi öz vəzifəsinin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsindən başlaması onun əsl vətəndaşlıq mövqeyindən, xüsusən sosial məsələlərə olan həssas münasibətindən xəbər verirdi.
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı müşavirənin keçirilməsi və qarşıya qoyulan vəzifələr onu göstərdi ki, əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarının, o cümlədən məcburi köçkünlərin sosial məsələlərinin yoluna qoyulması Birinci vitse-prezidentin xüsusi diqqətində olacaq. Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin nümayəndələri ilə görüşü isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq Mehriban Əliyevanın respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinin əyani göstəricisidir. Bununla bağlı keçirilən layihə çərçivəsində döyüşlərdə xəsarət almış əsgər və zabitlərimiz dünyanın müasir protez istehsalçıları olan Almaniyanın "Ottobock”, İslandiyanın "Ossur”, İngiltərənin "RSL Steeper” və ABŞ-ın "Fillauer” şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunublar.
Hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət əsl nümunədir.
Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident İlham Əliyevin silahdaşı kimi yenə də dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın daha da çiçəklənməsinə öz töhfələrini verəcəyi, xüsusən sosial qayğıya ehtiyacı olan insanların yanında olacağı aydın idi. Və elə ilk günlərdən bu qənaət özünü uğurla doğrultmağa başladı. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və qayəsində xeyirxahlıq, xeyriyyəçilik və savab əməllər dayanan proqram və layihələr bütün ölkə ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanır. Bütün bunlar həm də Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin daha böyük uğur qazanmasına mühüm və layiqli töhfələr verir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video