Alternative content

01:43 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət başçısının bölgələrə səfərləri yeni sosial-iqtisadi obyektlərin tikintisini sürətləndirir
Dövlət başçısının bölgələrə səfərləri yeni sosial-iqtisadi obyektlərin tikintisini sürətləndirir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:09 01.09.2018

 

Həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Bu məqsədlə regionların sosial-iqtisadi inkişafını hədəf götürən üç dövlət proqramı qəbul olunub. İki dövlət proqramı uğurla icra edilib, üçüncü proqram üzrə qarşıya qoyulan məsələlər isə yerinə yetirilməkdədir.

Dövlət tərəfindən həyata keçirilən siyasət sayəsində son 15 ildə regionların sosial-iqtisadi inişafında mühüm irəliləyişlərə nail olunub. Bu müddət ərzində bölgələrdə aqrar sektora, qeyri-neft sənayesinə, turizmə və digər sahələrə aid minlərlə kiçik, orta və iri müəssisələr tikilib. Bununla yanaşı, bölgələrdə sosial infrastrukturun inkişafı sahəsində mühüm işlər görülüb. Bölgələri əhatə edən magistral və kənd yolları müasir standartlara uyğunlaşdırılıb, yeni məktəblər, xəstəxanalar, mədəniyyət və idman obyektləri tikilib, qaz, elektrik və su xətləri çəkilib. Bütün bunlar bölgələrin simasının kökündən dəyişməsinə səbəb olub.
Dövlət başçısı bölgələrin sosial-iqtisadi inkişafına xüsusi əhəmiyyət verir. Bu məqsədlə regionlara tez-tez səfərlərə çıxmaqla yeni müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak edir, hər rayonda mövcud problemin yerində həlli üçün sərəncamlar verir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 25-26-da İsmayıllı və Şamaxı rayonlarına səfərləri də bu baxımdan yaddaqalan oldu. Dövlət başçısı və Birinci vitse-prezident səfər çərçivəsində Şamaxının Meysəri kəndindəki "Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak etdilər.
Şamaxı ötən əsrin 70-80-ci illərində Azərbaycanın ən böyük üzümçülük rayonlarından biri idi. SSRİ-nin dağılmasından sonra digər sahələrdə olduğu kimi, üzümçülükdə də tənəzzül yaranmağa başladı. Üzüm bağları məhv edildi və şərab emalı zavodları fəaliyyətini dayandırdı. "Şirvan şərabları” MMC-nin fəaliyyəti Şamaxının bu sahədəki keçmiş şöhrətini özünə qaytarır. Müəssisənin 310 hektar sahəsi var. Şərabçılıq zavodu Fransanın "Prera” şirkətinin avadanlıqları ilə təchiz olunub. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır.
Prezident İlham Əliyev səfər zamanı həmçinin İsmayıllı rayonunun Keyvəndi kəndinin ərazisində istifadəyə verilən "AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin açılışında da iştirak edib. Xatırladaq ki, ölkədə ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə heyvandarlıq kompleksləri yaradılır. Dövlət ölkənin ət və süd məhsullarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədilə istehsalçılara hərtərəfli kömək göstərir. Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 264,1 milyon manat olan 49,1 min başlıq 27 müasir cins heyvandarlıq kompleksinin yaradılmasına 111,7 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, İqtisadiyyat Nazirliyi tərəfindən 9 heyvandarlıq kompleksinin yaradılmasına ümumi dəyəri 68,4 milyon manat olan investisiya təşviqi sənədi verilib ki, nəticədə qənaət olunmuş 746 min manat vəsait sahibkarlar tərəfindən həmin layihələrin icrasına yönəldilib. "AZZA AGRO” MMC-nin fəaliyyətə başlamasında dövlətin ayırdığı güzəştli kreditlərin mühüm rolu var.
Aqrar sektorun inkişafında müxtəlif növ sahibkarlıq fəaliyyətindən istifadə edilir. Yəni, kənd təsərrüfatında kiçik, orta və iri fermer təsərrüfatları ilə yanaşı, müasir dövrün tələblərinə cavab verən aqroparklar da yaradılır. Aqroparklar müasir texnika və texnologiyalardan, eləcə də elmin son nailiyyətlərindən istifadə etməklə yüksək məhsuldarlığa nail olurlar. Buna görə də son dövrlər ölkəmizdə aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılır. İsmayıllı rayonundakı "Buta Qrup” MMC tərəfindən yaradılan aqropark hazırda üç istiqamətdə fəaliyyət göstərir. Burada cari ildə 120 hektarda buğda, 120 hektarda kartof və 96 hektarda qarğıdalı əkilib. Bu məhsulların hər üçü ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Bir sözlə, aqroparklar yaradılarkən məhsulla yerli bazarın təminatı ilə yanaşı, ixrac da nəzərə alınır. Məqsəd həm ölkənin daxili tələbatını ödəmək, həm də xarici bazara məhsul çıxarmaqla daha çox valyuta əldə etməkdir.
Azərbaycanda qədim dövrlərdən xalça sənətinə böyük maraq göstərilib. Ölkəmizdə toxunan xalçalar rəng seçimi, ilmələri, naxışları ilə digərlərindən müsbət mənada fərqlənir. Bunun nəticəsidir ki, Azərbaycan xalçası bu gün dünyanın tanınmış muzeylərinin qiymətli eksponatlarındandır. Son dövrlər Prezident İlham Əliyevin tapşırığı ilə bu sahənin inkişafına yenidən start verilib. Hazırda "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bir çox rayonlarda filialları var. Səfər zamanı dövlət başçısı "Azərxalça”nın İsmayıllı filialının açılışında da iştirak edib. Burada 43 dəzgahda müxtəlif ölçülü Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ağdaş, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Ucar, Zərdab, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarında toxunan orijinal Şirvan xalça çeşnilərinə üstünlük veriləcək.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasətin istiqamətlərindən biri də sosial infrastruktur layihələrin icrasıdır. Prezident İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində 1200 nəfərin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan və Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girik avtomobil yollarının yenidənqurma və bərpasından sonrakı açılışında iştirak edib. Hər iki yolun istifadəyə verilməsi yerli camaatın gediş-gəlişinin rahatlığını təmin etməklə yanaşı, kənd sakinlərinə istehsal etdikləri məhsulu bazara çıxarmalarına imkan yaradır. Yolların rahatlığı bu yerlərə turistlərin gediş-gəlişini də asanlaşdırır.
Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən obyektlərin tikintisində mühüm rolu var. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 132 şagirdlik Şamaxı rayonu Meysəri kənd orta məktəbinin açılışında da iştirak ediblər. Fondun təhsil sahəsində gördüyü işlər sırasında müxtəlif bölgələrdə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı mühüm əhəmiyyət daşıyır. 2003-cü ildən bu günədək 3 mindən çox məktəb tikilib. Bu işlərdə Heydər Əliyev Fondunun müstəsna rolu var.
İsmayıllı rayonunun Lahıc qəsəbəsi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Qəsəbə nadir arxitekturası ilə də diqqəti cəlb edir. Bu gün Lahıc Tarix-Mədəniyyət Qoruğunda 90-dan çox tarixi abidə, o cümlədən 5 məscid, 3 hamam, 60-dan artıq yaşayış evi, həmçinin körpü və su dəyirmanı, qəbirüstü daşlar, bir neçə sənətkarlıq emalatxanası və ictimai binalar qorunur. Lahıc həm də sənətkarlar diyarıdır. Burada 100-dən çox sənət növü və peşələr yaşadılaraq inkişaf etdirilir.
Lahıc öz unikallığı ilə turistlərin diqqətini daha çox cəlb edən məkandır. Ona görə də ölkəmizə gələn minlərlə turist bu qəsəbəni ziyarət edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəsəbədə yeni inşa olunan 400 şagirdlik orta məktəbin açılışında iştirak ediblər. Müxtəlif fənn kabinetlərinin və laboratoriyanın yaradıldığı məktəbdə bütün sinif otaqları əyani vasitələrlə təchiz olunub. Məktəbdə şagirdlərin ixtiyarına idman və 175 yerlik akt zalı verilməklə bərabər, mərkəzləşdirilmiş istilik sistemi də var. Qəsəbə sakinləri üçün ən böyük hədiyyə isə təbii qazın verilməsi oldu. Belə ki, Lahıc qəsəbəsi dağlar qoynunda yerləşir, qışı sərt və soyuq olur. Buna görə də qəsəbənin mavi qaza daha çox ehtiyacı var. Artıq lahıclılar qışda evlərində istilik yaratmaq çətinliyindən birdəfəlik azad oldular.
Prezident İlham Əliyev bölgələrə səfər edərkən hər bir rayonda mövcud problemləri öyrənərək onun həlli üçün sərəncamlar imzalayır. Dövlət başçısı Şamaxı və İsmayıllı rayonlarına səfərindən sonra ənənəyə sadiq qalaraq "Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında”, "Şamaxı rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında”, "Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğur-Keçməddin-Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında”, "İsmayıllı şəhərində yeni uşaq bağçasının tikintisi ilə bağlı tədbirlər haqqında”, "İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında”, "İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamları imzalayıb. Həmin sənədlərin imzalanması bu rayonların sosial-iqtisadi inkişafına təkan verməklə yanaşı, yeni iş yerlərinin açılmasına da imkan yaradacaq. Beləliklə, iqtisadi inkişafla yanaşı, sosial məsələlər də paralel şəkildə həll olunacaq.

Rüstəm KAMAL,
"Azərbaycan”