Alternative content

12:14 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avrasiyanın geostrateji mərkəzi, dialoq və əməkdaşlıq məkanı
Avrasiyanın geostrateji mərkəzi, dialoq və əməkdaşlıq məkanı
ANA SƏHİFƏ / SİYASƏT
12:09 01.09.2018

 

Son 8 ayda Bakıda keçirilən beynəlxalq forumlar, konfranslar, sərgilər Azərbaycanın etibarlı tərəfdaşlığa hər zaman açıq ölkə olduğunu təsdiqləyir

 

Əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olan Azərbaycan təkcə coğrafi deyil, həm də mədəniyyət körpüsü, dinlərarası münasibətlərin ideal göstəricilərinin olduğu Cənubi Qafqaz ölkəsidir.
Nəinki Cənubi Qafqazda, əminliklə demək olar ki, bütün Yaxın və Orta Şərqdə ölkəmiz islam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin olduğu mükəmməl nümunələrdən biridir.

 

Mühüm layihələr və zəngin təcrübə

 

Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərarası dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Ölkəmizdə keçirilən qlobal və mədəniyyətlərarası dialoq forumları, beynəlxalq konfrans və sərgilər bunun əyani sübutudur. Bütün bunlar Azərbaycanın beynəlxalq tədbirlər məkanı olduğunu təsdiqləyən faktlardır.
Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev məhz bu konfransların, forumların, beynəlxalq sərgilərin əhəmiyyətinə toxunaraq qeyd etdi ki, Azərbaycan dövləti nəinki ölkə daxilində millətlərarası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyir, hətta dünyaya nümunə göstərir. Bu il Bakıda üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının - Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilib. Bu tədbirdə də Azərbaycanda həyata keçirilən daxili və xarici siyasətə dəstək göstərilib. Gələn ildən Azərbaycan bu böyük mötəbər təşkilata sədrlik edəcək. 2019-cu ildə Azərbaycanda zirvə görüşü keçiriləcək. Bu isə bir daha ölkəmizə olan hörmətin təzahürüdür.

 

Daim sülh və sabitliyə dəstək verən ölkə

 

Öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında quran Azərbaycan dövləti heç vaxt bu sahədə qətiyyətli mövqeyindən çəkilmir.
Ölkəmizin dünyada sülh və sabitliyə dəstəyini ifadə edən mövqeyi Prezident İlham Əliyevin siyasi fəaliyyətində tam əksini tapır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir.
Bu ilin son 8 ayında Azərbaycanda keçirilən beynəlxalq toplantılara nəzər yetirsək görərik ki, həqiqətən də Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi dünyada həm də beynəlxalq toplantıların keçirildiyi məkan kimi tanıdıb.
Bu il ölkəmizdə fevral ayında “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirildi. Heydər Əliyev Mərkəzində baş tutan toplantıda Prezident İlham Əliyev, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət şurasının həmsədri Maroş Şefçoviç, həmçinin “Cənub qaz dəhlizi”nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri iştirak etdilər.
Toplantıda çıxış edən dövlət başçısı vurğuladı ki, 2015-ci ildə Azərbaycan “Cənub qaz dəhlizi” Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. Avropa Komissiyası bu təşəbbüsü dərhal dəstəkləyib və dördüncü toplantı Avropa Komissiyası ilə Azərbaycan tərəfindən təşkil olunub. Artıq dördüncü dəfədir ki, bu görüşlərin keçirildiyini söyləyən dövlət başçısı vurğuladı ki, bu əməkdaşlıq formatı səmərəli olduğunu və çox yaxşı nəticələrə yol açacağını sübut edib: “ “Cənub qaz dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik”.
Məşvərət şurasının həmsədri Maroş Şefçoviç isə dedi ki, Avropa İnvestisiya Bankı bu layihəyə maliyyə vəsaiti ayırıb və bu, Avropa İnvestisiya Bankının tarixində bir layihəyə ayrılmış ən böyük maliyyə dəstəyidir.
Dördüncü toplantının yekununda “Birgə Bəyannamə”, eləcə də “Albgaz” və “SOCAR Balkans”, həmçinin “Plinacro”, “BH Gas” və “Montenegro Bonus” şirkətləri arasında niyyət məktubları imzalandı.

 

VI Qlobal Bakı Forumu - 50-dən çox ölkədən 500-dən artıq nümayəndə

 

Mart ayında isə Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu keçirildi. Martın 15-17-də təşkil olunan forumda Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak etdilər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təhsilin və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edildi.
Üç gün davam edən bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dən artıq nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan 47 hazırkı və keçmiş dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılmışdılar.
Açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev bu forumun qlobal gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə kifayət qədər qısa müddət ərzində dünya platformalarından birinə çevrildiyini söylədi. Bildirdi ki, Azərbaycan artıq bir çox beynəlxalq tədbirlərə evsahibliyi edib. Onların arasında Bakı Beynəlxalq Humanitar Forumunu, mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu qeyd etmək olar. Daha sonra - 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bütün bu tədbirlər əməkdaşlığa xidmət edir, körpülər salır, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri, fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin edir.
İki gün davam edən VI Qlobal Bakı Forumunda dünyaya önəmli mesajlar çatdırıldı və hər zamankı kimi bu dəfə də Azərbaycanda mövcud olan yüksək qonaqpərvərlik dəyərləndirildi.
Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti də təşkil olundu. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçirilən sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzuları müzakirə olundu.

 

Qoşulmama Hərəkatı dünyada öz aktuallığını daha da artırır

 

Aprelin 5-6-da Bakı Konqres Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirildi.
Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak etdi. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək zirvə görüşünə evsahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən evsahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan bu hərəkata 2011-ci ildə tamhüquqlu üzv olub. Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə hərəkat yanında müşahidəçi statusuna malikdir.

 

Bəşəri dəyərlərin təbliği

 

Konfransda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, yarım əsrdən çoxdur Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Hərəkat beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir.
Azərbaycanın bu hərəkatın nisbətən yeni üzvü olduğunu vurğulayan dövlət başçısı dedi ki, ölkəmiz beynəlxalq hüququn və ədalətin pozulmasının şahidi olub və bunu öz üzərində hiss edib. İyirmi beş ildən artıqdır ki, ölkəmizin ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır və təəssüf ki, işğal bu günə qədər davam edir. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqun dünya səviyyəsində tanınmış mərkəzlərindəndir: “Biz multikulturalizm mərkəzlərindən biriyik. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Biz multikultural dəyərləri, dinlərarası sülh və əməkdaşlığı təbliğ edən çoxsaylı beynəlxalq tədbirlər təşkil etmişik. BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya Dini Liderlərinin Forumu, Bakıda mütəmadi qaydada təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumu və təşkil etdiyimiz digər beynəlxalq tədbirlər multikulturalizmə öz töhfəsini verir”.
Prezident Azərbaycanın 10 il əvvəl “Bakı Prosesi”nin təşəbbüskarı olduğunu da xatırlatdı. Bildirdi ki, Azərbaycanın təşəbbüsünə əsasən, İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin dövlət rəsmiləri Bakıya dəvət edilib. Azərbaycan hər iki təşkilata üzv olan nadir dövlətlərdəndir. Bu iki təşkilatın toplam olaraq yüzdən artıq üzvü var və məqsədimiz onları bir araya gətirərək mədəniyyətlərarası dialoq, etnik və dini zəmində gərginliyin azalması, dünyada ksenofobiya hallarının ciddi şəkildə müzakirə olunması, habelə qarşılıqlı anlaşma üçün platformanın yaradılması idi: “Bizim təşəbbüsümüz bundan ibarət idi və o, BMT tərəfindən dəstəkləndi. Artıq “Bakı Prosesi” özünün onilliyini qeyd edir. Bu, misilsiz beynəlxalq platformadır ki, müsəlman dünyasını və Avropa dövlətlərini birləşdirir, bütün ölkələr üçün açıqdır və məqsəd müxtəlif dövlətlər, müxtəlif dinlər və etnik qrupların nümayəndələri arasında daha yaxşı anlaşma yaratmaqdır”.

 

Öz tarixi ilə qürur duyan Azərbaycan

 

Dövlət başçısı daha bir maraqlı məqama toxundu. Azərbaycan Qoşulmama Hərəkatının yeganə üzvüdür ki, “Expo 2025”ə öz namizədliyini irəli sürüb. Bu addımın özü göstərir ki, ölkəmiz bu cür mühüm qlobal tədbiri keçirməyə qadirdir. Buna görə də Azərbaycan özünün tarixi ilə qürur duyur.
Müstəqilliyini cəmi 26 il öncə bərpa etmiş ölkə üçün həmin tədbir qazanılan nailiyyətləri, əldə edilə biləcək nəticələri nümayiş etdirmək fürsəti olardı: “Əgər siz heç bir tərəfdən asılı deyilsinizsə, siz bir çox nəticələri əldə edə bilərsiniz. Buna görə mən namizədliyimizə gəldikdə, üzv dövlətlərin dəstəyinə ümid edirəm və bu, həmrəylimizin növbəti təzahürü olacaqdır. Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də, müəyyən dərəcədə, oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik”.

 

20 ölkədən 277 şirkətin iştirak etdiyi “Bütün dünya - bir sərgi”

 

Aprelın 6-7-də Bakı Expo Mərkəzində “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran, supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri təşkil olundu.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak etdilər. “Bütün dünya - bir sərgi” şüarı altında keçirilən builki sərgidə 20 ölkəni təmsil edən 277 şirkət iştirak edirdi. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer almışdı. Ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola bildilər. Budəfəki sərgidə müxtəlif hava yolları və hotel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edildi.
XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi aparmaq baxımından mühüm əhəmiyyət daşıyırdı.

 

Həmrəyliyi, tərəfdaşlığı gücləndirəcək konfrans

 

Aprelin 18-də isə Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirildi. Dördüncü sessiyada iştirak edən gənclər və idman nazirləri ilə görüşən dövlət başçısı bildirdi ki, Azərbaycan hər zaman belə mühüm beynəlxalq tədbirə evsahibliyi edir. Bu görüş də ölkələrimiz arasında həmrəyliyi, tərəfdaşlığı gücləndirəcək və əməkdaşlığımızın inkişafında çox müsbət dinamika yaradacaq.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvü olduğunu söyləyən Prezident bəyan etdi ki, ölkəmiz hər zaman qardaş müsəlman dövlətlərinin dəstəyini hiss edir və öz növbəsində, bütün beynəlxalq təşkilatlarda qardaşlarını dəstəkləyir və bundan sonra da həmrəyliyin və tərəfdaşlığın gücləndirilməsi siyasətini davam etdirəcək.
Daha sonra İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yaranması və inkişafındakı təşəbbüs və roluna, İslam Əməkdaşlıq Təşkilatı gəncliyinin inkişafına yönəlmiş fəaliyyətlərə və quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görə Prezident İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun “Gənclərin hamisi” ilk fəxri nişanı və xatirə hədiyyəsi təqdim olundu.

 

Beynəlxalq idman yarışlarına yüksək səviyyəli evsahibliyi

 

Aprelin 27-29-da Bakıda “Formula-1” Azərbaycan qran-prisinin 3-cü mərhələsi baş tutdu. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva “Formula-1” üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan qran-prisinin əsas yarışına baxıblar. Yarışın qalibi olan Luis Hamiltona kuboku dövlət başçısı təqdim etdi.
Dünyada yarım milyard tamaşaçı auditoriyası olan “Formula-1” yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Son illərdə birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və bir çox nüfuzlu beynəlxalq yarışlara uğurla evsahibliyi edən paytaxt Bakının “Formula-1” kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır. Bu həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır.
Artıq 3-cü dəfə bu mötəbər yarışı qəbul edən Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman bayramı yaşatmaqla yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla evsahibliyi etdiyini nümayiş etdirdi. Qarşıda hələ neçə-neçə mötəbər beynəlxalq yarışların keçiriləcəyi paytaxtımız yenə də dünyanın diqqət mərkəzinə çevrildi. “Formula-1” tamaşaçıları ölkəmizdə gedən inkişaf proseslərinin şahidi oldular.

 

Real imkanların yaradıldığı etibarlı platforma

 

May ayının 16-da Bakı Expo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018” və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgiləri, mayın 29-da isə həmin məkanda XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz-2018” sərgisi təşkil olunub.
Bu sərgilərdə Prezident İlham Əliyev iştirak edib.
Ötən illə müqayisədə bu il “World Food Azerbaijan” və “Caspian Agro” sərgiləri həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12 faiz artım nümayiş etdirib. Sərgilərə dünyanın 34 ölkəsindən 402 şirkət qatılıb və bu şirkətlərin 70 faizini xarici, 30 faizini isə yerli istehsalçı və distribütorlar təşkil edib. Bu ölkələrin ticarət və sənaye palatalarının dəstəyi ilə şirkətlərin böyük milli qruplarla iştirakı sərginin vizit kartına çevrilib. Bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 12 milli və regional qrup iştirak edib.
Hər iki sərgi keçirildiyi illər ərzində özünü qida sənayesi üzrə avadanlığın, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olub.
“Xəzər Neft və Qaz” sərgisinə gəldikdə isə builki mərasim çox əlamətdar bir tarixə təsadüf edib. Həmin gün “Cənub qaz dəhlizi”nin açılş mərasimi olub. Öncə onu vurğulayaq ki, birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. O vaxtdan etibarən “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü, əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı platformaya çevrilib. Ötən dövrdə sərgilərdə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7500 şirkət iştirak edib. Hər il sərginin açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi bu beynəlxalq tədbirin yüksək statusunu bir daha təsdiq edir. Builki sərgidə 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Belarus, İtaliya və Rusiya tədbirdə milli qruplarla təmsil olunub.

 

Tarixi bir gündə reallaşan yubiley sərgisi

 

Əvvəldə qeyd etdiyimiz kimi, may ayının 29-u həm də Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Dəyəri 40 milyard dollar olan “Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi keçirildi.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev bu layihənin ərsəyə gəlməsində çəkilən əziyyətdən tutmuş, onun necə reallaşması ilə bağlı geniş məlumat verdi. Bildirdi ki, Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl “Cənub qaz dəhlizi”nin təməli qoyulub. 25 il ərzində ilk dəfə idi ki, Xəzər “Neft və Qaz Sərgisi”nin açılışı sərgi yerində yox, Səngəçal terminalında baş verib.
Sərginin Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olub. İlk sərgi 1994-cü ildə keçirilmişdir. O vaxt Azərbaycan gənc müstəqil dövlət idi və riskli dövlət kimi sayılırdı. Bu sərginin Azərbaycana investisiya qoyuluşu üçün çox önəmli rolu olmuşdur. Ötən 25 il ərzində bu sərgi dünya miqyasında çox mötəbər sərgi kimi tanınır və sərgidə iştirak edən şirkətlərin, ölkələrin sayı getdikcə artmaqdadır.
Prezident İlham Əliyev vurğuladı ki, bu layihənin reallaşması Azərbaycanın qarşısına qoyduğu bütün hədəflərə çatdığını təsdiqləyən faktordur: “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik”. Çıxışlardan sonra Prezident İlham Əliyev “Cənub qaz dəhlizi”nin açılışını edib və 29 may tarixi Azərbaycan neft-qaz sənayesinin şanlı tarixinə ən əlamatdar günlərdən biri kimi yazılıb.
Bütün bunlar Azərbaycanın dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanındığını təsdiqləyir. Əldə olunan nailiyyətlər təkcə Azərbaycanın yerləşdiyi coğrafi mövqeyinə görə deyil, ən əsası, dövlət və onun lideri tərəfindən aparılan məqsədyönlü, uzaqgörən və milli maraqlara söykənən siyasət nəticəsində mümkün olmuşdur. 15 illik Prezidentliyi dövründə İlham Əliyevin yürütdüyü siyasi kurs ildən-ilə Azərbaycanın gücünə güc qatıb, ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasına yüksəldib. Ölkəmizdə keçirilən forumlara, konfranslara marağın yüksək olmasının əsas amillərindən biri Azərbaycanın inkişaf edən bir dövlət kimi beynəlxalq imicinin yüksəlməsi ilə bağlıdır. Bu gün beynəlxalq ictimaiyyət ölkəmizi Avrasiya məkanının əməkdaşlıq formatında həlledici dövlət kimi qəbul edir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”