Alternative content

11:55 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni hakimiyyət, köhnə rejim, daha da dərinləşən böhran
Yeni hakimiyyət, köhnə rejim, daha da dərinləşən böhran
ANA SƏHİFƏ / SİYASƏT
12:09 01.09.2018

 

Siyasi xaos, sosial-iqtisadi tənəzzül Ermənistanı uçuruma yuvarladır

 

Ermənistanın daxili ictimai, sosial-siyasi vəziyyətinin dərin böhrana doğru getməsi hər keçən gün özünü daha qabarıq formada büruzə verməkdədir.
Hazırda üzləşdiyi dərin iqtisadi böhrandan çıxış yolu tapa bilməyən Ermənistanda hökm sürən siyasi parçalanma da işğalçı ölkəni uçuruma yuvarladır. Bu fonda isə yeni hökumətlə müxalifət arasında yaranan qarşıdurma səngimir. Belə vəziyyətdə baş nazir Nikol Paşinyan rəqiblərini həbs etdirməklə aradan götürməyə çalışır.

 

“İnqilabçı eyforiya uzun müddət tab gətirməyəcək”

 

Bu arada yayılan məlumata əsasən, Serj Sarkisyanın rəhbər olduğu Respublika Partiyasının sabiq nazirlərinə qarşı yeni cinayət işi qaldırılıb. Cinayət işində sabiq parlament spikeri və baş nazir Ovik Abramyanın, nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın da adı keçir. Ermənistan İstintaq Komitəsi ölkənin keçmiş polis rəisi Alik Sarkisyana qarşı da cinayət işi qaldırıb. Onların hamısı vəzifə səlahiyyətlərini aşmaqda və fırıldaqçılıqda ittiham olunurlar.
Erməni mediası yazır ki, Ermənistanın “Avazaatik” dağ-mədən kombinatının direktoru müstəntiqlərə sözügedən vəzifəli şəxslərin şirkətin payının 60 faizini tələb etdiklərini deyib. Sabiq baş nazir Ovik Abramyan, qardaşı Conik Abramyan, keçmiş polis rəisi Alik Sarkisyana və parlamentin üzvü Mqer Sedrakyana qarşı qanunsuz kreditlər yolu ilə külli miqdarda dövlət vəsaitini talamaq ittihamı da irəli sürülüb. Əleyhinə cinayət işi qaldırılan şəxslərin ölkədən çıxışı qadağan edilib.
Digər məlumata əsasən, İstintaq Komitəsi sabit prezident Robert Koçaryana məxsus obyektlərdə axtarışları davam etdirir. Bu durumda Koçaryan Paşinyanın siyasətini tənqid edərək baş naziri proseslərə qeyri-ciddi yanaşmaqda günahlandırıb. Onun sözlərinə görə, hazırkı inqilabçı eyforiya uzun müddət tab gətirə bilməyəcək.

 

Sarkisyanın həbsə atılma ehtimalı yüksəkdir

 

Diqqət çəkən başqa bir məsələ Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla bağlıdır. Onun adı bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıq üzrə cinayət işində hallanır. Ermənistan İstintaq Komitəsi bildirir ki, “Kredit Yerevan” ASC və “Lev Marsed” MMC-nin səhmləri ilə fırıldaqçılıq üzrə 2009-cu ilin 27 iyulunda açılmış cinayət işi çərçivəsində icra hakimiyyəti orqanlarının yüksək vəzifəli rəsmilərinin, o cümlədən Serj Sarkisyanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə faktiki sübutlar əldə olunub. İstintaq zamanı müəyyən edilmiş dəlillər Xüsusi İstintaq Xidmətinə təqdim olunmaq üçün Baş Prokurorluğa göndərilib. Bu isə Sarkisyanın da həbsə atılma ehtimalını yüksəldir.

 

Siyasi qətllərin sifarişçiləri niyə gizlədilir

 

Bundan əlavə, erməni mediası 1990-cı illərdə Ermənistanda çox sayda səs-küyə və böyük qalmaqallara səbəb olan siyasi qətllər törədildiyini yazıb. Onların sırasında ən qalmaqallısı isə 1999-cu ilin oktyabrında bir qrup silahlı şəxsin Ermənistan parlamentinə hücum edərək baş nazir Vazgen Sarkisyanı və parlamentin spikeri Karen Dəmirçiyanı, həmçinin daha 6 nəfər dövlət rəsmisini güllələməsidir. Daha sonra cinayəti törədənlər həbs olunsalar da, qətlin sifarişçilərinin kim olduğu üzə çıxarılmayıb.
Media diqqəti ona yönəldir ki, Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan 2000-ci illərin siyasi cinayətləri, xüsusən də 2008-ci ilin mart qırğını ilə bağlı istintaqın davam etdiyini və günahkarların cəzalandırılacağını dəfələrlə bəyan edərək vədlər versə də, nədənsə əvvəlki dövrlərdə gerçəkləşdirilən cinayətlərlə bağlı həmişə susqunluq nümayiş etdirib.
Məlumata görə, jurnalitstlərlə söhbətində Xaçatryan Ermənistanda 1990-cı illərdə törədilən siyasi qətllər barədə səslənən sualları eşitməzdən gəlməyə çalışıb. Belə ki, jurnalistlərin “90-cı illərdəki siyasi cinayətlər barəsində də istintaq aparılacaqmı?” sualına cavab olaraq Xüsusi İstintaq Xidmətinin rəhbəri söhbətin istiqamətini dəyişib. Erməni KİV-i yazır ki, hətta Xaçatryan, az qala, həmin dövrdə heç bir siyasi sifarişli cinayətlərin törədilmədiyini deməyə çalışıb: “Əgər söhbət açılmamış cinayət işlərindən gedirsə, onda əlbəttə ki, istintaq aparılacaq. Başa düşmürəm ki, siz nədən danışırsınız”.
Bununla belə, istisna olunmur ki, 1990-cı illərdə Ermənistanda çox sayda səs-küyə və böyük qalmaqallara səbəb olan siyasi qətllər də araşdırma mövzusuna çevriləcək. Bu isə R.Koçaryana və S.Sarkisyana qarşı yeni cinayət işinin başlanması üçün əsasdır. Təbii ki, bütün bunlar sonuncuların da hərəkətə keçməsinə rəvac verir.

 

Partiyalar növbədənkənar parlament seçkilərinə qarşı çıxırlar

 

Ermənistan parlamentində təmsil olunan “Daşnaksütyun” və Respublika partiyalarının son mövqeləri də bunun təsdiqidir. “Daşnaksütyun” partiyası ölkədə siyasi gərginliyin artmasından narahat olduğunu bəyan edib. Partiyanın parlament fraksiyasının rəhbəri Armen Rustamyan bildirib ki, Robert Koçaryana və onun ətrafına qarşı məhkəmə prosesləri ədalətli aparılmalıdır. Onun sözlərinə görə, əks halda, qərəzli məhkəmələr normaya çevrilə bilər və bu da öz növbəsində, ziddiyyətlərin daha da artdığı cəmiyyətin yaranmasına gətirib çıxarar.
Rustamyan əlavə edib ki, öz ölkəsində düşmən axtarmaq lazım deyil və sabiq prezidentlərin siyasi səhnədə yerini qorumaq hüquqları var. Fraksiya rəhbəri sabiq dövlət başçısı Levon Ter-Petrosyanı on illik sükutunu pozmağa və fəal siyasətə qayıtmağa çağırıb.
Respublika Partiyasının parlament fraksiyası da baş nazir Nikol Paşinyanın əleyhinə bəyanatlar səsləndirməkdə davam edir. Bu partiyanın təmsilçisi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, əvvəlki hökuməti “hakimiyyət hərisliyində” təqsirləndirən yeni baş nazir bütün vasitələrdən istifadə edərək öz postunu qorumağa can atır. Onun sözlərinə görə, Paşinyan məhz bu məqsədlə Konstitusiyaya dəyişikliklər etməyi tələb edir: “Konstitusiyada baş nazirin istefaya getməsi ilə eyni vaxtda parlamentin buraxılması maddəsinin təsbit edilməsi Əsas Qanunun məntiqinə və parlamentin icra hakimiyyəti üzərində nəzarəti prinsipinə ziddir. Mən və partiyamızın üzvləri bunun əleyhinəyik”.
Ermənistan parlamentində təmsil olunan partiyalar növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında baş nazirin təklifinə qarşı çıxıblar. Onlar hesab edirlər ki, hazırkı siyasi vəziyyətdə ictimai əhval-ruhiyyə istənilən an kəskin şəkildə dəyişə bilər. Şarmazanovun fikrincə, belə olarsa, hər altı ayda bir növbədənkənar seçkilər keçirmək lazım gələcək.
Xatırladaq ki, Ermənistanda Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı siyasi partiyalar arasında danışıqlar aparılır. Yeni hökumət bu addımı növbədənkənar seçkilər keçirmək məqsədilə atır. Bu isə ölkədə ictimai-siyasi müstəvidə vəziyyəti gərginləşdirir. Hazırda Koçaryanın ətrafında cəmləşən müxalifət bütün bunlara qarşı yeni müqavimət təşkil etməyə hazırlaşır. Belə vəziyyət isə Ermənistanda gərginliyin artacağını göstərir.

Elçin CƏFƏROV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM