Alternative content

17:33 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyi açılıb
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
08:08 31.08.2018

Avqustun 31-də Şəki şəhərində Xalq şairi, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi olub.

Unudulmaz xalq şairinin ev-muzeyi Azərbaycan Prezidenti İlham Əliyevin "Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” 2015-ci il 27 oktyabr tarixli Sərəncamına əsasən yaradılıb.

Şəki şəhəri Ə.Haqverdiyev küçəsi, 73 ünvanında yerləşən muzeydə 2017-2018-ci illərdə təmir, bərpa və bədii tərtibat işləri aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi rəsmilərinin, şəhər rəhbərliyinin, tanınmış ziyalıların, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində qüdrətli söz ustası Bəxtiyar Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışılıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunulub.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək, Azərbaycanın ən nadir tarixi şəhərlərindən olan Şəkinin zaman-zaman Vətənə Mirzə Fətəli Axundzadə, Fətəli xan Xoyski, Rəşid bəy Əfəndiyev, Şəfiqə Axundova, Salman Mümtaz, Sabit Rəhman, Cövdət Hacıyev, Bəxtiyar Vahabzadə, Rasim Ocaqov, Emin Sabitoğlu kimi dəyərli ziyalılar, yaradıcı şəxsiyyətlər bəxş etdiyini bildirib. Vurğulanıb ki, gələcək nəsillər üçün zəngin irs və dəyərli nümunələr yadigar qoyan bu insanların xatirəsi ölkəmizdə, o cümlədən Şəkidə daim əziz tutulur.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman Vətənin dəyərli ziyalılarının xatirəsinin əbədiləşdirilməsinə, onların yaradıcı irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət yetirir və bu istiqamətdə müxtəlif sərəncamlar imzalayır, göstərişlər verir. Prezidentin imzaladığı "Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” Sərəncam, eyni zamanda, dövlətimizin başçısının qayğısı ilə inkişaf edən Şəki şəhərinin gözəlləşməsi istiqamətində atılmış dəyərli bir addımdır.

Bildirilib ki, Bəxtiyar Vahabzadə Azərbaycan və ümumən türk dünyası ədəbiyyatında özünəməxsus yeri, dəstxətti olan şairlərdəndir. İstisnasız olaraq millətin bütün nümayəndələrinin, hər bir vətəndaşın sevgisini, rəğbətini qazanmış nadir söz sənətkarlarındandır. O, həm də istiqlal mücahidi, Azərbaycan xalqının taleyüklü məsələlərinə həssas yanaşan, milli mənafeləri müdafiə edən bir ziyalı olmuşdur.

Əbülfəs Qarayev bildirib ki, Azərbaycan dövlətinin görkəmli şairin yaradıcılığına diqqət və qayğısı yalnız bu muzeylə məhdudlaşmır. O, hər zaman müstəqil Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib, respublikanın ən ali mükafatlarından biri olan "İstiqlal” ordeninə layiq görülüb. Bakıda yaşadığı evə xatirə lövhəsi vurulub, şəhərin küçələrindən birinə onun adı verilib. Şəki şəhərində büstü ucaldılıb, adına park salınıb. 2015-ci ildə şairin 90 illik yubileyi bütün respublikada təntənəli şəkildə qeyd edilib.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Şəki ictimaiyyətini, ziyalıları əlamətdar hadisə münasibətilə təbrik edərək deyib: "Bu gün çox böyük tarixi vəzifəni həyata keçiririk. O adamın adına ev-muzeyi yaradılır ki, yaşadığı dövrdə öz adını tarixə yaza bilir. Elm adamının adı elm tarixinə, şairin, ədəbiyyatçının adı ədəbiyyat tarixinə yazılır. Ancaq elə adamlar da var ki, adları tarixə çoxtərəfli yazılır. Onların içərisində elm adamı da, akademik də, professor da, təhsil və digər sahələrdə çalışanlar da, ictimai-siyasi xadimlər də ola bilər. Ancaq bunların hamısının önündə milli təəssübkeşlik, yüksək vətəndaşlıq mövqeyi dayanır. O adam əməli işləri ilə bərabər yüksək vətəndaşlıq mövqeyində durursa və tarixə düşürsə, deməli, əbədi yaşayacaq, heç kim onu yaddan çıxarmayacaq. Bəxtiyar Vahabzadə məhz belə tarixi şəxsiyyətlərdəndir. Yaxşı ki, Azərbaycan xalqının belə nurlu ziyalısı olub”.

Abel Məhərrəmov muzeyə Bakı Dövlət Universitetinin Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı ilə bağlı nəşr etdirdiyi kitabı hədiyyə edib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, görkəmli ədibin ev-muzeyinin açılması unudulmaz xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinin gələcək nəsillər üçün qorunub saxlanmasında, daim yad edilməsində böyük rol oynayacaq. Bəxtiyar Vahabzadə, sözün əsl mənasında, xalqın şairi idi. Onun yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Şairin xatirəsini əbədiləşdirmək məqsədi ilə Prezident İlham Əliyevin 2009-cu il fevralın 19-da imzaladığı Sərəncama uyğun olaraq, Şəki şəhərindəki 1 nömrəli tam orta məktəbə və küçələrdən birinə Bəxtiyar Vahabzadənin adı verilib, şəhərin mərkəzində yerləşən parkda onun büstü qoyulub.

Mərasimdə Milli Məclisin deputatı, akademik Nizami Cəfərov və Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri, şair Vaqif Aslan çıxış edərək, Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, B.Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Bütün varlığı ilə sevdiyi doğma xalqının arzu və istəkləri, hiss və duyğuları onun ədəbi-bədii yaradıcılığının mayası, cövhəri olub. Şairin mübariz qələmi bütün dövrlərdə onun saf məslək və əqidəsinə xidmət göstərib. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə onun yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. B.Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, digər türkdilli ölkələrdə də sevilə-sevilə oxunur.

Bəxtiyar Vahabzadənin qızı Gülzar Vahabzadə çıxış edərək, atasının ev-muzeyinin yaradılmasında əməyi olan bütün qurumların rəhbərlərinə ailəsi adından minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları muzeylə yaxından tanış olublar. Məlumat verilib ki, muzeyin ekspozisiyası 70 kvadratmetrdir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar, ümumilikdə, 735 eksponat yer alıb.

X X X

Həmin gün Şəki şəhərində 3 saylı körpələr evi-uşaq bağçası üçün tikilən 40 yerlik binanın açılış mərasimi də keçirilib. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, şəhər rəhbərliyi və sakinlər iştirak ediblər.

Şəhərin "Yuxarı baş” məhəlləsində, Bəxtiyar Vahabzadənin yeni yaradılan ev-muzeyinin yaxınlığında inşa edilən ikimərtəbəli binanın tikintisinə 2016-cı ilin dekabrında başlanılıb.

Valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev və şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıblar. Bildirilib ki, ölkəmizdə uşaqlar daim qayğı ilə əhatə olunublar. Ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun bilavasitə diqqət və qayğısı sayəsində Azərbaycanda uşaqların qayğısız və firavan böyümələri, sağlamlıqlarının qorunması, təhsili, təlim-tərbiyəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Yeni-yeni məktəb binalarının, uşaq bağçalarının istifadəyə verilməsi gələcəyimiz olan uşaqlara diqqət və qayğının bariz nümunəsidir.

Məlumat verilib ki, uşaq bağçası əvvəllər Xalq şairi Bəxtiyar Vahabzadənin bağça üçün bağışladığı şairin ata yurdunda fəaliyyət göstərirdi. Dövlətimizin başçısının tapşırığına əsasən, uşaq bağçasında şairin ev-muzeyinin yaradılması ilə əlaqədar bağça üçün həmin ərazidə geniş yer ayrılıb və Mədəniyyət Nazirliyi tərəfindən orada müasir standartlara uyğun ikimərtəbəli yeni bina tikilib istifadəyə verilib.

Sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar. Binada qrup otaqları, idman və musiqi zalları, mətbəx, tibb və inzibati otaqlar yerləşir. Bütün otaqlar lazımi inventar və avadanlıqla təchiz edilib.