Alternative content

22:39 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
ANA SƏHİFƏ / Mədəniyyət
03:08 31.08.2018

Ölkə başçısının tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü avqustun 31-də Zaqatala rayonunda keçirilib. Belə ki, nazir Şəki, Zaqatala, Balakən, Qax və Oğuz sakinlərini qəbul edib, problemləri ilə yerindəcə tanış olub.

Qəbuldan əvvəl Ə.Qarayev ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Şəkidən qəbula gələnlər Şəki Regional Mədəniyyət İdarəsinin “Mədəniyyət qalası” qəzetinin nazirliyin mətbu orqanları sırasına daxil edilməsi, regionlarda istehsal olunan sənətkarlıq nümunələrinin Bakıda satışının təşkili, uşaq musiqi və incəsənət məktəblərində attestasiyaların keçirilməsi, tarixi ənənələr əsasında yeni milli geyim növlərinin, onların çeşidlərinin, elementlərinin hazırlanmasına kömək göstərilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Zaqatala sakinlərinin müraciətləri kompüter proqramlarının öyrənilməsi məqsədilə kitabxanalarda çalışan multimedia mütəxəssislərinin hazırlıq və ixtisasartırma kurslarına cəlb olunmaları, nadir nüsxəli, çətin tapılan kitabların kiril əlifbasından latın əlifbasına çevrilməsi üçün skan aparatının alınması barədə idi.

Balakəndən qəbula yazılan vətəndaşlar tərəfindən rayonda rəsm qalereyasının yaradılmasına, əhalinin rəqsə marağını nəzərə alaraq bölgədə rəqs festivalının keçirilməsinə, xalq yaradıcılığı dərnəkləri və birlikləri üçün müasir dövrün tələblərinə uyğun metodik vəsaitlərin hazırlanmasına kömək göstərilməsi barədə müraciətlər olub.

Qax sakinləri uşaq incəsənət məktəbi üçün yeni tədris binasının tikilməsi, uşaq musiqi və incəsənət məktəbləri üçün ustad dərslərinin keçirilməsi, respublikada xalq teatrları festivallarının mütəmadi təşkili və digər məsələlərlə bağlı xahişlərini bildiriblər.

Oğuz sakinləri də kitabxana fondlarının tibb və kənd təsərrüfatına aid ədəbiyyatlarla komplektləşdirilməsi, rayonda keçirilən “Şəfa” bayramının daha geniş qeyd olunması, rayonda rəsm qalereyasının yaradılması barədə istəklərini nazirin diqqətinə çatdırıblar.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Jurnalistlərə müsahibəsində Ə.Qarayev yerlərdə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər ay müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların qaldırdığı məsələlər həll edilir. Nazir deyib ki, budəfəki görüşdə də bir sıra maraqlı təkliflər, müraciətlər olub.

Musiqi məktəblərinin fəaliyyəti, onların işinin daha da təkmilləşdirilməsi, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması, bu məkanların fəaliyyətinin müasir tələblər səviyyəsində təmin olunması və digər məsələlərə dair təkliflər səsləndirilib. Həmçinin mədəniyyət müəssisələrinin əməkdaşlarının kompüter biliklərinin təkmilləşdirilməsi, mətbu orqanlar vasitəsilə mədəniyyətin daha geniş təbliğ olunması, kitabxanalara müvafiq sahələr üzrə kitabların verilməsi, rəsm qalereyalarının fəaliyyəti ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Nazir tarixi abidələrin təmir-bərpa olunması məsələsinə toxunaraq vurğulayıb ki, bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Bununla yanaşı, tarixi abidələrin qorunmasında ictimaiyyətin də yaxından iştirakı vacibdir.